Diaspor təşkilatlarımız ölkəmizin maraqlarını layiqincə müdafiə edirlər

 

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən birixarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi olub. 1993-cü ildə ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaradıb. Ümummilli liderimiz bütün xarici səfərlərində Azərbaycan diasporunun nümayəndələri ilə görüşür, onların problem və qayğıları ilə maraqlanır, həmvətənlərimizi yenicə müstəqillik qazanmış respublikamızın tarixi mənafelərinin reallaşdırılması prosesində fəal iştirak etməyə çağırırdı. Zaman keçdikcə diaspor quruculuğu Azərbaycan Respublikasının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu siyasətin məqsədi dünya azərbaycanlılarının tarixi Vətənlə əlaqələrini inkişaf etdirmək, soydaşlarımızın milli özünəməxsusluğunu qoruyub saxlamaq, diasporun potensialından milli maraqlarımızın daha etibarlı şəkildə qorunması istiqamətində faydalanmaq, diasporlararası əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında 2001-ci ilin may ayınn 23-də ümummilli lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Elə həmin vaxtdan bu günə qədər xaricdə yaşayan soydaşlarımızdan formalaşan diaspor təşkilatlarımız Azərbaycanın maraqlarının müdafiəçisi kimi çıxış edir. Cari ilin sentyabr ayının 27-dən başlanan Vətən Müharibəsi və ondan sonrakı dövrdə bu fəaliyyət özünü daha da qabaraıq büruzə verir. Azərbaycanın haqq işini qəbul etməyən, Ermənistan üzərində qələbəni həzm edə bilməyən ölkələrdə yaşayan soydaşlarımız isə ölkəmiz barədə həqiqətlərin beynəlxalq aləmə çatdırılmasl istiqamətində fəallıq nümayiş etdirilər.

 

Məlumat üçün qeyd edək ki, Niderland Krallığında fəaliyyət göstərən Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyi bu ölkənin parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə etirazını bildirib. Ana Vətən Avropa Azərbaycanlı Qadınlar Birliyinin mətbuat xidmətinin rəhbəri və Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Nərgiz Cəfərova bildirib ki, "Niderland parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnaməyə Azərbaycan diasporu olaraq etirazımızı bildirmişik. Bütün qurumlara məktublar yazıb, bəyanatlar vermişik. Burada olan bir çox diaspor təşkilatları, gənclər, ayrı-ayrı fərdlər deputatlarla görüşdülər, öz etirazlarını bildirdilər. O qeyd edib ki, diaspor olaraq etiraz etsələr də, parlamentarilər öz ermənipərəsət mövqelərini saxlamaqda davam edirlər: "Həmçinin Hollandiya mətbuatı da eyni vəziyyətdədir. Hadisələri birtərəfli işıqlandırırlar. Qarabağ savaşını həmişə dinə və Türkiyəyə bağlayıblar. Burada Azərbaycan-Ermənistan davasından qətiyyən söhbət getmir. Buradakı atmosfer budur. Hər zaman onlarla görüşlər keçiririk, anlatmağa çalışırıq ki, bu dini müharibə deyil. Bizim ordumuz var və 30 ildir ki, torpaqlarımızı zəbt olunubbiz öz torpağımızın azadlığı üçün mücadilə aparırıq. Bizim savaşımız vətən savaşıdır, din savaşı deyil. Azərbaycanda minlərlə müxtəlif din nümayəndələri yaşayır. Azərbaycan tolerant ölkədir, hətta kilsələr, buddizm məbədləri, sinaqoqlar var. Durmadan bunları izah etməyə çalışırıq, amma hələ ki, bir nəticəsini görməmişik". Diaspor nümayəndəsi Niderland parlamentində Azərbaycanın sözünü deyəcək deputatdan da söz açıb: "Xristian olaraq əlbəttə ki, heç kim yoxdur. Yalandan qulaq asıb baş sallayanlar var, amma sözümüzü deyən yoxdur. Burada türk əsilli bir deputat var. Adı Tunahan Kuzudur. "Denq" Partiyasının təmsilçisi, yəni deputatıdır. O, Niderland parlamentində bizim sözümüzü dediçox gözəl bir çıxış etdi. Onlara Azərbaycanın haqq səsini anlatdı. Onun çıxışından sonra qətnamədə olan bəndlərin çoxu çıxarıldı. Biz diaspor olaraq onunla da çox görüşlər keçirmişik, ona da lazımi informasiyalar vermişik. Videolar, sənədlər təqdim etmişik ki, parlamentdə bizim səsimizə çevrilsin. Hazırda isə iclas formasında heç nə edə bilmirik. Çünki Niderlandda koronavirusun yeni növü tapıldığına görə sərt qaydalar tətbiq olundu. Ancaq marketlər, apteklər işləyir. Mitinqlərə də icazə verilmir. Biz etirazlarımızı ancaq bəyanatlarla, etiraz məktubları ilə, deputatlarla özəl görüşlərlə keçiririk. Amma iyul ayından etibarən parlamentin bu qərarlarına çox sərt reaksiyalar vermişik. Fransa səfirliynin qarşısında mitinq keçirdik, Ədalət Məhkəməsinin qarşısında mitinq elədik, yəni səsimizi çatdırmağa çalışırıq. İndi isə hər şeyi onlayn etməyə çalışırıq". Qeyd edək ki, bir neçə gün bundan qabaq Niderland parlamenti Azərbaycan əleyhinə qətnamə qəbul edib. Rəsmi Bakı bu qətnaməyə etirazını bildirib.

 

Eyni zamanda, Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyasında (AYAPE) təmsil olunan soydaşlarımız Avropa Parlamenti Avropa Xalq Partiyasının təşəbbüsünə etiraz ifadə ediblər. Belə ki, Avropada Gənc Azərbaycanlı Peşəkarlar Assosiasiyası (AYAPE) tərəfindən Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndə heyəti, Xarici Əlaqələr Komitəsi Avronest Parlament Assambleyasının deputatlarının da daxil olduğu 250-dən çox deputata məktub ünvanlayıb. Məktubda Avropa Parlamentində üç deputatdan ibarət Dağlıq Qarabağla dostluq parlament qrupunun yaradılması təşəbbüsünə etiraz edilib. Məsələnin bölgədə uzunmüddətli sülhün təmin olunması baxımından məyusedici hal olduğu qeyd edilməklə yanaşı, sözügedən təşəbbüsün beynəlxalq hüquq, eləcə BMT Avropa İttifaqının (Aİ) Ermənistan Azərbaycan arasındakı münaqişəyə dair sərgilədikləri mövqe ilə birbaşa ziddiyyət təşkil etdiyi diqqətə çatdırılır. Bu təşəbbüsün Dağlıq Qarabağın erməni azərbaycanlı icmaları arasında barışıq dinc yanaşı yaşama perspektivlərinə, habelə Aİ-nin qonşuluğunda yerləşən bu vacib bölgənin iqtisadi inkişafına maneə olduğu göstərilib. Məktubda Avropa Parlamenti Avropa Xalq Partiyasının bölgədə düşmənçilik qisasçılığa qarşı çıxaraq sülh barışığa dəstək verəcəyinə ümid ifadə olunub.

 

Xaricdə yaşayan soydaşlarımız təkcə diaspor təşkilatları adından deyil, həm fərdi qaydada ölkəmizin maraqlarının müdafiəçisi kimi çıxış edirlər. Polşa Azərbaycanlıları Şurasının Aşağı Sileziya üzrə koordinatoru, Vrotslav Universitetinin müəllimi, humanitar elmlər doktoru İlahə Kərimova Yagellon Fondunun Debat Mərkəzinin təşkil etdiyi onlayn formatlı mühazirədə məruzəçi qismində çıxış edib. "Azərbaycan beynəlxalq arenada" mövzusuna həsr olunan mühazirədən sonra azərbaycanlı alim bir saatlıq müsahibənin qonağı da olub. Müsahibə zamanı İlahə Kərimova Azərbaycan dövlətinin multikulturalizm siyasəti modeli, ölkəmizdə yaşayan milli azlıqlar etnik qruplardan danışıb. Çar Rusiyası dönəmində ermənilərin Azərbaycan torpaqlarına köçürüldüyünə diqqəti cəlb edən soydaşımız Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, Qarabağ həqiqətləri, Azərbaycanın ərazi bütovlüyünün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində, Avropa Birliyinin Avropa Parlamentinin müvafiq sənədlərində təsbit olunması, Qarabağ məsələsində Azərbaycanın haqlı ədalətli mövqeyə malik olması barədə ətraflı məlumat verib. Sülhpərvər, multikultural, tolerant Azərbaycanın Ermənistan istisna olmaqla bütün ölkələrlə dostluq qardaşlıq münasibətləri qurduğu bildirilib. Azərbaycanın 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandığı qeyd edilib. Xocalı soyqırımı kimi insanlığa zidd dəhşətli cinayət törədən ermənilərin Azərbaycanın işğal edilmiş Kəlbəcər, Laçın Ağdam rayonlarını tərk edərkən ekoloji terror vandallıq aktlarına yol verdikləri nəzərə çatdırılıb.

 

Fransada fəaliyyət gösrətən Azərbaycan Evinin sədri, Azərbaycanın Dostları Assosiasiyasının baş katibi Mirvari Fətəliyevanın məqaləsi Fransanın www.atlantico.fr xəbər portalında "Fransanın rolu. Dağlıq Qarabağ münaqişəsi və ya Fransa humanizminin iflası" başlığı altında dərc olunub. Onun qələmə aldığı məqalədə rəsmi Parisin beynəlxalq birlik tərəfindən təsbit olunmuş işğal amilinə yanaşma tərzinin məntiqsiz və anlaşılmaz olduğuna diqqət cəlb edilib. Məqalədə 1990-cı illərdə bir milyona yaxın azərbaycanlının ermənilər tərəfindən vəhşicəsinə həyata keçirilmiş etnik təmizləməyə məruz qaldığı, doğma torpaqlarından qovulduğu, Xocalı soyqırımı zamanı 613 dinc azərbaycanlının amansızcasına qətlə yetirildiyi yada salınıb. Azərbaycanın işğal olunmuş ərazilərinin geri qaytarılmasını tələb edən beynəlxalq sənədlərin mövcud olduğunu, 44 günlük müharibə zamanı Ermənistanın ölkəmizin dinc əhalisinə qarşı yol verdiyi müharibə çinayətlərinin "Amnesty International" və "Human Rights Watch" kimi QHT-lər tərəfindən də təsbit edildiyini, Fransadakı erməni icmasının tərəfsiz, prinsipial fransız jurnalistlərinə qarşı nifrət kampaniyaları təşkil etdikləri və ölümlə hədələdiklərini vurğulayan müəllif sual edir: "Bu, fransız humanizminin dəyişkən məntiqi ilə necə izah ediləcək? ...işğal olunmuş ərazilərdən geri çəkilmə zamanı ermənilər tərəfindən qəbiristanlıqların, məscidlərin alçaldılması və dağıdılmasına, meşələrin kəsilməsi və yandırılmasına, mədəni irsin, təbiətin məhv edilməsinə nə ad vermək olar? Fransa humanizminin məhvinə gətirən bu məntiqi necə izah etmək olar?". Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin Fransa tərəfindən də dəstəkləndiyini xatırladan müəllif bildirir ki, rəsmi Paris öhdəliyinə əməl etməlidir. Milli Assambleyanın və senatın mövqeyi ilə razılaşmayan Fransa Xarici işlər naziri Jan Iv Le Drianın "bu, vasitəçi rolumuzdan imtina etmək deməkdir" açıqlamasını xatırladan müəllif bildirir: "Ümid edək ki, nazirin sözləri Fransa humanizminin ölmədiyini göstərir".

 

Sadalanan faktlar deməyə əsas verir ki, diaspora təşkilatlarımız dövlətimizin diasporla sahəsində dövlət siyasətini uğurla həyata keçirməklə xaricdə yaşayan azərbaycanlılar, eləcə də onların təsis etdiyi diaspor təşkilatları, habelə Azərbaycana dost münasibət bəsləyən digər xalqların diasporları ilə əlaqələrin genişləndirilməsini və inkişaf etdirilməsini, dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının bu sahə ilə bağlı fəaliyyətinin əlaqələndirilməsini təmin etməklə ölkəmizin maraqlarını layiqli şəkildə müdafiə edəcəklər.

 

Alim Hüseynli

 

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir.

 

Olaylar.- 2020.- 25-31 dekabr.- S.11.