Babaxan Şərifin 70 illik yubileyi qeyd olundu

 

"Özbək-Azərbaycan" lüğəti təqdim edildi

 

Oktyabrın 9-da Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan-Azərbaycan ədəbi əlaqələrinin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmət göstərmiş Babaxan Şərifin 70 illik yubileyi və "Özbək-Azərbaycan" lüğətinin təqdimat mərasimi keçirilib.

Olaylar.az bildirir ki, tədbirin təşkilatçısı Mətbuat Şurası ilə Kaspi qəzetidir. Tədbirdə "Kaspi" təhsil şirkətinin təsisçisi, filalogiya üzrə elmlər doktoru Sona Vəliyeva, Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov, millət vəkilləri Aqil Abbas, Qənirə Paşayeva, yazıçı Yunus Oğuz media təmsilçiləri və digərləri iştirak ediblər.

Tədbiri "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev açıb.

Daha sonra söz "Kaspi" təhsil şirkətinin təsisçisi, filologiya üzrə elmlər doktoru Sona Vəliyevaya verilib. Babaxan Şərif haqqında fikirlərini bildirən S.Vəliyeva deyib ki, o Azərbaycan və Özbəkistan əlaqələrinin inkişafında mühüm rola malikdir: "Babaxan müəllim həyatının böyük hissəsini kitaba bağlayıb. Daha sonra mətbəə rəhbəri kimi fəaliyyət göstərib, millətin tarixi ilə bağlı kitabların nəşri onun  taleyinə çevrilib. Yetişən digər türkdilli nəsil onu tanımaqda özünə qürur duydu. Yetişən nəsil Babaxan Şəriflə təkcə ədəbi əlaqələrə deyil, şəxsi münasibətlərə malikdir".

Babaxan müəllimin dəfələrlə mükafatlara layiq görüldüyünü xatırladan təsisçi vurğulayıb ki, bu mükafatlar imzaları, gördükləri işlərlə tanınan şəxslərə verilir: "Sizin Azərbaycanla ədəbi əlaqələrlə bağlı çoxlu sayda məqalələriniz, gənc yazarlar haqqında yazılarınız, bir sıra kitabları tərcümə etməyiniz bizim üçün çox lazımdır. Bu həm özbək, həm də Azərbaycan ədəbiyyatına verdiyiniz xidmətinizin göstəricisidir. Vaxtilə tələbə mübadilələri ilə bağlı təklifiniz vacibdir. Düzdür, bizdə Özbəkistandan olan tələbələr təhsil alır. Amma bu mübadilə deyil, biz bu mübadiləni təşviq etməliyik. Mən inanıram ki, fəaliyyətinizi bundan sonra da genişləndirəcəksiniz".

S.Vəliyeva Azərbaycan nümayəndə heyətinin Özbəkistana səfərinin nəzərdə tutulduğunu qeyd edib: "Mən inanıram ki, orada bizim nümayəndə heyətimizi Babaxan müəllim müşaiyət edəcək, bizim maarifçilik baxımından ən yaxşı bələdçimiz olacaq"

Sonra S.Vəliyeva Babaxan Şərifi 70 illik yubileyi münasibətilə "Kaspi" qəzeti və "Kaspi" təhsil şirkəti adından təltif edib.

Daha sonra Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) sədri Umud Rəhimoğlu çıxış edərək Özbəkistanla əlaqələrindən söz açıb. O bildirib ki, Özbəkistan-Azərbaycan qardaşlıq imkanlarının möhkəmlənməsi üçün böyük imkanlar yaranıb. Son illər Özbəkistana bir sıra səfərlər həyata keçirildiyini deyən MŞ-nın sədr müavini söyləyib ki, bu fürsətlərdən istifadə etməklə əlaqələrin daha da genişləndirilməsi və möhkəmləndirilməsinə töhvə vermək mümkündür. Mətbuat Şurasının sədr müavini də nitqindən sonra yubilyara hədiyyə təqdim edib.

Tədbirin davamında çıxış edən millət vəkili Qənirə Paşayeva Babaxan Şərif haqqında müsbət fikirlərini söylərək, onun türk dünyasında tanınan şəxsiyyət olduğunu bildirib: "Babaxan Şərifin Özbəkistan-Azərbaycan əlaqələrində mühüm rolu var. Onun çap olunan kitablarında Azərbaycana çox böyük yer ayrılıb. Bir fikrin kimin dilindən söylənməsi çox mühümdür. Babaxan bəy Azərbaycan-Özbəkistan əlaqələrində çox böyük çəkiyə malikdir". Millət vəkili Özbəkistanda səfər olan zaman Azərbaycana olan böyük sevginin şahidi olduğunu dilə gətirib: "Onlar bizim musiqimiz, tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında çox məlumatlıdırlar. Özbəkistanda səfərdə olduğum zamanlarda orada dəyərli yazıçımız, tarixi əsərlər müəllifi Yunus Oğuzun əsərlərinə böyük marağın şahidi olmuşam. İnsanlar Azərbaycan dilində filmlərə baxır. Hər iki ölkənin başçısı münasibətlərin inkişafında maraqlıdır. Biz gənclərin bir-birini tanımasına çalışmalıyıq". Çıxışından sonra millət vəkili B.Şərifi hədiyyə ilə təbrik edib.

Təqdimat mərasimində çıxış edən Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov qeyd edib ki, Babaxan Şərif "Özbək -Azərbaycan" lüğəti ilə Özbəkistanla Azərbaycan arasında ədəbi əlaqələrə öz möhürünü vurub: "Azərbaycan- Özbəkistan Elmlər Akademiyasının dilçilik institutlarının birgə işi sayəsində  bu layihəni həyata keçirdik. Lüğətin ərsəyə gəlməsində və eləcə də iki ölkə arasında dostluq əlaqələrinə töhfə verən hər kəsə təşəkkür edirəm". Mərkəz direktoru qeyd edib ki, Özbəkistan-Azərbaycan münasibətləri çox önəmlidir: "Özbəkistan bizə yaxın ölkədir. Bu baxımdan əlaqələri daha da inkişaf etdirməliyik. Əməkdaşlıqda yeni-yeni səhifələrin açılmasına ehtiyac var. Bu dostluğun daha yüksək səviyyəyə çatdırılmasında hər kəsdən, xüsusilə də mətbuatdan böyük dəstək gözləyirəm".

Samir Abbasov bildirdi ki, Özbəkistanda Azərbaycan ədbiyyatına böyük maraq var: "Yunus Oğuzun əsərlərinin, məqalələrinin Özbəkistanda böyük oxucu kütləsi var. Yaxın günlərdə dəyərli yazıçımızın yeni əsərlərini tərcümə edəcəyik".

Tədbirdə Babaxan Şərifə Azərbaycanın Özbəkistandakı səfirliyi və Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzi adından Fəxri Fərman təqdim edilib.

"Olaylar" İnformasiya Agentliyinin baş redaktoru, yazıçı-publisist-dramaturq Yunus Oğuz  qeyd edib ki, biz özbək sevdalısıyıq: "İki ölkə ədiblərinin görüşləri davamlı olarsa, o zaman dövlətlər arasında daim mədəni, iqtisadi əlaqələr olacaq. Biz indi iki ölkənin gənclərinin bir-birləri sıx münasibətlərini, əlaqələrini bərpa etməliyik. Bunu isə ilk növbədə mədəni, ədəbi, iqtisadi və turizim sayəsində etmək mümkündür."Yazıçı çıxışının sonunda Babaxan müəllimi təbrik edərək, gələcəkdə yaradıcılıq işlərinin davam edəcəyini bildirib.

Şair, tərcüməçi, publisist, ədəbiyyatşünas, filologiya elmləri doktoru Ramiz Əsgər çıxışında iki ölkənin qüdrətindən söz açıb:" Özbəkistan Mərkəzi Asiyanın ürəyidir. Son dərəcə böyük ölkədir. Orada olan mədəniyyət heç yerdə yoxdur. Bu xalq, bu mədəniyyət bizə çox əzizdir. 40 milyona yaxın özbək var. Babaxan müəllim dostumdur. O böyük alimdir, gözəl dostdur. Onun türkçü olan çox gözəl övladları var. Dəyərli adamdır.

Azərbaycan-Özbəkistan mədəni əlaqələri ən yüksək səviyyədədir. Yaxın günlərdə Özbəkistan prezidenti ölkəmizə səfər edəcək. Bu əlaqələr daha da güclənəcək. Babaxan müəllim, gerçəkdən çox dəyərli insansan. Təbrik edirəm".

Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Babaxan müəllimi 2014-cü ildən tanıyıram. İlk tanışlığımızdan nikbin insan kimi tanıdım. Dostuq. Bir insan sevgisi, düşüncəsi ilə hər kəsə təsir edir. Sizi təbrik edirəm".

Tədbirdə iştirak edən özbəkistanlı qonaq Şöhrat Barlas Azərbaycan -Özbək ədəbi əlaqələrin yaranma tarixi haqqında tədbir iştirakçılarına məlumat verib. Bu əlaqələrin yaranmasında Sona xanım Vəliyeva, Samir Abbasov, Qənirə xanım Paşayeva və Yunus Oğuzun böyük zəhmətini qeyd etdi. "Yunus Oğuzun "Əmir Teymur" əsəri Özbəkistanda bütün güc strukturları, gənclər, ədəbiyyatçıların stolüstü kitabıdır."

Filologiya elmləri namizədi Fazil Güney də çıxışı zamanı Babaxan müəllimi təbrik edərək, hədiyyəsini səbəbkara təqdim etdi.

Tədbirin sonunda Babaxan Şərif çıxış edərək tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi: "Dəyərli dostlar, qardaşlar, hər birinizə təşəkkür edirəm. Özbəkistan yeni mərhələdir. Cümhurbaşqanımız böyük işlər görür. Biz qardaşıq. Qardaşlar arasında dava çıxa bilər, amma sevgi daim qalır. Anamızın-atamızım bir olduğunu anlamamız lazımdır. Özbəkistan-Azərbaycan arasında heç zaman sorun yaşanmayıb. Azərbaycana gələn qardaşlarımız ölkəmizə olan sevgini görür. Hər birinizə minnətdaram. Sizin sevginizdən sonra 70 deyil, 18 yaş oldum. Qəlbimdəki duyğularımı sözlə ifadə etmək çətindir. Azərbaycan, Özbəkistan, bütün türk dünyası var olsun. Sizinlə görüşməyi mənə nəsib etdiyi üçün Allahıma şükürlər olsun".

Çıxışının sonunda yubilyar U.Rəhimoğluna ölkəsinin milli geyimini təqdim edib.

 

Nigar Adil

 

Olaylar.- 2019.- 10-11 oktyabr.- S.7.