Azərbaycanda söz, fikir və ifadə azadlığının mövcudluğu siyasi plüralizmin təzahürüdür
Siyasi plüralizm demokratik cəmiyyətin siyasi quruluş prinsiplərindən biridir. Bu prinsipə əsasən siyasi həyat özündə müxtəlif qarşılıqlı əlaqəli və eyni zamanda müstəqil siyasi qrupların, partiyaların və təşkilatların mövcud olmasını zəruri edir. Onların tərtib etdiyi proqramlar, irəli sürdüyü ideyalar daim toqquşma və rəqabət halında olur. Beləliklə, cəmiyyətdə siyasi baxışlar, əqidələr, dünyagörüşlər daim toqquşur, bir-biri ilə ziddiyyətdə və münaqişədə olur. Bu təbiidir, əgər belə olmasa inkişaf da olmaz. Ancaq məhz plüralizm onların qarşıdurmalara, düşmənçiliyə çevrilməsinə yol vermir. Siyasi munaqişələrin həllində siyasi plüralizmin rolu çox böyükdür. Plüralizm ziddiyyətlərin sosial-siyasi inkişafın mənbəyi olmasını tanıyır və bu ziddiyyətlərin dinc yolla həllini mümkün edir. Siyasi plüarizm hakimiyyətdə istənilən inhisarı, hər hansı totalitar və avtoritar rejimi rədd edir. Plüralizmin əsas prinsipi hakimiyyətin xalq tərəfindən seçilməsi və hakimiyyətin bölünməsidir. Xatırladaq ki, siyasi plüralizminin bütün prinsipləri Azərbaycanda mövcuddur. Belə ki, Azərbaycanda hakimiyyəti xalq seçir və ölkədə hakimiyyətin üç qola bölünməsi prinsipi tətbiq edilir. Analitiklər hesab edirlər ki, siyasi plüralizm - müxtəlif fikirlər əsasında müəyyənləşən rəy, bir neçə siyasi partiyanın bir istiqamətdə müxtəlif fikirlərdə ortaq məxrəcə gəlməsidir. Azərbaycanda siyasi plüralizmin mövcudluğu üçün azad söz və azad KİV, çoxpartiyalı sistem, azad seçki, parlamentarizm, dövlətdən asılı olmayan ictimai təşkilatlar mövcuddur. Eyni zamanda, Azərbaycanda siyasi plüralizmin vacib elementlərindən olan tolerantlıq ən yüksək səviyyədədir.
Məlum olduğu kimi, müasir dünyada demokratik tərəqqinin ən əsas göstəricilərindən biri də kütləvi informasiya vasitələrinin azadlığıdır. Azərbaycanda insan hüquqlarının, siyasi plüralizmin, vətəndaş cəmiyyətinin mövcudluğu, demokratikləşmə prosesinin geniş vüsət alması faktı demokratik institut kimi formalaşmış kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyətində, onların inkişafı üçün formalaşmış hüquqi təminatlarda öz təsdiqini tapmaqdadır. Daha doğrusu, Azərbaycanda müstəqil media fəaliyyət göstərir, insanların internetə çıxışı ən yüksək səviyyədədir. Hazırda Azərbaycanda kütləvi informasiya vasitələrinin fəaliyyətini təmin edən qanunvericilik bazası formalaşdırılıb, KİV orqanlarının qeydiyyat proseduru sadələşdirilib, hər cür senzura ortadan götürülüb. Artıq istənilən mətbuat orqanı mövcudluğu barədə ölkənin Ədliyyə Nazirliyinə məlumat verməklə fəaliyyətə başlaya bilər. Məhz yaradılmış şəraitin nəticəsidir ki, hazırda ölkədə çoxsaylı elektron və yazılı mətbu orqanı fəaliyyət göstərir. KİV-in istənilən məlumatı əldə etmək və onu azad şəkildə yaymaq imkanları olduqca genişdir. İstənilən vətəndaş söz və ifadə azadlığından sərbəst şəkildə istifadə edərək istədiyi fikri ifadə edə bilir. Paralel olaraq insanlar istədikləri məlumatı əldə etmək sahəsində də sərbəstdirlər. Belə ki, istənilən dövlət orqanından lazım olan məlumatı qanunvericilik çərçivəsində əldə etmək vətəndaşların adi həyat tərzinə çevrilib. Qətiyyətlə demək olar ki, dövlət azad mətbuatın inkişafı üçün lazım olan bütün tədbirləri həyata keçirib, eyni siyasət bu gün də davam etməkdədir.
Onu da qeyd edək ki, müasir dünyada vətəndaş cəmiyyətlərinin formalaşması demokratiyanın prinsipi kimi təqdim olunur. Belə ki, vətəndaş cəmiyyəti hüquqi dövlət quruluşunun digər formaları ilə də yanaşı mövcuddur. Vətəndaş cəmiyyətinin formalaşması və mövcudluğu milli xarakterdən asılıdır. Bəzən fəlsəfi ədəbiyyatda vətəndaş cəmiyyətini qeyri-siyasi münasibətlər sahəsinə aid edirlər. Vətəndaş cəmiyyətini "xüsusi həyat", xüsusi həyat sahəsi və insanların maraqları sahəsi, insanların müstəqil olduqları sahə kimi təqdim ediblər. Xatırladaq ki, 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra, vətəndaş cəmiyyəti daha əlverişli şəraitdə inkişaf etmək imkanı əldə edib.1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası həm dövlətçilik, həm də vətəndaş cəmiyyəti üçün mühüm tarixi sənədə çevrildi. Əslində müasir və beynəlxalq standartlara əsasən yaradılmış və fəaliyyət göstərən QHT-lər yalnız Azərbaycanın müstəqillik qazanmasından sonra, əsasən 1995-ci ildə Konstitusiyanın qəbulundan sonra yaradılıb. 2000-ci ildə Qeyri-Hökumət Təşkilatları (ictimai birliklər və fondlar) haqqında Azərbaycan Respublikasının Qanunu qəbul edilib və bu qanunla milli QHT platforması, Milli QHT Forumu (MQF) yaradılıb. Azərbaycanda milli donor təsisatının yaradılması üçün Hökumət, QHT-lər və ekspertlərin səyləri gücləndirilib ki, bu da Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası oldu. Məlum olduğu kimi vətəndaş cəmiyyəti azad insanların spontan hərəkətlərinin nəticəsidir. O, tələb edir ki, hökumət insanların yolundan çəkilsin və onlara istədikləri kimi birləşməyə imkan versin. Vətəndaş cəmiyyəti demokratiyanın bərqərar olduğu ölkələrdə demokratikləşmə prosesinin ifadəsi, eyni zamanda mühüm və aparıcı amil olaraq onun inkişafına müstəsna rol oynayır. Vətəndaş cəmiyyəti fəal surətdə siyasi liderlərə xatırladır ki, dövlətin ehtiyacları üçün olan xərclər və dövlət siyasəti ilə bağlı olan qərarlar qəbul edilərkən müxtəlif mənafe və maraqlar nəzərə alınmalıdır. Ona görə də fəal vətəndaş cəmiyyəti demokratiyanın inkişafı üçün əsas şərtdir. Onun dövlət hakimiyyətinə müxalif mövqe tutmaq və avtoritarizmə müqavimət göstərmək üçün potensialı, plüralistik təbiətə malik olduğundan müəyyən qrupların mənafeyinin dəstəklənməsində dövlətin bir alətinə çevrilməməsinə qarşı çıxmaq üçün hər cür imkanı vardır. Azərbaycanda da hesab olunur ki, vətəndaş cəmiyyəti - azad isanların özlərinin, onların könüllü birliklərinin və cəmiyyətlərinin dövlət hakimiyyətinin müdaxiləsi olmadan beynəlxalq standartlara uyğun qanunlar tərəfindən qorunan özünü ifadə etmək sahəsidir. Bu baxımdan siyasi hakimiyyətə bir sıra məhdudiyyətlər qoymaqla vətəndaş cəmiyyəti elə bir qarşılıqlı öhdəliklər şəbəkəsi yaratmalıdır ki, cəmiyyət özü-özünü idarə edə bilsin. Çünki, vətəndaş cəmiyyəti qeyri-siyasi, iqtisadi, demokratik, hətta mədəni cəmiyyət kimi səciyyələndirir. Məhz bu yanaşmanın nəticəsidir ki, Azərbaycanda çoxsayl vətəndaş cəmiyyəti fəaliyyət göstərməkdədir. Qeyri-Hökumət Təşkilatı foprmasında fəaliyyətini quran bu vətəndaş cəmiyyətləri dövlət idarəçiliyində də mühüm rol oynayırlar. Hazırda QHT-lər ölkənin ictimai-siyasi həyatının əhəmiyyətli hissəsinə çevriliblər.
Artıq bir xeyli müddətdir ki, ölkədə siyasi sahədə də uğurlu, müsbət nəticələrə hesablanmış islahatlar həyata keçirilir və bu islahatlar günümüzdə də davam edir. Hazırda Azərbaycanda iqtidar-müxalifət münasibətlərinin yeni formatda qurulması, parlament rəhbərliyində müxalifət siyasi partiya nümayəndələrinin təmsil olunması ölkədə demokratik şəraitin daha da genişləndirilməsinin təzahürüdür. Ölkənin Ədliyyə Nazirliyi tərəfindən iki yeni siyasi partiyanın dövlət qeydiyyatına alınması Prezidentin çoxpartiyalı siyasi sistemin inkişafina, siyasi partiyaların dövlətimizin ümumi siyasi mənzərəsinin tərkib hissəsinə çevrilməsinə istiqamətlənən islahatlarının bəhrəsidir. İki siyasi partiyanın dövlət qeydiyyatına alınması hökumətin fərqli fikirlərə, alternativ siyasi mövqelərə hörmətlə yanaşmasının əyani sübutudur. Siyasi arenaya yeni qüvvələrin gəlməsinə qanunlar çərçivəsində hər cür şəraitin yaradılması, əlbəttə ki, ölkəmizdə plüralizmin, fikir azadlığının və bütün digər təməl azadlıqların inkişafında dövlətimizin qərarlı və ciddi siyasətindən xəbər verir.
Prezident Administrasiyasında siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqədar şöbənin yaradılması, ötən müddət ərzində sözügedən şöbənin rəhbərliyinin ayrı-ayrı partiyaların sədrləri ilə görüş keçirib müəyyən məsələlər ətrafında fikir mübadiləsi aparması məhz hakimiyyətin siyasi sahədə də islahatlar həyata keçirmək, ayrı-ayrı partiyalarla qarşılıqlı faydalı əməkdaşlıq etmək niyyətinin əyani sübutudur. Etiraf edilməlidir ki, mövcud vəziyyət ölkədə siyasi plüralizmin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Xatırladaq ki, hazırda Azərbaycanda dövlət qeydiyyatına alınmış 57 siyasi partiya fəaliyyət göstərir ki, ölkədə möcud olan siyasi plüralizmin bariz nümunəsidir.
Siyasi ekspertlərin qənaətinə görə, yeni partiyaların qurulması və ya dövlət qeydiyyatına alınmasına ilk növbədə ölkədə demokratiya və siyasi plüralizmin təmin edilməsi nöqteyi-nəzərindən yanaşılmalıdır. Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov hesab edir ki, siyasi meydanda rəngarəngliyin bərqərar olması, alternativlərin mövcud olması məhz partiyaların varlığı ilə müəyyən olunur: "Siyasi partiyaların çoxluğu və müxtəlifliyi seçicilərə, siyasi fəallara yeni tərcih imkanları yaradır, öz düşüncələrini və hədəflərini həyata keçirə biləcək məkan, platforma tapmağa kömək edir. Partiyaların qeydə alınması dövlət maraqları baxımından da çox önəmlidir. Əgər bir ölkədə siyasi partiyalar heç bir bürokratik əngəllər olmadan, siyasi qısqanclıq və ya diskriminasiya olmadan, çox rahat bir şəkildə dövlət qeydiyyatına alınırsa, bu eyni zamanda həmin ölkədə demokratiyanın və hüquqi dövlət prinsiplərinin nə dərəcədə oturuşmasının göstəricisi, indikatoru sayılır. Bu həm də demokratik imic məsələsidir. Ədliyyə Nazirliyinin bu gün bu iki partiyanı qeydə almasına da məhz bu prizmadan yanaşmalıyıq. Bu hadisə dövlətin və hökumətin fərqli fikirlərə, alternativ siyasi mövqelərə hörmətlə yanaşmasının əyani sübutudur. Bu gün Azərbaycan hökuməti ölkədə siyasi plüralizmin, demokratiya və siyasi azadlıqların təmin olunması üçün bütün siyasi qurumlara bərabər imkanlar yaratdığını və siyasi partiyalarla münasibətlərini sivil qaydalar üzərində qurmaq istəyini bir daha ortaya qoyur".
Vətəndaş Həmrəyliyi Partiyasının təmsilçisi, vitse-spiker Fəzail İbrahimli qeyd edib ki, son dövrlər idarəetmənin bütün səviyyələrində həyata keçirilmiş struktur islahatları keyfiyyət baxımından yeni bir idarəçilik mexanizminin formalaşmasını hədəf götürüb: "Bu ilin fevral ayında keçirilmiş növbədənkənar parlament seşkiləri də bu islahatların məntiqi davamıdır və demokratik inkişaf istiqamətində atılmış növbəti addım kimi dəyərləndirilməlidir. Parlamentin və onun komitələrinin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunması müstəqil Azərbaycan parlamentarizmi tarixində ilk dəfədir. Siyasi sistemin təkmilləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması və siyasi dialoq müstəvisində konstruktiv müxalif fikirlərə hörmətlə yanaşılması baxımından yeni prinsiplər ortaya qoyulub. Ölkədə fəaliyyət göstərən bütün siyasi partiyalar bu mütərəqqi təşəbbüsə müsbət reaksiya verməklə ümummilli maraqlar naminə iqtidarla birgə dəyirmi masa arxasında istənilən məsələnin müzakirəsinə hazır olduqlarını bəyan ediblər. Vətəndaş Həmrəyliyi Partiyasını qanunverici hakimiyyət orqanında təmsil edən millət vəkili kimi düşünürəm ki, bu dialoq davamlı olacağı halda ölkənin siyasi arenasına həmrəyliyə söykənən yeni nəfəs gətirəcək, daha mütərəqqi münasibətlərin formalaşmasına öz dəyərli töhfəsini verəcəkdir".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.
Olaylar.- 2020.- 23-24 aprel.- S.1.5.