Qərb əxlaqı-süqutun kilsə zəngləri...
Azərbaycanın
özünəməxsus ailə ənənələri
xalqımızın milli sərvətidir
Əxlaqi fəsadlar
hələ qədim zamanlardan indiyə qədər
mövcud olmaqdadır. Tarix
boyu çox sayda insanlar ona düçar olmuşlar. Azərbaycan xalqı mənəvi-əxlaqi
keyfiyyətlərilə bütün dünya xalqlarına örnək ola biləcək bir
xalqdır. Ulu babalarımızın həyatı,
məişəti, adət-ənənəsi, mərdanəlik
keyfiyyətləri xalqımızın yüksək mənəvi-əxlaqi
keyfiyyətlərə malik olmasından xəbər
verir. Bununla belə, Azərbaycan xalqını digər xalqlardan fərqləndirən bir
sıra özünəməxsus xüsusiyyətlər var ki, onları qeyd etməmək haqsızlıq olardı. Çünki həmin mənəvi-əxlaqi dəyərlər
bir sıra üstünlüklərə malikdir.
Vəkil Rövşən Qasımov bildirib ki, Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa, əmanətə sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq hər xalqda bizdəki qədər zəngin və çoxşaxəli xüsusiyyətlərə malik deyil. Məsələn, Aleksandr Düma Qafqaza səfərindən sonra yazmışdı ki, Azərbaycanda verilən sözün qüvvəsi vurulan möhür qədər etibarlıdır. Digər tərəfdən, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri dərin və sarsılmaz köklərə malikdir. Bir çox Qərb ölkələrinin vətəndaşları, o cümlədən qonşu Rusiya sakinləri xalqımızın möhkəm ailə ənənələrinə çox böyük rəğbətlə yanaşır. Onlar açıq şəkildə etiraf edirlər ki, Azərbaycanın özünəməxsus ailə ənənələri xalqımızın milli sərvətidir. Çünki bəzi ölkələrdə ailə ənənələrinin zəif olması bir sıra sosial-psixoloji fəsadların yaranmasına yol açır ki, bu da, öz növbəsində, cəmiyyətdə deqradasiyanı sürətləndirir. Bütün bu sfesifik xüsusiyyətlərin qabarıq şəkildə özünü büruzə verməsi, təbii ki, xalqımızı digərlərindən yaxşı mənada fərqləndirir. Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, bütün bu nəcib keyfiyyətlər xalqımızın qan yaddaşından irəli gələn əxlaq normalarıdır. Bu əxlaq normaları məişətimizdə, adət-ənənələrimizdə, həmçinin, folklorumuzun hər bir janrında mühafizə edilib və gələcək nəsillərə ötürülüb. Məsələn, şifahi xalq ədəbiyyatının ən geniş yayılmış janrı olan dastanlarımızda qəhrəmanlar öz əxlaqi keyfiyyətlərilə seçilən qəhrəmanlar kimi təqdim edilir. Əxlaq məhəbbət dastanlarında qəhrəmanı digərlərindən fərqləndirən, onu sevdirən bir simvola çevrilir: "Bütün bunlar bir daha onu sübut edir ki, ümumbəşəri dəyərlərin kökündə müsbət əxlaqi keyfiyyətlər dayanır. Bu, ilk növbədə onların öz sevgililərinə sədaqətli olmasında özünü göstərir. Deməli, eşq elə bir qüvvədir ki, insanlarda daha gözəl duyğular yaradır. Onları əxlaqi cəhətdən saflaşdırır. Folklor təfəkkürü də məhz belə əxlaqın tərəfdarıdır. Ümumiyyətlə, insanın müsbət əxlaqi keyfiyyətlərin daşıyıcısına çevrilməsində mənəvi-əxlaqi dəyərlərin çox böyük rolu var. Bu zirvəyə hamı qalxa bilməz. Bizim dastan qəhrəmanlarımız öz müsbət əxlaqi keyfiyyətlərilə bu zirvəyə ucalır. Çünki sadalananlar həm də saflaşmaq, kamilləşmək deməkdir. Hansı aspektdən yanaşsaq bunun yalnız müsbət keyfiyyətlər aşıladığını görərik. Xalqımızda olan bu yüksək hörmət və məhəbbət hissi ilahidən gəlmə bir qüvvədir. Ona görə də insanı özünə çəkir. Bu qüvvə ilahidən gəldiyi üçün də sakral gücə malikdir. O üzdən, sadalanan bu keyfiyyətlər xalqımızın psixologiyasında, davranışında, həm də həyata baxışında böyük dönüş yaradıb. Nəticədə əxlaqi keyfiyyətlərinə görə xalqımız bir çoxları üçün nümunəyə çevrilib. Hamıya örnək ola biləcək müsbət keyfiyyətlər bütün mənada alqışa layiqdir. Ən ali duyğuları özündə yaradan bu nəcib xüsusiyyətlər əsrlərdən boyu süzülüb gəlir. Bundan sonra lazımdır ki, bizə xas olan bütün bu müsbət özəllikləri daha da inkişaf etdirək. Çünki bütün bunlar bizim milli sərvətimizdir. Öz milli-mənəvi sərvətimizə nə qədər diqqətlə, əzmkarlıqla sahiblik etsək, bir o qədər bəşəri dəyərlərə sahib olmuş olarıq".
Onun bildirdiyinə görə, Azərbaycan xalqına məxsus olan dəyərlər çox üstün keyfiyyətlərə malik olduğu üçün bunların qədrini bilmək lazımdır: "Təbii ki, hər bir xalqın özünəməxsus dəyərləri var. Azərbaycan xalqını başqa xalqlardan fərqləndirən əsas cəhətlərdən biri onun qonaqpərvərliyidir. Əsrlərlə formalaşan bu dəyər indi çox yüksək səviyyəyə çatıb. Azərbaycan ailəsinə qonaq gələndə evin ən ləziz nemətləri məhz qonağa təqdim olunur. Bəzən elə olur ki, ailə üzvləri pendir-çörəklə keçinir, amma qonağa xüsusi qayğı göstərilir. Hesab edirəm ki, bu bizim ən gözəl və nəcib keyfiyyətlərmizdən biridir. Xalqımızda olan qonağa hörmət, dostluğa sədaqət, əhdə vəfa və s. nəcib keyfiyyətlər, deyərdim ki, heç yerdə bizdə olan səviyyədə deyil. Bəlkə də bu bizim ən böyük xoşbəxtliyimizdir. Belə xoşbəxtlik də hər xalqa nəsib olmur. Çünki sadalanan bu dəyərlər əsrlərlə formalaşaraq indiki səviyyəyə gəlib çatıb. Bu gün də həmin nəcib xüsusiyyətlərin böyük bir qismi qorunub saxlanmaqdadır. Bunu özü də böyük məsuliyyət deməkdir. Belə dəyərlərə malik olan xalq hər zaman bu məsuliyyətin fərqində olmalıdır. Onu da nəzərə almaq lazımdır ki, bir çox hallarda mənfur qonşularımız xalqımıza məxsus dəyərləri öz adlarına çıxarmağa çalışıb. Belə hallarda son dərəcə ayıq olmaq lazımdır. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, sürətlə qloballaşan və inkişaf edən dünyada bəzi dəyərlərimiz deqradasiya təhlükəsilə üzləşib. Ona görə də düşünürəm ki, qonaqpərvərlik, əhdə vafa, tolerantlıq, dözümlülük kimi dəyərlərimizi inkişaf etdirməliyik. Xüsusilə də İslam və ümumbəşəri dəyərlərin Azərbaycan ailəsində, cəmiyyətində qorunub inkişaf etdirilməsinə xüsusi önəm verməliyik. Hazırkı dövrdə bu deyilənlərə çox böyük ehtiyac duyulur. Həmin ehtiyacdan çıxış edərək fəaliyyət istiqamətlərinin müəyyən edilməsi lazımdır. Ona görə ki, xalqımıza məxsus olan bir sıra nəcib xüsusiyyətlər bizi digər xalqlardan fərqləndirir. Nəzərə almaq lazımdır ki, yaşadığımız əsr informasiya və kommunikasiya texnologiyalarının inkişafı əsridir. Əlimizdə yetərincə internet və digər informasiya resursları var. O üzdən hesab edirəm ki, KİV-lərdə bu işin təbliğinə geniş yer verilməlidir. Bu yöndə, xüsusən televiziyaların imkanlarından geniş istifadə olunmasına ehtiyac var. Çünki yaşadığımız dövrdə televiziyalar böyük auditoriyaya malikdir. Bəzən görürsən ki, bir sıra telekanallar bayağı şou proqramlara daha çox üstünlük verir. Bu da əsrlər boyu formalaşan adət-ənənələrimizlə ziddiyyət təşkil edir. Həmçinin, zəngin və çoxşaxəli xüsusiyyətlərə malik olan dəyərlərimizə zərər vurur. Belə hallara mümkün qədər yol verilməməlidir. Çünki biz bu xüsusiyyətləri gənc nəslə ötürməliyik. Gənc nəslə ötürə bilsək, o zaman bu nəcib keyfiyyətləri daha üstün səviyyədə yaşadıb inkişaf etdirə bilərik".
Azərbaycan xalqının o qədər gözəl xüsusiyyətləri var ki, onları hansısa növlərə bölmək bəlkə də doğru olmaz: "Heç bir zaman yol vermək olmaz ki, hansısa xüsusiyyətlərə köhnəliyin qalığı kimi baxılsın. Çünki millətlərin hamısı eyni cür ola bilməz. Hər bir millətin özünəməxsus fərqləndirici xüsusiyyətləri olmalıdır. Almanın, ingilisin, yaponun fərqləndirici xüsusiyyətləri olduğu kimi, azərbaycanlıların da fərqləndirici xüsusiyyətləri var. Adicə türkdilli xalqlar içərisində də azərbaycanlıların bir sıra fərqli keyfiyyətləri var. Bu tarixi şəraitlə və coğrafi amillərlə əlaqədar olan bir prosesdir. Azərbaycan xalqına məxsus olan o qədər nəcib keyfiyyətlər var ki, onların hamısını qoruyub saxlamaq lazımdır. Kimlərsə buna yuxarıdan aşağı baxa bilər. Bunun elə bir önəmi yoxdur. Azərbaycanda ən üstün olan nəcib keyfiyyətlərdən biri də tolerantlıq və dini dözümlülükdür. Ölkədə yaşayan bütün digər millətlərə münasibət hər zaman yüksək səviyyədə olub. O cümlədən, dinlərə qarşı da ölkəmizdə dözümlü münasibət olub. Hansısa ayrı-seçkilik, pozuculuq baş verməyib. Ümumiyyətlə, fərq qoyulmadan biz bütün milli dəyərlərimizi, nəcib keyfiyyətlərimizi qorumalıyıq. Bilirsiniz ki, ölkədə avrointeqrasiya prosesi gedir və hər şeyə Avropa standartlarından yanaşırlar. Hesab edirəm ki, bu cür yanaşma yanlışdır. Çünki nəyəsə görə milli dəyərlərimizi qurban verməməliyik. Bəziləri hesab edir ki, xalqımızın hansısa xüsusiyyətləri üzərindən xətt çəkmək lazımdır. Bu tamamilə yanlış yanaşmadır və heç bir əsası yoxdur. Mətbuatda gedən bəzi yazışmalarda Azərbaycan kişisinə xas olan xüsusiyyətləri müəyyən mənada məsxərəyə qoyanlar var. Məsələn, ailə-məişət münasibətlərində atanın, ananın, uşaqların öz yeri var. Bəzən görürsən ki, bu münasibətləri məsxərəyə qoyurlar. Halbuki, bu dəyərlər əsasən Azərbaycan xalqına məxsusdur və çox zəngin keçmişə malikdir. Hesab edirəm ki, xalqımızın ailə-məişət dəyərlərini məsxərəyə qoyanlar dar düşüncəli insanlardır. Çünki bu xüsusiyyətlər minilliklərin sınağından keçib gəlibsə, bundan sonra da keçib gedəcək. Vaxtilə Rusiya Azərbaycanı işğal etdikdən sonra bir sıra adət-ənənələrə yuxarıdan aşağı baxılırdı. Sovet Rusiyası isə milli mədəniyyətə xas olan xüsusiyyətlərin üzərindən xətt çəkmək istəyirdi. Ancaq bütün bunlara rəğmən, Azərbaycan xalqı öz milli xüsusiyyətlərini, kimliyini qoruyub saxladı. Əsrlərin sınağından keçən milli xüsusiyyətləri qaldı. Ona görə də Azərbaycan millətini digərlərindən fərqləndirən xüsusiyyətləri - qonaqpərvərliyi, vətənpərvərliyi, ailəcanlılığı, qadına hörməti saxlamaq və qorumağın tərəfdarıyam. Fərq qoymadan hamısının saxlanmasının tərəfdarıyam. Çünki bütün bunlar azərbaycanlı obrazını formalaşdıran və qoruyan xüsusiyyətlərdir".
Zəka
Olaylar.-2019.- 4 yanvar.- S.11.