Nəsiminin yaradıcılığı milli-mənəvi

varlığımızın tərkib hissəsidir

 

Onun poeziyası Azərbaycan  ədəbi dilinin inkişafında mühüm bir mərhələdir

 

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi ili" elan edib. Ölkə başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Ölkə başçısı bununla bağlı rəsmi sərəncam da imzalayıb. Sərəncamda bildirilir ki, Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir:

"Şərq xalqlarının mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutan Nəsimi yaradıcılığı uzun illərdən bəri elmi-ədəbi fikrin diqqət mərkəzindədir. Şairin irsinin ölkəmizdə sistemli tədqiqi və təbliği ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyinin keçirildiyi vaxta təsadüf edir. Böyük söz ustasının 600 illiyinin YUNESKO-nun görkəmli şəxsiyyətlərin və əlàmətdàr hadisələrin yubileyləri siyahısına daxil edildiyi və beynəlxalq miqyasda qeyd olunduğu həmin dövrdən etibarən Nəsimi ilə bağlı çox sayda araşdırmalar aparılmışdır. Qüdrətli şairin yaradıcılığının üzə çıxarılan əlyazma nüsxələri əsasında öyrənilməsi Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqində yeni mərhələ açmışdır". Qeyd edək ki, altı əsr əvvəl yaşamış böyük şair İmadəddin Nəsiminin şeirləri yalnız möhtəşəm söz ustalığı nümunələri deyil, onlar məna qüvvəsi və kəsərli səmimiliyi ilə hər kəsi vücudun sirri qarşısında fikrə dalmağa, qəlbin ən dərin qatlarına seyr etməyə çağırır. Məhz bu kimi amillər nəzərə alınaraq Nəsiminin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq ölkə kitabxanalarına hədiyyə edilib.1979-cu ildə ölkəmizin paytaxtında Nəsiminin heykəli ucaldılıb. 2017-ci ilin may ayında Parisdə YUNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə ölkəmizdə ilk dəfə keçirilən "Nəsimi-şeir, incəsənət və mənəviyyat Festivalı" keçirilib.

Xatırladaq ki, Şərqin dahi mütəfəkkir və şairlərindən biri, dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış Nəsimi sufizmin əsasını təşkil edən hurufilik ideyalarının təbliğatçılarından biri olub. İslam mistisizm ideyaları Nəsimi yaradıcılığının qayəsini təşkil edir. Seyid Əli Seyid Məhəmməd oğlu İmaməddin Nəsimi 1369-cu ildə Şamaxıda anadan olmuşdur. Azərbaycan şairi, mütəfəkkir "İmaməddin Nəsimi" adı ilə məşhurdur. İlk təhsilini Şamaxıda almış, dövrün elmlərini, dinlərin tarixini, məntiq, riyaziyyat və astronomiyanı öyrənmişdir. 10-cu əsrdə Bağdadda dara çəkilmiş Həllac Mənsur Huseyninin sufi görüşlərini təbliğ edən Nəsimi ilk şerlərini "Hüseyni" təxəllüsü ilə yazmışdır. 14-cü əsrin sonlarında Azərbaycanda geniş yayılmış hürufi təşkilatları ilə əlaqə saxlamışdır. Hürufiliyin banisi Fəzlullah Nəiminin görüşlərini mənimsəyərək, bu təriqətin fikirlərini təbliğ edən şerlər yazmağa başlamış və bu vaxtdan etibarən Nəiminin təxəllüsü ilə həmahəng səslənən "Nəsimi" təxəllüsünü qəbul etmişdir.

1394-cü ildə Nəimi edam edildikdən sonra onun "Vəsiyyətnamə"sinə əsasən Nəsimi Təbrizə, oradan da Anadoluya (Türkiyə) getmiş, hürufilik fikirlərini yaydığı üçün dəfələrlə zindana salınmışdır. Ömrünün son illərini Hələbdə (Suriya) yaşamış, orada həbs olunmuş, "kafir", "dinsiz" elan edilərək Misir sultanının əmri və ruhanilərin fitvası ilə diri-diri dərisi soyulmuşdur. Nəsimi mürəkkəb yaradıcılıq yolu keçmişdir. Nəsimi lirik şairdir. Yaradıcılığa aşiqanə şerlərlə başlayan Nəsimi sonralar dövrün siyasi, ictimai, əxlaqi mövzularında əsərlər yazmış, Azərbaycan ədəbiyyatı tarixində ana dilində yaranan fəlsəfi qəzəlin banisi olmuşdur. O, həyat, cəmiyyət haqqında açıq deyilməsi qorxulu olan tənqidi fikirlərini aşiqanə misralarya təbiət təsvirləri içərisində söyləmişdir. Nəsiminin bədii yaradıcılığı Azərbaycan poeziyasının və ədəbi dilinin inkişafında mühüm bir mərhələdir. Nəsiminin yaradıcılığı dilçilik, xüsusilə Azərbaycan türkcəsinin tarixi inkişafını öyrənmək baxımından da müstəsna əhəmiyyətə malikdir. Nəsimi Azərbaycan şerinin şəkli xüsusiyyətlərinin təkmilləşməsində çox mühüm rol oynamış, əruz vəzninin bəhrlərini Azərbaycan dilinin xüsusiyyətlərinə uyğunlaşdırmağa çalışmışdır. O, 3 dildə gözəl müləmmələr yazmışdır. Nəsimi Azərbaycan ədəbiyyatında ana dilində ilk dəfə müstəzad, mürəbbe və tərcibəndlər yazmışdır. Onun rübailəri, tüyuğları bədii quruluş və məzmunca oricinal və qiymətlidir. Rübailərində hürufiliyin müddəaları, şairin fəlsəfi görüşləri, Həyat və Kainat haqqında düşüncələri yığcam və məntiqi bir dildə ifadə olunmuşdur. Nəsiminin əsərləri hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik AsiyaSuriyada, eləcə də Orta Asiyadauyğurlar içərisində geniş şöhrət tapmışdı. Nəsiminin ana dilində yazdığı əsərlər Azərbaycan şerinin inkişafına, o cümlədən Şah İsmayıl Xətai, Füzuli, Vaqif kimi böyük sənətkarların yaradıcılığına qüvvətli təsir göstərmişdir.

Millət vəkili, Mlli Məclisin Mədəniyyət komitəsinin sədr müavini, filologiya elmləri doktoru  Jalə Əliyeva deyib ki, ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, "Nəsimi İli" elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Ona görə ki, dövlət başçısı tərəfindən 2019-cu ilin "Nəsimi İli" elan edilməsi təsadüfi deyil: "Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir". Onun sözlərinə görə, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi tamam olur.Ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Bu, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən "Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı" çərçivəsində baş tutub: "Ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır.O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib.Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri var.Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib.Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub.Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyniadlı gözəl bədii film çəkilib, həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük  mərkəzi rayonlarından biri uzun illərdir onun adını daşıyır. Bununla belə, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adınadır. Bütün bunlar onu bir daha sübut edir ki, Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti hər zaman diqqətdə olubbu gün elan edilən "Nəsimi İli" də bu diqqətin məntiqi davamıdır".

 

Nurlan

 

Olaylar.- 2019.- 15 yanvar.- S.13.