İnsanları səsinin sehrinə salan müğənni

 

Hərə sənətə bir cür yolla gəlir, lakin hər kəs özünəməxsus yerişlə addımlayır həyatda. Kimi bu sənətin enişli-yoxuşlu məqamlarından usanır, sıradan çıxır, kimikamillik, məşhurluq zirvəsinədək yüksəlir.

 

Elə adamlar var ki, onlarla həmsöhbət olduqda ancaq pozitiv enerji alırsan. Respublikanın xalq artisti, "Şöhrət" ordenli Səkinə İsmayılova da hər zaman öz pozitivliyi ilə fərqlənir. Qətiyyətlə söyləyə bilərik ki, onu insanlara sevdirən üstünlüklərdən biri, belə olması və görüşməsidir. Bu məqalədə məqsədimiz Səkinə xanımı daha səmimi tanıtmaq, həyat və düşüncələrinin, dünyasının bəzi məqamlarını olduğu kimi çatdırmaqdır. Onu oxuculara geniş təqdim etməyə lüzum yoxdur. Xalq artisti Səkinə İsmayılovanı nəinki respublikamızda, vətənimizin hüdudlarından kənarda da yaxşı tanıyırlar. Beləliklə, Səkinə İsmayılovaya ilk sualımız.

- Səkinə xanım, necəsiniz?

- Şükür, ulu Yaradana. Xoş anlarımda da, pis günümdə də Allahıma sığınıram, onu yada salıram. Şükür onun böyüklüyünə... Allahım həmişə mənə yardım edib. İlk öncə əzizlərimə, yaxınlarıma və özümə can sağlığı arzulayıram. Zənnimcə, əsas odur ki, insan qəlbindən şeytanı çıxara bilsin. Ulu Tanrı əbəs yerə şeytanı yaratmayıb. Şeytan olmasa adamlar Allaha olan istəyini, inamını dərk edə bilməz.

- İstərdim ki, keçdiyiniz həyat yoluna qısaca da olsa nəzər salaq...

- Necə məsləhətdir. 1974-cü ildə Asəf Zeynallı adına Musiqi Məktəbini, 1990-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. 1988-ci ildə respublikanın əməkdar artisti, 1992-ci ildə xalq artisti fəxri adına layiq görülmüşəm.

Onu xüsusi vurğulamaq lazımdır ki, qavalla ifa edən ilk qadın ifaçısınız. Tamaşaçılar Sizi OperaBalet Teatrının səhnəsində muğam operalarında aparıcı partiyaların ifaçısı kimi tanıyır. Bu barədə söhbətləriniz maraqlı olardı...

- Əslində belədir. "Leyli və Məcnun"da Leyli, "Əsli və Kərəm"də Əsli, "Gəlin qayası"nda Gülbahar, "Aşıq Qərib"də Şahsənəm obrazlarını hörmətli tamaşaçılara təqdim etmişəm. Nə qədər uğur qazanmışamsa, onu tamaşaçılar deyə bilər.

- Səkinə xanım necə oldu ki, musiqini həyatının mənası, mahiyyəti bildi, ömrünü musiqiyə bağladı?

- Məlum olduğu kimi, Bakının "Sovetski" deyilən məhəlləsində dünyaya gəlmişəm. Həmin məhəllənin xüsusi abi-havası özünəməxsus mentaliteti var idi. Ailəm mənim müğənni olmağımı istəmirdi. Həmin məhəllədə Əbilov adına mədəniyyət evi yerləşirdi. Valideynlərim məni qarmon sinfinə yazdırdılar. Elə buradan da hər şey ecazkar musiqilərlə tanışlığım baş verdi. Muğamı mənə sevdirən bu musiqi məbədi oldu. Orta məktəbin 6-cı sinfində təhsil alarkən böyük pedaqoq, professor Vidadi Xəlilov səsimi dinləyib, qərar verdi. Mütləq bu sahəni davam etdirməlisən.

A.Zeynallı adına Orta İxtisas Musiqi məktəbində korifey sənətkar Nəriman Əliyevin sinfində təhsilimi davam etdirdim. Təhsil aldığım illərdə ustadımdan muğamın sirlərinə bələd oldum. Yeganə muğam məktəbi idi ki, tədris proqramına Seyid Şuşinskinin tərtib etdiyi muğamların əksəriyyəti daxil edilmişdi. Həmin illərdə opera səhnəsində çalışmağa başladım. Onu da qeyd edim ki, opera səhnəsi yeni səsləri, yeni ifaları gözləyirdi. İfam bəyənildi, böyük səhnəyə vəsiqə qazandım. Leyli obrazı mənə həvalə edildi. Hər biri yadda qalan görkəmli ustadlarla Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Alim Qasımov, Mənsuм İbrahimovla səhnəni paylaşdım. Fürsətdən istifadə edib, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm. Muğam onun sayəsində ali mərtəbəyə ucaltdı. Fond tərəfindən "Azərbaycan muğamı" multimedia məcmuəsi və "Muğam dünyası" kitabları nəşr olundu.

- Sizcə həyatı nəyə görə sevməyə dəyər?

- Həyatı bizə Allah bəxş edib. Biz kimik ki, onu sevməyək? Həyatımıza böyük məhəbbət və dəyərlə yanaşıb, onu qorumalıyıq. Çünki o Allahın bizə bəxş etdiyi əmanətdir. İnanın ki, özümdə bəyəndiyim ən gözəl xarakter, həmişə nəfsimə qalib gəlməyimdir. Heç vaxt Ulu Tanrıdan var-dövlət, pul-para arzulamamışam. Ətrafdakılara özümü göstərmək üçün yaşamamışam. Nə varsa ona qane olmuşam. Allahım da məni zaman-zaman mükafatlandırıb. Bu yerdə məşhur bir şeir yadıma düşür:

Şöhrətə yetirən bağı bar imiş,

Ən uca dağların başı qar imiş,

Yaxşı ki, dünyada yaxşı var imiş,

Yoxsa tərk olardıq yaman əlindən...

- Hansı xarici dövlətlərdə Vətənimizi təmsil etmisiniz?

- İran, Türkiyə, İraq, Səudiyyə Ərəbistanı, Vyetnam, Yaponiya, Hindistan, Avstriya, Almaniya, Hollandiya, İsveç, Fransa, Norveç, Danimarka, Macarıstan, Lüksemburq, ABŞ-da dəfələrlə tamaşaçı alqışları ilə qarşılaşmışıq. İlk dəfə olaraq 1991-ci ildə yaratdığım qadınlardan ibarət muğam üçlüyü ilə dünya ölkələrində konsert proqramı ilə çıxış etmişik.

- Pedaqoji fəaliyyətiniz. Tələbələrinizin uğurlu çıxışları  barədə söhbətiniz maraqlı olardı.

- Bildiyiniz kimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, professoru kimi fəaliyyətimi davam etdirirəm. İnanın ki, istedadlı tələbələrlə işləmək məndə necə xoş əhval-ruhiyyə yaradır. Bu təhsil ocağına istedadı olan, qabiliyyət imtahanından üzüağ çıxanlar daxil olur. Çox istedadlar səhnəyə buradan vəsiqə alır. Uzun illərdir ki, "Muğam müsabiqəsi"nin münsiflər heyətinin üzvüyəm. Həmin müsabiqədə tələbələrimin uğurlu çıxışları olur. Bunların içərisində müsabiqə qalibi, prezident mükafatçısı da var.

 

Şövkət Hüseynova,

H.B.Zərdabi mükafatı laureatı

 

Olaylar.- 2019.- 8 yanvar.- S.13.