Demokratik inkişaf

Azərbaycanın şüurlu seçimidir

 

İlham Əliyev: "Azərbaycan müstəqil xarici siyasət yeridir"

 

Oktyabrın 25-də Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zirvə Görüşündə iştirak edən dövlət və hökumət başçılarını qarşılayıb. Zirvə Görüşünü Qoşulmama Hərəkatının hazırkı sədri olan Venesuela Bolivar Respublikasının Prezidenti Nikolas Maduro açıb.

Nikolas Maduro deyib ki, Venesuela 2016-cı ildən 2019-cu ilə qədər Qoşulmama Hərəkatına sədrlik edib: "Bu dövrdə bir sıra problemlərin şahidi olduq. Beynəlxalq hüquq bəzən kənarda qalır, iqtisadi blokada tətbiq edilir. Biz bilirik ki, Qoşulmama Hərəkatının yaradılmasında bir məqsəd də silahlı münaqişələrin qarşısının alınması olub. Biz sədrliyimiz dövründə bu məsələlərə xüsusi diqqət yetirmişik". BMT Baş Assambleyasının Prezidenti Tijjani Məhəmməd-Bande deyib ki, dünyada sülhün bərqərar olmasının əsasında "Bandunq Prinsipləri" və BMT Nizamnaməsi dayanmalıdır: "Biz elə həll variantları tapmalıyıq ki, çoxsaylı problemlər həll olunsunbu, bütün dünya ölkələrini əhatə etsin. Biz sülhün bərqərar olmasına, sosial ədalətə nail olmalıyıq. Təhsilə çıxışı təmin etməli, işsizliyə və digər sosial çətinliyə qarşı mübarizə aparmalı, ailələrin, xüsusilə də gənc qızların hüquqlarını qorumalıyıq. Gənc qızların təhsilə çıxışı çox vacibdir, bu səylər davamlı şəkildə göstərilməlidir. Eyni zamanda, biz dünyada alovlanan münaqişələrin qarşısını almalıyıq". Ardınca BMT-nin Baş katibi Antonio Quterreşin sammitə ünvanlandığı müraciəti oxunub. Müraciəti BMT baş katibinin siyasi məsələlər üzrə müavini Rozmari Dikarlo səsləndirib. Əlavə olaraq qeyd edib ki, biz çoxqütblü dünya uğrunda çalışdığımız üçün QH kimi qurumların əhəmiyyəti çox vacibdir: "Biz dövlətlər arasında dostluq münasibətlərini və insani münasibətləri təmin etmək üçün səylərimizi gücləndirməliyik".

 

***

 

Beləliklə Qoşulmama Hərəkatına sədrlik Venesueladan Azərbaycana keçib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təşkilatın sədri elan edilib. Azərbaycan 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrlik edəcək. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, Qoşulmama Hərəkatı özündə 120 ölkəni birləşdirməklə, BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır: "Azərbaycan 2011-ci ildə Qoşulmama Hərəkatına üzv qəbul olunub. Qoşulmama Hərəkatında olduğu qısa müddət ərzində ölkəmiz beynəlxalq hüququn norma və prinsiplərini qətiyyətlə müdafiə etməkdə böyük nüfuz qazanıb. Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının 2016-cı ildə keçirilmiş XVII Zirvə görüşündə növbəti Sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərar qəbul edilib. Bu, ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürüdür". Azərbaycan Prezidenti 2016-2019-cu illərdə Qoşulmama Hərəkatına sədrlik etdiyinə görə Venesuela Bolivar Respublikasına təşəkkür edib: "Sədrliyin Azərbaycana həvalə edilməsini dünya ölkələrinin əksəriyyətini öz sıralarında birləşdirən Qoşulmama Hərəkatının bizim siyasətimizə verdiyi dəstək kimi qiymətləndirir, bu qərara görə bir daha Sizə təşəkkürümü bildirirəm". Prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi zamanı öz prioritetlərini və fəaliyyətini tarixi Bandunq Prinsipləri üzərində quracaq: "Bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsipləri ehtiva edən Bandunq Prinsipləri Azərbaycanın xarici siyasətinin təməl prinsipləri ilə üst-üstə düşür. Biz beynəlxalq hüququn norma və prinsiplərinə hamılıqla əməl olunması üçün səylərimizi artırmalıyıq. Bu baxımdan BMT-nin fəaliyyətində islahatlara böyük ehtiyac duyulur. Sərhədlərin güc yolu ilə dəyişdirilməsi, gücdən istifadə olunmaqla ölkələrin ərazi bütövlüyünün pozulması, daxili işlərə müdaxilə yolverilməzdir". Dövlət başçısı bildirib ki, Azərbaycan Qoşulmama Hərəkatında sədrliyi dövründə digər təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylər göstərəcək: "Qoşulmama Hərəkatına üzv ölkələrin əksəriyyəti inkişaf etməkdə olan ölkələr olduğundan Qoşulmama Hərəkatı çərçivəsində iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi çox mühümdür. Bu mənada keçən ay Azərbaycanın "77-lər qrupu"na qoşulması sosial-iqtisadi sahədə beynəlxalq miqyasda səylərimizi daha da artırmağa imkan verir. Dövlətlərin maraqlarının BMT çərçivəsində birgə səylərlə müdafiə olunması xüsusi əhəmiyyət kəsb edir. Ən az inkişaf etmiş, dənizə çıxışı olmayan, kiçik ada ölkələrinin üzləşdiyi təhdidlərə xüsusi diqqət yetirilməlidir. Azərbaycan 2005-ci ildən etibarən 90-dan çox ölkəyə humanitartexniki yardımlar göstərib. Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi müxtəlif ölkələrdə yoxsulluğun azaldılması, elm, mədəniyyət, səhiyyə, informasiya texnologiyalarını inkişafı, su resurslarından səmərəli istifadə olunması, qrant proqramları və digər sahələrdə layihələr həyata keçirir. Azərbaycan 2018-ci ildən etibarən Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ölkəmizin ali məktəblərində təhsil almaq məqsədi ilə tam ödənişli təqaüdlər verir. Bu gün 31 üzv dövlətdən 37 gənc bu proqramdan faydalanır". Prezident diqqətə çatdırıb ki, Azərbaycanda gənclər siyasəti prioritet sahə kimi müəyyən edilib: "Azərbaycan gəncləri milli ruhda, ənənəvi dəyərlərlə, Vətənə bağlı və vətənpərvər ruhda tərbiyə alır. Ona görədir ki, Qoşulmama Hərəkatı tarixində ilk dəfə gənclər sammitinin keçirilməsi təşəbbüsü ilə çıxış etmişik. Hazırkı Zirvə Görüşü ərəfəsində keçirilmiş Gənclər Sammitində 40 dövlətdən ölkəmizə gəlmiş gənclər iştirak ediblər".

 

***

 

Dövlət başçısı daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışıb: "Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağ və ətraf 7 rayon - ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi Ermənistanın işğalı altındadır. Ermənistan azərbaycanlılara qarış etnik təmizləmə siyasəti aparıb, nəticədə 1 milyondan artıq azərbaycanlı qaçqın və köçkün vəziyyətinə düşüb. O vaxt Azərbaycan əhalisi 8 milyon nəfər idi və qaçqın və məcburi köçkünlərin adambaşına düşən sayına görə ölkəmiz dünyada ilk yerləri tuturdu. Ermənistan azərbaycanlılara qarşı Xocalı soyqırımını törədib. Xocalı soyqırımı nəticəsində 613 günahsız insan, o cümlədən 106 qadın və 63 uşaq yalnız azərbaycanlı olduqlarına görə vəhşicəsinə qətlə yetirilib, mindən çox insan itkin düşüb. Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb". Prezident İlham Əliyev bildirib ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 4 qətnamədə Ermənistan qoşunlarının tam və qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxarılması tələb olunub: "Təəssüf ki, həmin qətnamələr həyata keçirilməyib. Bəzən Təhlükəsizlik Şurasının qətnamələri bir neçə günün içərisində icra edilir, bəzən isə Azərbaycanın üzləşdiyi münaqişəyə münasibətdə olduğu kimi, 26 ildir, kağız üzərində qalır. Bu ikili standartlar siyasətinə son qoyulmalıdır". Dövlət başçısı diqqətə çatdırıb ki, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası, Avropa Parlamenti, Avropa Şurasının Parlament Assambleyası, ATƏT və digər nüfuzlu təşkilatlar Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını tələb edən qətnamə və qərarlar qəbul edib: "Fürsətdən istifadə edərək Qoşulmama Hərəkatının indiyə qədər qəbul olunmuş sənədlərində münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək ifadə etdiklərinə görə üzv dövlətlərə təşəkkürümü bildirirəm". Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərindəki bütün tarixi abidələr, məscidlər, məzarlıqlar Ermənistan tərəfindən dağıdılıb, muzeylər və maddi, mənəvi sərvətimiz talan edilib: "Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycanın izini itirməyə çalışaraq, bütün toponimləri məqsədli şəkildə erməniləşdirir. Ermənistan, həmçinin, işğal olunmuş ərazilərdə beynəlxalq humanitar hüquqa zidd olaraq qeyri-qanuni məskunlaşdırma siyasəti aparır və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olur. 2016-cı ili aprel ayında Ermənistanın törətdiyi hərbi təxribat nəticəsində aralarında bir uşaq olmaqla, 6 azərbaycanlı mülki şəxs həlak olub, 26-sı yaralanıb, yüzlərlə ev dağıdılıb. Qarabağ əzəli Azərbaycan torpağıdır və münaqişə yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır".

Dövlət başçısı deyib ki, 2011-ci ildə Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi buna bariz nümunədir: "Təhlükəsizlik Şurasına üzvlüyü müddətində Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə, ədalətin təmin edilməsinə mühüm töhfələr verib və beynəlxalq siyasi proseslərin fəal iştirakçısına çevrilib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının mandatı əsasında təsis edilmiş beynəlxalq sülhməramlı əməliyyatlara da öz töhfəsini verir. Ölkəmiz Rusiya-NATO, Rusiya-ABŞ yüksək hərbi rəhbərliyinin mütəmadi olaraq keçirilən görüşlərinə ev sahibliyi edir. Dünyada 200-ə qədər ölkə var. Bu ölkələr arasında qeyd etdiyim görüşlər üçün Azərbaycanın seçilməsi bizim yürütdüyümüz müstəqil xarici siyasətə olan hörmətin göstəricisidir".

Dövlət başçısı bildirib ki, xəyanətkar, satqın, qorxaq, səriştəsiz Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti illərində ölkəmiz böyük bəlalara düçar olub: "Azərbaycanda vətəndaş müharibəsi başlayıb. Yalnız 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə Prezident Heydər Əliyevin hakimiyyətə gəlməsi ölkəmizi daha böyük faciələrdən xilas etdi. Azərbaycan demokratik, dayanıqlı inkişaf yoluna qədəm qoydu. Ölkədə sabitlik və əmin-amanlıq bərqərar oldu. Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir, bunun dərin tarixi kökləri var. Biz fəxr edirik ki, bir əsr əvvəl Şərqdə müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulub, qadınlara səsvermə hüququ verilib. Biz bu sahədə hətta əksər Qərb ölkələrini də qabaqlamışıq". Prezident İlham Əliyev qeyd edib ki, demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir: "Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, ümumdaxili məhsul 3 dəfədən çox artıb. Azərbaycana 270 milyard dollardan artıq sərmayə qoyulub, bunun da yarısı xarici sərmayədir. Azərbaycanın xarici borcu ümumdaxili məhsulun cəmi 17 faizini təşkil edir. Bu göstəriciyə görə biz dünyada 9-cu yerdəyik. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. Təkcə bu il minimum əməkhaqqı və sosial müavinətlər 2 dəfə, minimum pensiya 70 faiz artıb. 280 mindən çox insanı əhatə edən 698 min ailə ünvanlı sosial yardımdan faydalanır. Hər bir ailə təxminən 140 ABŞ dolları ekivalentində sosial yardım alır. Son 15 ildə Azərbaycanda 3200-dən çox məktəb, 640-dan çox xəstəxana və tibb müəssisəsi tikilib, yaxud təmir edilib. Azərbaycanda savadlılıq səviyyəsi 100 faizə yaxındır. 300 mindən çox məcburi köçkün pulsuz evlərlə, mənzillərlə təmin olunub. Məcburi köçkün ailələrinə orta hesabla 180 ABŞ dolları ekivalentində aylıq müavinət verilir". Dövlət başçısı diqqətə çatdırıb ki, Azərbaycanın əldə etdiyi nailiyyətlər beynəlxalq aləmdə də təqdir olunur: "Dünya Bankının 2020-ci il üzrə "Doing Business" hesabatında Azərbaycan ən islahatçı 20 ölkə sırasında yer alıb. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında hökumətin uzunmüddətli strategiyasına görə Azərbaycan dünya miqyasında 10-cu, rəhbərliyin islahatlara meylliliyi səviyyəsinə görə 5-ci yerdədir. Azərbaycan kosmik ölkədir. Hazırda ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən 3 peykimiz var. Əhalimizin 80 faizi İnternet istifadəçisidir. Azərbaycanda enerji təhlükəsizliyi təmin edilib. Yenə də Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan eyni zamanda bir sıra ölkələrin enerji təchizatçısıdır". Prezident İlham Əliyev AsiyaAvropa qitələri arasında körpü rolunu oynayan Azərbaycanın açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısı olduğunu də vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Şərq-Qərb və Şimal-Cənub Nəqliyyat dəhlizləri layihələrinin fəal icraçısı olaraq hazırda digər mühüm layihələr - Cənub-Qərb və Şimal-Qərb layihəsi üzərində çalışırıq: "Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir". Qeyd edək ki, Zirvə Görüşü oktyabrın 26-da da öz işini davam etdirəcək.

 

Alim

 

Olaylar.-2019.- 26-28 oktyabr.- S.4-5.