Üç İsa
Akademik İsa Həbibbəylinin
yetmiş illiyinə
Esse
Mənim həyatımda
İsa peyğəmbər rol
oynamayıb. Bəlkə də dolayısı ilə təzahürü
olub, amma əlimdə
bilgilər yoxdu. Düzdür,
istəsəm telepatiyanın gücünə öyrənə bilərəm. Amma zamanı və məkanı dəyişdirməyə
ehtiyac duymadığımdan bunu lüzumsuz saydım.
Həyatımda Məhəmməd peyğəmbər (c) rol oynayıb, çünki hal-hazırda bu islam dininin daşıyıcılarından biriyəm. Onun (salavutallahın) şəhadətinə görə İsa peyğəmbər peyğəmbərlərin ən önəmlisi idi və İsanın (ə) İncildə dediyinə görə "məndən sonra sonuncu peyğəmbər "Əhməd" gələcək". Məhəmməd peyğəmbər (c) ondan öncə olan peyğəmbərlər arasında vəsilə yaratdı və bunu da "Qurani- Kərim"də möhür kimi qeyd etdi. Müsəlmanlar yaxın tarixə qədər övladlarına digər peyğəmbərlərin də adını verirdilər. Bunu niyə keçmiş zamanda yazdım? Təəssüflər olsun ki, son zamanlar xurafat və cahillik artıq buna imkan vermir, hətta bir yas yerində "başqa peyğəmbərlərin adını bilirsənmi" sualıma cahillərdən biri "başqa peyğəmbərlər olubmu?" cavabını verdi. XXI əsrdə hansı zamana gəlib çıxdıq? Yüz illərdir atalarımız övladlarına demək olar ki, bütün peyğəmbərlərin adlarını veriblər: Adəm, Nuh, Lut, Saleh, Yunus, İsa, Davud, Süleyman, Məhəmməd və sairə, sairə... 124 min.
İsa peyğəmbər bizə çox doğmadır, çünki sonuncudan əvvəlkidir. Buna görə yüz illərdir atalarımız övladlarına "İsa"adı verməkdə yanılmayıblar.
Mənim həyatımda üç İSA var. Bəlkə bu təsadüfdən, bəlkə də zərurətdəndir.
Birincisi atam İsaxandır. Bilmirəm, türk əsilli olduğumuz üçün, xristianlığa nə vaxtsa tapındığımız üçün, tanrıçılığı dinimizin əzəlində hesab etdiyimiz üçün məndən öncə olan soy-köküm dünyanın bütün məşhur peyğəmbərlərinin adlarını övladlarına isim kimi verirdilər, amma köklərini, hardan gəlib, hara getdiklərini yaddan çıxartmamaq şərtilə. Bizim tərəflərdə etnik kimlik əsas şərtlərdən biri idi. İllah da sovet vaxtında. Baxın! Babam Babaxanın üç oğlu olub: Əmirxan, Mirzəçan, İsaxan.
Məhz üçüncünün, yəni atam İsaxanın daima məni kitaba, sonralar elmə həvəsləndirdiyini nə zamansa xatirələrimdə yazacam.
İkinci isə adı İsa olan qayınatamdır. Düşünürəm, İsa kişi elmə, təhsilə, bu qədər qiymət verməsəydi, kim bilir, ailə qurduqdan sonra haralardaydım... "Hər güclü erkəyin arxasında, onu başa düşən güclü qadın var" deyimi tamamilə doğrudur. Hələ mən bizim, iki insanın davamçısı olan mükəmməl qızımız haqqında yazmaq istəmirəm. Bu da başqa mövzudur.
Üçüncü İsa isə mənəvi dünyası zəngin, mərifət və şərafətinə görə akademik İsa Həbibbəylidir. Qabaqcadan deyim ki, birinci iki İsaya sonsuz sevgim olsa da, mənə mənəvi dünyanın ənginliklərinə baş vuran, hər sözündən, sətrindən yüzlərlə İSA doğulan İsa Həbibbəyli daha yaxındır. İsa Həbibbəyli maddi dünya deyil, vücud deyil, bu böyük İNSAN SÖZ-dür. Sözdən yoğrulan İNSAN , sonra da ALİM-ə çevrilən İNSAN.
Bu tərif deyil.
Onun içində
bir can var. Canın içində can!
Bəzən çoxları başa
düşmürlər ki,
bu İNSAN-ı, bu
CAN-ı bizə sevdirən
nədir? Sözünün
içində bir CAN
var. Canın içində
od var, alov
var, enerji var. Heç kimə baxmaz, heç kimə SÖZ-ün qüdrətini çatdırmaz,
amma elə yazar ki, SÖZ-ün arxasından SÖZ-ün qüdrəti özü görünər. İNSANIN arxasından SÖZ görünər,
boy verən SÖZ böyüklüyü
görünər. Yalnız
bunun arxasından şəxsiyyət görünər,
elə üçüncü
İSA görünər.
Candan yazdıq. Can mühərrikdi.
Sözdən yazdıq. Söz mühərrikdi.
Cismin mühərriki (motoru) istənilən insanda nə zamansa dayanacaq, amma CAN-ın və SÖZ-ün mühərriki əbədidir. Bunlar dayanan deyil.
Onların enerjisi gələcək
nəsillərə ötürülür.
İncildə və Quranda
yazıldığı kimi;
öncə SÖZ gəldi
dünyaya, yalnız bundan sonra on səkkiz min aləm yarandı.
SÖZ-ün qədrini
və qüdrətini
bilən İSA Həbibbəyli
hər yeni sözə ruh verir, istiqamət verir. İstedadları yönəldir, arxasında
durur.
Bilirəm bədxahlarımız mənim
müqayisə üçün
yazdıqlarıma ağız
büzəcək, küfrlə
günahlandıracaq. Olsun, amma ölmüş SÖZ-ü
kimsə dirildəcəksə,
ona yeni həyat verəcəksə,
o elə İSA-dır!
Nə qədər
ki, SÖZ-ün mahiyyətini, zatını,
sifətini cəmiyyət
anlamayacaq, İsa Həbibbəyli kimi alimlər elə İSA-dır. Təəssüflər olsun ki, belə İSA-lar çox azdır.
Onun canında
bir CAN da var. Bu
AZƏRBAYCAN-dır. İliyinə
qədər işləyən
bu sözün adı çəkiləndə
hər şeyini unudan bir CAN. Çoxları bunu anlamırlar,
başa düşmürlər.
Arada bir sual da verirlər:
bizim canımızdan onun CAN-ı nə ilə fəqlənir? Onun CAN-ı SÖZ-ünün
qüdrətindədir. Azərbaycan
sözünün içində
qüdrətini, möhtəşəmini
gözləyən bir
CAN.
Kimsə ehtiramını, möhtəşəmləyini,
faniliyini bu dünyaya dəyişir. Dünyanın sözünü dünyaya
çatdırır. İSA
isə o dünyadakı
sözün möhtəşəmliyini
və həşəmətini
bu dünyaya çatdırır. Anlayan anlasın,
anlamayan isə yenə "alim"liyini etsin.
İçində Azərbaycan, millət, xalq, kökünə və törəsinə, dövlətinə bağlı
olan nə qədər İSA-mız
var? Barmaqla sayıla bilər. Elə günümüzdə yaşayan belə Məhəmmədlər, Salehlər,
Süleymanlar, Yunuslar,
Davudlar, Lutlar, Nuhlar nə qədərdir? Yenə barmaqla
saymaq olar.
Can enerjidir. əbədi
mühərrikdir. Canın
istədiyini, bildiklərini
SÖZƏ çevirib CİSMƏ ötürmək çox
ağır məsələdir, çoxları
üçün arximüşküldür.
Bu seçilmişlərə
aiddir.
Sözü cismə ötürmək,
cismi SÖZ-ə və
CAN-a çevirmək hər
adama müyəssər
olmur. İSA bunu
bacarır, çünki
o seçilmişlərdəndir. Cismi CANa,
sonra isə əksinə CANı cismə çevirmək onun qismətinə yazılıb. Ortada isə SÖZ var. Dünyanın ən böyük xalqı o xalq olacaq ki,
o SÖZ-ünə sahib olacaq,
SÖZ-ün dəyərini
biləcək. İsa Həbibbəyli
xalqının söz
sahibi olması uğrunda canını və qanını ortalığa qoyan bir insandır. Alimliyi sonradır, əsas İNSAN-lığıdır.Əsas İSAlığıdır!
SÖZ-ün mübarək, USTAD!
...Üç İSA-m var. Biri
qanım, biri sümüyüm, biri isə canım.
Canım əbədi olmasa, qanım və sümüyüm sonradan unudulacaq, kiməsə yamaq olacaq, necə
ki, indi bunun çox zaman şahidi oluruq.
İsa Həbibbəyli
canımızdır. Canımızın
vasitəsilə qanımızı,
sümüyümüzü özündə birləşdirən
Azərbaycanımız!
P. S. Duydum ki, çevrəmizdə dördüncü
İsa da var. İsa Həbibbəylinin nəvəsi İsa. Qanımız, sümüyümüz, canımız
olacaq, bunu zaman göstərəcək.
Hər üçünün babasındakı
kimi vəhdətdə
olmasına heç də şübhə etmirəm. Axı kiçik İsa
SÖZ-ün nəvəsidir.
12.10.19
YUNUS OĞUZ
Olaylar.- 2019.- 15-16
oktyabr.-S.9.