Sənət dünyasını fəth edən

on yaşlı Ləman Seyidova

 

Pianoda ifa etmək, dünya klassik musiqisini səsləndirmək nə qədər çətin olsa da, bir o qədər qürurvericidir. Bakıda on yaşlı bir qız bəzən gecələr, bəzən də günün günorta çağı yaşadığı evdən, ya da təhsil aldığı musiqi məktəbindən şəhərimizin bu səsli-küylü atmosferinə könülləri oxşayan musiqinin sədaları altında hamıya sənətə olan sevginin sirlərini aşılamağa çalışır. Bu qız Ləman Seyidovadır. Onu bəzən əlində çanta Tahir Həsənov adına Orta Məktəbə, bəzən də çiyinindən asılmış çantasındakı not dəftərləri ilə Georgi Şaroyev adına Musiqi Məktəbinə yol gedərkən görürük. Yoldan ötən insanlar on yaşlı Ləmanın hansı möcüzələr yaratdığının fərqində belə deyillər. Ləman Seyidova isə çox sevdiyi musiqi dərslərinə daim tələsir. O, lap erkən yaşlarından bağlandığı pianoda daha çətin və maraqlı əsərləri ifa etməyə can atır.

 

Bakılı qızın beynəlxalq sənət uğurları

 

Ləman Seyidova 2016-cı ildə "Mozart Academy"də keçirilən Beynəlxalq Piano Müsabiqəsində 2-ci, İzmirdəki Beynəlxalq Piano Müsabiqəsində 2-ci, 2017-ci ildə keçirilən "Clavi Cologne Beynəlxalq Piano Müsabiqəsi"nin qalibi, Almaniyanın Kölün şəhərində keçirilən Beynəlxalq Piano Müsabiqəsində 2-ci, 2017-ci ilin dekabrında keçirilən  "Edelweiss" Beynəlxalq Piano Müsabiqəsində 2-ci, Avstriyanın paytaxtı Vyanada təşkil olunan "Beynəlxalq Piano Müsabiqəsi"nin mükafatçısı oldu. Bütün bu uğurlara 8-9 yaşlarında nail olub. Təbii olaraq ilk uğurlarının başa gəlməsində onun ailəsinin böyük zəhməti oldu. Çünki, tanınmayan və hələ çox kiçik yaşlarında olan qızın pianoda əldə etdiyi uğurlardan sadəcə ailəsinin və təhsil aldığı məktəbin xəbəri var idi.

Ləman Seyidovanın ailəsi onun beynəlxalq musiqi yarışlarında əldə etdiyi hər bir uğuru reklam etmək fikrində belə olmadılar. Peşəkar səviyyədə pianoda ifa etmək bacarığı və istedadını nümayiş etdirmək üçün hələ xeyli zaman tələb olunduğunu yaxşı görürdülər.

2018-ci ildə ilk dəfə olaraq Ləman Seyidova pianoda solo konertlə çıxış etdi. Elə həmin ilin iyun ayında İtaliyanın Milan şəhərində keçirilən və beynəlxalq səviyyədə çox nüfuzlu müsabiqə sayılan "İstedadlı Pianoçular" müsabiqəsinin qalibi kimi 1-ci yerə çıxdı. Ləman Seyidova musabiqənin yenicə bitməsinə baxmayaraq, oktyabr ayında keçirilən "Premio Citta Di Padova" Beynəlxalq Müsabiqəsində iştirak üçün yenidən İtaliyaya dəvət aldı. Çünki, Ləman Seyidovanı istedadlı pianoçu kimi artıq İtaliyada tanıyırdılar. 2019-cu ildə Rusiya Federasiyasının Lipetsk şəhərində keçirilən "K. İqumnov adına Beynəlxalq Gənc Pianoçuların Müsabiqəsi"ndə Ləman Seyidova özünü sınamaq üçün qatıldı. Çünki, bu müsabiqə öz şərtlərinə görə daha ağır yarış hesab olunur. Bundan əlavə, Ləmanın yaş həddi də tələb olunandan daha az idi. Bütün bunlara baxmayaraq, yarışda 2-ci yeri tutdu. Bu çətin müsabiqənin adından həmin il Belçikanın Kraynem şəhərində keçirilən "Cezar Frank adına Beynəlxalq Piano Müsabiqəsi"ndə iştirak etmək üçün dəvət aldı. Ləman Seyidova Belçika zəfərində 2-ci yeri tutdu. Daha sonra doğma Bakıda keçirilən "Simurq Festivalı"nda 1-ci yerin qalibi oldu. Bütün bu uğurlarının əsil səbəbi isə, Ləman Seyidovanın mütəmadi olaraq, beynəlxalq müsabiqələrdə iştirak etməsi və hər dəfə yeni uğurlarla yanaşı, təcrübə qazanması idi.    

 

2019-cu ilin zəfərləri və

Azərbaycan musiqisinin təntənəsi

 

Sentyabr aydında Qazaxstanın paytaxtında keçirilən "Astana Piano Passion" 5-ñi Beynəlxalq Gənc Pianoçuların yarışına qatılan Ləman Seyidova çox ağır mərhələni adlamaqla üzləşdi. Belə ki, müsabiqədə iştirak etmək istəyən 500-dən çox iştirakçıdan yalnız 200 nəfəri qatıla bildi. Və bu ağır müsabiqənin yarımfinalına qədər öz istedadı sayəsində yüksəldi.  Daha sonra, Xorvatiyanın Trogir şəhərində keçirilən "Summer Con Spritio" müsabiqəsinin qalibi olmaqla yanaşı Avropanın nüfuzlu pianoçularından sayılan professor Mira Marçenkonun sinfində ustad dərsləri keçdi.

İtaliyanın Breşiya şəhərində hər il dünyanın ən istedadlı gənc pianoçuları üçün yay musiqi kursları və festivalı keçirilir. On yaşlı azərbaycanlı Ləman Seyidova da bu tədbirə xüsusi dəvət aldı və görkəmli pianoçu Sergey Milşteynin sinfində master-klass dərsləri keçdi. Elə Breşiya şəhərində kurs keçən və festivalda pianoçu kimi iştirak edən altı ən istedadlı gəncin siyahısında Ləman Seyidovanın adı çəkiləndə çoxları heyrət içində idi. Çünki, Ləmandan savayı seçilənlər bakalavr, ya da magistr dərəcəsində təhsil alan gənclər idilər.  10 yaşlı Ləman Seyidovanın istedadına və ifaçılıq məharətinə görə bu qədər dəyərli sayılması bir möcüzə idi.   

 

"Santa Maria del Carmine"

kilsəsində orkestrlə birgə solo konsert

 

"W.A.Mozart.Piano Concerto" bu kilsədə Ləman Seyidovanın ifasında səsləndirildi. İlk dəfə idi ki, azərbaycanlı yeniyetmə, on yaşlı - Ləman Seyidova klassik musiqinin bütün incəliklərini bilən sənətsevərləri öz istedadlı ifası ilə riqqətə gətirə bilmişdi. Konsert bitdi və gurultulu alqışlar Ləmanın sevincinə böyük bir sevinc qatdı. Konsertdən sonra onun bu ifasını dərhal  "W.A.Mozart.Piano Concerto K414 - 2nd movement Laman Seyidova 10 y.o." youtube kanalında yerləşdirdilər. İndi bütün dünya on yaşlı azərbaycanlı ifaçı Ləman Seyidovanın bu nadir və məharətli ifasını sevə-sevə və heyranlıqla dinləyirlər. Çünki, artıq İtaliyada nadir istedada malik olan ifaçılarla bağlı hər il "Wunderkinder a Toblach" dəyərləndirilməsinə görə 2019-cu ilin siyahısına Ləman Seyidovanın adını da əlavə ediblər. Beləliklə seçilmiş 7 gənc pianoçudan biri də Ləman Seyidovadır. Onun bu uğurlarını nəzərə alaraq İtaliyanın Dobiakko bölgəsində "Festival della Gioventu"2019 adlı seminara dəvət edirlər. Avropanın ən möhtəşəm pianoçuları üçün bu möhtəşəm seminarda iştirak etmək və istedadlı yeniyetmələrə master-klass keçmək artıq ənənə halını alıb. Breşia şəhərində indinin özündə belə, peşəkar musiqiçilər "Santa Maria del Carmine" kilsəsində orkestrlə birgə solo konsertdə Ləman Seyidovanın uğurlu çıxışını müzakirə edirlər. On yaşlı Ləman Seyidovanın pianodakı məharətli ifası dinləyicilərin hələ də qulaqlarında səslənməkdədir.

 

Tükənməz enerji və

istedadın sərhədsiz üfüqləri

 

Ləman Seyidova Rusiya Federasiyasının paytaxtı Moskvada keçirilən və çox ciddi müsabiqələrdən biri hesab olunan "Muqisili Krasnoqorsk" festivalının iştirakçısı kimi bu festivala öz damğasını vura bildi. Ona görə də çox az adamlara qismət olan "Zəfər Muzeyi"ndə təşkil olunan konsertdə çıxış etmək imkanı qazandı. Ləman Seyidova nadir piano ifaçılarından biri kimi Vaxtanq İmanovun dirijorluğu ilə kamera orkestrində və Mustafa Mehmandarovun dirijorluğu ilə "Xəzər" kamera orkestrində və A. Xaçexin dirijorluğu ilə Bazzini Consort Orkestrində çıxış etmək imkanı əldə etmişdir.

Onu da qeyd edək ki, Ləman Seyidova öz tükənməz istedadını və bacarığını daha da təkmilləşdirmək üçün Mira Marçenko, Aleksandr Gindin, Daniil Sayamov, Tatyana Titova, Filipp Raskin, Sergey Milşteyn, Yuri Boqdanov və Vinsento Balzani kimi dahi pianoçulardan master-klass dərsləri keçmişdir. Adlarını çəkdiyimiz bu sənətkarlar uzun illərdir pianoda ən istedadlı tələblər yetişdiriblər. Dünya musiqi sənətinin əbədiliyi üçün ən istedadlı gəncləri sabaha hazırlayıblar. Ləman  Seyidovanın bu dahilərdən ustad dərsləri alması Tanrının ona bəxş etdiyi lütfkarlıqdan əlavə, onun istedadına verilən bir dəyərdir. Bütün bu uğurlarının əsil səbəblərindən biri Ləman Seyidovanın öz üzərində gecə-gündüz çalışmasıdır. Necə deyərlər istedad və zəhmət bir yerdə olanda uğurlar da həmin insanın qapısını daha rahatlıqla açır. Ailəsinin arxa-dayaq olması, onun bütün zəhmətlərinə dəstək verməsi isə, əsil möczədir. Beləcə Ləman Seyidova adlı yeniyetmə  pianoçu sadəcə özünün deyil, həm də Azərbaycanımızın adını beynəlxalq miqyasda öz istedadı ilə həm tanıdır, həm də sevdirir.

 

Ləman Seyidovanın uğurlarının böyük sirri

 

Onun fortopiano üzrə ixtisas müəllimi görkəmli pianoçu, sözün əsil mənasında pedaqoq kimi nüfuz qazanmış əməkdar müəllim Kamilla Əmirovadır. Kamilla Xanım 1976-cı ildən fortopiano müəllimi vəzifəsində çalışır. Onun yetirmələri Respublika və beynəlxalq piano müsabiqələrinin laureatları, 1-ci və 2-ci yerlərin qalibləri və Qran-Pri mükafatçılarıdır. Onlar Üzeyir Hacıbəyli adına Bakı Dövlət Musiqi Akademiyasının məzunlarıdır. Keçmiş şagirdi Atabala Manafzadə prezident təqaüdçüsüdür. Hal-hazırda üç tələbəsi xarici ölkələrdə - Norveçdə (Maya Bədəlbəyli və Atabala Manafzadə) və Almaniyada (Həşim Həşimov) təhsillərini davam etdirirlər. Kamilla Əmirova Mədəniyyət Nazirliyi tərəfindən bir çox fəxri fərman və diplomlarla təltif edilmişdir. 2011-ci ildə keçirilən "Moskva dostları qarşılayır" adlı festivalda iştirakına və verdiyi töhfəyə görə Vladimir Spivakov tərəfindən ona minnətdarlıq elan edilmişdir. Beynəlxalq piano müsabiqələri (Pera Piano, Türkiyə - 2012, 2014; Davorin Jenko, Belqrad, 2012, 2014, 2015; Qara Qarayev adına musiqi müsabiqələri, Bakı, Azərbaycan) üçün qaliblərin hazırlanmasına görə ona dəfələrlə minnətdarlıq elan edilmişdir. Kamilla.Əmirova görkəmli pedaqoq kimi dörd dəfə "İlin müəllimi" adına layiq görülmüşdür.

Bu gün Kamilla Əmirovanın yetirmələrinin siyahısına on yaşlı Ləman Seyidovanın adı daxil olub. Öz şagirdlərinə qarşı çox ciddi şəkildə tələbkar olan Kamilla xanım onların istedad və bacarıqlarının üzə çıxmasında böyük zəhməti vardır. Gərgin əmək sərf edən bu ustad sənətkar öz yetirmələri ilə daim qürur duymuşdur. Necə deyərlər ustadın ən böyük qazancı şagirdlərinin onun üzünü etməsidir. Digər şagirdləri kimi Ləman Seyidova da hara getsə, ilk öncə sənət müəlliminin, onun uğurlarının sirrinin səbəbkarı kimi Kamilla Xanımın adını qürurla çəkir.

On yaşlı Ləman Seyidovanın məharətli ifasını və istedadını sosial şəbəkələrdən belə, izləmək mümkündür.  Yotube.com kanalında onun ifalarını ayrıca dinləmək üçün  https://www.youtube.com/channel/UCs_xKTog-PaQRb3bTGxizEw bu şəbəkəni izləmək yetərlidir.

Bakıda on yaşlı bir qızcığaz hər gün orta məktəbə və çiynindəki çantada not dəftərləri ilə yol gedir. Onu tanıyan belə yoxdur. Çoxları onun öz fitri istedadı ilə dünyanın konsert salonlarını necə fəth etdiyinin fərqində deyillər. O, on yaşlı məktəbli Ləman Seyidovadır. Məmləkətimizin ən adi uşaqlarından biri kimi yaşıdları ilə birgə yol gedir. Klavişlərin dili ilə dünyaya Azərbaycan adlı bir ölkənin adını qürurla daşıyan Ləman Seyidovanı bəlkə də bundan sonra tanıyacaqlar.

 

Ənvər Yusifoğlu, sənətşünas    

 

Olaylar.- 2019.- 10-11 oktyabr.- S.12.