Müharibəni üç gün tezləşdirən şəhid Sultanlı Elşən Nazim oğlu

 

Elşən Yardımlının ən ucqar kiçik bir kəndində -Teşkanda anadan olmuşdu. O, Böyük Vətən müharibəsindən əlil kimi qayıdan atasının babası Məşədi Bəhmənin müharibənin dəhşətlərindən bəhs edən söhbətlərini babası Təzəxandan eşitmişdi. Ağlı kəsəndən həmişə, "mən Bəhmənin nəvəsiyəm, böyuyəndə torpaqlarımızı azad edəcəyəm" deyirdi.

 

İlk sinif müəllimi Muxtar müəllim də Elşəni çox vətənpərvər bir uşaq kimi xatırladığını deyir. Muxtar müəllim sinifdə torpaqlarımızın işğal olunmasından, xüsusilə Xocalı faciəsindən söhbət edəndə onun necə həyəcanlandığından söhbət açır. Hər belə söhbətlərdən sonra o ayağa duraraq, "mən böyüyəndə gedib qisasımızı alacam, torpaqlarımızı ermənilərdən azad edəcəm" deyirmiş.

Elşənin uşaq təxəyyülünə görə, kim istəsə, gedib torpaqlarımızı azad edə bilərdi, təki əlində silahı olsun. Elə buna görə də o evdə özünə ağacdan müxtəlif silahlar düzəldirdi. Elşən 2007-ci ildə doğulduğu Teşkan kənd ibtidai məktəbinin 1-ci sinfinə getmiş, ilk müəllimi də Müəllimlər İnstitutunu yenicə qurtarıb doğma kəndlərinə bir il əvvəl təyinat almış və indi həm qürur hissi, həm də kədər içində gözəl xatirələr söyləyən Muxtar Əliyev olmuşdu. Elşən kəndlərində ibtidai sinifləri bitirdikdən sonra 10 kilometr uzaqda yerləşən Separadi məktəbində orta təhsilini başa vurmuşdu.

 

7 nəfərdən ibarət olan ailələri çətinliklə dolanırdı. Atası və anası heç yerdə işləmirdi. Özündən başqa 3 qardaşı və bir bacısı vardı. Ailənin ikinci övladı olan Elşən 15.02.2001-ci ildə anadan olmuşdu. 2017-ci ildə Separadi kənd orta məktəbini bitirmiş, 2019-cu il aprel ayında əsgəri xidmətə yola düşmüşdü. O, xidmətə yola düşəndə çox sevinirdi, arzularının reallaşacağına çox inanırdı. Hərbi xidmətini nümunəvi şəkildə yerinə yetirirdi və artıq başa düşürdü ki, müharibənin başlaması, qəhrəmanlıq göstərməsi üçün fürsət qazana bilməsi təkcə onun arzusundan asılı deyil. Bunun üçün şərait yetişməli və əmr olmalıdır. Əsgəri xidmət davam edir, əmr isə verilmirdi. Nümunəvi xidmətini nəzərə alaraq onu 2019-cu il noyabrın 9-da 10 günlük məzuniyyətə buraxdılar.

 

Müharibə başlayanda hərbi xidmətini başa vurmasına cəmi 3 gün qalırdı. Tərxis olunması barədə əmr də çıxmışdı. Sanki müharibə onun arzusuna çatması üçün 3 gün tez başladı. Elşən telefonla evlə əlaqə saxlayanda sevincini gizlətmirdi. Həmişə evdəkilərə "narahat olmayın, erməniləri qırırıq, mən babam kimi qəhrəman olacağam, Qarabağı almasam, gəlməyəcəm" deyirdi.

 

 

Elşənin Tərtər rayonunun Qapanlı kəndindən başlayan döyüş yolu Talış və Suqovuşan kəndlərinə qədər davam etdi. Sonra Elşənin də daxil olduğu hərbi hissə oktyabr ayının 15-də Tərtər-Ağdərə istiqamətindəki digər bir mövqe uğrunda döyüşlərə əlavə qüvvə kimi geri qaytarıldı. Elşən oktyabr ayının 17-də bu istiqamətdə gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucaldı.

 

Atası bu xəbəri oktyabrın 19-da alsa da, noyabr ayının 18-nə - Elşənin nəşi evlərinə gələnədək hamıdan gizlədi. Bu ağırlığı öz çiyinlərində daşıdı. Elşən həlak olandan bir ay sonra doğma kəndində torpağa tapşırıldı.

 

Atası Sultanov Nazim Təzəxan oğlu cavandır. Cəmi 43 yaşı var. Anası Abdulova Gülnisə Həbiş qızı da həyat yoldaşı ilə həmyaşıddır. Bu cavan yaşlarında övlad itkisi ilə qarşılaşmaq əlbəttə onlar üçün çox ağırdır. Amma onlar övladları ilə fəxr edirlər. "Elşən öz arzusuna çatdı, özü sona qədər bunu görə, bunun ləzzətini yaşaya bilməsə də, onun yuxularını ərşə çəkən Qarabağ, işğal olunmuş torpaqlarımız azad olundu, Vətən sağ olsun" - deyirlər.

Nazimin təkcə təsərrüfatda ayrı olan böyük oğlu məşğulluq proqramına cəlb olunub. Bir hərbi çağırışçı, iki məktəblinin də olduğu ailənin heç yerdən alacağı və maddi təminatı yoxdur. Ailə kiçik, uçuq-sökük bir evdə yaşayır. İnanırıq ki, dövlətimizdən başqa imkanlı şəxslər də bu ailəni nəzarətə götürəcək və ailənin çətin həyat şəraitini yaxşılaşdırmaqla bir şəhid ailəsinə öz köməklilərini əsirgəməyəcəklər.

 

Şəhidimizin məzarının üstü də hələ düzəldilməyib. Bunu hava şəraiti ilə əlaqələndirirlər. Yəqin ki, imkan düşən kimi şəhidimizin məzarı özünə layiq şəkildə düzəldiləcək. Çox xoşuma gələn bir cəhət bütün şəhidlərimizin məzarlarının eyni layihə üzrə hazırlanmasıdır. Bu, çox yaxşıdır. Çünki qoy onların o dünyadakı məqmları eyni olduğu kimi son evləri də eyni - ŞƏHİD məzarları olsun.

Teşkan kənd ibtidai məktəbi heç kimin adını daşımır. Yaxşı olar ki, bu məktəbə şəhid Elşən Sultanovun adı verilsin. Bu, Elşənin ailəsinin də arzusudur.

 

Ucqar bir kənddə, bu kəndin ilk nobar qarı kimi kənd qəbristanlığındakı nobar bir məzarda bir igidimiz uyuyur. O subay idi, dünyada bir yadigarı qalmasa da, öyrəndiklərimə görə, nakam getmədi. Ən böyük arzusuna çatdı. Və... bəlkə də Allah onu bu müqəddəs arzusuna çatdırmaq üçün müharibəni üçcə gün gecikdirmədi...

 

Rahat yat, ŞƏHİDİM! SİZ UNUDULMAYACAQSINIZ, SİZİN BUNA EHTİYACINIZ OLMASA DA RUHUNUZUN BİZDƏN RAZI QALMASINA HAMIMIZIN EHTİYACI VAR.

Zahir Məlikli

 

Olaylar.- 2020.- 11-17 dekabr.- S.22.