Tarixin dərin köklərinə
bağlı
Azərbaycan-Özbəkistan əlaqələri
Və keçmişdən bu
günə uğurla inkişaf edən Bakı-Daşkənd
dostluq, qardaşlığı
Günümüzdə
Azərbaycan dövlətinin həyata keçirdiyi aktiv
diplomatiya və uğurlu xarici siyasət kursu nəticəsində
dünyanın əksər dövlətləri ilə ikitərəfli
və çoxtərəfli formatda
qarşılıqlı faydalı əməkdaşlıq
qurulub, bu əməkdaşlıq nəticəsində ölkəmizin
beynəlxalq aləmdə, dünya birliyində mövqeləri
daha da möhkəmlənib. Bu gün Azərbaycanın istər
Avropa, istər Asiya, istər Qərb, istərsə də
Şərqdə etibarlı tərəfdaşı, yüksək
səviyyədə əməkdaşlıq qurduğu ölkələr
var. Eyni zamanda dünyanın bir çox ölkələri də
Azərbaycana Cənubi Qafqazda etibarlı tərəfdaş,
strateji cəhətdən müttəfiq ölkə kimi
baxır, regionda daha çox rəsmi Bakı ilə müxtəlif
sahələrdə əlaqələr qurmaq, bu əlaqələri
hər ötən gün bir qədər də inkişaf
etdirmək istiqamətində addımlar atır.
Qeyd etdiyimiz kimi Azərbaycan dünyanın müxtəlif coğrafi məkanlarında yerləşən əksər ölkələrlə yaxından əməkdaşlıq edir, dostluq münasibətləri qurur, qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirir. Belə ölkələrdən biri də dost, qardaş, eyni soya, eyni kökə, eyni dinə mənsub olan Özbəkistandır. Özbəkistanla Azərbaycan arasında əlaqələrin günümüzdə yüksək səviyyədə olması təkcə bu iki dövlətin, iki xalqın eyni dinin və eyni kökün daşıyıcıları olması ilə bağlı deyil. Digər mühüm əlamətlər və bağlılıqlar da vardır ki, məhz həmin amillər bu gün Azərbaycanla Özbəkistan arasında yüksək səviyyəli əməkdaşlığın mövcud olmasına imkan yaradır.
***
Tarixin dərinliklərinə nəzər salsaq görərik ki, Azərbaycanla Özbəkistan arasında əlaqələr, yüksək səviyyəli münasibətlər yaxın 5-10, hətta 20 ilə təsadüf etmir. Bakı ilə Daşkənd arasında ikitərəfli münasibətlərin tarixi əsrlərə dayanır. Səlcuqlar, Xarəzmşah, Əmir Teymurun, bütövlükdə Türküstan adlanan dövrdən formalaşan bu əlaqələr əsrdən-əsrə keçdikcə yeni mahiyyət və məzmun almış, Azərbaycanla Özbəkistan arasında ikitərəfli əməkdaşlıq keyfiyyətcə yeni bir mərhələyə qədəm qoymuşdu. Hər nə qədər qəbul etməsək və bu günlər imperiya deyib lənətləsək də, etiraf etmək lazımdır ki, Bakı ilə Daşkənd arasında əlaqələrin inkişaf etdirilməsində keçmiş SSRİ-nin də "payı" az olmayıb. Hər iki ölkənin müttəfiq respublikalar tərkibində olması bu əlaqələri təkcə ittifaqdaxili deyil, eyni zamanda ikitərəfli formatda da inkişaf etdirirdi. Özbək və Azərbaycan pambıqçılarının qarşılıqlı səfərləri, həmin səfərlərdə hər iki ölkənin mədəniyyət və incəsənət xadimlərinin də iştirak etməsi, təkcə iqtisadi deyil, eyni zamanda mədəni sahədə də əməkdaşlığın inkişaf etdirilməsində mühüm rol oynayırdı.
Yuxarıda qeyd etdiyimiz kimi iki ölkə arasında günümüzdə müşahidə edilən yüksək səviyyəli əməkdaşlığa sovetlərin də müəyyən mənada "töhfə" verdiyini deyə bilərik. Belə ki, 1930-cu illərdə imperiyanın cəza maşınının həyata keçirdiyi kütləvi represiyalar zamanı on minlərlə azərbaycanlının sürgün edildiyi Orta Asiya regionunda soydaşlarımızın özünə sığınacaq tapdığı ölkələrdən biri də məhz Özbəkistan idi. Tam əminliklə deyə bilərik ki, Azərbaycanın bu gün region ölkələri, xüsusilə də Özbəkistanla əlaqələrinin yüksək səviyyədə olmasında 1930-cu illərdə həyata keçirilən represiyaların da müəyən mənada rol oynadığını zamanında SSRİ rəhbərliyi dərk etsəydi, o zaman azərbaycanlılar başqa bir müttəfiq respublikalara sürgün olunardı.
***
Azərbaycanla Özbəkistan arasında münasibətlər sovetlərin dağılması və müttəfiq respublikaların öz müstəqilliklərini elan etməsindəın sonra daha da inkişaf etməyə başladı. Hətta haqlı olaraq bir çoxları bu dövrü Azərbaycan-Özbəkistan arasında münasibətlərdə yeni bir mərhələ kimi qələmə verir. Düzdür, müstəqilliyin ilk illərində Bakı ilə Daşkənd arasında əlaqələr, qarşılıqlı münasibətlər arzuedilən səviyyədə deyildi. Lakin ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyun ayında xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtmasından sonra hər bir ölkə kimi Özbəkistanla da əlaqələrdə, qarşılıq münasibətlərdə bir sıçrayış, inkişaf müşahidə edilməyə başladı. Bu bir tərəfdən Heydər Əliyev kimi böyük siyasi təcrübəyə malik insanın Azərbaycana rəhbərlik etməsi ilə bağlı idisə, digər tərəfdən ümummilli liderin hələ sovetlərin zamanından Özbəkistan rəhbərliyi ilə qurmuş olduğu dostluq, qardaşlıq münasibətləri ilə əlaqədar idi. Bir sözlə hər iki ölkənin siyasi rəhbərliyi- Özbəkistan prezidenti İslam Kərimov və Azərbaycanın dövlət başçısı Heydər Əliyev SSRİ zamanından qalan dostluq, qardaşlıq münasibətlərini, ölkələr arasındakı əlaqələri müstəqillik illərində yeni bir mərhələyə daşımağı qarşıya məqsəd qoymuşdu. Və həm Bakıda, həm də Daşkənddə buna olan maraq prosesin sürətlənməsinə vəsilə olurdu. Elə qarşılıqlı maraq və ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi baxımından ortaya qoyulan siyasi iradənin nəticəsi idi ki, 1995-ci ildən etibarən Bakı ilə Daşkənd arasında diplomatik əlaqələr quruldu. Həmin ilin oktyabr ayının 2-də qurulan Azərbaycan-Özbəkistan diplomatik əlaqələri bir neçə ay sonra, daha dəqiq desək, 1996-cı ilin ortalarında Daşkənddə Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfirliyinin açılması ilə sonuclandı. 1998-ci ilin may ayında isə Bakıda Özbəkistan Respublikasının səfirliyi fəaliyyətə başladı. Qeyd etdiyimiz kimi Azərbaycanla Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişafında dövlət başçıları arasında mövcud olan dostluq-qardaşlıq münasibətləri də mühüm əhəmiyyət kəsb edir və həyata keçirilən qarşılıqlı səfərlər Bakı ilə Daşkənd arasında əməkdaşlığı daha da inkişaf etdirirdi. Bu mənada Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun müstəqillik illərindən sonra ilk dəfə Azərbaycana səfər etməsi mühüm tarixi əhəmiyyət daşıyırdı. Mərhum İslam Kərimovun 1996-cı il, may ayının 26-27-də Azərbaycana baş tutan ilk rəsmi səfəri qarşılıqlı anlaşma və dostluq şəraitində keçməklə yanaşı, Bakı ilə Daşkənd arasında bir sıra sənədlərin imzalanması ilə yadda qaldı. Həmin səfər zamanı Azərbaycanla Özbəkistan arasında 19 sazişdən ibarət xüsusi sənəd paketi, o cümlədən "Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında müqavilə" imzalandı ki, bu da müstəqillik illərində iki ölkə arasında yüksək səviyyədə əlaqələrin qurulması və inkişaf etdirilməsini özündə ehtiva edirdi. Həmçinin həm İslam Kərimovun səfəri, həm də Bakıda imzalanmış sənədlər Azərbaycanla Özbəkistan arasında əlaqələrin inkişaf etdirilməsində siyasi iradənin ortada olduğunu göstərirdi. Elə həmin ilin oktyabr ayında ümummilli lider Heydər Əliyevin Özbəkistana səfəri də məhz yuxarıda qeyd etdiyimizi təsdiqləyirdi. Düzdür, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Daşkəndə səfəri həmin vaxt işgüzar xarakter daşıyırdı və səfərdə məqsəd Türkdilli Dövlətlərin Başçılarının IV Forumunda və görkəmli dövlət xadimi Əmir Teymurun 660 illik yubiley mərasimində iştirak etmək idi. Ancaq ümummilli lider Daşkənddə olarkən özbəkistanlı həmkarı ilə də görüşüb ikitərəfli münasibətlərin inkişaf dinamikasını müzakirə etmişdi. Artıq həm Bakı, həm də Daşkənd ikitərəfli münasibətlərin inkişaf etdirilməsindən razı idi və qarşıda duran hədəf, vəzifələr bu münasibətləri yeni bir mərhələyə çatdırmaq idi. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 1997-ci il, iyun ayının 18-19-da Özbəkistan Respublikasına etdiyi rəsmi səfər müstəsna əhəmiyyət kəsb edirdi. İslam Kərimovun Bakıda keçirdiyi rəsmi görüşlərin nəticəsi kimi, ümummilli lider Heydər Əliyevin də Özbəkistanda keçirdiyi görüşlərin, danışıqların nəticəsi olaraq Bakı ilə Daşkənd arasında müxtəlif sahələri özündə ehtiva edən 19 sənəd imzalandı. İmzalanmış sənədlər içərisində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi, dostluq və tərəfdaşlıq münasibətlərinin möhkəmləndirilməsi haqqında müqavilə böyük əhəmiyyət kəsb edir. Bu sənədlər iki ölkə arasında uğurlu əməkdaşlıq üçün güclü fundamental müqavilə-hüquqi əsas yaratdı.
Azərbaycanla Özbəkistan arasında əlaqələr bu gün də ən yüksək səviyyədədir və həyata keçirilən hər bir qarşılıqlı səfər ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verir. Azərbaycanın xarici siyasətində Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş məqsədyönlü siyasətin günümüzdə Cənab Prezident İlham Əliyev tərəfindən uğurla və müasir çağırışlara uyğun davam etdirilməsi hər bir ölkə kimi Özbəkistanla münasibətlərə də yeni məzmun, dinamika qatıb. Hər zaman olduğu kimi bu gün də Azərbaycanla Özbəkistan arasında əlaqələr ən yüksək səviyyədə, dostluq-qardaşlıq münasibətlərinə uyğundur. İstər siyasi, istər iqtisadi, istərsə də mədəni və humanitar sahələrdə Bakı ilə Daşkənd arasında qurulan yüksək səviyyəli əməkdaşlıq hər iki dövlətin, eləcə də xalqların ümumi maraqlarına xidmət edir. Necə ki, ümummilli lider Heydər Əliyevin vəfatından sonra onun müəyyənləşdirdiyi xarici siyasət kursu, yaxın və uzaq qonşularla əməkdaşlığı inkişaf etdirmək siyasəti davam etdirilir, eləcə də Özbəkistanda İslam Kərimovun vəfatından sonra mərhum dövlət başçısının zamanında həyata keçirilən xarici siyasət kursu dəyişməz olaraq qalır. Çünki hər iki ölkənin xarici siyasət kursu dövlətlərin ümumi maraqlarının təmin olunması, onların dünya birliyində layiqli yer tutmasına xidmət edir. Bu gün iki ölkə arasında münasibətlər Cənab İlham Əliyev və Şavkat Mirziyoyev tərəfindən uğurla inkişaf etdirilir, dövlət başçıları səviyyəsində mövcud olan dostluq-qardaşlıq əlaqələri Azərbaycanla Özbəkistanı bir-birinə daha da yaxınlaşdırır, ölkələr arasında yeni-yeni əməkdaşlıq imkanları açır.
Azərbaycanla Özbəkistan arasında əlaqələrin bu günkü səviyyəsi təkcə eyni din və eyni soy kökün bağlılığı baxımından deyil. Burada hər iki xalqın oxşar faciələr yaşaması da diqqətdən kənarda qalmamalıdır. Belə ki, arxiv sənədlərinə görə, 1918-1920-ci illərdə Mərkəzi Asiyadakı türklərin öz milli dövlətlərini qurmaq uğrunda apardıqları azadlıq mübarizələrinin qarşısını almaq məqsədilə Qafqazdan xüsusi olaraq göndərilən ermənilərdən ibarət bolşevik-daşnak cəza dəstələrinin Özbəkistanda törətdikləri soyqırım aktları nəticəsində, təkcə Fərqanə vadisində on minlərlə dinc özbək xüsusi amansızlıqla qətlə yetirilib, işgəncələrə məruz qalıb, kənd və şəhərlər, dini tikililər, tarixi binalar dağıdılıb. Ermənilərin bir gün ərzində Özbəkistanın Kokand vilayətində 10 mindən çox insanı qətlə yetirdiyi, Əndicanda isə 4,5 min dinc sakinin erməni daşnaklarının vəhşiliyinin qurbanı olduğu tarixi sənədlərdə öz əksini tapır. Məhz bu amilin özü də bu günə qədər Özbəkistanda Ermənistan səfirliyinin açılmasını əngəlləyən faktorlardan sayılır. Paralel olaraq Özbəkistan tərəfi Dağlıq Qarabağ probleminin həlli məsələsində də ədalətli, beynəlxalq hüquq norma və prinsiplərinə uyğun mövqe sərgiləyərək Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını münaqişənin tənzimlənməsinin əsas şərtlərindən biri hesab edir. Təsadüfi deyil ki, rəsmi Daşkənd BMT, NATO, İKT, MDB, GUAM kimi beynəlxalq təşkilatlarda da sözügedən məsələdə, ümumiyyətlə bütün prinsipial məsələlərdə Azərbaycanın mövqeyindən çıxış edir, onu dəstəkləyir.
Bu gün Azərbaycanla Özbəkistan arasında hər bir sahə kimi mədəni sahədə də əlaqələr yüksələn xətlə inkişaf edir. Bakıda Əlişir Nəvainin, Daşkənddə isə Nizami Gəncəvinin abidələrinin ucaldılması timsalında bunun əyani şahidinə çevrilirik. Paralel olaraq özbək yazıçıların Azərbaycanda, azərbaycanlı yazıçıların əsərləri Özbəkistanda çap edilərək işıq üzü görür ki, bu da Bakı ilə Daşkənd arasında mədəni əlaqələrin inkişafına verilən töhfə sayıla bilər. Qeyd etmək yerinə düşər ki, bu töhfədən Özbəkistandakı Azərbaycan səfirliyinin tərkibində fəaliyyət göstərən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə də pay düşür. Məhz yuxarıda qeyd etdiyimiz hər iki ölkənin yazıçılarının əsərlərinin qarşılıqlı şəkildə çap edilib ictimaiyyətə çatırılmasında adıçəkilən mərkəzin xidmətləri misilsizdir. Eyni zamanda mərkəzin təşkilatçılığı ilə iki ölkənin tanınmış ictimai xadimləri, yazıçılarının yaradıcılıq gecələri, yubileylərinin keçirilməsi də Bakı ilə Daşkənd arasında mədəni əlaqələrə öz töhfəsini verir.
Göründüyü kimi, Özbəkistan-Azərbaycan münasibətləri bütün istiqamətlərdə inkişaf edir və irəlidə də yeni-yeni əməkdaşlıq üçün böyük perspektivlər var. Həmin perspektivlərin tezliklə reallaşdırılacağı isə heç bir şübhə doğurmur. Çünki bunun üçün ortada həm siyasi iradə, həm də istək, arzu var.
Olaylar.- 2019.- 15-16 oktyabr.- S.5.