"Şeri, sənəti gözdən salan

Moşular bu gün də var"

 

Aləmzər Sadıqqızı: "Filmlərdə gördüyüm, kitablarda oxuduğum həyatı yaşamaq istəmişəm"

 

Olaylar.az şairə Aləmzər Sadıqqızı ilə müsahibəni təqdim edir.

 

Mən də belə yaşadım....

Çoxdan öldüyüm ömrü.

Ölə -ölə yaşadım...

Baxıb güldüyüm ömrü...

İstəyirsən soruş bir...

Xətrinə kim dəyməyib?

Kim söz verib gəlməyə,

Gedib birdə gəlməyib?

Soruş harda qalmısan...

İndi hansı yaşdasan?

Hər gün ayaqlanan qız...

Niyə belə başdasan?

Səni niyə atıblar...

Çox sevdiyin adamlar?

Niyə dərdindən ölür...

Sevmədiyin adamlar...

Bir də soruş gör hələ...

Ən gözəl günüm hansı...

Çaşıb əlimdəm salım,

Qoy qırılsın hamısı...

Ən gözəl gündən başlar...

Həyatın bitdiyi gün.

Bəlkə en gözəl gündü...

Həyatdan getdiyin gün?

Nə söz ,söhbətim bitər,

Nə də gözümün yaşı.

Nə boy verib böyüyər...

Yetim qalan on yaşı.

Bir soruş ki,ay Aləm...

Bu nə giley-güzardı?

Sənə bu haqsız ömrü...

Tanrı özümü yazdı?

- Aləmzər xanım,  ilk şerlərinizi xatırlayırsız?

-Yazmağa 16-17 yaşlarımdan başlamışam. Lakin özümə güvənim az olduğu üçün yazdıqlarımı cırıb atırdım. Şerə, ədəbiyyata sevgim o qədər çox idi ki, tez-tez yuxularımda şair, yazıçıları görürdüm. Düşünürdüm ki, yaza bilmək üçün Mikayıl Müşfiq, Nigar Rəfibəyli, Bəxtiyar Vahabzadə və digər ədiblər kimi olmaq lazımdır, bu isə mümkün deyil. Bu düşüncələr 23 yaşıma qədər məni tərk etmədi. O vaxtlar hər kəsin sevərək izlədiyi Aşıq Pəri Məclisi var idi. Orada oxunan bir şer mənə ilham verdi. Şerdə deyilirdi ki, "saçlarını bürüyüncə gözəl dən, hərdən sına qələmini arabir..."

Bu sözlərdən sona anladım ki, şer yazmaq üçün Bəxtiyar olmaq lazım deyil. Qələm sınamaqdır. Məhz həmin axşam "Bu gün toyundur sənin" adlı mənsur şer yazdım. Ertəsi gün şeri rayon mərkəzinə göndərdim. Lakin gerisi ilə maraqlanmadım. Hətta şeri göndərdiyimi belə unutmuşdum ki, maraqlı hadisə baş verdi. Yaxın rəfiqəm dedi ki, Azərbaycan qadını adlı jurnalda gözəl bir şer oxudum və çox kövrəldim. Müəllifin imzası sənin imzanla eynidir. Şerin adını dediyi vaxt anladım ki, bu məhz 3 ay əvvəl rayon mərkəzinə göndərdiyim şerdir. Həmin an keçirdiyim hissləri hələ də unutmamışam. Kiçik kəndlərdə xəbər tez yayılır. Hər kəs öyrəndi ki, Aləmzər belə bir şer yazıb və jurnalda çap olunub. İlk uğurum mənə 17 yaşımda tapa bilmədiyim özgüvəni geri qaytardı. Lakin kiçik şöhrət mənim başımı gicəlləndirmədi. Heç vaxt şair olmaq, o həyatı yaşamaq ağlımdan keçməyib. 10 il əlimə qələm almamışam. Həyatdan böyük istəklərim olmayıb. Sadəcə evimin xanımı olmaq və yolunu gözləyəcəyim sevdiyim adamın yanımda olmasını istəmişəm.

- 10 il qələm adamı üçün kifayət qədər uzun vaxtdır...

- Bilirsiniz, 30 ildir bunu düşünürəm. Ailə qurdum, lakin öz istəyimlə olmadı. Bir şer oxumadan başımı yastığa qoyduğum vaxt olmurdu. Vaqif İbrahimin bir kitabı var idi, masaüstü kitabım etmişdim. Həyat yoldaşım o kitabı parçalara ayırdı. Şer yazmağımı istəmirdi. Xatırlayıram k, ev məclislərinin birində şair İnqilab Orxan həyat yoldaşımın yanında məndən soruşdu ki, neçə illərdir heç yerdə sənin şerlərinə rastlamıram, bu durğunluğun səbəbi nədir? Dedim yoldaşımdan soruş ki, bu günə qədər mənim bir şerimi oxuyub? Əlbəttə ki, oxumamışdı. Oradaca soruşdum ki, bəs indi yaza bilərəm? Yoldaşım "yox" deyə cavab verdi.  Şerə fasilə verdiyim müddəti ailəmə həsr etmişəm. Övladlarımı layla yox, xalq mahnıları ilə yatızdırırdım. Sanki bütün sevgisizliyimi, çatmadığım arzularımı o mahnıların dili ilə övladlarıma ötürürdüm.

Heç kimə dərdimi deyə bilmirdim. O mahnılarla dərdimi soyudurdum. İndi iki nəvəm var. Hərdən onları da eyni musiqilərlə yatızdırıram.

- Hələ də dərdinizi deməyə adam tapmamısız?

- Həyat iki nəfərdən ibarətdir. Tək tərəf həmişə əyilməyə məhkumdur. Bilirsiz övladlarımız hər kəsdən, hər şeydən dəyərlidir, lakin qadına da, kişiyə də dərdlərini danışmaq üçün həyat yoldaşı lazımdır. Xüsusilə də qadının buna daha çox ehtiyacı var. Lakin demək olmaz ki, həyat yoldaşı olan qadınların hər birinin dərdini deyə biləcəyi adam var. Əksini gördüyüm zaman paxıllıq çəkməkdən çox, sevinirəm.

- Balaca bir küncün ola,

Ağlayasan , kiriyəsən.

Dərdin də duz yükü ola,

Ağladıqca əriyəsən...

Mənim heç vaxt öz küncüm olmayıb. Özümü dərk etdiyim vaxtdan hər yerə özümlə Müşfiqin şəklini daşımışam. Həmişə qəribə bir arzum olub ki, otağımın bir bucağından Müşfiqlə Dilbərin, Rəsul Rza ilə Nigar Rəfibəylinin şəklini asım. Bu kiçik arzuma belə çatmadım. Nə yazmaq üçün, nə də kövrələndə ağlamaq üçün gizlincə qısılacağım bir küncüm olmadı. Buna görə də istər insanların ətrafında, istərsə də tək olanda yazıram. Yazmağa başladığım ilk illərdə qələm dostlarım mənə deyirdi ki, şer duyumun çox güclüdü. İlhama tabe olma, onu özünə tabe et. Nəsr əsərində belədir, lakin şerdə yox. İlham aldığım zaman istənilən yerdə şer yazıram.

- "Tələbə vaxtı mənə qızlar zarafatla "o dünyanın adamı"deyirdilər...Elə o vaxtdan bu dünyanın adamı ola bilmədim" demisiz. Zamanla ayaqlaşmaq çox çətindir?

- Arzularına çatmayan insan keçmişlə vidalaşa bilmir. "Olsaydı"larla yaşayır. Mən "atam olsaydı"... sözü ilə yaşamışam. O məni bütün bədbəxtliklərdən qoruyardı. İnsan o qədər xoşbəxt ola bilər ki, həyatda yaşadığı bütün kədərli xatirələri unudar. Mən isə unuda bilmirəm. Həmin illərə döndüyüm zaman atamı xatırlayıram. Atam gündəliyində yazmışdı ki, qızım Aləmzəri nəyin bahasına olursa olsun oxudub prokuror edəcəm. Onun mənə olan sevgisi, inamı formalaşmağımda çox böyük rol oynayıb. Hər şeyi atama borcluyam. Təəssüflər olsun ki, onu tez itirmişəm. Mən 3-cü sinifdə oxuyanda, Novruz bayramı günü atam qəza nəticəsində dünyasını dəyişib. Onun üçün yazdığım kifayət qədər mənsur şer var. Bilirsiniz, mən hələ də atam öldüyü yaşda uşaq kimiyəm. Onun ölümündən sonra gələcəyimi itirdim. Gecəyə qədər tütün düzürdüm. Bəzən bütün gecəni sadəcə 1 saat yatırdım. Anam deyirdi ki, sən mənə övlad yox, bacı olmusan. Məişət qayğıları məni dərslərimdən ayırırdı. Sadəcə ədəbiyyata vaxt sərf edə bilirdim. Buna rəğmən çalışdım və Naxçıvan Dövlət Universitetinə qəbul oldum.

- "40 il keçsə belə atamın ölümünə səbəb olan adamı bağışlaya bilmərəm" demisiz.

Bilirsiz hər şey tale yazısıdır. Atamın ölümündən əvvəlki gecə qəribə yuxu gördüm. Yadımda qalan sadəcə atamın gedişi idi. Elə hey gedirdi. Nəhayət kiçik bir nöqtəyə döndü və yox oldu. Məni yuxudan atam oyatdı, başına qaldırıb öpdü-öpdü, sonra da yerə qoyub soruşdu ki, sənə nə alım? Dedim qırmız don, bir də qırmızı alma. Və o getdi... Düz qırx ildir ki, nə "Sənə nə alım?" - sualını eşitdim, nə əynim qırmızı don geyindi, nə stolumun üstü qırmızı almalarla bəzəndi. Çünki o gün atamın aldığı qırmızı don da, qırmızı almalar da, atamın qanına bulaşmışdı.

Keçən il onun ölümünə səbəb olan adamı gördüm. Əslində bir günahı yox idi. Sadəcə insan hər şeyə səbəb axtarır. Atamın yazısı beləydi.

- Necə oldu ki, yazıçı Anarla bağlı kitab yazmaq qərarına gəldiniz?

- Yazıçılar Birliyinə qəbul ediləndə tərcümeyi-halı esse kimi yazdım. Bu mənim uşaqlığımdan başlayan gerçək nağılıma çevrildi. Bütün kitabları oxuyub qurtardıqdan sonra, dönüb həyata baxmışam ki, sən demə həyat bambaşqa, kitablar bambaşqa imiş.

Anar "Sissiz" əsərini yazdığı vaxt əsər bitənə qədər mən ona beş məktub yazmışdım. Həmin vaxtlarda Anar "Ulduz" jurnalında redaksiya heyətinin üzvü idi, lakin mənim bundan xəbərim yox idi. Sonra öyrəndim ki, jurnala yolladığım məktublardan sadəcə 5-ci məktubu Anara veriblər. Ondan mənə cavab gəldiyi vaxt keçirdiyim hissləri sözlə ifadə etmək çətindir.

Bir müddət sonra bir görüş keçirildi, həmin görüşdə çıxış etməliydim və Anar da orada idi. Çıxış etdiyim zaman dedim ki, mən Anardan yox, Nigar Rəfibəylidən danışacağam. Anar kövrəldi, çıxışında sözə başlamazdan əvvəl dedi ki: "Mənə 5 məktub gəlib, lakin onun sadəcə sonuncusunu oxumaq şansım olub. Oxuduqca mənə elə gəlirdi ki, bu məktubu yazan romanlarda oxuduğum, filmlərdə gördüyüm qızlardan biridir. Qeyri-adi məktub idi. İşlərim çox olmasına rəğmən məktubları oxusam da cavab yaza bilmirdim. Lakin bu məktuba cavab yazmaya bilməzdim. Qızdan yenə məktub gəldi, yenə yazdım, bir məktub gəldi, onu da cavabladım. Növbəti məktuba yenə cavab yazacaqdım ki, qızın özünü burada gördüm. Məhz o qız bir az öncə sizin qarşınızda çıxış etdi".

Sonra isə bu xatirələr kitaba çevrildi. Anar haqqında kiçik də olsa kitab yazdım.

- "Əsərlərini oxuyub onların qəhrəmanlarına bənzədim. Amma o əsərləri yazanlarda mənim müqəddəsliyimdən əsər-əlamət yoxdu...." Sizin sözünüzdür.

- Hə zaman düşünürdüm ki, bir bənd belə olsa şer yazan adam heç kimə pislik etməz. Sonra o dünyanın içinə girdim. Kimin ki, əsərini oxuyub ona dəyər vermişəm, yazarın özündə o müqəddəsliyi görmədim. Mikayıl Müşfiqlə Dilbər Axundzadənin sevgisini müqəddəsləşdirmişdim. Müşfiq mənim üçün ideal həyat yoldaşı obrazı idi. Lakin sonra oxudum ki, "Yenə o bağ olaydı" şeri Dilbərə yox,  Arifə Məmməddxanlıya yazılıb. Bununla da bu sevgi simvolu mənim gözümdə qırıldı.

"Gün keçdi" filmindəki Oqtay obrazı mənim idealım idi. Həyatımda elə bir adamla rastlaşmaq istərdim, lakin olmadı. Mən deməzdim ki, rastladığım adam pis insan idi, lakin yaxşı da deyildi. Təkcə onu bilirəm ki, həyatımın üstündən qara xətt keçdi.

Mən filmlərdə gördüyüm, kitablarda oxuduğum kimi həyat yaşamaq istəyirdim. Bəlkə də buna görə həyatım uğursuz oldu. Çoxları məni qınaya bilər, lakin qızımın kitab oxumağını və çalışmağını heç vaxt istəməmişəm. Arzu etmişəm ki, öz çörəyini yox, həyat yoldaşının çörəyini yesin. Mənim yaşadığım çətinliklərin onun da yaşamasını istəmirəm.

- "İçimdəki saf qadın məni yaşamağa qoymur" demisiz. Saf, təmiz yaşamaq bu qədər çətindir?

- Bir ömür boyu onu öldürə bilmədim. Həyatda bir prinsiplə yaşadım ki pisliyə pisliklə cavab vermə. Belə bir fikir var, ən böyük intiqam, onun əkdiyi xəcalət hissidir, amma şahidi oldum ki, yalan sözmüş. Uşaq vaxtı hər zaman bacı-qardaşlarımı düşünmüşəm. Məclislərin birində şair dostumuz Qəşəm Nəcəfzadə dedi ki, mən sənə baxanda təkcə ana görürəm vəssalam. Mən həyatda ancaq ana ömrü yaşamışam və bununla fəxr edirəm.

- Aləmzər xanım, sizcə cəmiyyət şairə, şerə lazımı dəyəri verirmi?

Təəssüf ki, yox. "Bəxt üzüyü" filmindən sonra cəmiyyət elə başa düşdü ki, bütün şairlərin siması Moşu obrazında göstərilib. Lakin sözlərə diqqət edin. "Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada..." yaxud da "ayrılıqdan o yana, dünya olurmu, görən?"

Mən bu sözlərə heykəl qoyardım. Amma şeri, sənəti gözdən salan Moşular bu gün də var. Bəzi şer yazdığını iddia edən qadınlar var ki, mən onlara görə şairə adlandırılmaqdan utanıram.

- Sosial şəbəkələrdə tez-tez paylaşımlar edir, aktiv görünürsüz...

- Bəli Facebook sosial şəbəkəsinin aktiv istifadəçisiyəm. Burada çox dostlar qazanmışam. Sosial şəbəkələr bizi canlı ünsiyyətdən uzaqlaşdırır, lakin bir tərəfdən də çoxlu dost qazandırır. Şerlərim əlyazma şəklində deyil, yalnız facebookda yazaraq paylaşıram. Bu əzəldən belə olub. 27 dəfə mənzil dəyişdiyim üçün şerlərimin çoxu itib.

- Facebook da yazmısız ki, yemək bişirməyi bacarmayan qadın, heç şer də yaza bilməz...

- Elçin Əlibəylinin verlişində belə bir ifadə işləndi ki, dolma bükən qadınlar şer yazır. Bu söz məni qıcıqlandırdı. Dolma bükməyi bacarmayan qadın şer də yaza bilməz. Onun özü də bir estetikadır. Qadın dolma bükərək də şer yaza bilər. Mətbəx qadının rahatlıq tapdığı məkandır. Peşəsindən asılı olmayaraq bütün qadınlar dolma bükməyi, yemək bişirməyi bacarmalıdır.  Qadın hər şeydən əvvəl anadır, bacıdır, həyat yoldaşıdır...

 

Nigar Orucova

 

P. S. Yaxın günlərdə Aləmzər Sadıqqızının şeirlərini sizə təqdim edəcəyik.

 

Olaylar.- 2019.- 5-7 yanvar.- S.12.