Azərbaycanda fikir, söz, mətbuat azadlığı
və plüralizm
yüksək səviyyədə qorunur
Müstəqil, demokratik cəmiyyətlərin, ölkələrin
atributlarından biri də həmin cəmiyyət
və dövlətdə fikir, söz, məlumat azadlığı, plüralizmin təmin olunmasıdır. Beynəlxalq təşkilat
və qurumlar, dünyanın
tanınmış media mərkəzləri ayrı-ayrı ölkələrlə
bağlı dəyərləndirmə aparıb hesabatlar hazırlayanda diqqət yetirdikləri əsas
istiqamətlərdən biri də məhz
kütləvi informasiya vasitələrinin
durumu, onların mövcud
şərtlər altında fəaliyyəti, eləcə
də mediaya yaradılan şərait olur. Azərbaycanda yüzlərlə
media qurumunun fəaliyyət
göstərməsi, jurnalistlərin öz
fikirlərini azad, müstəqil şəkildə
ifadə etməsi, dövlətin kütləvi informasiya vasitələrinin səmərəli,
keyfiyyətli fəaliyyət göstərməsi onlara maddi yardımlar
ayırması deyilənlərin əyani sübutu,
təsdiqidir.
Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm yüksək səviyyədə təmin olunub. Bunu isə şərtləndirən ən vacib məqam qeyd edilən sahəyə diqqət və qayğının göstərilməsidir. Sivilizasiyaların bir-birini əvəz etdiyi, müasir dövrdə informasiya daşıyıcısı və yayıcısı kimi kütləvi informasiya vasitələrinin azadlığı əsl demokratik vətəndaş cəmiyyəti quruculuğunun başlıca şərtlərindən biri hesab edilir. Bunsuz vətəndaşların siyasi və ictimai həyatda daha fəal iştirakı üçün vacib olan informasiyanı əldə etməsi isə mümkün görünmür. Azərbaycan mətbuatı tarix boyu milli mənəvi dəyərlərin zənginləşməsində, milli özünüdərkin, mədəniyyətin formalaşmasında böyük rol oynamışdır. Media söz azadlığının tam həyata keçirilməsini təmin edir. Azərbaycanda demokratikləşmə prosesində KİV-in aparıcı mövqedə olması ulu öndər Heydər Əliyevin bu məsələyə müsbət və birmənalı münasibətinin nəticəsi idi. Ümummilli lider söz və məlumat azadlığını, KİV-in müstəqilliyini demokratik cəmiyyət quruculuğunun vacib şərti hesab edirdi. Heydər Əliyev jurnalistikanın inkişafına, KİV-in maddi-texniki bazasının, yaradıcılıq imkanlarının genişlənməsinə xüsusi diqqət və qayğı göstərib, dövlət quruculuğunda, ölkəmizdə gedən ictimai-siyasi proseslərdə, azərbaycançılıq ideologiyasının, milli mənəvi dəyərlərin təbliğində medianın roluna böyük əhəmiyyət verib. Ulu öndərin hakimiyyətə qayıdışı ilə azad söz, müstəqil mətbuat üçün geniş imkanlar yarandı, senzura ləğv olundu. Mətbuatın inkişafına maneçilik törədən süni məhdudiyyətlərə son qoyuldu, onun inkişafına və təkmilləşdirilməsinə yönəldilmiş qanunvericilik bazası gücləndirildi, müasir dünya standartlarına uyğunlaşdırıldı, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi, bir çox fərman və sərəncamlar imzalandı.
Ümummilli liderin atmış olduğu digər mühüm addımlardan biri qəzetlərin, kütləvi informasiya vasitələrinin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması oldu. Bu mətbuatın maddi durumunun yaxşılaşdırılmasına öz müsbət təsirini göstərdi. Günümüzdə Heydər Əliyev siyasi kursu, ümummilli liderin mətbuata göstərdiyi diqqət və qayğı həmin kursun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı fərman və sərəncamlar, xüsusilə 2008-ci ildə təsdiq etdiyi "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" məhz bu məqsədlərin həyata keçirilməsinə xidmət edir. Prezident İlham Əliyevin sərəncamı ilə 2009-cu ilin aprelində yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu KİV-in maddi-texniki bazasının, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Söz və mətbuat azadlığı Azərbaycan Respublikası qanunlarında fundamental insan hüquqları sırasında təsbit olunub. Prezident İlham Əliyevin diqqəti mətbuatın problemlərinin həllində mühüm yer tutur: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev çıxışlarının birində qeyd edib ki, bizim ümumi məqsədimiz ondan ibarət olmalıdır ki, Azərbaycanı hərtərəfli şəkildə inkişaf etdirək, müasir dövlətə çevirək, dünyada mövcud olan bütün mütərəqqi təcrübəni tətbiq edək, insanların bütün azadlıqlarını təmin edək, hüquqi dövlət quruculuğu işində daha da böyük addımlar ataq. Ancaq bu halda Azərbaycan uzunmüddətli və dayanıqlı inkişaf imkanlarını tam şəkildə ortaya qoya bilər".
Göründüyü kimi, bu gün ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi üçün kifayət qədər güclü qanunvericilik bazası var. Elə bu azadlıqların təmini və plüralizmin inkişafı Prezident İlham Əliyevin daim diqqətindədir və Prezidentin bu sahəyə xüsusi qayğısı göz önündədir.
Məlumat azadlığının təmininin qanunvericilik tərəflərindən danışan zaman Avropa yurisdiksiyasına qoşulan dövlətimizin Avropa İnsan Hüquqları Konvensiyasını qəbul etməsini də qeyd etmək lazımdır. Çünki, bu konvensiyada da məlumat azadlığı məslələrinə xüsusi diqqət yetirilir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 10-cu madəsində ifadə və informasiya azadlığı təsbit edilib. Orada deyilir: "Hər bir şəxs ifadə azadlığı hüququna malikdir. Bu hüquqa öz fikrində azad qalmaq azadlığı, dövlət hakimiyyəti orqanları tərəfindən hər hansı maneə olmadan və dövlət sərhədlərindən asılı olmayaraq, məlumat və ideyaları almaq və yaymaq azadlığı daxildir.
Müasir dövrdə Azərbaycanda mətbuat vasitələrinin siyasi plüralizmin təminində mühüm rolu onların ictimai həyatdakı proseslərin humanistləşməsindəki yerini daha da əhəmiyyətli edir. Bu, onunla bağlıdır ki, mətbuat vasitələrinin yalnız siyasi sistemin deyil, bütövlükdə ictimai sistemin inkişafında rolu getdikcə artmaqdadır. Bu, nəzərə alınaraq mətbuat vasitələrinin ümumdemokratik prosesin təşəkkülündəki mühüm rolu nəzərdən keçirilib. Müasir mərhələdə Azərbaycanda KİV-lə bağlı qanunlar beynəlxalq standartlara cavab verir. Hazırda KİV biliklərin və siyasi cəhətdən mühüm məlumatların yayılmasının başlıca daşıyıcısıdır.
Azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığının plüralist mahiyyətinin tarixi və müasir inkişaf kontekstində təhlili təqdirəlayiqdir. Bu gün demokratik Azərbaycanda mətbuatın inkişafının və nailiyyətlərinin nəzəri və təcrübi kontekstdə tədqiqi, elmi araşdırmaların predmetinə çevrilməsi müsbət haldır.
Azərbaycanda plüralizm, sözün azad ifadə edilməsi, şəffaflıq sahəsində vəziyyəti ümumilikdə yüksək qiymətləndirilir. Plüralizm ölkənin, cəmiyyətin, xalqın inkişafı, tərəqqisi naminə olarsa əladır, amma plüralizm populizmə, münasibətlərin gərginləşməsinə, qarşıdurmaya xidmət edəcəksə, bu fitnəkarlıqdır. Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Belə ki, Azərbaycanda hakimiyyəti xalq seçir və ölkədə hakimiyyətin üç qola bölünməsi prinsipi tətbiq edilir.
Analitiklər hesab edirlər ki, siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Xatırladaq ki, tarixi nöqteyi-nəzərdən, plüralizm ideyası Avropaya 16-cı və 17-ci əsrlərin dini münaqişələrin nəticəsində tolerantlığın tədricən qəbul edilməsi ilə yanaşı meydana gəlib. Baxmayaraq ki, tolerantlıq və plüralizm fərdi anlayışdırlar, lakin onlar bir-birinə çox bağlıdırlar. Tolerantlıq plüralizmin bir şərtidir, yəni tolerant olmayan plüralizm yalançı, saxta plüralizmdir.
Təsadüfi deyil ki, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2019.- 19-20 sentyabr.-
S.15.