Yaqub Mahmudov:
"Gülüstan və
Türkmənçay
müqavilələri
tariximizin ən
ağrılı səhifələridir"
1813-cü il oktyabrın 12-də
Çar Rusiyası ilə Qacarlar İranı arasında
Gülüstan müqaviləsi imzalanıb. AZƏRTAC Azərbaycan
Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun
direktoru, akademik Yaqub Mahmudovun bununla bağlı qeydlərini təqdim
edir.
Gülüstan
(1813) və Türkmənçay (1828) müqavilələri
tariximizin ən ağrılı səhifələridir. Bu
müqavilələr əslində beş minillik dövlətçilik
tariximizin ən dəhşətli faktlarıdır. Qüdrətli
imperiyalar yaratmış böyük xalqımız
Gülüstan müqaviləsindən sonra öz tarixinin
"olum ya ölüm" dövrünə qədəm
qoydu. XVIII əsrin sonunda Yaxın və Orta Şərqin
tarixində Azərbaycan sülaləsi olan Qacarların hakimiyyəti
(1796-1925) dövrü başlandı. Qacarlar vaxtı ilə
onların ulu babaları Qaraqoyunluların, Ağqoyunluların,
Səfəvilərin və nəhayət, Nadir şah Əfşarın
hakimiyyəti altında olmuş bütün əraziləri, o
cümlədən Azərbaycan xanlıqlarını yenidən
vahid dövlət halında birləşdirmək siyasəti
yeritməyə başladılar.
Beləliklə,
Qacarlar və Cənubi Qafqazı işğal etməyə
çalışan çar Rusiyası arasında uzun sürən
müharibələr dövrü başlandı. Kiçik
xanlıqlara və sultanlıqlara parçalanmış Azərbaycan
iki böyük dövlət arasında qanlı müharibələr
meydanına çevrildi. Gülüstan və Türkmənçay
müqavilələrinə əsasən Azərbaycan iki
imperiya arasında bölüşdürüldü: Şimali
Azərbaycan çar Rusiyasına, Cənubi Azərbaycan isə
Qacarlar İranına qatıldı. Nəticədə Azərbaycanın
bundan sonrakı tarixində yeni siyasi-coğrafi
anlayışlar meydana gəldi: "Şimali Azərbaycan"
(və ya "Rusiya Azərbaycanı", sonralar "Sovet Azərbaycanı")
və "Cənubi Azərbaycan" (və ya "İran Azərbaycanı").
Gülüstan
müqaviləsi çar Rusiyası ilə Qacarlar İranı
arasında 1804-1813-cü illər müharibəsinin
yekunlarını və Azərbaycanın həmin dövlətlər
arasında birinci dəfə bölüşdürülməsini
təsdiq edən rüsvayçı sövdələşmə
sənədidir. Gülüstan müqaviləsinə əsasən,
Şimali Azərbaycan (İrəvan və Naxçıvan
xanlıqları istisna olmaqla) çar Rusiyasının, Cənubi
Azərbaycan isə Qacarlar İranının tərkibinə
qatılıb.
Müqavilə
1813-cü il oktyabrın 12-də Qarabağın
Gülüstan kəndində imzalanıb. 11 maddədən
ibarət olan müqaviləyə əsasən, Qacarlar
İranı Azərbaycanın Gəncə, Qarabağ, Şəki,
Şirvan, Quba, Bakı və Lənkəran (Talış)
xanlıqlarına, Şərqi Gürcüstan və
Dağıstana olan iddialarından əl çəkir,
onların çar Rusiyasının hakimiyyəti altına
keçməsini təsdiq edirdi. Sənədə əsasən,
yalnız çar Rusiyasına Xəzər dənizində hərbi
donanma saxlamaq hüququ verilir, ticarət malları
üçün beş faizlik gömrük qoyulur, hər iki
dövlətin tacirləri daxili gömrük vergilərindən
azad olunurdular.
Müqaviləni
Qacarlar İranı tərəfindən Mirzə Əbülhəsən
xan, çar Rusiyası tərəfindən isə Nikolay
Rtişşev imzalayıblar.
Gülüstan
müqaviləsi ümumdünya tarixində özgə
torpaqlarının bölüşdürülməsi məqsədilə
bağlanılmış ən rüsvayçı və
antihumanist müqavilələrdən biridir. Bu müqavilə,
eyni zamanda, müharibə etmiş iki dövlət
arasındakı ziddiyyətləri də həll edə bilmədi.
Müqavilənin birinci maddəsində dəbdəbəli
ibarələrlə bəyan edilən "sülh" uzun
sürmədi. 1826-cı ildə tərəflər arasında
ikinci müharibənin başlanması ilə Gülüstan
müqaviləsi qüvvədən düşdü. Müharibə
çar Rusiyasının üstünlüyü ilə
başa çatdı. 1828-ci ildə çar Rusiyası ilə
Qacarlar İranı arasında Türkmənçay müqaviləsi
imzalandı.
Azərbaycan
xalqı terrora, soyqırımlarına və deportasiyalara ən
çox məruz qalmış xalqlardan biridir. 200 ildir ki,
xalqımız faciələrlə dolu bir tarix yaşayır.
Bu qanlı tarix çar Rusiyası tərəfindən ermənilərin
Osmanlı imperiyasından və Qacarlar İranından kütləvi
surətdə Şimali Azərbaycan torpaqlarına, həmçinin
Cənubi Qafqazın başqa ərazilərinə
köçürülməsi ilə başlayıb.
Beləliklə,
1828-ci il Türkmənçay müqaviləsinin 15-ci maddəsi
və 1829-cu il Ədirnə müqaviləsi ilə ermənilərin
Osmanlı imperiyası və Qacarlar İranından
köçürülməsinin əsası qoyuldu. Erməni
köçlərini bütün yol boyunca çar
Rusiyasının mühafizə dəstələri
müşayiət edir, onlara adambaşına pul və ərzaq
paylanır, köç üçün nəqliyyat
ayrılır, ən münbit Azərbaycan torpaqları onlara
verilir və bütün vergilərdən azad olunurdular.
Maraqlı və təkzibolunmaz tarixi faktlardan biri də budur
ki, tanınmış rus rəssamı Maşkov 1828-ci ildə
ermənilərin Şimali Azərbaycan torpaqlarına
köçürülməsinə ayrıca rəsm əsəri
həsr edib.
Ermənilərin
bizim torpaqlarımıza köçürülməsilə
çar Rusiyası XIX əsrin əvvəllərindən
başlayaraq Azərbaycan torpaqlarında yeni bir etnos məskunlaşdırdı.
Ermənilər bura I Pyotrun göstərişindən sonra
Türkmənçay və Ədirnə müqavilələrinə
əsasən köçürülmüş etnosdur. Tarixi həqiqət
budur ki, ermənilər nəinki Cənubi Qafqaza, ümumiyyətlə,
Asiya qitəsinə köçüb gəlmə etnosdur. Ermənilərin
gəlmə olduğunu mənbələr və "tarixin
atası" Herodot təsdiq edir.
Tanınmış
rus tədqiqatçısı Şavrov ermənilərin Cənubi
Qafqaza köçürülməsi prosesini
araşdırdıqdan sonra 1911-ci ildə yazırdı:
"Hazırda Cənubi Qafqazda yaşayan 1 milyon 300 min erməninin
1 milyondan çoxu bu diyarın yerli əhalisi deyil. Onları
bura biz köçürüb gətirmişik".
Çar
Rusiyası Cənubi Qafqazda özünə dayaq yaratmaq
üçün işğal etdiyi Azərbaycan torpaqlarına,
xüsusən Qarabağın dağlıq rayonlarına,
keçmiş İrəvan və Naxçıvan
xanlıqlarının ərazisinə qonşu ölkələrdən
kütləvi surətdə erməni əhalisi
köçürdü. Türkiyə ilə həmsərhəd
olan qədim Azərbaycan torpaqlarında - keçmiş İrəvan,
Naxçıvan xanlıqlarının ərazisində
süni surətdə və xüsusi məqsədlə
"Erməni vilayəti" yaradıldı. Bununla, Azərbaycan
torpaqlarında gələcək erməni dövlətinin əsası
qoyuldu.
Bundan əlavə,
çar Rusiyası 1836-cı ildə müstəqil Alban kilsəsini
ləğv etdi və onu erməni Qriqorian kilsəsinin tabeliyinə
verdi. Bununla da Azərbaycanın qədim əhalisi olan xristian
albanların qriqorianlaşdırılmasına və erməniləşdirilməsinə
daha əlverişli şərait yaradıldı. Ermənilərin
azərbaycanlılara qarşı yeni ərazi
iddialarının əsası qoyuldu.
Mən
ulu öndər Heydər Əliyevin unudulmaz bir vəsiyyətini
dönə-dönə yada salıram, o, dəfələrlə
deyirdi ki, biz son 200 ilin tarixini yenidən öyrənməliyik.
Ulu Öndərimiz XIX-XX əsrləri, xüsusən
Gülüstan və Türkmənçay müqavilələrindən
sonrakı tarixi nəzərdə tuturdu. Bu tarix Azərbaycanın
ikiyə bölünməsi tarixi, xalqımızın məhv
edilməsi siyasəti tarixi və soyqırımlar tarixidir.
Heydər
Əliyev Gülüstan və Türkmənçay müqavilələrini
belə xarakterizə edib: "Tarixi proseslərin gedişi ona
gətirib çıxartdı ki, 1813 və 1828-ci illərdə
imzalanmış Gülüstan və Türkmənçay
müqavilələri Azərbaycanı, onun tarixi
torpaqlarını parçaladı, xalqımızı iki yerə
böldü".
Heydər
Əliyevin ötən əsrin 60-cı illərinin sonu - 70-ci
illərində xalqımızın milli dirçəlişini
necə cəsarətlə himayə etməsinin canlı
şahidiyəm. O zaman mən ölkəmizdə milli
oyanışın əsas mərkəzlərindən biri olan
Azərbaycan Ensiklopediyasında fəaliyyət göstərirdim.
Böyük mütəfəkkirimiz Rəsul Rzanın
başçılıq etdiyi ensiklopediyaçılar və
ensiklopediya ətrafında toplanmış qabaqcıl
ziyalılar o zaman çox cəsarətli addımlar
atırdılar. Xalqımızın təşəkkülündə
türk etnoslarının həlledici rol oynaması, Şimali
Azərbaycanın çar Rusiyası tərəfindən
işğalı, Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin
tariximizdə mütərəqqi rol oynaması, Cümhuriyyət
dövrünün xadimlərinə obyektiv qiymət verilməsi,
1920-ci ilin Aprel işğalı kimi bir çox məsələləri
o zaman məhz ensiklopediyaçılar qaldırdılar. Bunu da
unutmamışam ki, milli oyanışımızın
düşmənləri bizi ləkələmək
üçün dəridən-qabıqdan
çıxırdılar. Heydər Əliyev bütün
bunlardan çəkinməyərək 1971-ci ilin martında mənə
ensiklopediya baş redaktorunun elmi işlər üzrə
müavini kimi məsul bir vəzifə etibar etdi. Həmin illərdə
biz, məhz onun dəstəyi sayəsində, ilk dəfə
olaraq, Azərbaycanın tarix xəritələrini çap
etdirə bildik. Çox çəkmədən bizə
"millətçi", "burjua məfkurəçiləri",
"Sovet hökumətinin və Rusiyanın düşmənləri"
damğasını vurmağa çalışdılar.
"Sapı özümüzdən olan baltalar"
xalqımıza qarşı 1918-ci ilin Mart
soyqırımını törətmiş Stepan
Şaumyanın oğlunu - o zaman "Böyük Sovet
Ensiklopediyası" baş redaktorunun birinci müavini işləyən
Levon Şaumyanı Bakıya gətirdilər. Qara qüvvələr
Azərbaycan ziyalılarına ləkə yaxmaq
üçün özlərini oda-közə vurdular. Lakin
onlar məqsədlərinə çata bilmədilər. Məhz
Heydər Əliyevin müdrikliyi və cəsarəti sayəsində
o zaman həm ensiklopediyaçılar, həm də
ziyalılarımızın böyük bir dəstəsi, o
cümlədən də mən, nəinki Dövlət Təhlükəsizlik
Komitəsinin təqiblərinə düçar olmadıq, hətta
o dövr üçün dəhşətli bir cəza
sayılan partiya cəzasından da yaxa qurtara bildik!
Qısa
müddətdə AMEA-nın Tarix İnstitutunda Azərbaycan
tarixinin müxtəlif dövrlərini, xüsusən
1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay
müqavilələrindən sonra böyük imperiyaların
işğalçılıq siyasəti nəticəsində
xalqımızın başına gətirilən faciələri,
erməni-daşnak qüvvələrinin azərbaycanlılara
qarşı həyata keçirdikləri
soyqırımlarını özündə əks etdirən
çoxsaylı elmi əsərlər yazılıb və
müxtəlif dillərdə nəşr olunub.
2013-cü ildə AMEA-nın Tarix İnstitutu Gülüstan müqaviləsinin bağlanmasının 200 illiyinə həsr olunmuş "XIX əsrin əvvəllərində Qafqaz müharibələri və onların nəticələri" adlı beynəlxalq elmi konfrans təşkil edib. Konfransın işində 8 ölkədən - Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, ABŞ, İran və Albaniyadan 80-ə yaxın alim iştirak edib. Son illərdə, həmçinin Bakı, Quba, Şamaxı, Gəncə, Lənkəran və Qusar şəhərlərində beynəlxalq elmi konfranslar keçirilib. Azərbaycan və digər türk-müsəlman xalqlarına qarşı soyqırımlarına həsr olunmuş bu konfranslarda dünyanın yüzlərlə ən məşhur alimləri iştirak ediblər. Bütün bu konfranslar Prezident İlham Əliyevin himayəsi altında keçirilib. Bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarına sarsıdıcı zərbə vurmuşdur. Dövlətimizin başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.
Olaylar.- 2019.- 17-18 oktyabr.- S.4.