2019-cu ilinNəsimi ilielan

edilməsi çox əlamətdar hadisədir

 

Bu, böyük mütəfəkkirin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq

 

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda "Nəsimi İli" elan edib. Dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi İli" elan etdiyini deyib.

Milli Məclisin deputatı, AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva bildirib ki, Prezident İlham Əliyev tərəfindən 2019-cu ili ölkədə "Nəsimi ili" elan etməsi çox əlamətdar və təqdirəlayiq hadisədir. Ona görə ki, bu il bütün mütərəqqi bəşəriyyət tərəfindən dahi Azərbaycan şairi və mütəfəkkiri Seyid İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək. UNESCO çərçivəsində də bu il Nəsimi ili elan edilir: "Bizim üçün 2019-cu ilin "Nəsimi İli" elan edilməsi xüsusi əhəmiyyət kəsb edir. Nəsimi-böyük humanist şair, insanı ilahiləşdirən, onu ucaldan bənzərsiz şeirlərin müəllifi, Azərbaycan dilinin formalaşmasında müstəsna rol oynamış şairimizdir. Yaradıcılığının ideya-mövzu və bədii-estetik cəhətləri, bütövlükdə poetikası şairi orta əsrlərin ən qüdrətli söz və fikir sərrafları ilə bir cərgəyə qoyur. Şairin azad ruhu, cəsarəti, həqiqətpərəstliyi, qorxmazlığı, orta əsrlər qaraguruhunun bütün sahələrdə tüğyan etdiyi bir dövrdə nadanlığa, cəhalətə qarşı "ənə-l-həq" deyən insanın möhtəşəm üsyanı idi". Gövhər Baxşəliyeva qeyd edib ki, Nəsimi yaradıcılığı istibdada qarşı, sosial ədalətsizliyə qarşı, qəddarlığa qarşı, hər növ zülmə qarşı böyük etiraz idi. Onun şeirləri insan əqlini və gözəlliyini vəsf edərək, şəxsiyyəti hər növ qadağalardan azad edərək, fanatizm və mövhumata qarşı yönəlmişdi. Bir sözlə, Nəsimi yaradıcılığının əsas ideyası - azad ruhlu, hər növ məhrumiyyətlərə qalib gələ bilən, ədalətsizliklə barışmayan yeni insanın yetişməsinə xidmət edir ki, bu da müasirliyimizlə kifayət qədər möhkəm uzlaşır: "Düşünürəm ki, möhtərəm Prezidentimiz tərəfindən 2019-cu ilin "Nəsimi İli" elan edilməsi ölkəmizdə nəsimişünaslığın inkişafına böyük təkan verəcək, yeni-yeni kitab, monoqrafiya və sənət əsərlərinin yaranmasını stimullaşdıracaq. Bir də ki, Nəsimi yaradıcılığının mübarizliyi, haqqı bütün varlığı ilə müdafiə etməsi, nahaqqa qarşı son damla qanınacan vuruşması böyük, möhtəşəm örnək olaraq bütün xalqımıza, ilk növbədə, gənc nəslimizə öz müsbət təsirini göstərəcək. Bir də əlavə etmək istərdim ki, bu kimi qərar ölkəmizdə yüksək ideallara, mənəvi həyata, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür". Milli Məclisin deputatı, akademik Nizami Cəfərov deyib ki, dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycanda "Nəsimi ili" elan olunması orta əsrlərin ən qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına yeni baxışın ortaya qoyulması, bu görkəmli şəxsiyyətin irsinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük məna kəsb edir. N.Cəfərov bildirib ki, Azərbaycanda hər zaman dövlət rəhbərliyi səviyyəsində söz, ədəbiyyat adamlarına, böyük şəxsiyyətlərə, mütəfəkkirlərə, bu xalqın taleyində böyük rolu olmuş yaradıcı şəxslərə qarşı böyük qayğı və diqqət olub. Bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu il "Nəsimi ili" elan edilib. Onun sözlərinə görə, ölkə başçısının bu qərarı bütün xalqımız tərəfindən yüksək qiymətləndirir: "Azərbaycanın dahi şairi Nəsimi bu xalqın dərdlərinin, əzablarının şairi, haqq-ədalət çarcısı olub. Bütün əzab-əziyyətlərə, incidilmələrə, tərki-Vətən edilməsinə baxmayaraq, öz yazdıqlarının üstündən xətt çəkməyib, əqidəsindən dönməyib. Belə bir dahi şairin, böyük söz adamının xatirələrdə, hafizələrdə, yaddaşlarda yaşaması təbiidir. Azərbaycan, fars və ərəb dillərində çoxsaylı orijinal əsərlərin müəllifi olan Nəsiminin xüsusilə poeziya və ədəbi dilin inkişafında əvəzsiz xidmətləri olub. Nəsiminin yaradıcılığı dilçilik, eləcə də Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından böyük əhəmiyyətə malikdir". Millət vəkili Pərvin Kərimzadə bildirib ki, ölkə prezidenti İlham Əliyevin sərəncamları ilə illərin konkret məsələlərə həsr edilməsi artıq ənənə halını alıb. 2014-cü il sənaye ili, 2015-ci il kənd təsərrüfatı ili, 2016-cı il multikulturalizm ili, 2017-ci il islam həmrəyliyi ili, 2018-ci il Azərbaycan Xalq Cümhuriyyəti ili elan edilib. İl ərzində mövzu ilə bağlı çoxsaylı tədbirlər, toplantılar, konfranslar, forumlar həyata keçirilib, geniş müzakirələr aparılıb. 2019-cu ildə isə ilk dəfə olaraq il konkret məsələyə deyil, tarixi şəxsiyyətə həsr olunur. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq 2019-cu ili ölkəmizdə "Nəsimi İli" elan edib.Ölkə Başçısının bu addımı atması heç də təsadüfi deyil. "Multikulturalizm ili"ndə öz milli-mənəvi, tarixi dəyərlərini dünya ictimaiyyətinə çatdırmaq şansı əldə edən Azərbaycan "İslam həmrəyliyi ili"ndə həm İslam dünyasında, həm də bütün dünyada həmrəylik nümunəsinə çevrildi. "Azərbaycan Xalq Cümhuriyyəti İli"nin layiqincə qeyd edilməsi tariximizə, keçmişimizə böyük ehtiramın təcəssümü oldu. Xanım deputat bildirib ki, 2019-cu ilin "Nəsimi ili" elan edilməsi Azərbaycanın öz milli-mənəvi, tarixi dəyərlərinə, görkəmli şəxsiyyətlərinə, klassik ədəbiyyat irsinə yüksək qiymət verdiyini daha dir təzahürü oldu: "Şərq xalqlarının yaddaşında həqiqət naminə, fikir azadlığı yolunda qəhrəmanlığın rəmzi kimi əbədiləşən Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadının dünyaya tanıdılması baxımından ölkədə "Nəsimi ili" elan etməsi təqdirəlayiq hadisədir. Qüdrətli söz ustadı dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Mütəfəkkir şairin dərin poetik fikirləri, fəlsəfi görüşləri bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edən sənətkarın cəsarətli, həqiqətpərəstliyi, qorxmazlığı tərənnüm edən əsərləri 650 il sonra da öz aktuallığını qoruyub saxlayır, bəşəriyyətin mütərəqqi ideyaları, idealları ilə üst-üstə düşür. Ölkə Prezidenti İlham Əliyev 2019-cu ili "Nəsimi ili" elan etməsi mənəviyyatımıza, ədəbiyyatımıza olan böyük qayğı ilə yanaşı, azad ruhlu şairin dünyada məhz Azərbaycan şairi kimi tanınmasına böyük təkan olacaq".

 

Alim

 

Olaylar.- 2019.- 17 yanvar.- S.8.