Milli birlik və həmrəyliyin etibarlı təminatçısı

 

Prezident İlham Əliyev bu sahədəki fəaliyyəti ilə birləşdirici lider statusuna yüksəlib

 

Milli birlik və həmrəylik ideyası hər bir xalqın tarixi inkişafında mühüm şərtlərdəndir. Çünki milli birliyə nail olmadan bir xalqın müstəqil, azad yaşamaq imkanı da yoxdur. Milli birliyin olması isə milli mənlik şüurunun dərkindən başlayır. Bu gün qloballaşan dünyada ayrı-ayrı dövlətlərin və xalqların bir-birinə tərəqqi məqsədilə sıx yaxınlaşdığı bir vaxtda milli özünüdərkin əhəmiyyəti daha aydın görünür.

Azərbaycan xalqı da tarixən öz azadlığı, müstəqilliyi uğrunda mübarizə apararaq ötən əsrin əvvəllərində və sonunda bu arzusunu həyata keçirmiş, dünyanın sivil xalqı olduğunu hər kəsə sübut etmişdir. Lakin ikinci dəfə müstəqillik arzularını gerçəkləşdirən xalqımızın vahid ideologiya ətrafında birləşərək bu müstəqilliyi qoruması və milli özünüdərkə qayıdışı ümummilli liderimiz Heydər Əliyevin sayəsində mümkün olmuşdur. Dahi şəxsiyyətin ümumxalq mənafeyi naminə atdığı tarixi addımlar dünyada yaşayan bütün soydaşlarımızın eyni hədəf uğrunda mübarizəsinin əsasını təşkil etmiş, onların Azərbaycançılıq ideyası əsasında sıx birləşməsinin başlanğıcını qoymuşdur. Ümumilli lider Heydər Əliyev dühası Azərbaycana ikinci rəhbərliyi dövründə vətəndaş sülhü və ümumxalq həmrəyliyinin möhkəmləndirilməsi xəttini davam etdirərək, bu siyasi kursu özünün konkret addımları ilə kamil elmi-nəzəri konsepsiya səviyyəsinə qaldırmışdır. Ulu öndər  cəmiyyətin bütövləşməsi, azərbaycançılıq ideologiyasının milli həmrəyliyin aparıcı amilinə çevrilməsi istiqamətində mühüm işlər görmüş, ümumxalq birliyinin dərin politoloji-nəzəri əsaslarını irəli sürmüşdür. Daxildə milli həmrəyliyə nail olan ulu öndər xaricdə yaşayan soydaşlarımızın tarixi vətənə bağlılığını təmin edən ideoloji istinad nöqtəsinin tapılması da umummilli liderin dövlətçilik qarşısındakı əvəzsiz xidmətləri sırasında xüsusi diqqət çəkir. Təsadüfi deyil ki, Heydər Əliyev vurğulayıb ki, azərbaycançılıq milli mənsubiyyətini, milli-mənəvi dəyərlərini qoruyub saxlamağa, eyni zamanda onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnməyə, hər bir insanın inkişafını təmin etməyə yönəlmiş universal və milli-fəlsəfi dünyagörüşü formalaşdırır.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli birlik və həmrəylik siyasətini inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyi dövründə bu sahədə həyata keçirdiyi siyasət də ardıcıl və sistemli səciyyə daşıyır. Hələ 2003-cü ilin prezident seçkiləri ərəfəsində "Mən hər bir azərbaycanlının Prezidenti olacağam" deyən ölkə başçısı cənab İlham Əliyev bu vədini əməli işi ilə doğrultmuş, milli birlik və həmrəyliyə xidmət edən addımları ilə birləşdirici lider statusuna yüksəlmişdir. Dövlət rəhbəri nəinki daxildəki siyasi qüvvələri, həm də ölkə hüdudlarından kənarda yaşayan soydaşlarımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında konsolidasiyasına çalışmışdır. Məhz bu siyasətin məntiqi nəticəsi olaraq cənab İlham Əliyev 2008-ci ilin 15 oktyabr seçkilərində 50 milyonluq dünya azərbaycanlılarının dəstəyini almış, onların alternativsiz namizədi olmuşdur.

Məhz yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycanda fəaliyyət göztərən çoxsaylı siyasi partiyalar, vətəndaş cəmiyyətləri ən müxtəlif məsələlərdə belə bir araya yığışaraq ortaq məxrəcə gələ bilirlər. İnsafət qeyd edilməlidir ki, ölkəmizdə bu ənənə uzun müddətdir ki, siyasi institutların fəaliyyət proqramında özünə yer alıb. Bir neçə gün əvvəl  "Azərbaycandakı siyasi proseslərə xarici müdaxilələrin yolverilməzliyi" mövzusunda keçirilən dəyirmi masa dediklərimizi bir daha təsdiq edir.Təsadüfi deyil ki, dəyirmi masada Azərbaycanda fəaliyyət göstərən bir sıra siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının rəhbərləri, media təmsilçiləri və siyasi ekspertlər iştirak ediblər. Tədbirə qatılan siyasi partiyaların, vətəndaş cəmiyyətinin təmsilçiləri, media rəhbərləri və müstəqil siyasi ekspertlərin bu gün beynəlxalq aləmdə, o cümlədən regionda baş verən mürəkkəb və həssas prosesləri, real imkan və perspektivləri hərtərəfli müzakirə ediblər. Azərbaycanın müstəqilliyinin, eləcə də dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin olunması, taleyüklü məsələlərdə milli həmrəyliyimizin tam şəkildə bərqərar edilməsi, xalqımızın həyat səviyyəsinin, dövlətimizin iqtisadi və hərbi potensialının, beynəlxalq aləmdə nüfuzunun və təsir imkanlarının daha da gücləndirilməsi sahəsində həmrəy olduqlarını ortaya qoyublar. Hətta bu məqsədlə qəbul edilən bəyənatda bildirilib ki, "Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının qısa müddətdə işğaldan azad edilməsi istiqamətində hərb yolu da daxil olmaqla atılacaq addımları birmənalı şəkildə müdafiə edəcəyimizi bəyan edir; siyasi mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın ordu qurculuğuna və silahlı qüvvələrimizə hərtərəfli və birmənalı dəstəyinin zəruriliyini ifadə edir; ölkədə həyata keçiriləcək islahatları dəstəkləyir, ardıcıl və davamlı olmasını vacib sayır; vətəndaş sülhü və milli həmrəylik istiqamətində birgə fəaliyyətin göstərilməsinin zəruriliyini nəzərə alaraq, siyasi mübarizədə etik normaları gözləməyə, milli-mənəvi və əxlaqi dəyərlərimizə zidd əməllərə yol verməməyə, eyni zamanda davamlı dialoq mühitinin yaradılmasına, sosial şəbəkələrdə, o cümlədən kütləvi informasiya vasitələrində təhqir, böhtan və şayiə xarakterli məlumatlar yaymamağa çağırır; respublikamızda keçirilən seçkilər zamanı bu prosesə beynəlxalq hüquqa zidd hər hansı xarici müdaxilənin yolverilməz olduğunu xüsusi vurğulayır və belə müdaxilə cəhdlərinə qarşı birgə fəaliyyəti zəruri saydığımızı bildiririk". Təkcə bu fakt onu deməyə əsas verir ki, ölkədə yürüdülən  milli birlik - vətəndaş həmrəyliyi siyasəti öz müsbət nəticəsini verməkdədir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd edib ki, Azərbaycanda 1993-cü ildən milli birlik - vətəndaş həmrəyliyi siyasəti yürüdülür: "Siyasi partiyalar cəmiyyətin institutlarıdır. Azərbaycan iqtidarı ilə cəmiyyətin digər təmsilçiləri - qeyri-hökumət təşkilatlarının, media və siyasi partiya nümayəndələrinin ünsiyyəti bütün dövrlərdə aktual olub. Biz milli birliyi, həmrəyliyi Azərbaycanın alternativsiz reallığı kimi dəyərləndiririk. Milli birliyin, həmrəyliyin alternativini görmürük". Dialoqun əksinin qarşıdurma və qeyri-qanuni mübarizə olduğunu bildirən Əli Həsənov deyib: "Biz dialoqu yüksək dəyərləndiririk, istənilən halda Azərbaycan cəmiyyəti üçün dialoq həmişə aktualdır. Sentyabrın 11-də belə bir tədbir keçirilib. Düşünürəm ki, siyasi partiyalar, media və qeyri-hökumət təşkilatları bu istiqamətdə fəaliyyətlərini məhdudlaşdırmayacaqlar. Gələcəkdə həm daxili, həm xarici siyasətlə bağlı dialoq masası arxasında müzakirələr aparıla bilər". Siyasi mübarizəsini söyüş üzərində quran bəzi insanların fəaliyyətinə münasibət bildirən Əli Həsənov vurğulayıb ki, söyüş və təhqirdən istifadə edənlərə müxalifət demək olmaz. "İnsanlar var ki, Azərbaycanı müxtəlif səbəblərə görə tərk edib, xarici ölkədə özünə bir vasitə ilə sığınacaq tapıblar. Təəssüflər olsun ki, onlar anti-Azərbaycan dairələrinin əlində alətə çevriliblər. Anti-Azərbaycan dairələrinin maliyyələşməsində erməni fondları da iştirak edir. Xarici ölkələrdə onlardan Azərbaycana qarşı çirkin formada istifadə edirlər. Bu, Azərbaycan millətinin adına ləkədir. Düşünürəm ki, onlar nə vaxtsa Azərbaycan xalqına məxsus dəyər nümayiş etdirərək bu yoldan çəkinəcəklər".

 

Alim

 

Olaylar.- 2019.- 14-16 sentyabr.- S.8.