Ulu Ziyarət dağının səngərləri...
Qarabağ
dağlıq sililəsinin Ziyarət
dağının (2478 m) ətəklərində yerləşən
Şuşa və Qaryagin qəzalarının indiki
Cəbrayıl rayonunun bir sıra yaşayış məntəqələri
sırasında Xələfli, Məlikli,
Sirik, Yuxarı Məzrə, Məzrə (sonuncu kəndlər
arasında 30 km məsafə olmuşdur)... kəndlərinə
əsasən qonşuluqdakı
Xocavənd nahiyəsinin haylar
yaşayan
Daşbaşı, Zamzur, Hərəkül, Cilan,
Mülküdərə... kəndlərindən edilən
hücumlar 1918-1920-ci illərdə
daha qanlı və faciəvi olmuşdur.
Hücumlara yerli quldur hay dəstələrinin təşkilatlanmasında kilsə-daşnak birliyi əsasında o dövrdə bölgədə fəaliyyət göstərən A.Ozanyanın, D.Kanayanın (2-ci Erməni könüllülər dəstəsi) və mərkəzi Tiflis şəhərində yerləşən Qafqaz canişinliyinin yerli məmurlarının (Şuşa polis idarəsinin rəisi Avetis Ter-Qukasyanın 300 silahlısı, hay keşişi Vaqanın 400 silahlı quldur dəstəsi var idi) böyük rolu olmuşdur. Bu dəstələr həm Laçın-Qubadlı, həm də Cəbrayıl-Qaryagin nahiyələrinin kəndlərinə ardıcıl qanlı basqınlar yaratmışlar. Ona görə də qəzanın şimalında yerləşən müsəlman-türk kəndlərinin coğrafi müvqeyi həm də bu hücumların qarşısının alınmasında təbii səngər rolu oynamışdır. Nahiyənin Şuşa qəzasının daşnak hayları tərəfindən basqınlara məruz qalan obalarından biri də Yuxarı Məzrə kəndi idi ki, qəza mərkəzindən 20 km aralıda, hay quldurlarının cəmləşdiyi Hərəkül (daşnak haylar əsasən bu kənddə cəmləşib, orada 70-80 ev olub) kəndinidən 2-3 km aralı idi. Bu kənd yüksək dağlıq və meşəlik əhatəsində olsa da düşmən hücumlarına həmişə, eləcə də 1905-1907-ci (bu illərdə Zəngəzur qəzasında daşnak hay hücumlarından xilas olaraq canını qurtaranlar əsasən Arazboyu obalarda, eləcə də Cəbrayıl nahiyəsinin Mərcanlı və Daşkəsən kəndlərində məskunlaşmışlar) və 1915-1916-cı illərdə də tuş gəlmiş, dinc sakinlərinin itkisi və maddi sərvətlərinin yağmalanması ilə barışmalı olmuşdur. O vaxtlar bu obada 35-40 ev var idi. Onlar da bir neçə məhəlləyə ayrılmışdı: Abdal məhəlləsi, "Dərənin ağzı", "Məhərrəm qaşı", Alağay ... Əhali əsasən heyvandarlıqla məşğul olub. Bu səbəbdən kənd sakini Səfəralı Gülməmməd oğlu (1873-1918) kəndin ətrafında qoyun otardığı yerdə quldurlar tərəfindən qətlə yetirlmiş, sürüsünü də aparmışlar.
Təsərrüfat-istehsalat dövrlərində isə bu kənd əvvəlcə S.Ağamalıoğlu adına, sonra isə "Kommintern" adına kolxoz kimi fəaliyyət göstərib. Təsərrüfatın tərəkəmələri Laçın rayonu ərazisindəki "Dəvəboynu" yaylağına köç edərlərmiş, oradan Naxçıvan MR-nın Şahbuz rayonunun Kolanı kəndi görünərmiş. Bu yaylağın yaxınlığında qaçaq Nəbinin kahası vardı (uzunluğu 10 m, eni 5 m, hündürlüyü 2 m), ondan 50 m aralıda bulaq olub, qabağında at saxlamaq üçün tala vardı. Kahada istifadə edilən daş alətlər və ocaq yeri (oxlov, dördayaq, sac...) qalırdı, keçən əsrin 60-70-ci illərinədək. Yuxarı Məzrə kəndindən bu yaylağadək 200 km-dək məsafə olardı. 1953-1954-cü illərdə bu yayalaq haylara verildi, ətrafındakı kəndlərin əhalisi isə Muğan düzünə, Biləsuvar rayonu ərazisinə zorla köçürülmüşdür.
Yaşlı sakinlərdən Cəbrayıl Dəryazqulu oğlunun (1890-1968) bildirdiyinə görə Qarabağın dağlıq hissəsində yuvalanmış hay quldurları daha çox Daşbaşı kəndində də silahlı qərargah yaratmış və bu ərazidən basqınlarını planlaşdırmışlar. Hücumların qarşısı yerli qüvvələr tərəfindən təbii səngərlərdə alınsa da, əhalinin sığındığı yerlər isə kəndətrafı mağara və küyüllər olmuşdur. Daşbaşı kəndi (1918-ci ildə bu kənddə 45-50 "tüstü" çıxıb) ilə Yuxarı Məzrə arasında 500-600 metrlik məsafə vardı ki, onlarda həmin illərdə səngər kimi ayrı-ayrı hissələrə bölünmüşdü: "Narlıq dərə", "Orta burun", "Yovşanlı burun" (bu yerdə haylar terras formasında tut bağı salmışdılar, bulaq vardı)... Kənddən Zamzura gedən yolun altında, kənd qəbirsatanlığının yaxınlığında "Gurmuslu yeri" də cavaş meydanı olub.
Kənd sakini Zülfüqar Rəhim oğlu Məmmədovun (1870-1956) söylədiyinə görə bu yer 1918-ci il döyüşlərində Osmanlı Türkiyəsinin şəhid olmuş döyüşçüsü Gur-Mustafanın şərəfinə belə adlanıb, təsadüfi deyil ki, ora həmişə müqəddəs ocaq kimi el arasında ziyarət edilmişdir.
Silahlı daşnak-hay quldurlarlarının Yuxarı Məzrə kəndinə 1918-1920-ci illərdə edilən hücumların qarşısı ən çox kəndin cənubunda, 1-2 km aralıda dağlıq ərazidə olan "Qara güzey" adlı yerdə (ondan sonra "Sinax dərəsi" gəlir) alınıb (bu müdafiədə kəndin cavanlarını səfərbər edən Abbas Molla Məhəmməd oğlu (1855-1929) olub). Həmin təbii səngər meşə ilə örtülüdür, əsasən Cilan kəndindən (Cilan dağının arxasından) edilən basqınlar burada durdurulub.
Kəndin günbatanında yerləşən (10 hektarlıq sahədə qoz ağacları yayılıb ) "Qozlar dərəsi" daha çox Mülküdərə kəndi tərəfindən edilən hücumları zamanı səngərə çevrilib.
Təbii səngərlərdən biri də kəndin gündoğanında (500 metr aralıda) yer tutan "Şahnabat düzü" on hektar sahəni əhatə edir, taxıl əkini yeri olub. Bu hissədə döyüşən yerli müqvimət dəstəsinin üzvləri sırasında İsmayıl Abbas oğlu (1898-1943), Xanlar Həsən oğlu (1894-1964), Tumas Yazqulu oğlu (1894-1966) və qardaşı Cəbrayıl (1867-1952)... düşmənə layiqli cavab verə bilmişlər.
Hərəkül kəndinin (eləcə də digərlərinin) hay-daşnakları sonrakı illərdə yenə də düşmənçiliklərini unutmamış, yeri düşdükcə sadə, zəhmətkeş insanları qətlə yetirməkdən çəkinməmişlər.
Yuxarı Məzrə kənd sakini İsa Qurban oğlu 1947-ci ildə söhbət edirdi ki, 20-ci illərin sonunda Hərəkül kəndinin su dəyirmanında (Zamzur çayından ayrılan qolun üzərində tikilmişdir) un üyüdən həmkəndlimizi hay dəyirmançı ağır işkəncə ilə öldürmüşdü, gedib intiqamı ala bildim. Hay quldurlarının sığındığı Daşbaşı kəndindən də Yuxarı Məzrə kəndinə basqınlar edilib. Quldurların mövqeyi isə bu kənddə (45-50 ev) üstün olub, çünki onlar dağın qaşında, dinc sakinklər isə dağın ətəyində yaşayıb.
Keçən əsrin 40-50-ci illərində bu kənddə daha çox MƏR-dan, Suriyadan, Livandan, İraqdan köçürülmüş hay-daşnak ailələrinin sürətlə məskunlaşması aparılıb.
O ağır müharibə illərində və qanlı-qadalı günlərdə Yuxarı Məzrə kəndinin dinc sakinlərinin müdafiəsində Zəngəzur qəzasının Qubadlı nahiyəsinin Başarat kəndinin Əliyanlı tayfasının silahlıları, Cəbrayıl qəzasının Sirik kəndinin el qaçaqlarının rolu böyük olmuşdur. 1920-ci illərdə Azərbaycan Müvəqqəti İnqilab Komitəsinin tərkibində Əliyanlı qaçaqlarının zərərsizləşdirilməsi məqsədilə bölgədə hərbi-siyasi əməliyyatlar keçirən M.C.Bağırov (1879-1956) Hacı Qasım Çələbinin xahişi ilə Sirik qaçaqlarına qarşı barışdırıcı mövqe sərgiləmişdir. Bu igidlər Şuşa qəzasının və Hadrut kəndlərinin daşnak silahlılarının Məzrə, Süleymanlı, Quşçu, Qışlaq, Güzdək, Şahvəlli, Balyand... kəndlərinə etdikləri qanlı qırğınların qarşısının alınmasında yerli müqavimət dəstələrinə böyük köməklik göstərmişlər. Sirik kəndinin adət-ənənəsi, sakinlərinin danışıq ləhcələri özünəməxsus və fərqli xüsusiyyətli diqqətçəkəndir. Kəndin təbii səngərləri (Ayı bulağı, Xortum yalı, Ayı meşəsi...) ətrafındakı Ziyarət dağının dərin çay dərələri (Sirik çayı) və qaya mağaraları olmuşdur. Geniş dərələr (məhəllələri özündə birləşdirən) Havüstü kəndindən başlayıb Baş Sirik kəndinədək 8-10 km-lik məsafədə uzanır. Məhəllələrindən Mənsimli, Niftalılar, Mirmənsimli, Şıxlar... adları çəkilir. Sirik kəndinin qaçaqları əsasən kəndətra fı qalın meşəliklərdə yerləşmişlər. Bu kəndə də daxil hay quldurlarını 5-ci Qafqaz İslam Ordusunun döyüşçüləri çıxara bilmişlər, ən ağır döyüşlər kəndin "Ayı bulağı" deyilən hissəsində olub.
1918-1919-cu illərdə Cəbrayıl nahiyəsinin Yuxarı Məzrə, Balyand, Süleymanlı, Qaracallı... kəndlərinə daşnak haylar hücum etdikdə (5-ci Qafqaz islam Ordusunun Azərbaycan Milli Ordusu tərkibində olan hissələri bu ərazilərə gələnə kimi) onların qarşısını alanlardan bir dəstə də Dağ Xələfli kəndinin sakinləri olub, Hərəkül quldurlarına qarşı açıq səngər döyüşləri aparıblar.
Bir cəhəti də qeyd etmək vacibdir ki, qəzada olduğu kimi, nahiyənin də bütün kəndlərində düşmənə müqavimət göstərn yerli dəstələrin silahları əsasən adi dəyənəkdən, yabadan, dəhrədən, baltadan ... istifadə olunmuşdur.
(Yazının hazırlanmasında Cəbrayıl rayonu, Yuxarı Məzrə kənd sakini Xanoğlan Təhməz oğlu Əliyevin (1935) məlumatlarından istifadə edilib.)
Qismət Yunusoğlu,
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2019.- 23 yanvar.- S.10.