Azərbaycan dövlətinin
səsi - “Sığmazam”
2019-cu ilin ilk günlərindən ölkəmizdə ustad İmadəddin Nəsimi havası yaşanır. Hər təşkilat, hər qurum "Nəsimi ili"nə öz töhfəsini vermək üçün çalışır. Azərbaycanın ədəbi-mədəni fikir tarixinin bu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirilir. Bu tədbirlərin əsas hədəfi Nəsimi irsini müasir dünyaya çatdırmaq, onun fəlsəfi görüşlərini təqdim etmək, Nəsimişünaslığı inkişaf etdirməkdir.
Kifayət qədər musiqisevər təsdiqləyər ki, bu günə qədər "Nəsimi ili"nə ən gözəl töhfəni yayımlandığı ilk gündən böyük rəğbətlə qarşılanan "Nəsimi" kompozisiyası verdi. Son zamanlar bayağı musiqilər müəyyən kütlə tərəfindən trend siyahısına daxil olur. Lakin, sosial şəbəkələrdə qısa zamanda populyarlaşan ifalar nə qədər çoxdursa, rəğbətlə qarşılananı bir o qədər azdır. Azərbaycan əsilli Britaniya sənətçisi Sami Yusufun "Youtube" kanalındakı hesabına yerləşdirdiyi "Nəsimi" kompozisiyası isə hər saat trend siyahısının əsil layiqli pillələrinə doğru irəliləməkdədir.
Mahnı ilk dəqiqədən sona qədər öz sehrini saxlayır. 7 dəqiqəlik videoda Sami Yusufun səsini az duysaq da ilk dəqiqədən sona kimi onun bütün kompozisiyaya hakim olduğunun fərqinə varırıq. Sənət əsəri sənətkarla birləşir. İfaçı səsi, mimikası, jestləri ilə sanki bizə bir dərvişi xatırladır. Sami Yusif mahnıda öz missiyasını layiqincə yerinə yetirir. Lakin bu ifa yalnız ifaçı və Xor Kapellasının deyil, sanki bütün Azərbaycanın səsidir. "Sığmazam" qəzəlinin seçilməsi isə təsadüfi deyil. Kompozisiya hər saniyəsində Azərbaycan şeyriyatının, musiqisinin bütün dünyaya sığmayacaq qədər zəngin olduğunu əks etdirir.
Musiqini möhtəşəm edən əsas amil isə ifada gənclərin çoxluğudur. Bu ifanı Azərbaycan Dövlət Xor Kapellası da gözəl ifa edə bilərdi, lakin, üstünlüyün gənclərə verilməsi kompozisiyaya ecazkarlıq qatır. Bu gənclər sanki Nəsiminin 21-ci əsrdəki müridləridir. Səhnənin fonunda Nəsiminin təsvirinin daha işıqlı verilməsi və bu işığın gənclərin üzündə təsvir olunması ondan xəbər verir ki, Azərbaycan gənci əsrlər keçsə də hər zaman öz mütəfəkkirinə, onun ideyalarına sahib çıxır. Həqiqətən də də gedən cismidirsə ruhu bu gənclərin ifasında əks olunur. Gənclər əsrlər boyu yaşayacaq bir ifanın baş rolunda yer alır.
Kompozisiyanın başlıca uğurlarından biri də onun "Şur" muğamının ladları üzərində qurulmasıdır. Təsadüfi deyil ki, "Şur"Azərbaycan xalq musiqisində əsas məqamlardan biridir. "Şur" muğamının kökü aşıq musiqi yaradıcılığında da görkəmli yer tutur - aşıq mahnılarının çoxu məhz "Şur" kökündə olur. Kompozisiyada şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq musiqisinə də xüsusi yer verilib. Əgər qam-şaman ənənələrindən və ozan-aşıq sənətindən söhbət gedirsə deməli ifada Azərbaycana məxsus meyxana janrından da istifadə olunub. Dərviş mərsiyələri və qəsidələrinin meyxanələrin inkişafına daha çox təsir göstərdiyi danılmazdır. Sonrakı dövrlərdə ictimai-siyasi, iqtisadi-mədəni durumdan asılı olaraq, meyxanə sənətinin inkişafı dolanbac, eyni zamanda mürəkkəb yol keçməklə formalaşıb, cilalanıb. Azərbaycan musiqisinin olduğu yerdə Üzeyir Hacıbəyov motivləri olmazsa olmazdır. Kompozisiyanın yüksəliş hissələrində sanki Hacıbəyov yaradıcılığının ruhu hiss olunur. Göründüyü kimi xalq çalğı alətlərimizin müşayiəti ilə, milli, klassik və müasir musiqi elementlərini sintez edərək meydana gəlmiş bu kompaziyada yalnız Nəsimiyə deyil, bütünlükdə Azərbaycan musiqisinə sahib çıxılır. Onun bütün çalarları ilə yalnız Azərbaycana məxsus olduğu ortaya qoyulur.
Gözəl işlər zaman alır. Bu kompozasiya həm də çox zərif bir cavabdır... Azərbaycan milli irsinin, milli musiqisinin keşiyində dayananlar dahi şair və filosof İmadəddin Nəsimini ucuz və bayağı "Pəncü-şeş"lərlə xatırlatmayacaq.
Nəsimi irsi bu xalqın
tarixi sərvətidir. Bu irsi daim yaşatmaq
xalqın tarixi qarşısında mənəvi
borcudur.
Nigar Orucova
Olaylar.- 2019.- 12-13 sentyabr.- S.11.