Azərbaycanda turizm sektorunun inkişafı
üçün
lazım olan bütün strukturlar yaradılıb
Kənan Paşayev: Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı ölkə iqtisadiyyatının daha
güclü olmasına xidmət edir
Geridə buraxdığımız
ötən ildə Azərbaycan dünyanın geosiyasi xəritəsində
dəyişiklik edən ölkəyə çevrildi. Respublikamızın
bütün aspektlər üzrə
inkişafı nəticəsində bu gün beynəlxalq aləmdə uğurlu inkişaf yolu ilə gedən bir
ölkə kimi qəbul edilirik.
Qazanılan bu nüfuzda
ölkədə aparılan siyasi-iqtisadi
islahatların mühüm rolu
var. Güclü
iqtisadiyyatımız gənc, müstəqil
respublikamızı bu gün
dünyanın inkişaf etmiş
ölkələri arasında söz
sahibinə çevirən səbəblərdən biridir. Regionların inkişafı isə
ümumilikdə ölkə şaxələnmiş
iqtisadiyyatına müsbət təsir edir.
Qazanılan uğurlar isə ölkə vətəndaşlarının
rifah halını
yaxşılaşdırır. Bütün
bu inkişafın təməlində
ölkə prezidentinin apardığı
uzaqgörən, düşünülmüş
siyasət dayanır.
"Ulu öndərimiz Heydər Əliyevin yürütdüyü dahi siyasət nəticəsində bağlanan "Əsrin müqaviləsi" sayəsində Azərbaycana xarici investisiyalar qoyuldu. Artan enerji gəlirlərini qeyri-neft sektoruna yönəldərək digər sahələrin inkişafını təmin etmək Azərbaycan dövlətinin qarşısında duran ən mühüm vəzifələrdən birinə çevrildi. Ölkəmizdə bazar iqtisadiyyatı prinsiplərinin tam bərqərar olunması, xarici investisiyaların qeyri-neft sektoruna, xüsusəndə regionların inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik proleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması məsələləri Prezident İlham Əliyevin son 15 ildə yürütdüyü iqtisadi siyasətin prioritet istiqamətləri oldu. Ümumiyyətlə, bu vaxtadək ölkədə regionların sosial-iqtisadi inişafına dair 2004-2008, 2009-2013, 2014-2018-ci illəri əhatə edən üç Dövlət Proqramı yerinə yetirilib. Təkcə 2004-2015-ci illər ərzində regionların inkişafına 27 milyard manat vəsait ayrıldı və dövlət investisiyaları bölgələrin sosial-iqtisadi inkişafı üçün əsas təkan rolunu oynadı".
Bu fikirləri Olaylar.az-a Tətbiqi Politologiya Mərkəzinin eksperti Kənan Paşayev deyib.
O bildirib ki, regionların sosial-iqtisadi inkişafında əsas özül kənd təsərrüfatıdır: "Ölkəmizin əlverişli iqlimi və torpaqları sitrus meyvələrindən alışılmış meyvələrə qədər geniş çeşidli məhsullar istehsal etməyə imkan verir. Azərbaycan kənd təsərrüfatı mallarının qiyməti ölkəmizdə kifayət qədər ucuz olsa da qonşu ölkələrdə və Avropada kifayət qədər baha qiymətə satılır. Təkcə Göyçay narının bir dənəsinin qiyməti Hollandiyada 8-10 dollar arasında dəyişir. Və kənd təsərrüfatı mallarının xaricə çıxarılması hər il dövlət büdcəsinə milyonlarla dollar gəlir gəlməsi deməkdir. Regionların inkişafı bölgələrdə yaşayan əhali qədər Bakı şəhəri üçündə çox önəmlidir. Bu gün Azərbaycanda fəaliyyətdə olan iş yerlərinin böyük əksəriyyəti Bakı şəhəri və ətraf bölgələrdə yerləşir. Bu səbəbdən də regionlardan Bakıya iş üçün gələnlərin sayı kifayət qədər çoxdur. Düşünürəm ki, bölgələrdə yeni fabrik və zavodlar açılarsa həm Bakıdakı sıxlıq azalar, həm də işsizlik faizi aşağı düşər. Bundan əlavə ötən illərdə baş verən devalvasiyalar nəticəsində ölkəmizdə malların əksəriyyətinin satış qiyməti dəfələrlə yüksəldi. Səbəb Azərbaycanın satış bazarındaki malların böyük əksəriyyətini xarici malların təşkil etməsi idi. Əgər malların əksəriyyəti yerli istehsal olsa xarici məzənnənin dəyərinin artması əhali arasında narahatlıq doğuracaq qədər ciddi hiss olunmaz. Bundan əlavə satış mallarının yerli istehsalat məhsulu olması həm də dövlət büdcəsinin xaricə axınının qarşısının alınması deməkdir, bu isə özlüyündə iqtisadiyyatımızın daha güclü olmasına təkan verir. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramı ölkə iqtisadiyyatının daha güclü olmasına xidmət edir. Bu həm də əhalinin rifahının daha da yaxşılaşması üçün önəmlidir.
Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir
Ekspert qeyd edib ki, güclü iqtisadiyyat həm də güclü turizm deməkdir. Ölkəmizdə son illərdə turizm sektorunun inkişafını təmin etmək üçün müxtəlif işlər görülür: "Azərbaycanda turizm sektorunun inkişafı üçün lazım olan bütün strukturlar yaradılıb. Ölkəmizdə turizm sektorunun inkişafı Prezident İlham Əliyevin adı ilə bağlıdır. Dövlət başçısının səyləri nəticəsində Azərbaycan bu gün turizm sahəsində dünyanın qabaqcıl ölkələrindən birinə çevrilib. Ölkəmizdə turizm sahəsinin inkişafı üçün qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə "Turizm haqqında" yeni qanun layihəsi, həmçinin 2016-2025-ci illər üçün Azərbaycanda turizmin inkişaf strategiyası hazırlanıb. Azərbaycan Turizm Assosiasiyası, Konqreslər Bürosu, Sağlamlıq və Termal Turizm Assosiasiyası, Yaşıl Kənd Turizm Assosiasiyası və digər turizm qurumları ölkəmizdə turizmin inkişafında mühüm rol oynayır. Paytaxt Bakı da daxil olmaqla, ölkəmizin əksər regionlarında turizmin müxtəlif növlərini, o cümlədən biznes, istirahət, sağlamlıq, idman turizmini inkişaf etdirmək üçün hər cür imkan var. Respublikamızda turizmin perspektiv inkişaf strategiyasında da ölkənin bütün regionlarının bu sahədəki potensialından səmərəli şəkildə istifadə etmək nəzərdə tutulub. Bundan əlavə Azərbaycanda turizm sahəsində kadrların hazırlanmasına böyük önəm verilir. Dövlətin diqqəti və qayğısı sayəsində 2006-cı ildən Azərbaycan Turizm və Menecment Universiteti fəaliyyət göstərir. Bir sıra ali təhsil ocaqlarının müvafiq fakültələrində turizm kafedraları var. Bakı şəhərində Turizm Peşə Məktəbi, Qəbələ və İsmayıllı şəhərlərində Turizm Peşə Məktəbi və Liseyi, Mingəçevir şəhərində Turizm Kolleci fəaliyyət göstərir".
Ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir
K. Paşayev qeyd edib ki, regionların sosial-iqtisadi inişaf dövlət proqramı qeyri-neft sektorunun inkişafı üçün də əsas təkan rolunu oynayır: "Etiraf etmək lazımdır ki, bu gün dövlət büdcəmiz gəlirlərinin böyük bir qismini neft-qaz istehsalı sayəsində əldə edir. Ancaq proqnozlara görə Azərbaycan nefti 2050-ci ildə bitəcək. Bu səbəbdəndə qeyri-neft sektorunun inkişafı ölkəmiz üçün həyati önəm daşıyır.
Kənd təsərrüfatı, turizm, informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi Azərbaycanda qeyri-neft sektorunun inkişafında əsas prioritet sahələr hesab edilir. Beynəlxalq maliyyə institutları bu sahələr arasında kənd təsərrüfatı və turizmin əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, ölkənin məşğul əhalisinin 44 faizə yaxını məhz kənd təsərrüfatında çalışır. Bu səbəbdən ölkədə kənd təsərrüfatının inkişafına yönələn ardıcıl dövlət proqramları, islahatlar və yeni texnologiyaların cəlb edilməsi həyata keçirilməkdədir. Hazırda Azərbaycanda istehsal edilən qeyri-neft məhsulları, o cümlədən elektrik maşınları və avadanlıqları, onların hissələri, kimya sənayesi məhsulları, tikinti materialları, hazır toxuculuq məmulatları və s. müxtəlif bölgələrə ixrac edilir. İqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafına zəmin yaratmaq üçün ölkə prezidentinin sərəncamları və təsdiq etdiyi inkişaf proqramları əsasında kiçik və orta sahibkarlığın dəstəklənməsinə, bu fəaliyyətlə məşğul olanlara güzəştli dövlət kreditlərinin ayrılmasına, kənd təsərrüfatına subsidiyaların yönəldilməsinə, ölkə boyu nəqliyyat-kommunikasiya infrastrukturunun yenidən qurulmasına milyardlarla dollarlıq vəsait xərclənib".
Ekspert vurğulayıb ki, bütün bunlardan əlavə regionların sosial-iqtisadi inkişafını təmin etmək üçün yaxşı olardı ki, yerli özünü idarə orqanlarının. Yəni bələdiyyələrin səlahiyyətləri artırılsın: "Məsələn qardaş ölkə Türkiyə də belədir. Bələdiyyələr birbaşa əhali ilə ünsiyyətdə olan qurumlardır, müstəsna səlahiyyətlərə malikdirlər və regionların inkişafı bələdiyyələrin adı ilə bağlıdır. Bizdə isə vəziyyət tamam fərqlidir. Bütün bu işləri icra hakimiyyətləri görür və bələdiyyələr də onlardan asılıdır. İcra başçıları çox zaman əhalini qəbulunu təşkil etmir və bu da azmış kimi dövlət tərəfindən ayrılan vəsait icra orqanları tərəfindən korrupsiya edilir. Lakin bələdiyyələrin təşkili seçkili olduğu üçün hər zaman əhalinin rifahı və regionun inkişafına maraqlı olurlar. Düşünürəm ki, yeni qanun qəbul olunsa, bələdiyyələrə müstəqil və daha geniş səlahiyyətlər verilsə regionların sosial-iqtisadi inkişafı daha sürətli olar".
Aydın olduğu kimi Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dölət Proqramının uğurla icrası Azəbaycanın bütün sahələr üzrə kompleks şəklində inkişafını təmin etməklə yanaşı əhalinin rifah halını yaxşılaşdırır.
Olaylar.- 2019.- 9 yanvar.- S.15.