Göydən iki alma düşdü

 

... Elə ki, anam başlayırdı birinci cümləni deməyə, - biri var idi, biri yox idi... - sözünü  kəsirdim:

-Niyə ki, biri var, biri yox? Olmazmı ikisi də var olsun, ya da yox olsun?

Anam cavab verirdi:

-Nağıllarda bu cürdü: ya olur, ya da olmur.

 Mənim suallarım bitmirdi ki, bitmirdi. İsrarla tələb edirdim ki, anam "hər şey var idi" desin. O isə bezmirdi, usanmırdı, hər dəfə təmkinlə izah edirdi ki, nağıl dili belə olur. Amma mən də mən idim. Anam nağılı danışıb bitirənə qədər yüz dənə sual verirdim.  O, "göydən üç alma düşdü" cümləsini deyib nağılı bitirəndə də bir başqa "qiyamət" qoparırdım.

-Niyə alma düşür,  armud düşmür? - deyib hönkür-hönkür ağlayırdım. - Gözəl anam məni bağrına basırdı, gözümün yaşını silirdi,  yanaqlarımı ovuclarının içinə alırdı. Uzun-uzadı gözlərimə baxırdı, gülümsəyərək cavab verirdi:

-Yaxşı... göyçək qızım, ağlama. Bax göydən üç armud düşdü, hamısı da sənin olsun.

-Beş armud, - deyirdim (o biri qardaş-bacılarımı nəzərdə tuturdum).

...Sonralar anam söyləyirdi ki, nağıl danışanda ona verdiyim suallardan xoşhal olurmuş. Ona görə də hər sualımı həvəslə cavablandırırmış.

Mənim isə "biri var idi, biri yox idi" cümləsinə etirazım, "göydən düşən 3 alma"nı qəbul etməməyim həyatımda çox böyük rol oynadı, taleyimdə silinməz izlər buraxdı...

                                                     Uydurma

Beləcə, illərlə  uşaq ağlımla anamın nağıllarına etiraz etdim, irad tutdum - ta  o zamana qədər ki, məktəbə getdim, aşağı siniflərdə nağıl kitabları oxudum, bir az yuxarı siniflərdə uşaq ədəbiyyatını mütaliə etdim. Anladım ki, nağıl dünyası başqadı, real həyat başqadı. Nağıllarda uydurma var, yalan danışılır. Hətta  hərdən düşünürdüm ki, bəlkə biz yalan danışmağı, şirin yalanlarla  yaşamağı nağıllardan öyrənmişik?! Bəlkə olmayanları uydurub ortaya qoymağı uşaqlıqdan nağıllar zehnimizə hopdurub?! Məncə, bu, "bəlkə" yox, məhz belədi. Yəqin elə buna görə də birisinin söylədiklərinə inanmayanda "nağıl danışma" deyirik...

Bu söylədiklərim nağılların olmayan, uydurma tərəfləridi. Bir də var ki, nağılların tərbiyəvi təsiri, mənəvi qida rolunu oynaması. Nağıllar aləmi balaca uşağın real həyata daxil olması üçün bir qapıdır. Bu qapını uşağa göstərən onun valideynləridi. Həmin qapıdan içəri girən uşaq  nağıl dünyasında  gördüklərini bir ömür yaddaşına hopdurur, zehnində ölçüb-biçir. Və bu ölçü-biçi onun real dünya ilə təmas qurmasında körpü rolunu oynayır. Kiçik yaşlı uşaq nağıl qəhrəmanları ilə böyüyür, bəzən onu özünə ideal seçir. Onların düşüncə və duyğularında Cırtdan, Tıq-tıq xanım bir başqadır. Göyçək Fatma və Zoluşka isə daha fərqli meyllərin meydana çıxmasına səbəb olur. Nisbətən böyük yaşlı uşaqlar üçün isə nağıl qəhrəmanlarının həyat tərzi nümunə göstərilir. Xüsusilə də qəhrəmanlıq nağılları oğlan uşaqları üçün daha maraqlıdır. Bütün bunlar təbii ki, çox yaxşıdı. Xalq yaradıcılığı olan bu epik ədəbiyyat xalqın qan yaddaşında min illərdi yol gəlir. Və daha min illər də yol gedəcək...

Nağıllar insan cəmiyyətinin yarandığı gündən həmin cəmiyyətin inikası kimi özünü göstərib. İbtidai və orta əsrlərdə indiki kimi çap işləri yox idi, yaxud da asan  deyildi. Ona görə də şifahi ədəbiyyat nümunələri sürətlə yaranırdı. Bir  nəfər özündən nəsə uydurub danışır, dinləyənlər onu yaddaşında saxlayıb başqalarına söyləyirdilər. Beləcə dildən-dilə keçən həmin  əhvalat öz məzmun və formasını bəzən  dövrün tələbinə uyğun dəyişirdi. Bəzən də zamanla  ayaqlaşmayan hadisələr nağılçılar tərəfindən  çıxarılırdı.  Azərbaycan nağıllarında  dəyişməyən və çıxarılmayan  təkcə onun "biri varmış, biri yoxmuş"la  başlayıb, "göydən üç alma düşdü" ilə bitməsidi.

Azərbaycan xalqı minlərlə, milyonlarla nağıl, dastan,  bayatı, lay-lay yaradıb. Amma həmin nağılların birində də "Azərbaycan" sözü, yaxud da Azərbaycana aid olan hansısa bir məmləkətin adı çəkilməyib. Əsasən belə deyilir: "Biri var idi, biri yox idi uzaq (yaxın) məmləkətdə (kənddə) bir nəfər (bir padşah) yaşayırdı" ... Bəs, bu məmləkətin adı nədi, kənd hansı ölkənin ərazisində mövcud olub? Bu barədə heç bir nağılda  işarə belə yoxdu. Nağıl danışanın, onu uyduranın, yaxud sonradan yazıya köçürənin nədən ağlına gəlməyib ki,  bu məmləkətin adı Azərbaycan ərazisində mövcud olan yaşayış məskənlərindən  biri olsun. Halbuki Avropa, Rusiya nağıllarında hadisələrin cərəyan etdiyi ərazilərin adı qeyd olunur. Məsələn, bir çox nağıllarda adı çəkilən Laplandiya ərazisi Şimali Avropada yerləşən regiondu. Hətta avropalılara  görə Laplandiya Şaxta Babanın vətənidir. Rus nağıllarının əksəriyyətində "âåëèêèé Ðîññèÿ"  sözü söylənilir.

                                                          Qorxu

70 illik sovetlər dönəmində orta məktəb dərsliklərinə  və ali məktəb proqramlarına həmin cəmiyyətə xas olan şifahi ədəbiyyat nümunələri salındı. Həmin kitablardakı  nağıllarda əsasən zalım parşahlar, ağılsız  vəzirlər, iti zehinli nökərlər, açıq gözlü çobanların simasında  sinifli cəmiyyətin nöqsanları əks olunurdu. Möcüzə ilə dünyaya gələn uşaqlar nağıl qəhrəmanı olur və hansısa sehrli bir qüvvənin təsiri ilə böyüyəndə padşahlıq taxtına  yiyələnirlər. Bu motiv və süjet xətti təkcə Azərbaycan nağıllarında deyil, dünyanın bütün xalqlarında demək olar ki, eynidir. Hətta Misir nağıllarında sirli bir surətdə doğulan uşaqların  firon taxtında oturacaqları əvvəlcədən bildirilirdi.  Bu baxımdan Azərbaycan xalq yaradıcılığında xüsusi çəkisi olan  bəzi nağıllar sovetlər zamanı çox böyük tərbiyəvi təsir göstərirdi. Bəzi nağıllarda isə təmizliyi, dürüstlüyü, humanizm və xeyirxahlığı təbliğ etməkdən çox kişik yaşlı uşağa lazım olmayan bir məqama xüsusi yer verilib: "padşahın oğluna (qızına) 40 gün, 40 gecə toy edib gəlini gərdəyə saldılar... onlar 7 gün, 7 gecə gərdəkdən çıxmadılar". Kimsə nağıl danışanın yaxasından tutub soruşmayıb ki, balaca uşaq nə bilir gərdək nədi? 6-7 yaşlı uşağa bu cür intim məqamı anlatmağa gərək varmı?

Əksər nağıllarımızda padşahların ögey övladları, yaxud da  sıravi, kasıb ailələrdəki ögey analar qabardılıb. "Göyçək Fatma"nın ögey anası onu hər gün döyərək zülüm edir, ən ağır işləri gördürür, öz doğma qızını  Fatmadan çox sevir. Burada ailədaxili münaqişələrdə də ögeylik-doğmalıq arasındakı körpünün rolu ön plana çəkilib.  Məhz bu da  biz azərbaycanlılarda ögey analara qarşı xoş olmayan fikir formalaşdırıb.  Ögey ana bir yana, hətta onun tələbi ilə qızından imtina edən ataya da nifrət edirik. Nağılların ögey anasından "qidalanan"  nifrətmiz real həyatda öz bəhrəsini verir. Həyat yoldaşı öləndən sonra ikinci dəfə evlənən kişilərin bu hərəkətinə pis  baxırıq. Ailədəki övladlar ögey anaya qarşı  sanki, müharibə elan edirlər. Bəlkə də qadın çox yaxşıdır, amma bizim qan yaddaşımızda  ögey ana mənfi tip kimi assosiasiya olunub, ondan çıxa bilmirik. Nə yaxşı ki, "Ögey ana" filmi var. O, qəddarlaşmış və daşlaşmış qəlbləri bir qədər yumşaldır.

Bir çox nağıllarda qorxulu motiv üstünlük təşkil edir. "Cırtdan"dakı div, "Şəngülüm, Şüngülüm və Məngülüm"dəki canavar kiçik yaşlı uşaqlarda qorxu hissinin güclənməsinə təsir edir.  Fransız folklorunda yer alan "Qırmızıpapaq"  Azərbaycanda ən  çox yayılan nağıldı. Yazıçı Şarl Perronun qələmə aldığı bu nağılın sonunda canavarın nənəni yeməsi çox  dəhşətlidir. Valideynlər  uşaqlarına bu nağılı danışarkən bəzən sonluğu dəyişmək məcburiyyətində qalırlar. "Təpəgözün nağılı"ndakı Təpəgöz  elə təsvir olunub ki, balaca uşaq onu oxuyanda qorxulu hisslər keçirir, gecə vahimə içində yatır. Nağılın təsirindəm  dəhşətli yuxular görür. "Məlikməmməd" nağılındakı nəhəng div də çox heybətlidir. O, özünün yeraltı məkanında adam yeməklə qidalanır. Amma bu nağılda daha qorxulu olan qardaşın qardaşa olan nifrətidir.  Quyuya enən Məlikməmmədin ipini kəsən qardaşın bu hərəkəti təbii ki,  balaca uşağa çox pis təsir edir. Nə  yaxşı ki, bu nağıl son illərin dərsliyindən çıxarılıb. Bu tip nağılların adını çox çəkə bilərəm, məncə, gərək yoxdu.

                                           Ağ atlı oğlanlar

Amma bir nağılın adını isə xüsusi vurğulamaq istəyirəm:"Ağ atlı oğlan". Sevimli nağıl  qəhrəmanımız olan Ağ atlı oğlan haqsızlığa, ədalətsizliyə qarşı vuruşur. Lazımi anlarda ortaya çıxan  və ədaləti bərqərar etməyə çalışan bu qəhrəman, nədənsə, son illər dərsliklərdən çıxarılıb. Halbuki "ən çox hansı nağıl qəhrəmanını sevirsən?" sualının cavabında oğlanlar  həmişə Ağ atlı oğlanın adını çəkiblər. Qızlar isə nağıllardakı pərilər, dənizlər şahzadəsi və şah qızı olmaq istədiklərini bildiriblər.                                            

Bu gün Azərbaycanda Ağ atlı oğlanlar çoxdu. Canını vətən yolunda sipər edən şəhidlər, torpaqlar uğrunda vuruşan Milli Qəhrəmanlar, Qarabağ müharibəsinin veteranları dövrümüzün Ağ atlı oğlanlarıdı. Bu qəhrəmanlar haqqında  təəssüf ki, nağıllar yazılmır. Nağılı kim sevmir ki? Hər birimizin bir nağıl qəhrəmanı var. Dünənin  mistik dünyasından gələn nağıl qəhrəmanlarını bu günün gerçək qəhrəmanları ilə əvəzləmək lazımdı. Mübariz İbrahimovun  həyatı nağıl deyilmi? Ramil Səfərovun yad ölkədə keçirdiyi 8 illik məhbus taleyi hər bir yazar üçün fakt deyilmi?  Milli Qəhrəmanlar Yusif Mirzəyev, Vəzir Orucov, Ramiz Qənbərov, Etibar İsmayılov, Alı Mustafayev, Salatın Əsgərova, eləcə də 2016-cı ilin aprel döyüşlərinin  hər bir şəhidi bir nağıl  qəhrəmanıdı.

Nağıllar öyrədir, insanı xəyala dalmağa vadar edir. İmkan verir ki,  xəyallarımızda müəyyən bir əhvalat əks etdirək. Orada gözəl və ağıllı şahzadələr, əsəbi, amma ədalətli hökmdarlar, sadiq  dostlar kimi obrazlar yaradaq. Ən əsası isə  gerçək qəhrəmanı axrtarıb tapaq. Adlarını sadaladığım insanlar nağıllarda deyildiyi kimi xeyrin şərə qalib gəlməsi yolunda vuruşublar. Ona görə də nağıllların müasir  formasını yaratmağın vaxtıdı. Qədim folklorun müasir nümunələri zamanın tələblərinə uyğun danışılmalı, yazıya köçürülməlidi. Tarixi nağıllarımızı, məhəbbət dastanlarımızı yeniləməyin zamanı çatıb. Bu günün uşaqları balaca Cırtdanı qəbul etmirlər, onu böyütmək lazımdı. İndinin balacaları gündəlik hadisələri anlayacaq qədər ağıllıdırlar. İctimai-siyasi hadisələrin eybəcər tərəflərini başa düşəcək qədər gözüaçıqdırlar. Cırtdanın nənəsinin uşaqlara yağ yaxması verməsini rüşvət kimi dəyərləndirən uşaqlar tanıyıram. Bu,  həmin uşaqların gələcəyi üçün çox pis və çox təhlükəli məqamdı.

                                                   Borc

Bu gün  texnika əsridi, elmi tərəqqinin pik nöqtəsindəyik. Bəzən düşünmək olar ki, belə bir situasiyada nağıla nə gərək var? Amma bizim qan yaddaşımızda mistik nağıllar var. Azərbaycan xalqının qəhrəman keçmişi, yadellilərə qarşı mübarizəsi, mənəvi dünyası, fəlsəfi görüşləri bir çox nağıl vasitəsi ilə bu günə gəlib. Ona görə də günün nağılını yaratmaq bədii ədəbiyyatla məşğul olan SÖZ adamlarının, xüsusilə də uşaq yazıçılarının  borcudur. Onlar boyunlarındakı borcu ödəməlidirlər. O borcun yükünü o biri dünyaya aparmamalıdırlar. Son 30 ilin ictimai-siyasi hadisələri fonunda  nağıl yazmaq üçün istənilən qədər fakt tapmaq mümkündü.

İndi uşaq yazıçısı demək olar ki, yoxdu. Uşaq dünyası ilə bağlı uşaq nağılları, qəhrəmanlıq dastanları yazan yazıçı son dövrün Azərbaycan ədəbiyyatında sonuncu sırada olsa belə yer tuta bilməyib. Süleyman Sani Axundov, Abdulla Şaiq kimi uşaq yazıçılarının yazdığı nağıl-hekayələr  o dövrün hər bir oxucusunun  az qala əzbər bildiyi ədəbi nümunələrdi. Ağrıyaraq deyim ki, bu gün uşaq nağıllarına söykənərək uşaq ədəbiyyatı yaradan bir nəfər də olsa gənc yazarın  adını çəkə bilməyəcəm.

Son illər uşaq psixologiyası ilə bağlı ortaya çıxan problemlərdən biri də  nağıllardı. Ya valideyn övladına nağıl danışmır, ya da danışdığı primitiv nağıllar müasir dövrün uşağını qane etmir. Dünyanı uşaqlara körpəlikdən nağıl vasitəsi ilə tanıtmaq lazımdı. İndinin uşaqlarını fərqinə varmadan mistik nağılların yaratdığı psixoloji auraya salaraq həmin aləmdə formalaşdırmaq xoş nəticə vermir. Ona görə də müasir nağıllar yaradaraq yeni dəyərlər gətirmək, inkişaf edən  dünyanın rəngarənliyini nağıl çalarları ilə bəzəmək lazımdı. Həmin nağıllar uşaqların mütaliə zövqünü zənginləşdirəcək, dünyagörüşünü artıracaq, onların hər cür yeniliyə qarşı  hazırlığı prosesində daha savadlı və zəkalı böyüməsinə təkan verəcək.

Göydən 2 alma düşdü: biri mənim, biri də oxucunun...

 

Züleyxa NADİR

 

Olaylar.- 2019.- 15 yanvar.- S.11.