Cəmiyyətdə oxumaq mədəniyyəti aşağı düşüb

 

Bu, illərlə formalaşan dəyərlərimizə mənfi təsir göstərir

 

Hər bir xalqın özünün tarixi, milli ənənələri və dünya görüşü var. Bütün bunlar əlbəttə ki, xalqın varlığını, kimliyini, hansı dünyagörüşünə malik olduğunu göstərir. Bu təbii və qanuni olan bir şeydir.

Xalqımızın da yüksək nəcib hisslərə malik olması, təbii ki, cəmiyyətimizin təbiətindən irəli gəlir. Həmçinin, insanlara olan xeyirxahlığından, nəcibliyindən, məhəbbətindən qaynaqlanır. Xalqımız həmişə həm milli, həm də bəşəri təfəkkürü vəhdətdə götürüb və onu əxz etmiş millət kimi tanınıb. Klassiklərimizin əsərlərində belə, bu özünü çox gözəl əks etdirib. Çünki böyük sənətkarlarımızın əsərlərində dünyəvilik, bəşərilik təkcə milli çərçivənin sərhədlərinə sığışmır.  Bu mənada geniş dünyagörüşə, insanlığın bütün parametrlərinə cavab verən mədəniyyətimiz, tariximiz, yüksək şəxsiyyətlərimiz olub. Əlbəttə ki, bu gün onları yaşatmaq, onlardan ibrət götürmək lazımdır. Çünki onların timsalında xalqımızın çox yüksək nəcib keyfiyyətləri öz təcəssümünü tapıb. Vəkil Rövşən Qasımov hesab edir ki, son vaxtlar cəmiyyətimizdə oxumaq mədəniyyəti bir qədər aşağı düşüb. Cavanlar kitab az oxuyur və yaxud da heç oxumur. Əsərlər çıxır, klassiklərin əsərləri yenidən çap olunur və s. Gənclərdən soruşanda məlum olur ki, klassikləri oxumurlar. Oxumaq mədəniyyətinin aşağı düşməsi illərlə formalaşan dəyərlərimizə mənfi təsir göstərir: "Bununla yanaşı, müəyyən ziyanlı tendensiyaların baş qaldırmasına şərait yaradır. Bəzən mətbuatda elə yazılar gedir ki, bunlar doğurdan da bizim mənəviyyatımıza, əxlaqımıza ziddir. Belə hallara yol vermək olmaz. Millətin özünün milli ideologiyası və təfəkkür tərzi olmalıdır. Bizim çox zəngin dəyərlərimiz olduğuna görə, onları qorumalıyıq. Dünyada, cəmiyyətdə elə yazılmayan qanunlar var ki, onları pozmaq olmaz. Onlar elə qanunlardır ki, onları pozanda çox pis nəticələri olur. Ədəb-ərkanla, mənəviyyatla, əxlaqla, insanlıqla bağlı çox böyük yazılmamış qanunlarımız var. Bütün bunlar bizim genimizdə, fitrətimizdə və xilqətimizdə cəmləşib. Onları qorumaq çox vacib əhəmiyyət kəsb edir. Bunları bir millət, xalq kimi qorumasaq, varlığımızı, kimliyimizi getdikcə itirə bilərik. Telekanallarda gedən şit verilişlər gəncləri elmdən, maarifdən uzaq salır. Şəxsiyyət, yetişən gənclik düşünməlidir ki, nəyə can atır və ona nə lazımdır. Deməyim odur ki, çox ciddi proses gedir. Bütün dünyada ağıl uğrunda, insanların şüuru uğrunda mübarizə gedir".

Nəzərə almaq lazımdır ki, əxlaqi böhran daha şiddətli bir bəladır. Bəs bu böhranların əsil səbəbləri nə olub? Səbələrdən biri maddi baxışların hakim olmasıdır ki,  Qərb ölkələrində əxlaqi böhranların əsil səbəbi ona qayıdır. Bu isə ölkələrdə uzun zaman maddi baxış və etiqadlar hakim olmuşdur. Darvin nəzəriyyəsi Qərb əqidəsinin əsasını təşkil etmişdir. Bu nəzəriyyəyə əsasən, insan maddi dəyişikliklərin məhsuludur. Onu yaradan Allah deyil, təbiət olmuşdur. Yəni, insan - təkamül etmiş qədim heyvan növlərindən biridir. Ona görə də Qərb ölkələrinin cəmiyyətləri insani dəyərləri kənara qoyub heyvani istəklərə üz tutdular. Onlar səma kitablarını inkar edib, yaradılışın hikmətini inkar etdilər: "Qərb ölkələrində əxlaqi böhrana səbəb olan amillərdən biri də cinsi azadlıqdır. Bu amilin özü də Darvin nəzəriyyəsindən mənbə alır. İnsan maddi bir varlıq olduğu üçün həm əxlaqi və həm də cinsi cəhətdən azad buraxılır. Nəticədə ailələr dağılır və ailə qurmaq istəyi cəmiyyətdə azalır. Əxlaqi və dini dəyərləri görməməzliyə vurmaq mövzusu da əxlaqi böhrana səbəb olan amillərdəndir. Qərb ölkələri katolik dini tərəfindən çox sayda əzab və əziyyət gördüyü üçün ona qarşı nəzəri mənfidir. Həqiqi dini tanıdanların sayı çox az olduğu üçün və dindən insanları əldə saxlayan bir silah kimi istifadə edildiyi üçün, din onların nəzərində dəyərsizdir. Bu səbəbdən də həqiqi dinin söylədiyi əxlaqi meyarlar da onlar üçün əhəmiyyətsizdir. Əxlaqi böhranlar, öz ardınca dağıdıcı bəlalar gətirər. Ona görə də hər bir müsəlmanın vəzifəsidir ki, cəmiyyətdə olan əxlaqsızlıqlara göz yummasın və onlarla mübarizə aparsın. Öz imanını gücləndirərək və mənəviyyatını artıraraq bu bəla ilə qarşı-qarşıya gələ bilsin. Əgər bu sahədə məsuliyyət hiss etməsək sonumuz acınacaqlı olacaq. Qərb əxlaqı katolik xristianların xristianlıqla heç bir əlaqəsi olmayan ifrat sərbəst, bütün problem və qayğılardan azad və heç bir tabu, günah tanımayan həyat və yaşam tərzidir. Amma bu əsil xristianlıq əxlaqı deyil. Guya ki, əxlaq insanın daxili saflığına, düz əməllərinə, pak düşüncələrinə bağlı imiş deyə bəkarətsizliyin əxlaq saflığına dəlalət etmədiyini düşünmək müasir Qərbin ən mühüm bəlalarının və qəbahətinin açarı sayıla bilər. Sağlam, təmiz, pak bədəndə sağlam ruh ( düşüncə) formalaşar. Cismani əxlaqı təmiz olmayanın cinsi əxlaqı dürüst, dünyəvi nəfsi cilovlu və ailə təəssübkeşliyi güclü ola bilməz. Mühüm bayram günlərində, mövludlarda, nigah və dəfnlərdə kilsədə keçirilən ayinlər zamanı şam yandırmağı hələ tamam unutmamış toplumu heç düz-əməlli xristian da hesab etmək olmaz. Xristianlıq şam yandırmaqla ölçülərsə, onda atəşpərəstliyi də xristianlıq və ya əksinə adlandıra bilərik".

 

Zəka

 

Olaylar.- 2019.- 5-7 yanvar.- S.13.