Qərbi Azərbaycanın tarixi-maddi
ocaqları və yaxud
saxta “Ermənistanın
sakral coğrafiyası” barədə
(II məqalə)
"Allah ermənicə danışmışdır."
(Hay
yazarı Koryunun (380-450) "Maştotsun həyatı" salnaməsindən).
Qərbi Azərbaycanın
ermənilər məskunlaşan
Armavir vilayətinin Aknaliç
məntəqəsində
dünya yezidi
kürdlərinin "Tovuz Mələyi" ("Tause
Malak")
məbədi tikilmişdir...
(01.10.2019)
XX əsrin əvvəllərində və sonlarında Azərbaycan dövlətinin qərb hissəsində (Qərbi Azərbaycanda) yaradılmış Ermənistan adlı saxta dövlətin ərazisində hay kilsəsinin təşkilatçılığı ilə qədim Alban məbədlərinin "erməni kilsəsi" adı altında Cənubi Qafqazın dünya miqyaslı sarkal (ruhsal) irs nümunələrinin "Ermənistanın sarkal coğrafiyası"na daxil edilməsi və bu ad altında dünyaya tanıdılması hay icmasının irsi riyakarlığının bariz nümunəsidir. Baxmayaraq ki, xalqımızın mənəvi irs saxlancında qorunan və illər boyunca müxtəlif dövrü nəşrlərdə işıq üzü görən çoxsaylı əsərlərdə ( (M.Nemətova "Əsrlərin daş yaddaşı" 1987; "Azərbaycanın tarixi abidələri və toponimləri" (Biblioqrafiya), 2016; Ə.Ələkbərlinin "Qədim Türk-Oğuz yurdu "Ermənistan", 1994 və "Qərbi Azərbaycan abidələri", 2007; S.Əsədov "Ermənistan azərbaycanlılarının tarixi coğrafiyası", 1995; E.İsmayıl "Məndən ötrü Ermənistan yoxdur, yox...", 2002; H.Mirzəyev "Qərbi Azərbaycanın Dərələyəz mahalı", 2004; M.Quliyev (Urud) "Zəngəzur", 2005; Z.Həbibbəyli "Türkəm, Tanrıçıyam və ya dön geriyə bax", 2009; S.Nəzərli "Ləmbəli" (Ensklopedik toplu), 2004, İ.Məmmədov "İrəvan dəftəri: sətirlənmiş duyğuların qəribsəmiş sədası", 2004; H.Vəli "Nüvədi kitabələri" və "Babək Xürrəmidinin son taleyi", 1998 ...) bu mövzuda ətraflı dəyərli elmi-nəzəri və tədqiqat materialları (məlumatları) əks etdirilsə də, hay kilsəsi və hay qaragühu öz çirkin, mənfur əməllərindən çəkinməyərək həyasızlıqla Qərbi Azərbaycanın ruhsal-duyğusal (sarkal) ocaqlarını "erməniləşdirməkdə" davam edirlər. Təhlükəli hal odur ki, hay kilsəsi bu şeytani əməllərini dünya miqyasına çıxarır və müsəlman-türk dünyasına qənim ölkələr arasında özlərinə kifayət sayda tərəfdaş yapmağa nail olurlar.
Ona görə də son 200 ildə ermənilər tərəfindən zəbt edilərək məskunlaşdırılmış Qərbi Azərbaycanın dini-ruhsal osaqlarının məhz müsəlman-türk dünyasının maddi-mədəni irsi kimi təqdir edilməsi, coğrafi məkan üzrə paylanmasının sistemləşdirilməsinin (yazılı və təsviri formada) böyük əhəmiyyəti vardır.
Bu baxımdan Zəngəzur mahalının inzibati-ərazi vahidi kimi işğalda olan Mehri nahiyəsi də istisnalıq təşkil etmir. Nahiyənin Nüvədi kəndi yaxınlığında Buğurkər kəndi hüdudlarında eyni adlı çayın sağ sahilində "Buğurkər piri" (içəridə iki məzar olmuşdur) ətraf bölgənin ziyarət ocağı kimi məşhur olub. Burada şərq memarlıq üslubunda daşdan tikilmiş məbədin hündürlüyü 8-10 m-ə çatıb, hücrələrlə əhatələnmiş, ətrafında isə min nəfərə qədər zəvvarın yerləşməsi üçün bina olmuşdur. Ətrafı palıd, cökə, qayın, ardıc... ağaclarına bürünən meşə və əkin-tərəvəz yerləri (5 hektara qədər) ilə örtülüdür. Deyilinə görə bu müqəddəs ocaqda müsəlman dünyasının 7-ci imamı Museyi-Kazımın oğlu Sultan Seyid Əhmədin və bacısının qəbri yerləşir. Buraya ziyarətə nəinki Mehri nahiyəsinin, eləcə də qonşu Ordubad, Culfa, Zəngilan rayonlarının sakinləri, Zəngəzur mahalında Qafan nahiyəsində yaşayan haylar da olmuşdur, onlar gətidikləri qurbanları yerli müsəlmanlara kəsdirərdilər. Ocağın yaxınlığında kənd qəbirstanlığı salınmışdı və 1989-1990-cı illərədək bu yerlər salamat idi.
Nüvədi kəndindən 10-12 km şimal-qərb istiqamətindəki Əngizeyid dağının üstündə salınan başqa bir ziyarətgah, elin-obanın həmişə üz tutduğu ruhsal-sarkal yerlərdən biri də "Baba Hacı ocağı" idi ki, onun üzərində hündürlüyü 6-8 m olan altı bucaqlı üslubunda tikili ucalırdı. Bir xeylaq aralı "Hüseyn bəy çəməni" adlı yaylaq yeri göz oxşayırdı. Maraqlı fakt odur ki, həmin yaylaqda qədim qəbirstanlıq (yüzlərlə məzar daşlarından ibarət) bu yerlərin əski yüzilliklər boyunca məskunlaşmasından soraq verirdi, tədqiqatçısını gözləyirdi. Yerli kənd orta məktəbinin müəllimi Həmzə Vəlinin (1924-2009) araşdırmalarına görə bu məkanda xalq qəhrəmanı Babəkin məzarına, eləcə də digər xürrəmilərin, sufilərin və dərvişlərin qəbirlərinə də rast gəlinir.
1200-1300 il yaşa malik "Baba Hacı piri" 1960-cı ildə təmir-bərpa (düşən-qopan daşların əvəzlənməsi, gümbəzin bərpası) edilib və bu işin təşkilində kəndin mollası Saleh Həmzə oğlu Mustafayev (1896-1976) yaxından iştirak etmişdir. Təmir işlərində yerli qaya-qara daşlardan istifadə edilməklə şərq memarlıq üslubu qorunmuşdur. Kənd sakinlərindən Adil Məmmədqulu oğlu Rzayevin (1900-1990), Əli Kərbəlayi Musa oğlu Həziyevin (1900-1993) dediyinə görə bu ocaqda əvvəllər üç qəbir olmuşdusa, sonra onlar bir məzarda birləşdirilmişdir. Elə tədqiqatçı H.Vəlinin mülahizəsinə görə bu üç qəbi Babəkin, qardaşı Abdullanın və anasının olmuşdur.
Bu ocağa yaxınlığdakı haylar yaşayan Astazur kəndinin sakinləri də gələrdilər.
Nahiyənin "Miyan Bütün dağı"nda, Nüvədi kəndindən 10-12 km şimala tərəf sal qaya parçaları üzərində, ətrafı palıd, qayın meşələri ilə örtülü və əkin-biçin yeri olan "Pir Eyvaz ocağı"nın bölgə üçün dəyəri (müqəddəs ziyarət yeri kimi) önəmli olub. Ondan 1 km cənuba isə qədim tikililərlə görüntülənən "Miyan Bütün ocağı" ot-kol bitkiləri ilə örtülmüşdür.
Sələnc çayı Nüvədi kəndinin yaxınlığından axmaqla dərə boynu qoynunda, dağlıq hissədəki təpəlikdə "Əbdül Ata", dərədə isə "Dərə Əbdül Ata ocağı" (ətrafı gur ardıc meşəliyi idi) uyuyurdu. O ağacları (ümumiyyətlə, müqəddəs ziyarətgahlarda bitən ağaclar da bahəm) heç kim kəsməzdi.
Nüvədi kəndində yaşayan və ana xəttinə görə imam Museyi-Kazımın nəslindən hesab edilən Seyid Mir Hüseyn Ağa (1885-1956) Təbriz şəhərində mükəmməl dini təhsil almış və dini-irfani el məclislərini idarə edərdi. Amma o, ağaclara sitayiş etməyin islami dəyərlərlə bir araya sığmadığını əməli şəkildə sübut etmək üçün özü həmin ağacları kəsərək evində dirək kimi, oduncaq tədarükündə istifadə etmişdir.
Seyid Mir Hüseyn Ağa təqiblərdən yaxa qurtarmaq üçün 1937-ci ildə qardaşı Mir Rəsul Ağa ilə birlikdə Cənubi Azərbaycana (Araz çayının bu hissəsində Qulan, Oruc, Misən, Üçdibin, Əhmədağan... kəndləri yerləşirdi) köçmüş və Misən kəndində yaşamış, qəbri bu ərazidədir.
Araz çayının 3 km-də, Nüvədi kəndindən xeyli aralıda "Tişneyni yeri" ərazisndə hündürlüyü 200 m-ə çatan iri, çılpaq qayanın dibində, dağdağan ağacları əhatəsində "Tişneyni piri" tez-tez ziyarət olunan ocaq idi.
Kəndin şərqindəki "Kərbəlayi Əli məhəlləsi"nin üstündəki dağdağan meşəliyində də müqəddəs sayılan "Dağdağan piri" irfani ruh saxlancına çevrilmişdi, yanından yuxarıda adı çəkilən Sələnc çayı axırdı. Bu çayın dərəsinə bitişik "Tənəkə küfülü dağı"nın ətəyində inanclı sakinlər hər cümə axşamı çıraq, şam yandırardılar, doğmalarının ruhuna qovuşardılar mistik duyğuların yuva qurduğu ocağın adını çəkməklə. Belə bir ocaq Əlidərəsi kəndində yekə qaya parçasının altında olan "Məşədi Oruc piri"ndə də tərarlanırdı.
Mehri çayının kənarında, Tey kəndinin cənubunda 20-30 hektarlıq sahə tutan "Zeyvə yeri" deyilən ərazidə meyvə bağları-əkin sahələri əhatəsində boyu 3-4 metrə qədər olan dördkünc formalı tikili "Zeyvə piri"nin nişanəsi idi. İçərisində bir məzar vardı. Bu ocağa bitişik qonşu Maralzəmi kəndinin qəbirstanlığı yerləşirdi və Lehvaz kəndinin əkin (qarğıdalı, taxıl) sahələri uzanırdı.
Bir cəhəti də qeyd etmək vacibdir ki, hay kilsəsi Mehri nahiyəsində müsəlman-türk mənşəli kəndlərdə inşa edilmiş Alban məbədlərinə qarşı əsassız iddialar qaldırsalar da, ibtidai hay sürüsü məskunlaşdırılmış yerlərdə yaşı minililklərlə ölçülən bu cür dini-tarixi abidələrdən istfadə etməmişlər. Belə ki, nahiyə mərkəzi kimi Mehridə, onun Liç, Teştin, Galır, Vənk, Bəhrivar (haylar adını dəyişib "Vartavan" qoymuşdular),Üçənis (sonralar "Qudemnis" deyilib) kəndlərində olan qədim Alban məbədləri istifadə olunmamış qalırdı.
Araz çayı boyunca Mehri şəhərindən Ordubada uzanan avtomobil yolunun üstündə (qədim İpək yolu boyunca) Ağarək kəndinin (XIX əsrin əvvəllərində Cənubi Azərbaycandan köçürülmüş haylar məskunlaşıb və öz dillərində Aqarak adlanır, burada zəngin mis-molubden, qızıl yataqları vardır) giriş hissəsində XVI-XVII əsrə aid "Şah Abbas karvansarayı" yerləşirdi, sökülüb-dağılsa da ilkin tikinti-memarlıq üslübu və gümbəz örtüyü yox olmamışdı.
Ümumiyyətlə, Nüvədi kəndi ətrafında ona qədər dini-ibadət ocağı, müqəddəs ziyarətgah məkanı, tarixi maddi-mədəni irs tikililəri müsəlman-türk dünyasının sarkal-ruhsal duyğularının məbədgahına çevrilmişdir.
Bu ocaqların ruhsal duyğuları Əlidərəsi kənd sakini Nargilə İmaməli qızının (1929) söylədiyi bir bayatıda belə səslənir:
Qəribəm, yoxdur arxam,
Quş olam göyə qalxam.
Qonam qəlbi gədiyə,
Vətənə sarı baxam.
Qismət Yunusoğlu,
Bakı Dövlət
Universitetinin müəllimi
(Yazının
hazırlanmasında Qərbi Azərbaycanın
Mehri rayonu, Nüvədi
kənd sakini
Balakişi Balakişi oğlu Həsənovun (1939)
və Tey kənd sakini İslam Məhəmməd
oğlu
Məmmədovun (1938) məlumatlarından istifadə
edilib.)
Olaylar.- 2019.- 24-25 oktyabr.- S.12.