Göyçay qəzasının
tarixi-coğrafi səhifələri ...
Dünyaya çəyirtkə kimi səpələnmiş bütün hayların 129-cu baş keşişi VI Qevorq Çorekçyan (1868-1954) 1944-cü ildə İ.V.Stalinə məktub ünvanlayaraq Üçmüəzzin kilsəsi tərəfindən toplanılmış qiyməli qızıl və brilliyant məmulatlarının (800 min rubl dəyərində) və hay kilsəsinin ehtiyatından yetərli pul məbləğinin əlahiddə tank kolonunun yaradılmasına sərf olunmasını xahiş etmişdir. Əlavə olaraq, dünya ölkələrində yaşayan hay icmaları tərəfindən cəbhəyə maddi yardım göstərilməsi üçün SSRİ Dövlət Bankında xüsusi hesab açılması da rica edilmişdir. Beləliklə, bu minvalla 1944-cü ildə hazırlamış "Sasunlu David" adlı birinci tank cəbhəyə göndərilmişdir.
Aradan qısa müddət keçəndən sonra... həmin keşiş SSRİ, ABŞ və Böyük Britaniya hökumətlərinə məktubla müraciət edərək Türkiyə Cumhuriyyətinin şərq hissəsi torpaqlarının Ermənistan SSR-nin tərkibinə daxil edilməsinə köməklik göstərilməsi istəyində bulunmuşdur.
XIX əsrin I yarısında Quba qəzasının Haput kəndindən Göyçay qəzasına köç etmiş bir neçə tərəkəmə ailəsinin daimi məskunlaşdığı məkan sonralar iri Hacıhətəmli kəndi kimi tarixi-coğrafi əhəmiyyət daşımışdır. Əhalisi əkinçiliklə və heyvandarlıqla məşğul olan, 200 illik yaşlı bu kəndin ətrafında XVIII-XIX əsrlərdə çar Rusiyanın Volqaboyu, Mərkəzi Qaratorpaq və Tambov quberniyalarından, Osmanlı Türkiyəsinin şərqindən, Cənubi Azərbaycanın Arazboyu və Qarabağın dağlıq bölgələrindən hay kilsəsinin köçürdüyü hay-rus ailələrinin toplaşdığı bir çox yaşayış məntəqələri də (İvanovka, Üştal ("Üçtəpə"), Soltankənd, Qalagah, Gərk...) az olmamışdır.
Qeyd edək ki, Azərbaycan haqqında ilk yazılı mənbənin müəllifi qədim yunan coğrafiyaşünası Strabon eramızın I əsrində yazdığı "Coğrafiya" kitabında 26 türk tayfasının adı sırasında haputluları da göstərmişdir. Eləcə də, 1887-ci ildə bu kəndə Dağıstan ərazisindən köçmüş bir neçə tərəkəmə türk-müsəlman ailələri də ayrıca "Əmioğlular məhəlləsi", Şamaxı qəzasının Ovculu kəndindən gələn ailələrin də yurd-ocağı yaranmışdır.
1905-1920-ci illərdə hay kilsə-daşnak və rus silahlı dəstələrinin Şamaxı və Göyçay qəzaları hüdudlarında tərətdikləri soyqırım-qətliam faciələri o dövrdə 150-yə qədər evi olmuş Hacıhətəmli kəndindən (həmçinin 3 km cənub-şərq istiqamətində yerləşən Mollaisaqlı kəndindən) yan keçməmişdir. Həmin onilliklərin 18-ci ilində bütün və bütöv Azərbaycan hüdudlarında olduğu kimi bu kənddə də birləşmiş düşmən nizami qüvvələri (qaniçən quldur A.Srvantsyan başda olmaqla) yerli Qalagah, Üçtal, İvanovka, Soltanlı, Bozavand kəndlərinin silahlıları ilə birləşərək dinc sakinləri qətlə yetirmiş, yurd-yuvalarını oda qalamış, dəyərli mal-mülklərini qarət etmişlər. Yaxınlığdakı hay və rus kəndlərində yerli quvvələrin fəallaşmasına səbəb I Dünya müharibəsindən qayıdan çar Rusiyasının əsgər və zabit heyətinin onlara silah-sursat paylamaları, eləcə də hərbi-təlimlərin keçirilməsi olmuşdur. Cəbhənin bu hissəsində düşmənlərin qərargahı Qalagah kəndindəki hay kilsəsində idi. Qanlı olayların şahidi Abış Abdulla oğlunun (1860-1945) söylədiyinə görə 1917-1918-ci illərdə hər gün rus ordusunun 2-3 əsgəri-zabiti həmin kəndə gedirdi. O vaxt orada 150-yə qədər ev var idi.
Kəndin yaşlı sakinlərindən Nəsir Abış oğlu Abdullayev (1920-2013), Dəmir Cilovxan oğlu (1929-2015), Səltənət Məcid qızı (1894-1989), Güldənə Bəbir qızı (1900-1969), Valeh Hacıalı oğlu (1888-1953) və bir çoxlarının bildirdiklərinə görə, həmin faciəvi günlərdə Qalagah kəndində ətrafdakı müsəlman-türk kökənli kəndlərə gecə ikən (əhalnin xəbəri olmadan) silahlı basqınların müzakirəsində bəzi yerli sakinlər ehtiyat edərək hay kilsəsinin təhriki ilə hay-daşnak quldurlarının Cənubi Azərbaycanda, Naxçıvanda, Zəngəzurda, Qarabağda... törətdikləri soyqırım-qətliam faciələrinin də burada təkrar edilməsinin əlehinə olublar. Hətta, Hacıhətəmli kəndində mal-heyvana baxan bir erməni nökəri bu hücum barədə onlara məlumar veribmiş. Belə olanda əhali gecə ikən kəndi tərk edərək 17-18 km aralıda olan Göyçay çayının sahillərinə köç edib, yarğanlarda, dərələrdə, meşələrdə müvəqqəti sığınmışlar. Amma, çox təəssüf ki, düşmənlər nəzərdə tutduqları qanlı-amansız olaylarını Hacıhətəmli, Mollaisaqlı, İmamlı kəndlərinin köməksiz, müdafiəsiz əhlinə yaşada biliblər, 1918-1920-ci illərdə.
Hər biri 40-50 silahlıdan ibarət dəstələrin qanlı həmlələrindən canını qurtarmağa çalışanlar kəndin ətrafındakı təpəliklərə, dərələrə (kollu-koslu "Solaxay dərəsi"nə, bu dərə 10 km uzunluğunda olub Göyçay çayınadək uzanır) səpələnməyə məcbur olub, o yerlərdə altı aya qədər qalmışlar.
Belə basqınların birində quldurlar qonşu İmamlı kəndindən əkin-biçin işlərindən atla qayıdan Hacıhətəmli kənd sakinləri Ağası və Qubad Qubadovların, Yadigar İsrafilovun "Vəng yolu" üstündə qarşsını kəcmiş, onlara aman vermədən başlarını kəsmişlər.
Hay-daşnak və rus-bolşevik silahlılarının həmlələrinin qarşısının alınması üçün kəndin yüzbaşısı Zülfüqar Qubad oğlu (1870-1918) yerli özünümüdafiə dəstələri təşkil edərək özü başda olmaqla kəşfiyyata zamanı quldurlar tərfindən əsir alınır. Onu Qalagah kəndinə gətirirlər və kəndin mərkəzində (sonralar ora nohur yeri olub) hay icmasının gözü qarşısında edam edirlər, başını kəsərək ağac dirəkdə nişangah ediblər.
Yerli müqavimət dəstəsinin üzvlərindən Paşa Ağayar oğlu Qubadov (1894-1984), Qara Abduləziz oğlu Abdullayev (1880-1984), Nəzir Abdulla oğlu Abdullayev (1878-1984) və başqaları Osmanlı Türkiyəsinin 5-ci Qafqaz İslam Ordusunun Nuru paşa başda olmaqla bir bölüyünün Hacıhətəmli kəndinə gəlişinə kimi quldur basqınlarına müqavimət göstərə bilmişlər. Bu cür əməliyyatların birində Qalagah kəndində əmisinin başını kəsən və xəstə yatan quldurun evinə daxil olan Paşa doğmasının bahalı qaragül dərisindən tikilmiş papağını divardan asılı görür... o papaq sonralar əmisi qızı Nicabət Zülfüqar qızının (1885-1965) evində müqəddəs əmanət kimi saxlanılmışdır.
Hacıhətəmli kəndindən 6 km-lik məsafədə yerləşən Buzovand dağında səngər quran 40-50 nəfərlik erməni-rus dəstələri Göyçay qəza mərkəzini, ətraf kəndləri top atəşinə tutduqda köməyə yetişən başda Nuru paşa olmaqla 5-ci Qafqaz İslam Ordusunun bir əməliyyatı da bu istiqamətdə olub. Digər bir hücum isə "Bığır başı"-"Yelli gədik"-"Göy yoxuş" istiqamətində keçirilərək düşmənə ağır zərbələr vurulmuş və əhalinin xilası təmin edilmişdir. Bu əməliyyatlarda yerli müdafiə qüvvələri və dinc sakinlər bacardıqları köməklikləri göstərmişlər. Belə ki, kənd sakinlərindən Qara Abduləziz oğlu (1880-1985), Abış Abdulla oğlu arabalarla türk əsgərləri üçün "qabçax" deyilən palıd qablarda (20-30 l həcmlı) su, ayran, qatıq, eləcə də ərzaq-yemək aparmışlar.
Həmin illərdə doğulmuş Nəsir Abış oğlunun (1920-2013) dediyini oğlu Nəsir Abdullayev (1958) belə xatırlayır:
-Erməni düzən yerdə kənd salmaz (hərbi-strateji və müdafiə əhəmiyyəti baxımından), dağlıq yerlərdə yurd-yuva qurur. Ya hücum edəndə üstünlüyü olsun, ya da sığınanda təbii səngəri olsun.
1918-ci ildə Qalagah kəndindən Osmanlı Türkiyəsi Ordusuna və yerli müsəlman-türk əhalisinə qarşı faciəvi qırqınlar törətmiş hay-daşnak silahlılarının adı, soyadı yazılmış daş lövhə uzun illər ərzində bu kəndin tövləsində qorunub saxlanılib. Hər il sentyabr ayının 1-də dərs ili başlayanda bu kəndin məktəbliləri o daşlövhə qarşısında tarixi məlumat aldıqdan sonra dərsə başlamışlar. Həmin daş lövhə Qərbi Azərbaycandan keçən əsrin 90-cı illərində məcburi olaraq qədim türk yurdundan Basarkeçər rayonundan daşnak Ermənistan SSR rəhbərliyi tərəfindən məcburi olaraq sürgün edilmiş soydaşlarımız bu kənddə məskunlaşdıqdan sonra aşkar edilmişdir.
Bir məlumat var ki, türk ordusunun tərkibində bir erməni əsilli əsgər olub - Xaço (1896-1967), sonralar Qalagah kəndində yaşayıb və Hacıhətəmli kəndindən 18 km aralıda olan Vənk kəndindən bir erməni qızla evlənib həyat sürüb.
(Yazının hazırlanmasında İsmayıllı rayonu,
Hacıhətəmli kənd saknin Feyruz Niyaz oğlu Mehdiyevin
(1955) məlumatlarından istifadə
edilib.)
Qismət
Yunusoğlu,
Bakı Dövlət Universitetinin
müəllimi
Olaylar.- 2019.- 28-30 sentyabr.-
S.12.