Nəsimi yaradıcılığı Azərbaycan

dilinin məna imkanlarını əks etdirir

 

Onun çoxsaylı əsərləri yeni-yeni tədqiqatların obyekti olacaq

 

Bəşəri hikmət xəzinəsinə böyük töhvələr vermiş mütəfəkkir, şair İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmişdir. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərmişdir. Nəsiminin dünya poeziyasına verdiyi töhvəni nəzərə alan prezident İlham Əliyev onun 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Artıq dövlət başçısının dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamının icrası təmin edilməkdədir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutundan bildirilib ki, 2019-cu ilin "Nəsimi" ili elan olunması olduqca əlamətdar və təqdirəlayiq bir hadisədir. Bu, ölkə rəhbərliyinin elm, mədəniyyət və incəsənət xadimlərinə, dilimizə ədəbiyyatımıza verdi böyük dəyərin ən bariz nümunəsidir. Məlum olduğu kimi bu il böyük Azərbaycan şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyidir. Şair  1369-cu ildə anadan olub. İmadəddin Nəsimi 3 dildə əsərlər yazıb, amma ona dünya şöhrəti gətirən ana dilində yazdığı şeirləridir. Nəsimi Azərbaycan ədəbiyyatında fəlsəfi şeirin, fəlsəfi qəzəlin əsasını qoyub. Onun ən böyük xidmətlərindən biri Azərbaycan milli ədəbi dilini zənginləşdirməsi olub. Onun dilini bugünkü oxucu da rahat başa düşür. İnstitutun direktoru Möhsün Nağısoylu bildirilib ki, müvafiq sərəncamdan sonra Dilçilik İnstitutu Nəsiminin bütün şeirlərinin sözlüyünü, yəni lüğətini hazırlamağa başlayıb: "Əvvəlcə biz elektron lüğət hazırlamağı düşünürük. Gələcəkdə isə kitab şəklində çap olunacaq. Nəsiminin haqqında ayrıca araşdırmalar toplusu nəşr etdirmək istəyirik. Nizami adına Ədəbiyyat institutu ilə bir yerdə "Nəsiminin söz dünyası, poetik dili, ədəbi irsi" adlı beynəlxalq konfrans keçirilməsi düşünürük. Konfransda həm ədəbiyyat, həm də dil məsələləri işıqlandırılacaq. Bu Nəsiminin təbliğinə böyük tövhə olacaq. Həmçinin institutda ədəbi dil tarixi şöbəsinin yanında "Nəsimi dil araşdırmaları qrupu" yaradılması nəzərdə tutulub: "Bu qrup Nəsiminin dilini hərtərəfli araşdıracaq. Həmçinin, İmadəddin Nəsiminin əsərlərinin yeni akademik nəşrinə ehtiyac var. Akademik nəşrlə birgə elmi-tənqidi mətnini də hazırlamaq olar". Qeyd edək ki, dövlət başçısının sözügedən sərəncamı ölkə ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Milli Məclisin deputatı Dilarə Cəbrayılova deyib ki, prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi ili" elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın ən yüksək göstəricisidir. Bu Sərəncam həmçinin Azərbaycan mədəniyyətinin, zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir". D.Cəbrayılova bildirib ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar ilk olaraq məhz Ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Onun sözlərinə görə, Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd olunub: "Azərbaycan poetik dilinin inkişafına böyük təsiri olan, hürufiliyin aparıcı simalarından biri, əvəzsiz şair İmadəddin Nəsimi öz yaradıcılığı ilə mübarizliyi, sülhü, tolerantlığı və multikulturalizmi təbliğ edib. İmadəddin Nəsiminin bədii yaradıcılığının Azərbaycan dilinin tarixi inkişafının öyrənilməsində, Azərbaycan şeirinin və ümumiyyətlə, türk ədəbiyyatının təkmilləşməsində müstəsna rolu var. Mütəfəkkir şair qüdrətli söz ustaları Şah İsmayıl Xətai, Füzuli, Vaqif və başqalarının yaradıcılığına böyük təsir göstərib. Prezident İlham Əliyevin 2019-cu ilin "Nəsimi ili" elan edilməsi barədə tarixi Sərəncamının əhəmiyyəti birondan ibarətdir ki, orada dahi şairin yaradıcılığının bütün üfüqlərinə işıq salınıb. Hesab edirəm ki,  bundan sonra Nəsiminin bir çox cəhətdən zəngin dili yeni-yeni tədqiqatların obyekti olacaq". Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib ki, bu ilin Prezident İlham Əliyev tərəfindən "Nəsimi İli" elan olunması sadəcə ölməz şair və mütəfəkkirimizin deyil, bütövlükdə Azərbaycan mədəniyyətinin, onun əsas elementləri olan dilimizin, ədəbiyyatımızın və mənəviyyatımızın əbədiləşdirilməsinə xidmət edir. M.İsmayılov bildirib ki, Ulu öndər Heydər Əliyevin xalqımızın milli, mənəvi və mədəni irsinin inkişafı sahəsindəki fəaliyyət istiqamətləri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, dövlət başçısının təşəbbüsü ilə şairin bütün əsərləri latın qrafikası ilə yenidən nəşr olunub, 2017-ci ilin may ayında Parisdə UNESCO-nun mənzil qərargahında Nəsiminin vəfatının 600 illiyi qeyd edilib, 2018-ci ilin sentyabr ayında ölkəmizdə ilk dəfə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalı keçirilib: "Fondumuz tərəfindən "Nəsimi ili" çərçivəsində tədbirlər planı hazırlanır və bu plana əsasən xüsusilə də gənclər arasında daim qəlblərdə yaşayan müdrik filosofumuzun ölməz ideyalarının təbliğinə xüsusi diqqət yetirəcəyik". Xatırladaq ki, Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır. Məhz ulu öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuşdur. Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.

 

Nurlan

 

Olaylar.- 2019.- 31 yanvar.- S.11.