Azərbaycan qlobal nüfuzlu
tədbirlərin keçirildiyi
məkana çevrilib
Gövhər
Baxşəliyeva: " Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təminatında
böyük rol
oynayır"
Narahat dünyamızda bir
çox siyasi, ictimai, iqtisadi, hərbi
hadisələrlə, proseslərlə zəngin olmuş 2018-ci il artıq başa çatdı, tarixə qovuşdu. Bütün dünyanın qlobal kataklizmlərlə,
sarsıntılarla qarşılaşdığı ildə
ölkəmiz nəinki sabitliyi, əmin-amanlığı
qoruyub saxladı, həyatın bütün sahələrində irəliyə
doğru inamlı addımlar ataraq, bir çox
uğurlara nail oldu, inkişafının yeni
mərhələsinə qədəm qoydu.
Millət vəkili Gövhər Baxşəliyeva qeyd edib ki, daha bir ilə əlvida deyib, yeni ümidlər, yeni arzularla və yeni-müsbət gözləntilərlə 2019-cu ilə qədəm qoyduq. Artıq bir neçə gündür ki, yeni ilin ilk günlərini yaşayırıq. Bu il də ölkəmiz, xalqımız üçün bir çox mühüm hadisələrin yaşanacağı gözlənilir. Belə ki, 2011-ci ildən əməkdaşlıq etdiyimiz, üzvü olduğumuz, BMT-dən sonra dünyanın ikinci nüfuzlu beynəlxalq təşkilatı sayılan Qoşulmama Hərəkatının 18-ci Zirvə toplantısı ölkəmizdə keçiriləcək. Azərbaycan bu nüfuzlu qurumun möhtəşəm toplantısına yüksək səviyyədə evsahibliyi etməklə yanaşı, həm də 2019-2022-ci illərdə bu təşkilata sədrlik funksiyasını yerinə yetirəcək. Bu il, həmçinin, qlobal nüfuzlu tədbirlərin keçirildiyi məkana çevrilən Bakıda UNESCO Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası keçiriləcək. Eyni zamanda, bu il, sentyabr ayının 1-də Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan və ilk ali təhsil ocağımız, elm məbədgahımız sayılan Bakı Dövlət Universitetinin təsis olunmasının 100 yaşı tamam olur ki, bu istiqamətdə də yüksəksəviyyəli yubiley tədbirləri keçiriləcək, Azərbaycan təhsilinin və elminin keçdiyi şərəfli yola bir daha nəzər yetiriləcək. Bu il görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi də qeyd olunacaq ki, bununla da bağlı ötən ilin sonlarında Prezident İlham Əliyev tərəfindən sərəncam imzalanıb. İnanırıq ki, dahi şairimizin 650 illik yubileyi də onun adına layiq səviyyədə keçiriləcək. Dekabr ayında respublikamızda həmçinin növbəti bələdiyyə seçkiləri keçiriləcək ki, bu da 1999-cu ildən bu yana ölkəmizdə reallaşdırılan sayca 5-ci seçkilər olacaq. Azərbaycan bu seçkilərlə demokratik inkişafa doğru daha bir addım atacaq. Çünki demokratiya, demokratik inkişaf bizim öz könüllü seçimimizdir və biz bu istiqamətdə də addım atarkən bunu kimlərinsə diktəsi ilə deyil, özümüzün istəyimiz ilə edirik. Bu il Azərbaycan daha bir nüfuzlu idman yarışmasına - Avropa Gənclər Olimpiya Festivalına evsahibliyi edəcək. Festival iyul ayının 20-dən 28-dək keçiriləcək. 2015-ci ildə ilk Avropa Oyunlarına, 2017-ci ildə IV İslamiadaya uğurla evsahibliyi edən, özünü dünyanın idman ölkəsi kimi tanıdan məmləkətimiz olimpiya festivalını da layiqincə keçirməklə adını bir daha imzalar içində həkk edəcək, yazacaq.
Onun bildirdiyinə görə, ötən ilin yanvar ayında Prezidentin sərəncamı ilə 2018-ci il ölkəmizdə "Cümhuriyyət ili" elan olundu. Çünki ötən il şərəf və qürur tariximiz olan Şərqdə ilk demokratik respublika Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi idi: "Düzdür, bu dövlətin ömrü cəmi iki il çəkdi, 1920-ci ilin qara 28 aprel tarixində müstəqiliyimizin daxili və xarici əleyhdarlarının əli ilə Azərbaycan bolşeviklər tərəfindən işğal olundu, başqa dövlətin tərkibinə ilhaq edildi. Bununla belə, 23 aylıq cümhuriyyətimiz çox böyük və şərəfli yol keçdi, Azərbaycanın imzasını imzalar içində elə tanıtdırdı ki, onu yaddaşlardan silib atmaq mümkün olmadı. Və beləliklə də 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən xalqımız 2018-ci ildə AXC-nin 100 illiyini ən yüksək səviyyədə qeyd etdi. "Cümhuriyyət ili" əsnasında iyun ayının 26-da Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyi təntənəli şəkildə, möhtəşəm hərbi parad təşkil olunmaqla qeyd edildi. Azərbaycan Ordusunun 100 illiyinə ən böyük töhfə isə Naxçıvanın Günnüt kəndinin erməni işğalından azad edilməsi, Ermənistana 2016-cı ilin Aprel döyüşlərində olduğu kimi, böyük sarsıdıcı zərbə endirilməsi oldu. Belə ki, 1992-ci ildə Ermənistan silahlı birləşmələrinin işğal etdiyi Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər 26 ildən sonra Naxçıvan Əlahiddə Ümumqoşun Ordusu tərəfindən azad edildi. Bu əməliyyat nəticəsində ümumilikdə 11 min hektara yaxın ərazi düşməndən azad olundu. Hərbi paradda çıxışı zamanı Ali Baş Komandan bu tarixi hadisəyə toxunaraq, "Aprel qələbələri, Naxçıvan qələbələri bir daha ordumuzun, xalqımızın vətənpərvərlik ruhunu möhkəmləndirir, bir daha Azərbaycan xalqını əmin edir ki, o, tam arxayın ola bilər, Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir və buna hazırdır" deyə vurğuladı". Bundan başqa, ötən il sentyabr ayının 15-də Bakı şəhərinin Qafqaz İslam Ordusu tərəfindən işğaldan azad edilməsinin 100 illiyi Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakı ilə yüksək səviyyədə qeyd olundu. Həmin gün Bakıda möhtəşəm parad təşkil edilməklə bir daha Azərbaycanın dünyaya nə qədər güclü və qüdrətli dövlət olduğu nümayiş etdirildi, həmçinin Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyi, sarsılmazlığı növbəti dəfə bəyan edildi. Bunu hər iki ölkənin liderləri də öz çıxışlarında dilə gətirdilər. Sentyabr ayının 21-də isə "Cümhuriyyət İli" çərçivəsində müsəlman-Şərq aləmində ilk dəfə yaradılan parlamentin - AXC Parlamentinin 100 illiyi Milli Məclisin (MM) xüsusi və təntənəli iclası ilə qeyd olundu. Bu tədbirlərdə 50-yə yaxın ölkənin, həmçinin nüfuzlu beynəlxalq təşkilatların parlament nümayəndə heyətləri iştirak etdi.
Millət vəkili qeyd edib ki, 2018-ci ilin ən yaddaqalan və tarixi hadisələrindən biri də 11 aprel prezident seçkiləridir. Alternativ əsaslarla və demokratik seçki mühitində keçirilən seçkilərdə qədirbilən Azərbaycan xalqı yenə öz müdrik seçimini etdi, ölkə Prezidenti İlham Əliyevə səs verərərk etimad göstərməklə onu yenidən növbəti 7 il müddətinə rəhbər seçdi: "Azərbaycan seçicilərinin tam mütləq əksəriyyəti - 3 milyon 397 min 664 nəfəri, yəni 86,03 faizi İlham Əliyevə səs verdi. Bundan cəmi bir hətfə sonra, aprel ayının 18-də dövlət başçısı Milli Məclisdə təşkil edilən andiçmə mərasimi ilə özünün yeni prezidentlik mərhələsinə qədəm qoydu. Mərasimdə çıxışında bir daha ona göstərilən yüksək etimada görə Azərbaycan xalqına dərin təşəkkürünü bildirən dövlət başçısı dedi: "Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və vətənə ləyaqətlə xidmət edəcəyəm". Həmçinin prezident seçkilərinin Azərbaycan xalqının iradəsini əks etdirdiyini vurğulayan ölkə rəhbəri "Azərbaycan xalqı görülən işlərə yüksək qiymət vermişdir, görülən işlərə səs vermişdir. İnkişafa, tərəqqiyə, təhlükəsizliyə, gələcək inkişafımıza səs vermişdir. Seçkilər ədalətli və şəffaf şəkildə keçirilmişdir. Seçkilərdən əvvəl yerli və beynəlxalq təşkilatlar tərəfindən keçirilmiş rəy sorğuları, seçkilər günü yenə də beynəlxalq və yerli təşkilatlar tərəfindən keçirilmiş "exit-poll"lar seçkilərin rəsmi nəticələri ilə üst-üstə düşür. Bu, bir daha onu göstərir ki, seçkilər xalqımızın iradəsini, onun fikirlərini əks etdirir" deyə sözlərinə əlavə etdi. Prezident seçkilərindən və andiçmə mərasimindən çox qısa müddət sonra dövlət başçısı özünün konstitusion səlahiyyətlərindən istifadə edərək hökuməti, Nazirlər Kabinetini buraxdı. Eyni zamanda yeni hökumətin formalaşdırılması istiqamətində addımlar ataraq yeni baş nazirin namizədliyinin təsdiqlənməsi ilə bağlı Milli Məclisə təqdimat göndərdi. Daha sonra yeni hökumətin tərkibi müəyyənləşdirildi".
G.Baxşəliyeva bildirib ki, prezident seçkiləri və hökumətin tam tərkibdə formalaşdırılmasından bir qədər sonra nəinki bölgənin, bütövlükdə Avropanın və dünyanın enerji təhlükəsizliyinin təminatında böyük rol oynayacaq bir sıra uğurlara imza atıldı. Daha doğrusu, AXC-nin 100-cü ildönümünün səhərisi günü, may ayının 29-da Səngəçal terminalında Azərbaycan Prezidentinin iştirakı ilə "Cənub qaz dəhlizi"nin tarixi rəsmi açılış mərasimi keçirildi və bununla da Azərbaycanın dünyanın enerji təhlükəsizliyi təminatında böyük rolu bir daha təsbit olundu. Bundan cəmi 14 gün sonra, iyun ayının 12-də Türkiyənin Əskişəhər şəhərində bir neçə dövlət başçısının iştirakı ilə "ikinci qan damarı" adlandırlan TANAP-ın rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı cənab İlham Əliyev mərasimdəki nitqində bunu böyük tarixi hadisə adlandıraraq, "Türkiyənin gücü bizim gücümüzdür. Bu gün dünyada bir-birini bu qədər dəstəkləyən ölkə tapmaq çətindir. TANAP-ın istismara verilməsi Türkiyə-Azərbaycan qardaşlığının təzahürü, zəfəridir. Biz XXI əsrin enerji tarixini yazırıq. Bu, əməkdaşlıq, sabitlik layihəsidir. TANAP kimi nəhəng layihənin həyata keçirilməsi Türkiyə və Azərbaycan liderlərinin birgə siyasi iradəsi nəticəsində mümkün olub" deyə bəyan etdi, Azərbaycan-Türkiyə qardaşlığının dönməzliyinə bir daha xüsusi diqqət çəkdi: "Bu tarixi hadisənin üstündən də cəmi iki ay keçəndən sonra, avqust ayının 12-də 1996-cı ildən davam edən 22 illik Xəzərin hüquqi statusu ilə bağlı danışıqlar müsbət sonluqla nəticələndi. Həmin gün, 2018-ci ilin 12 avqust tarixində Qazaxıstanın Aktau şəhərində 5 Xəzəryanı dövlət başçısının iştirakı ilə tarixi Aktau Konvensiyasına imza atıldı ki, bununla da Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi birdəfəlik həll edildi. Qeyd etmək lazımdır ki, Aktau anlaşması məhz Azərbaycan dövlətinin, dövlət başçısının yeritdiyi son dərəcədə təmkinli, səbirli, balanslaşdırılmış siyasət nəticəsində baş tutdu və Azərbaycan bununla daha bir uğuruna imza atdı.Oktyabr ayının 19-da Azərbaycan-Türkiyə qardaşlığının növbəti nümunəsi olaraq birgə səylərlə reallaşdırlan və nəinki iki ölkənin iqtisadi inkişafına, bütövlükdə regionun inkişafına böyük töhfəsi olacaq "STAR" neft emalı zavodunun açılış mərasimi keçirildi. Mərasimdə hər iki ölkənin liderləri iştirak və çıxış etdi. Azərbaycan Prezidenti bildirdi ki, bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. "Biz "Star Rafineri"nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada "Star"ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq" deyən Azərbaycan Prezidentinin sözlərinə görə, bu, bir daha onu göstərdi ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var və bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır".
Alim
Ardı var
Olaylar.- 2019.- 10 yanvar.- S.4.