YUNUS OĞUZUN “ƏMİR TEYMUR”
ROMANINDA HÖKMDAR OBRAZI
e.garagozova.bsu@gmail.com
Açar
sözlər: roman, tarix, siyasət, türk, hökmdar
Tarixdə şəxsiyyətin rolu, insan faktoru tarixi romanların əsas mövzularından biridir. "Tarixi romanda əsas məsələ böyük tarixi hadisələrin təsviri deyil, həmin hadisələrdə iştirak edən insanların obrazının yaradılmasıdır. Bu o deməkdir ki, biz həmin tarixi reallığa mənsub insanların davranışını, düşüncə tərzini şərtləndirən sosial və insani motivləri anlamalıyıq." [2, s.44]
Ədəbiyyatda tarixi şəxsiyyət - hökmdar obrazının müxtəlif rakurslardan işıqlandırılması tendensiyası izlənilir. Azərbaycan ədəbiyyatında geniş işlənən Əmir Teymur obrazının yaradılması prosesində də zaman-zaman müxtəlif meyllər, istiqamətlər özünü göstərmişdir. Əksər bədii əsərlərdə "işğalçı hökmdar" obrazında təsvir olunan Əmir Teymur Yunus Oğuzun iki hissədən ibarət "Əmir Teymur" romanında (I kitab - "Əmir Teymur: Zirvəyə doğru", II kitab - "Əmir Teymur: Dünyanın hakimi") "ümumtürk xaqanı" kimi təqdim edilir. Romanın məhz "Əmir Teymur" adlanması da təsadüfi deyil: "Planetlərin Xoşbəxt Düzülüşünün Hökmdarı (doğulanda ulduzların uyğun düzülüşünü göstərən titul), Dünya Fatehi, Əsrin İmperatoru, Yeddi İqlimin Məğlubedilməz Sərkərdəsi. Lakin bütün bu titulların fövqündə dayanan bir ad - Allahın Qamçısı, Teymur adı ona daha çox yaraşırdı".[1, s.9] Romanın proloqunun sonundakı incə bir nüans - Əmir Teymurun qulağına gələn qurd səsi ilə reallıqda eşitdiyi azan səsinin paralelləşdirilməsi də onun türk-islam dünyasının böyük fatehi olduğuna işarədir. Əmir Teymur islam dininə mənsub olmaqla yanaşı öz türk kökünü də yaddan çıxarmır. Hökmdar dini inanclardan həm də ordunu qələbəyə ruhlandırmaq, öz fateh obrazına əsgərlərdə şüuraltı, psixoloji inam yaratmaq üçün məharətlə istifadə edir: "Sabah sübh tezdən Böyük Əmir yürüşə başlayacaq. Bu axşam o dədə-baba qaydasına uyğun olaraq sonuncu ayini, şaman dualarını həyata keçirəcəkdi. Əmir Teymur qatı islamçı olsa da yürüş qabağı bütün öncəgörənləri həmişə başına yığar, çox zaman isə onları özü ilə döyüşə aparardı. Dualar islamda da vardı və mömünün ən yaxşı silahı hesab olunurdu. Hökmdar öz yuxularına da çox üstünlük verər və onlara istinad edərdi. Bununla yanaşı qədim türk adətlərindən irəli gələn ayinləri də yerinə yetirərdi. O, həm də öz əsgərlərinə bütün dinlərin və yozmaların onun tərəfində olduğunu, ona xeyir-dua verdiyini göstərmək istəyirdi. Bu öz uğurlu təsirini göstərir, ən azı əsgərin qələbəyə inamını artırırdı." [3, s.53]
Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazının əsas cizgilərindən biri hökmdarın şəyird məqamında təsviridir. Romanda biz yalnız hökmdar Teymurla deyil, həm də Seyid Bərkənin istedadlı şəyirdi Teymurla tanış oluruq. Məhz bu nüansla müəllif ustada hörmətin önəmini göstərir, ustadının nəsihətlərini hər şeydən üstün tutan Əmir Teymurun hakimiyyətinin, qələbələrinin əsasında məhz elmin, biliyin dayandığını, qılıncla qələmin vəhdətinin qələbənin təminatçısı olduğunu vurğulayır. Əmir Teymur Sultaniyyədə olarkən nəvəsi Uluqbəylə sufi məclisində olur, nəvəsinə bu məclisdə eşidib-gördüklərini yadda saxlamasını, gələcəkdə bunun ona çox lazım olacağını söyləyir. Nəvəsi Uluqbəylə, eləcə də oğlu Şahruxla söhbətlərində Əmir Teymur oxucu qarşısına bir hökmdar kimi deyil, həm də bir müəllim, ustad kimi çıxır. O yalnız öyrənən deyil, həm də öyrədəndir. Yunus Oğuzun Əmir Teymurunun xarakterik xüsusiyyəti onun daim gələcəyə can atan, yalnız indini deyil, gələcəyi düşünən, gələcək üçün irs qoymaq istəyən bir hökmdar, cahangir olmasıdır.
Yunus Oğuzun yaratdığı Əmir Teymur obrazı yalnız hökmdar kimi deyil insan kimi də oxucuda özünə qarşı rəğbət hissi oyadır. Əmir Teymur romanda həm də bir həyat yoldaşı, ata, baba, qayınata kimi təsvir edilir. Onun həyat yoldaşları ilə təmkinli davranışı, oğullarına qarşı sərt olduğu qədər də mehriban olması, nəvələrinə hədsiz məhəbbəti, gəlininə nəvazişkar, qayğıkeş münasibəti Əmir Teymuru bir insan kimi də oxucunun gözündə ucaldır. Qarabağda ordusu ilə birgə qışlayarkən sevimli nəvəsi Uluqbəylə birgə bir çobana qonaq olan Əmir Teymur çobanı sadəliyi ilə heyrətləndirir. O, böyük əmiri nəvəsi ilə əylənən, fərəhlənən baba obrazında görür, hökmdarın nəvəsinə qoyunlar barədə verdiyi məlumatlara təəcüblənir və bir anlıq qarşısındakını bir hökmdar kimi yox sadə bir insan kimi, doğma adam kimi qəbul edir. Romanın maraqlı obrazlarında biri olan tacir Ağbaba Sultan Bəyazidin qəbulunda Sultanın Teymurun necə bir insan olması haqqında verdiyi suala bu şəkildə cavab verir:
"Əmir Teymur ona tabe olmayanlara qarşı çox qəddardır. Tabe
olmadınsa, axırına çıxmayana qədər
rahatlıq tapmayacaq. Bu zaman onun
üzünü görməsən yaxşıdır. Hər yan dağılar, hər yan yandırılar.
Mərhəmətlidir, ona görə ki, əfv edə
bilir. Ən qatı düşmən də onun
qarşısında diz çökdükdə,
günahını boynuna aldıqda, səhvini etiraf etdikdə,
onu bağışlayır, var-dövləti əlindən
tamam almır.
Xəsisdir, ona görə ki, bir quruşunun da qədrini
bilir, hamısının hesabatını aparır. Boşuna para
xərcləməz. Özü istəməsə,
heç kimə heç nə verməz. Bütün
tutduğu yerlərin haqq-hesab dəftərini özü
yoxlayır.
Səxavətlidir, ona görə ki,
yığdığını müəyyən işlərə,
məscidlərin tikilməsinə, bəxşişlərin
verilməsinə xərcləyir.
Güclüdür, ona görə ki, məğlubedilməz
ordusu var. Onun ordusu onun yumruğu kimi bir şeydir. İstəyəndə
hamısını birdən yumur, hamısını birdən
açır. Orduda elə qaydalar qoyub ki, hətta
təzə gələn döyüşçü də onun əmrini
sözsüz yerinə yetirir-ölümə getmək olsa belə.
Gücü həm də onun
başındadır. Çıxılmaz vəziyyətlərdə
onun başı o qədər dəqiqliklə işləyir
ki, təəccüb etməyə bilmirsən.
Zəifdir, ona görə ki, o, təkdir. Məvrannəhrdə
onu əvəzləyəcək insan, başqa bir əmir
yoxdur. Yaxınlarına, ətrafına böyük
sevgisi var. Onların başına bir iş gələndə
üzülür, bir neçə gün özünə gələ
bilmir.
Nifrəti
böyükdür, ona görə ki, sevdiyi iş, onun
qoyduğu qaydalar pozulanda bağışlamır, hətta ən
yaxını olsa belə. Onun sevgisi ilə nifrəti
arasında ipək pərdə qədər məsafə
mövcuddur". [3, s.196]
Əsərdə Əmir Teymurun ədalət prinsiplərinə
sadiqliyi və qanunun aliliyinə xalqda inam yaratmaq
üçün atdığı addımlar onun hakimiyyətinin
əsasını, gücünün mənbəyini təşkil
edir. Səmərqənd bazarının
darğasının edamı zamanı bu özünü
aşkar şəkildə göstərir.
Yürüşə hazırlıq haqqında Səmərqənd
hakimi Davud bəydən məktub alan darğa tamahına məğlub
olur və döyüş üçün lazım olacaq
xammalı daha sonradan baha satmaq üçün tacirlərə
yürüş olmayacağını deyərək malları
ucuza alıb öz anbarına yığır, bazarda
süni qıtlıq və qiymət artımı yaradır.
Darğanın və köməkçisinin edam
edilməsi qərarını verən Əmir Teymur kiçik
siyasi nüansı da diqqətdən qaçırmır. Xalqın onun ədalətindən şübhəyə
düşərək yaxın adamı Davud bəyi
qoruduğunu, darğanın edamında zərrə qədər
də olsa haqsızlıq olduğunu düşünməsinə
yol verməmək üçün darğadan xəbərdarlıq
məktubu alıb-almadığını soruşur.
Yalnız darğanın vaxtında xəbərdarlıq məktubu
almasına baxmayaraq bilərəkdən, tamah məqsədilə
bazarda narazılıq və qıtlıq yaratdığına
əmin olduqdan sonra edam yerinə yetirilir. "Əmir yaxın qohumunun boğazının kəndirdən
qurtulduğunu başa düşüb dərindən nəfəs
aldı. Ancaq Davud bəyin sözlərini
darğa da təsdiqləməli idi. Əks
təqdirdə paytaxt əhalisi bu hərəkəti
düzgün başa düşməzdi. Odur ki,
mühafizəçilərin köməyi ilə ayaq üstə
güclə duran darğanın üstünə
qışqırdı:
-Söylə Davud bəy düzmü deyir? Göndəribmi
sənə belə bir kağız?
Darğanın boynu üstündə güclə dayanan
başı təsdiq əlaməti kimi tərpəndi. Bundan sonra Əmirin
qırmancı qətiyyətlə darğaya və köməkçisi
Ballıya tərəf uzandı:
Kim fərmanımı
pozarsa, hər kim ki xalqı çapıb
talayarsa, ölkəyə xəyanət edərsə,
haqqın üstünü örtərsə aqibəti belə
olacaq. Haqqın divanından qurtulmaq olmaz! Mən qərarımı
elan edirəm: asılsınlar!
Buna bənd imiş kimi birdən meydanı sürəkli
alqış səsləri bürüdü. Əmirin
şəninə alqış nidaları qopdu." [3,
s.27]
Oxucu eyni ədaləti Teymurun oğlu Miranşaha
münasibətində də görür. Miranşahın
Azərbaycanda törətdiyi əməllərdən, əhalinin
zülmə məruz qalmasından xəbər tutan Əmir
Teymur oğlunu cəzalandırmaq üçün Azərbaycana
gəlir. Hökmdar deyilənlər sübuta yetirildikdən
sonra Miranşahı - doğma oğlunu edam
etmək qərarına gəlir. Ata ürəyi
ağrıyır, ancaq hökmdar qəlbi ədalətsizliyi qəbul
edə bilmir. Onu bu sərt qərardan
yalnız Miranşahın ağlının yerində
olmaması ilə bağlı həkim rəyi döndərir.
Yunus
Oğuz romançılığının xarakterik xüsusiyyətlərindən
biri yazıçının tarixi həqiqətə, tarixi
faktlara sadiq qalmaqla yanaşı ilk öncə oxucunu diqqətdə
saxlamasıdır. Belə ki, Yunus Oğuz tarixi
romanda ilk növbədə ideya faktorunu əsas
götürür. Əsas məqsəd
tarixi və tarixi hadisənin oxucuya çatdırmalı
olduğu ideyanı düzgün ifadə etməkdir. Yazıçı tarixin mesajını müasir
oxucuya aydın çatdırmaq üçün əsəri
tarixi interyerin, leksikanın ekzotikası ilə yükləmir.
Yunus Oğuzun özü də müsahibələrindən
birində bu məsələyə toxunaraq bildirir ki,
"Çox zaman mənə müraciət edirlər ki, orta əsrlər
dövründən yazdığım romanda niyə o
dövrün sözlükləri yoxdur? Mən
o dövrün sözlərindən heç birini işlətmirəm.
Mənə bunu deyəndə bildirirəm ki, olmaz! Soruşurlar niyə? Deyirəm ki, mən XV əsrin
insanları üçün yazmıram ki! Mən
müasir insanlar üçün yazıram. Dili başa düşən insanlar üçün
yazıram. XV əsrin sözlüklərini
yazsam gərək onun açıqlamasını da verəm.
Açıqlamanı da verəndə oxucularda
yoruculuq yaradır." [5] Yunus Oğuz
romançılığının əsas uğuru müəllifin
qəhrəmanlarını olduqca canlı, koloritli yaratması
ilə bağlıdır. Yazıçının digər
romanlarında olduğu kimi "Əmir Teymur" romanında
da obrazın koloriti, dinamikliyi oxucunu tarixi auraya kökləyə
bildiyindən əlavə leksik
ştrixlərə, arxaizmlərə ehtiyac qalmır, romanda
dövrün nəfəsi hiss olunur, əsəri mütaliə
edənlər ilk səhifələrdən
həmin tarixi dövrün bir hissəsinə, Əmir Teymurun
silahdaşına çevrilirlər.
ƏDƏBİYYAT:
Castin Marozzi. Dünya fatehi Teymur. Bakı, Qanun nəşriyyatı,
2012.
Lukañs Georg. The
Historical Novel. Harmondsworth, 1969.
Yunus
Oğuz. Əmir Teymur: Zirvəyə doğru. Bakı: Apostrof, 2011.
Yunus
Oğuz. Əmir Teymur: Dünyanın hakimi. Bakı: Apostrof,
2012.
Yunus
Oğuz: "Tarix gələcək üçün bir
işıqdır" https://news.day.az/society/420361.html
Qaragözova Elnarə Elxan qızı
filologiya üzrə fəlsəfə
doktoru
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu
Ədəbi cərəyanlar sektoru
Olaylar.- 2020.- 28-29 aprel.- S.9.