“Ölkədə
mütləq kinofestival olmalıdır”
Olaylar.az az ötən il ölkəmizdə
keçirilən ilk beynəlxalq film festivalı olan IX START Beynəlxalq
Qısa Filmlər Festivalının təşkilatçısı,
prodüsser Fehruz Şamıyevlə olan müsahibəni təqdim
edir.
- Azərbaycanda ilk beynəlxalq
qısa film festivalı olan START -a dünya ölkələri
necə reaksiya verdi?
- Öncə
bildirim ki, "START" Beynəlxalq Qısa Filmlər
Festivalı uzun illərdir festivalsız qalan şəhərimiz,
ölkəmiz üçün bir hadisə idi. Bizdən
öncə də Bakıda beynəlxalq festivallar olub, bizdən
sonra da olacaq. Dostlardan biri açılış mərasimindən
sonra məni təbrik edəndə belə bir fikir söylədi:
"Azərbaycanda heç bir festival 9- cu dəfə
keçirilməyib. Bu Festivalı bura gətirib
çıxarmısınızsa böyük işdir".
Onun fikirlərindən sonra bir anlıq
düşündüm ki, doğrudan da ölkəmizdə
heç bir kino festival uzunmüddətli olmayıb. Elə START Beynəlxalq Qısa Filmlər Festivalı
da hələ 10 yaşına çatmayıb. Və bütün bu baş verənlər heç də
yaxşı hal deyil. Ölkədə
mütləq kinofestival olmalıdır. Biz
mahiyyətcə kino ölkəsi olmasaq da bizim müəyyən
filmlərimiz olub. Arif Babayevimiz, Həsən Seyidbəylimiz,
Hüseyn Seyidzadəmiz, Vaqif Mustafayemiz olub və var.
"Şərq-Qərb", "Audiovizual" festival
keçirilib və deməli müəyyən ənənə
olub. Bu yaxınlarda uzun illər Mədəniyyət
Nazirliyinin kino şöbəsində
çalışmış ssenarist-redaktor Yusif Şeyxov sosial
şəbəkədə 1988- ci ildə Bakıda keçirilən
Ümumittifaq Film Festivalının nişanını
paylaşmışdı. Yaşlı nəslin
nümayəndələri o statusun altından uzun müzakirə
və xatirələrlə dolu fikirlər
yazmışdılar. Dediyim kimi bu ənənə
olub, sadəcə müstəqil Azərbaycan kinosunda bu ənənə
davam etmədi. Düşünürəm
ki, milli kinematoqrafiyanın inkişafına mane olan səbəblərdən
biri də festivalların olmamasıdır.
Festival təkcə nümayiş yox, həm də
müsabiqədir, stimuldur, kino bayramıdır. Və
festivalların olmaması kinematoqrafçılar arasında
soyuqluğa gətirib çıxaran amildir. Uzağa getməyək elə qonşu ölkələrdə
keçirilən festivallara diqqət edək. Bizdən kiçik olan Gürcüstanda 8 film
festivalı keçirilir. O festivallara xarici- əsasən
də Avropa fondlarının nümayəndələri gəlir,
gürcü gənclər də durmadan onlarla işləyirlər.
START Film Festivalı ola bilər ki büdcə
baxımından onlarla müqayisə oluna bilməz, amma 8- ci
festivalda "AsiaPacific" mükafatının qalibi, Avropa və
Amerikada mükafatlar almış Təhminə Milani münsiflər
heyətindəydi, bundan başqa polşalı film
istehsalçısı Julia Kolberger, sonuncu festivalda
Almaniyanın "Bühnerfilm" şirkətinin direktoru
münsiflər heyətindəydi. "Bühnerfilm"
şirkətinin rəhbərlərindən biri dünyanın
ən böyük qısametrajlı film festivallarından olan
Oberhauzen festivalının proqram direktorudur. Amma təəssüf ki, bizim
kinematoqrafçıların əksəriyyəti, xüsusən
də gənclərimiz bu imkanlardan istifadə etmir və
heç bu haqda demək olar ki düşünmürlər.
Buna görə bir nəfər də olsa festival çərçivəsində
Tobias Bühnerə yaxınlaşıb hansısa layihəsini
təklif etmədi, onunla həmsöhbət olmadı....
Avropa fondlarının demək olar ki, 80 faizi hər
hansı kino layihəyə dəstək verəndə birinci
növbədə Avropadan olan şirkətlə müştərək
olmasını tələb edir. Biz anlamalıyıq
ki, Avropa birbaşa bizə etibar edib vəsait ayırmayacaq.
Çalışmaq lazımdır ki, Avropadan
olan bir prodüser kinolayihəmizə qoşulsun. Bundan sonra onlardan vəsait almaq mümkün olacaq.
Son illər istehsal olunan və beynəlxalq
festivallara çıxan kinolayihələrin demək olar ki
hamısında belədir.
Bundan başqa münsiflər heyətində dünyaca məşhur
ssenarist -rejissor Kambuziya Portavi də vardı. Ayaz Salayev biləndə
ki, o festivalın münsiflər heyətində olacaq, bizdən
soruşdu ki onu bura gəlməyə necə razı
salmısınız. Bildiyim qədəriylə
Azərbaycandan onunla birlikdə ssenari işləmək istəyənlər
olub. Amma Portavi müəyyən səbəblərdən
razı olmayıb. İndi təsəvvür edin çəkdiyi
filmlə Berlin Festivalında mükafat alan,
dünyaca məşhur "Peyğəmbər" filminin
ssenari müəlliflərindən biri Bakıda START Film
Festivalında münsiflər heyətindədir.
- Bu il
keçirilən IX START Beynəlxalq Qısa Filmlər
Festivalı digərlərindən nə ilə fərqlənirdi?
-
Yuxarıda söylədiyim imkanlar builki festivalın
üstünlüklərindən idi: münsiflər heyətinə
daha mötəbər kinematoqrafçıların dəvəti
və daha çox xarici rejissorların festivalda
iştirakı. Bu il festivalın
coğrafiyası gözlənildiyindən çox genişlənmişdi.
Almaniya, Fransa, İtaliya, Yunanıstan və digər ölkələrdən
olan qonaqlar və filmləri festivalın proqramını daha rəngarəng
edirdi. Bizim festivalın məqsədi azərbaycanlı
gənci dünyaya bir addım da
yaxınlaşdırmaqdır, dünyanın müxtəlif
ölkələrindən gələn rejissorlarla yerli
rejissorların ünsiyyət qurması, fikir mübadiləsini
təşkil etməkdir. Düşünürəm
ki, biz buna nail olduq. Bir məsələni də
qeyd edim ki, festivala dəvət olunan qonaqların hamısı
ən azından iki beynəlxalq festivalda mükafat
almış müəlliflər idi.
Bundan başqa ötən illərlə müqayisədə
festival daha böyük, daha səsküylü idi. 45 ölkədən
490 filmin bizim festivala göndərilməsi böyük
göstəricidir. Almaniyanın,
Fransanın film yayımı ilə məşğul olan
şirkətləriylə işbirliyimiz oldu. Avropa, Asiyadan başqa hətta okeanın o
tayından, Amerikadan, Kanadadan, Kolumbiyadan filmlər göndərilmişdi.
Bir neçə filmlər vardı ki, onlar
dünyanın ən qocaman və prestijli festivallarından olan
Venesiya, Berlin festivallarının proqramında iştirak
etmişdi. Bu göstəricilər
bizimçün qürurvericidir. 490 film arasından biz
100 filmi proqrama daxil etmişdik. Bu saya görə
festivalın builki sloqanı "100 eşitməkdənsə,
100 film görmək yaxşıdır" idi. Düşünürəm ki, Azərbaycan kinosunda
çoxdandır olmayan FESTİVAL mədəniyyətini təqdim
edə bildik. Necə deyərlər, biz
imkanlarımız daxilində bacardığımızı
etdik.
- Festivalın gələcək illərdə
də davamlı olması üçün nələr
düşünürsünüz?
-
Festivalın növbəti illərdə keçirilməsi
üçün festival başa çatan gündən işlər
aparırıq. Bir az qəribə gələ
bilər, hətta mən deyərdim ki, elə festival
keçirildiyi günlərdə növbəti festival
üçün işlər görülürdü, planlar
hazırlanırdı. Qarşımıza
çıxan hər bir problemi gördükcə komanda üzvləri
mənə bildirirdilər ki, növbəti festivalda bunu
başqa cür etmək lazımdır və s. Yəni biz,
növbəti festival üçün qeydlərimizi indidən
aparırıq. Düşünürəm
ki, növbəti festivalda da müxtəlif sürprizlərimiz
olacaq. Builki festivalın xarici
iştirakçıları, münsiflər heyəti ilə də
gələcək festivallarla bağlı müzakirələrimiz
oldu.
Növbəti
il festivalda daha maraqlı proqramların
reallaşacağına çalışacağıq. Bu il elə oldu ki, nəzərdə tutduğumuz
proqramı həyata keçirə bilmədik. Bununla
belə yenə də fərqli bir layihəni
reallaşdırdıq.
- Festival zamanı Cəfər Pənahinin
"Üç üz" filminin premyerası təşkil
olunmuşdu. Filmi necə əldə etdiniz və
niyə məhz bu film?
-
Bildiyiniz kimi, Cəfər Pənahinin "Üç
üz" filmi bu ilki Kann festivalında "Ən
yaxşı ssenari" mükafatını
qazanmışdı. Filmdə hadisələr Cənubi
Azərbaycan ərazisində baş verir. Filmin
demək olar ki, 50 faizi məhz Azərbaycan dilindədir. Cəfər Pənahi Cənubi Azərbaycanlıdır.
Azərbaycan dilində də danışır.
Mən onunla Berlin Festivalında baş mükafat aldığı "Ofsayt"
filminin Bakıdakı nümayişindən sonra
görüşmüşdüm. Pənahinin
mövzuya xüsusi yanaşması mənim üçün də
maraqlıydı. Açığını deyim ki, filmdəki
hadisələrin Cənubi Azərbaycanda baş verməsi, filmin dilinin məhz bizim dildə olması
festival çərçivəsində məhz bu filmi
nümayiş etdirməyimizə ciddi təkan oldu. Filmin
ssenarisi ilə çəkilişlər bitmədən öncə
tanış idim. Biz Pənahiylə
əlaqə saxladıq, amma o bildirdi ki, filmin Azərbaycanda
yayımı Rusiya şirkətinə məxsusdur. Buna görə də biz Rusiya şirkəti ilə əlaqə
saxladıq. Onlarla razılığa gəlib
nümayişi təşkil etdik.
Dünyanın
ən prestijli film festivalında mükafat alan
filmin Bakıda START Beynəlxalq Qısa Filmlər Festivalı
çərçivəsində nümayiş olunması fəxr
ediləsi hadisədir. Həm filmi Bakı
tamaşaçısı izləmiş oldu, həm də
festivalın nüfuzunu artıran bir hadisəydi. Maddi
baxımdan uduzsaq da azərbaycanlı tamaşaçıya
"Üç üz" filmini nümayiş etdirmək
ciddi iş idi. Düşünürəm ki,
növbəti festivallarda bu tip xüsusi premyeraları həyata
keçirməkdə davam edəcəyik.
- Film tamaşaçıların diqqətini
nə dərəcədə cəlb etdi? Eləcə
də festivalda nümayiş olunan 100 filmin izlənmə səviyyəsi
necə idi?
- Pənahinin
"Üç üz" filmiylə bağlı onu deyə
bilərəm ki, filmin reklamını sosial şəbəkədə
aparmışdıq. Ciddi filmi sevən insanlar,
festival filmlərinə marağı olanlar nümayişdə
var idi. Qeyd edim ki, film "CinemaPlus" Gənclik
Mall kinoteatrında iki zalda eyni vaxtda nümayiş olunurdu. Filmin bəyənilib-
bəyənilməməsi barədə
tamaşaçıların adından danışa bilmərəm,
amma nümayişə gələnlər bizə bu işə
görə təşəkkür edirdilər. Çox insan həm sosial şəbəkədə,
həm də üzbəsurət öz təşəkkürlərini
bildirdilər. Reaksiyalardan belə görmək
olardı ki, Azərbaycan tamaşaçısı festival filmlərinə
acdır. Sadəcə onlara bunu təklif
etmək lazımdır.
Festivalın müsabiqə bölümündəki filmlərə
gəldikdə isə deyə bilərəm ki, onlar Nizami və
Cinemaplus kinoteatrında bir zalda nümayiş olunurdu. Hər gün
saat 12- dən 16.00 a kimi nümayişlər davam edirdi. Mənə verilən məlumata görə hər
gün 40-100 nəfər arasında
tamaşaçıların sayı dəyişilirdi. Filmlərin
nümayişi ödənişsiz idi. Müxtəlif
təşkilat üzvləri qrup halında filmləri izləməyə
gəlirdilər.
Mədəniyyət və İncəsənət
Universitetindən tələbələr nümayişlərdə
iştirak edirdi. Amma hamısı yox. Ayaz Salayevlə
festival barədə müzakirə apararkən qeyd etdi ki, kino
sahəsində təhsil alan hər bir tələbə
burada olmalı, filmləri izləməlidir. Festivaldakı
filmlər, müzakirələr elə dərs vəsaitidir.
Bundan istifadə etmək lazımdır.
Düşünürəm ki, uzun zamandır festival əhvalı
yaşamayan gənclərimiz birdən- birə Beynəlxalq
Film Festivalını həzm edə bilmədilər. Təsəvvür
edin xaricdən 20 mütəxəssis və
iştirakçı gəlib amma azərbaycanlı gənclər
onlarla yetərincə münasibət qura bilmirdi. Bunun birinci səbəbi dil biliklərinin olmaması,
ikincisi beynəlxalq festival təcrübəsinin olmaması
idi. Bu iki amil yerli
kinematoqrafçıların festivalda aktiv iştirakına mane
olurdu. Doğrudur, biz filmlərin
hamısını Azərbaycan dilində altyazı ilə
nümayiş etdirirdik, amma bununla belə gənclərin
netvorkinq problemi yaşadığını açıq
görmək olardı.
Məncə, növbəti festivalda bu problemi gənclər
aradan qaldıracaq. Əlavə
edim ki, növbəti festival 10- cu olacaq. Yəni
yubiley Festivalında çoxlu yeniliklər etməyi
düşünürük. Ola bilər ki,
rebrendiq olsun, 10-cu festival yeni formatda keçirilsin.
Biz istəklərimizi həyata keçiririk, istəyirik
ki, Vaqif, Məmməd, Elməddin- yəni azərbaycanlı
dünyaya çıxsın, necə deyərlər, Biləcəridən
o taya adlamağın yollarını öyrənsin. Məqsədimiz
gənc kinematoqrafçılara beynəlxalq kino bazarına
çıxmağın yollarını göstərməkdir.
Kim istəyir öyrənir, kim istəyir
öyrənmir, məcburi deyil. Amma biz əlbəttə ki,
kino təhsili alan, içində kino
sevgisi gəzdirən, əlinə kamera alıb film çəkən
hər bir gəncin festivalımızdan maksimum dərəcədə
yararlanmasının tərəfdarıyıq.
Nigar Adil
Olaylar.- 2019.- 17
yanvar.- S.14.