Nəsildən-nəsilə

ötürülən xoşməramlı missiya

 

Azərbaycanda hər zaman tarixi şəxsiyyətlərə, elm, sənət, mədəniyyət adamlarına yüksək qiymət verilib, onlara xüsusi diqqət və qayğı ilə yanaşılıb. Xüsusilə, bu diqqət və qayğı Azərbaycan xalqının bir millət kimi formalaşması, onun mədəniyyətinin təbliğ edilməsi, dünyada tanıdılmasına müstəsna xidmətləri olmuş şəxslərə olan münasibətdə aydın şəkildə görürürük. Elə "Hilal" təşkilatının sədri Arzuman Abdulkərimov da bu qənaətdədir. O, qeyd edib ki, milli-mənəvi dəyərlərə bağlılıq Azərbaycanda bütün dövrlərdə ən yüksək səviyyədə olub və xalqımızın, millətimizin formalaşmasında, mədəniyyətimizin təbliğ edilməsində müstəsna xidmətləri olmuş tarixi şəxsiyyətlərimiz zaman-zaman ən yüksək səviyyədə yad edilib.

Onun sözlərinə görə, elə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin imzalamış olduğu sərəncamla 2019-cu ilin "Nəsimi İli" elan edilməsi də bunun bariz nümunəsidir. Təşkilat sədri bildirib ki, dövlət başçısının imzaladığı həmin sərəncam əsasında cari il ərzində Nəsimi yaradıcılığı, onun xalqa daha yaxından təbliğ edilməsi məqsədilə çoxsaylı tədbirlər keçirilib və hazırda da bu kimi tədbirlər davam etdirilir: "Hesab edirəm ki, 650 illiyi bu ilə təsadüf edilən Nəsimi şəxsiyyətinə, yaradıcılığına verilən ən dəyərli töhfədir. Bu həm də ümummilli lider Heydər Əliyevin siyasətinin, irsinin layiqincə davam etdirilməsi deməkdir. Belə ki, Azərbaycan Respublikasının Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi hörmətli Əli Həsənovun da qeyd etdiyi kimi hələ 50 il öncə ümummilli lider Heydər Əiiyevin təşəbbüsü ilə böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyi keçirilib, bununla həm ölkəmizdə, həm də xaricdə onun həyat və yaradıcılığına maraq artıb". Təşkilat sədri onu da vurğulayıb ki, aradan neçə yüz illər keçsə də, Nəsimi yaradıcılığına bu gün də xüsusi sevgi ilə diqqət edilir, onun şerləri hər kəs tərəfindən sevilir: "Elə Prezidentin köməkçisi Əli Həsənovun Nəsimi haqqında qələmə aldığı yazı da məhz Nəsimi yaradıcılığına olan böyük ehtiramın göstəricisidir. Bu münasibət, tariximizə, mədəniyyət incilərimiz, ədəbiyyat adamlarımıza verilən yüksək səviyyədə dəyər, onlara göstərilən ehtiram isə qeyd etdiyimiz kimi bizlərə ümummilli lider Heydər Əliyevdən miras qalıb. Heydər Əliyev təkcə Nəsimi deyil, eləcə də digər tarixi şəxsiyyətlərimiz, şair və yazıçılarımıza hər zaman xüsusi diqqət və qayğı ilə yanaşır, onların adlarının əbədliləşdirilməsi istiqamətində davamlı addımlar atırdı. Elə ümummilli liderin respublikaya birinci dəfə rəhbərlik etdiyi dövrdə Şuşada Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması və Heydər Əliyevin şəxsən həmin tədbirdə iştirak etməsinin timsalında bunu aydın şəkildə görə bilərik. Qeyd edim ki, 1967-ci ildə Şuşada olarkən Heydər Əliyev Vaqifin məzarını ziyarət etmək istəyib, lakin məzarı tapa bilməyib. Onun göstərişi ilə məzar tapılıb və Heydər Əliyev yaxşı vəziyyətdə olmayan dağılmış məzarı ziyarət edib. Ümummilli lider çıxışlarının birində gördüyü "bu məzarın Vaqifə layiq olmadığını" səsləndirir. Bir müddət sonra Heydər Əliyevin göstərişi ilə Molla Pənah Vaqifin məzarı üzərində 1980-81-ci illərdə abidə və türbə tikilir. 1982-ci ilin yanvar ayında isə ümummilli lider Heydər Əliyevin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsinin təntənəli açılışı olur. Qeyd etdiyimiz kimi milli-mənəvi dəyərlərimizə bağlılıq, tarixi şəxsiyyətlərimiz, mədəniyyət nümunələrimizin həm daxildə, həm də xaricdə, beynəlxalq aləmdə təbliği hər zaman prioritet olub və Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezident İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi bu müddət ərzində bu siyasətə sadiq qalıb. 2017-ci ildə Cənab Prezident tərəfindən Molla Pənah Vaqifin anadan olmasının 300 illik yubileyinin keçirilməsi barədə imzalanan müvafiq sənəd də deyilənlərin əyani sübutudur".

Arzuman Abdulkərimov qeyd edib ki, ümummilli lider Heydər Əliyevin zamanında dahi şairimiz İmadəddin Nəsimi necə, hansı yüksək səviyyədə təbliğ edilmişdisə, indi də eyni proses gedir: "Hörmətli Əli Həsənov bu gün qələmə aldığı yazıda da bu aydın şəkildə qeyd edilir. Əli Həsənov bildirir ki, İmadəddin Nəsiminin təbliğində xüsusi yer alan film məhz ulu öndər Heydər Əliyevin sovet Azərbaycanın da hakimiyyətdə olduğu zamanda, İsa Hüseynovun ssenarisi əsasında rejissor Həsən Seyidbəyli tərəfindən 1973-cü ilədə çəkilib. Baş rolun ifaçısı, o dövrdə gənc olan istedadlı aktyorumuz Rasim Balayevin yaratdığı obraz xalqımız tərəfindən böyük sevgi ilə qarşılanıb. Eyni ilə də bu gün Cənab Prezidentin müvafiq sərəncamı əsasında "Nəsimi İli" çərçivəsində keçirilən tədbirlərlə dahi şairimiz bir daha xalqa, beynəlxalq aləmə daha yaxından tanıtdırılır, təbliğ olunur, sevdirilir".

 

Süleyman

 

Olaylar.- 2019.- 12-13 sentyabr.- S.6.