60 yaşın ziyası: Bu gün, elə
həmin gündür
Qafar ƏLİYEV-60
İnsan dünyaya bir fərd olaraq gəlir. Sonradan onun cəmiyyətdə formalaşaraq böyüdüyü zaman kəsimi isə doğulduğu andan bir alın yazısı olaraq ona verilir. Bu zamanın müddəti də həmin alın yazısındadır, necə ki, onun bu dünyada olduğu dönəmdəki həyat fəaliyyəti kimi. Zamanın müddəti isə 1, 5, 50, 100 il və ya saat, dəqiqə də ola bilər. Bir çox məqamlarda bu zamanın çoxluğu insanın var olduğu dönəmdən sonra yaddaşlarda qalması üçün yetərli olmur. Əsas odur ki, sən yaşadığın zaman kəsimində cəmiyyət üçün xeyirli bir şəxs olasan. Necə deyərlər əsl şəxsiyyət olmağı bacarasan ki, qısa ömür yaşasan belə yaddaşlarda bir insan kimi qala biləsən…
Bəli, əsl şəxsiyyət olmaq çox çətindir. Bunun üçün mənəvi və bioloji varlığı ilə insan yaşadığı cəmiyyətə böyük səmərə verməli, onlara daim düzgün yol təlqin etməyi bacarmalıdır. Mənim bu günkü QƏHRƏMANIM kimi.
Həyat kredosunda daim harada olursa-olsun əsl ziyalı və şəxsiyyət olmaq başlıca meyarı olub Onun. Olduqca sadə və səmimiliyi ilə isə hər zaman özünü ətrafdakılara sevdirə bilib. Daşıdığı böyük vəzifəsiylə, təltif olunduğu dövlət mükafatları ilə heç vaxt öyünməyən bu Şəxsiyyət məhz elə bu keyfiyyətlərinə görə də seçilməyi bacarıb. Onun ilk amalı əsl İNSAN olmaqdır, necə ki, bunu bacarıb. Bu gün adı harada çəkilirsə haqqında xüsusi ehtiramla danışılır. Bütün bunları isə O, öz əməli fəaliyyəti, insanlara verdiyi dəyəri ilə qazanıb.
O, heç vaxt şöhrət düşkünü olmayıb
Gənc yaşlarından böyük dövlət vəzifəsi daşıyıb, alimdir – fəlsəfə elmləri doktorudur, qeyd etdiyim kimi ali dövlət orden və medalları alıb. Ancaq bütün bunlar Onun xarakterində heç bir dəyişiklik etməyi bacarmayıb. Çünki O, heç vaxt şöhrət düşkünü olmayıb. Hesab edirəm ki, başqa hansı vəzifəni, ixtisası, yolu seçsəydi də O, istedadı, intellekti ilə qarşısına qoyduğu hədəflərə nail olacaqdı.
Onu tələbəlik illərindən tanıyıram. Sonradan isə daha yaxından tanımaq qismət oldu mənə. Hər ötən gün tanıdıqca Ondan əsl ŞƏXSİYYƏT, İNSAN olmağın yeni düsturunu kəşf etdim. Özünə heç zaman bildirməsəm də, daim uğurları ilə fəxr etmişəm…
Bəs nədir Qəhrəmanımı fərqli edən?
Sualın cavabı çox genişdir. Lakin qısa cavab versək deyə bilərik ki, Onu fərqli edən hamının sevincini öz sevinci, kədərini isə öz kədəri hesab etməsidir. Yaxşılıq, xeyirxahlıq Onun həyat amalıdır. Bəzən haqqı olduğu halda belə heç kimdən nəsə ummamasıdır, yəni təmənnasızlığı. Kiməsə bir xeyiri dəydiyi halda necə sevinməsidir. Mühüm dövlət vəzifəsi daşısa da özünü sadə insanlardan fərqləndirməməsidir. Bağlı olduğu ailəsinə öz məhəbbətini açıq şəkildə biruzə verməməsidir. Kiməsə xoş gəlmək üçün qətiyyən nəsə deməz. Vətənsevərlik, qürur isə Onun üçün başlıca şərtdir. Konkretləşdirsək, ƏSL İNSAN adına deyilən nə varsa hamısı cəmləşib QƏHRƏMANIMda. Bütün bunları isə O böyüdüyü, tərbiyə aldığı ailədə əldə edib…
Keşməkeşli həyat yolu və böyük uğurun başlanğıcı
O, 1960-cı ilin dekabr ayının 15-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonun Sədərək kəndində (indiki Sədərək rayonu), kolxozçu ailəsində dünyaya gəlib. Böyük ailədə böyüyən Qəhrəmanım həyatın keşməkeşlərini çox yaşayıb. Uşaq yaşlarından əməyə böyük önəm verib. Daim valideynlərinə ev və kolxoz işlərində dəstək olub.
Orta təhsilini Naxçıvan şəhərində internat tipli məktəbdə alıb. Məhz Onun böyüklük əlamətlərindən biridir ki, bu gün həmin məktəbdən söz düşəndə fəxarətlə deyir ki, "Biz internat uşaqlarıyıq" (internat tipli məktəbdə təhsil aldıqlarını xatırladır – A.A). Həmin "İnternat uşaqları"nın əksəriyyəti ilə isə bu gün də çox yaxın dostluq edir.
Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olur. Burada əyani şöbədə təhsil almaqla yanaşı, gecələr işləyir. Və bütün çətinliklərə rəğmən Universiteti qırmızı diplomla başa vurur. Oxuduğu dönəmdə müəllim və tələbə yoldaşlarının böyük hörmətini qazanmağı da bacarır. Təhsilini başa vurduqdan sonra Naxçıvan Dövlət Universitetində əmək fəaliyyətinə başlayır. Bu isə onun üçün yeni həyat yolunda gələcək uğurlarının başlanğıcı olur…
Bütün bunlar o dövrə təsadüf edirdi ki, SSRİ deyilən imperiya günü-gündən tənəzzülə doğru irəliləyir, müttəfiq respublikalarda vəziyyət gərginləşirdi. Erməni faşistləri Azərbaycana qarşı Moskvadakı əlaltıları vasitəsilə öz çirkin niyyətlərini həyata keçirmək üçün ciddi cəhdlə çalışırdı. Bunu görən Qəhrəmanım öz sanballı məqalələri ilə həmin dövrdə erməni xislətindən doğa biləcək təhlükələrlə bağlı müntəzəm olaraq mətbuatda çıxışlar edirdi. Lakin "sən saydığını say, gör fələk nə sayır" – deyib atalarımız. Sonradan bu iddialar münaqişəyə, nəhayətdə müharibəyə səbəb oldu. İlk əvvəl öz qələmini süngüyə çevirən Qəhrəmanım, sonradan əldə silah ön cəbhəyə yollanır. Sədərək Özünümüdafiə batalyonunda erməni faşistlərinə qarşı vuruşaraq öz ata-baba torpaqlarının qorunmasında fəallıq göstərənlərdən biri olur. Bu dövrü mənimlə söhbətlərində Qəhrəmanım belə nəql edir: "Sədərəyin əksər cavanları müharibəyə könüllü şəkildə cəlb olunmuşdular. Biz həmin vaxt aclıqdan, hansısa çətinlikdən deyil, sadəcə silah sarıdan çox çətinlik çəkirdik. Postlarda olanların əksəriyyətində ya təklülə tüfəng, ya da bıçaq və xəncər olurdu. Avtomat isə cəmi 2-3 ədəd idi. O da növbəlilik əsasında birindən digərinə verilirdi. Sonradan kənd camaatı ilə birgə yığışıb öz hesabımıza əlavə bir neçə ədəd də avtomat aldıq. Məhz həmin silahlar hesabına Sədərəyi düşməndən qoruya bildik. Ancaq xeyli sayda şəhidlər də verdik. Mərkəzdən - Bakıdan isə o vaxt ümumiyyətlə heç bir dəstək yox idi. Onlar öz hakimiyyətlərinin hayında idilər. Qarabağdakı, Naxçıvandakı vəziyyət onları maraqlandırmırdı…".
Həmin dövrdə respublikamızda yaranmış gərgin ictimai-siyasi proseslərlə də mütəmadi olaraq maraqlanan Qəhrəmanım mövcud ağır durumu yaxşı görürdü. Bu o zamana təsadüf edirdi ki, Ulu Öndər Heydər Əliyev Moskvadan – Kremldən uzaqlaşdırılmış, Bakıda isə Yanvar qırğınları törədilmişdi. Ölkə məhv olmaq üzrə idi. Qəhrəmanım bütün yazılarında, çıxışlarında respublikanı düşdüyü bu ağır dönəmdən yalnız Ulu Öndər Heydər Əliyevin çıxara biləcəyini qorxmadan bəyan edənlərdən idi. Naxçıvana qayıdan Ulu Öndər Heydər Əliyevi ilk qarşılayanlardan biri də məhz O, olur…
İnsan həyatını daim möcüzələr izləyir. Məhz bu möcüzə də Qəhrəmanımın həyatında baş verir. Belə ki, Ulu Öndərə bağlılıq Onu sonralar Dahi Liderin silahdaşlarından birinə çevirir. Bu gün də bundan böyük fəxarət duyur…
Bakıya gəliş…
İctimai-siyasi proseslərdə fəal iştirakla yanaşı Qəhrəmanım həmin vaxtlar təhsilini də davam etdirir. Bakıya gəlişin növbəti dövrü yenə təhsillə bağlı olur. İlk əvvəl sənədlərini Onun bir siyasətçi kimi yetişməsində xüsusi rolu olan Bakı Sosial İdarəetmə və Politologiya İnstitutuna verir və qəbul olur. Sonralar bu ali məktəbdə müəllim kimi də fəaliyyət göstərir.
İkinci təhsilini qiyabi yolla alan Qəhrəmanım
Ulu Öndər Heydər Əliyevin yenidən hakimiyyətə
gəlişindən sonra Ona da böyük etimad göstərilir.
Prezident
Aparatında (indiki Azərbaycan Prezidentinin Administrasiyası) məsul
vəzifəyə təyin olunur. Bununla da O, "dəryada üzən
siyasət gəmisi"nin ekipajına
çevrilir.
Daim özünün məsuliyyəti ilə peşəkarlıq,
ziyalılıq və insanlıq keyfiyyətlərini
nümayiş etdirən Qəhrəmanım hər zaman öz
üzərində işləyən dövlət məmurlarındandır. Məhz Onun müdafiə edərək
20 il öncə Elmlər doktoru
adını aldığı elmi işi də
çalışdığı sahə ilə
bağlıdır. Məhz bu yorulmaz fəaliyyətinin
nəticəsidir ki, yüksək kuluarlarda da daim Onun adı
hörmət və ehtiramla çəkilir.
Peşəkarlığı daim Onun
yol-yoldaşıdır. Müxtəlif çətin situasiyalardan
çıxmaq üçün verdiyi tövsiyə və məsləhətləri
bir çoxlarına hər zaman yardımçı olub.
Dəstəyini isə heç kimdən əsla
əsirgəməz. Bu istər dövlət
işi ilə, istərsə də şəxsi məsələlərlə
bağlı olsun. Əslində Ulu Öndər
Heydər Əliyev siyasi məktəbini keçmiş dövlət
məmuru belə də olmalıdır.
Xatirələr
işığında…
Qəhrəmanım hər zaman xatirələrini
bölüşəndə Ulu Öndər Heydər Əliyevlə
birlikdə səfərlərinə xüsusi önəm verər. Bu səfərlərdə
Dahi Liderin xoş zarafatlarından da danışar. Onun üçün bütün bu xatirələr
bundan sonrakı həyatı dövründə də daimi
olaraq qalacaq. Özü belə deyir.
Bir məqama xüsusi diqqət çəkim ki, bu
yazının yazılmasından Onun heç bir məlumatı
yoxdur. Yalnız bundan yazı dərc olunduqdan sonra xəbəri
olacaq. Bunu ona görə xatırlatdım
ki, Onun mənə Ulu Öndərlə bağlı
danışdığı xatirələrindən birini indi
Sizlərin diqqətinə çatdıracam. Yəqin ki, bundan inciməz.
Amerika Birləşmiş Ştatlarına rəsmi səfərə
Ulu Öndər Heydər Əliyev böyük nümayəndə
heyətilə gedir. Səfər zamanı nümayəndə
heyətinin seçilməsi üçün xüsusi
nişanlar hər kəsin sinəsinə taxılır. Qəhrəmanım da bu işə cəlb olunur.
O, qadınlardan birinin sinəsinə həmin nişanı
taxarkən Ulu Öndər bunu görür və Onu yanına
çağırır. Soruşur ki, "Xeyir ola
qadınların sinəsinə nişanı sən
taxırsan?" Bundan pərt olan Qəhrəmanım
suala cavab verə bilmir. Bunu görən Ulu Öndər
gülür və zarafat etdiyini deyir (O, bunu mənə Ulu
Öndər Heydər Əliyevin sağlığında
danışmışdı və bunu ilk dəfə olaraq mən
də Sizlərə nəql etdim – A.A)…
Məqam düşmüşkən Qəhrəmanımın
insanlıq keyfiyyətlərini özündə təcəssüm
etdirən bir hadisəni də xatırladım.
Bir dəfə qışın şaxtalı günlərinin
birində əlavə iki dostumuzla birgə şəhərə
çıxmışdıq. Yol kənarında bir
yaşlı qadının bu soyuq havada təbii otlar
satdığını gördük. O bildirdi ki, bu otlar
evlərdə istifadə üçün hər zaman lazım
olur. Təklif etdi ki, gəlin bunların
hamısını dörd yerə bölüb alaq. Qadın da hava şaxtalıdır, getsin evinə.
Biz razılaşdıq. Beləcə
qadının satdığı otların hamısını
aldıq və bütün günü şəhərdə hərəmizin
əlində bir torba təbii otlarla gəzdik. Axşam da evə gedəndə həmin otlarla evdəkiləri
"sevindirdik".
Dostluğa
açıq və səmimi olduğu qədər də
etibarlıdır
"Siyasətdə daimi dostluq yoxdur, daimi maraqlar var"
- deyənlərlə və bunu sübut etməyə
çalışanlarla heç vaxt
razılaşmamışam. Çünki istər
fərd olaraq, istərsə də dövləti
anlayışda bunun bəzi məqamlarda əksinin şahidi
oluruq. Elə götürək Azərbaycan-Türkiyə
maraqlarını. Bunu isbat etmək
üçün isə böyük vaxta zamana ehtiyac yoxdur.
Ulu Öndər Heydər Əliyevin təkcə Azərbaycan-Türkiyə
münasibətləri ilə bağlı dediyi bir cümlə
yetərlidir: «Bir millət, iki dövlət». Bunu
şəxsi münasibətlər çərçivəsinə
gətirsək isə, Azərbaycan Prezidenti İlham Əliyev
və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan
arasındakı dostluğu, qardaşlığı nümunə
kimi göstərə bilərik.
Bəli, bu nümunəni təsadüfən
xatırlatmadım. Qəhrəmanım bir siyasətçi
olsada Onun üçün də heç bir zaman şəxsi
münasibətlərdə, hansısa maraq əsas olmayıb.
Dostluğa açıq və səmimi
olduğu qədər də etibarlıdır.
Dövlət işi ilə şəxsi münasibətlərdəki
paralelliyi qoruyub saxlamaq təbii ki, heç də asan deyil. Ancaq O, bunu layiqincə bacara
bilib. Özünün
sözübütövlüyü,
özübütövlüyü ilə. Özü
bütöv, sözü bütöv olmağı bacaranlar isə
əsl şəxsiyyətlərdir. Qəhrəmanım
məhz bu keyfiyyətləri ilə də əsl
ŞƏXSİYYƏT olmağı bacarıb.
Bir məqam hər zaman Onun üçün prioritet olub
və deyir ki, "Dostu qazanmaq, heç də onu itirmək qədər
asan deyil. Ona görə də dostluğa hər zaman xüsusi
dəyər verilməlidir".
Bəli, görkəmli pedaqoq Makarenkonun dediyi kimi,
"İnsan davranışlarının əsas səbəbini
anlayıb, onun içindəki yaxşını üzə
çıxarmaq üçün ona zaman vermək
lazımdır”. Qəhrəmanım da dostluqda məhz bu dəyərlərə
üstünlük verir. İnsanlardakı
yaxşını daim görməyə
çalışır.
O, bədii
yaradıcılığa da böyük önəm verənlərdəndir
Onun barəsində qeyd etmədiyim o qədər məlumatlar,
faktlar qaldı ki, bunları bir qəzet səhifəsinə
yerləşdirmək təbii ki, mümkünsüzdür. Əminəm
ki, Qəhrəmanım haqqında daha geniş məqalələr
yazılacaq, kitablar nəşr olunacaq. Buna
hesab edirəm ki, Onun mənəvi haqqı da çatır.
Axı O bədii yaradıcılığa da
böyük önəm verənlərdəndir. Özü də kifayət qədər bu işlərlə
məşğul olub və bunu hal-hazırda da davam etdirir.
Bəzən söz düşəndə bu sahədə
fəaliyyətə vaxt azlığından zaman ayıra bilməməsindən
təəssüfünü gizlətmir.
Yazdığı
kitablar içərisində isə Ulu Öndərin siyasi fəaliyyətinə
həsr etdiyi "HEYDƏR ƏLİYEV: MÜASİR
AZƏRBAYCANIN BANİSİ, XİLASKARI, QURUCUSU" dərslik
kitabını digərlərindən fərqləndirir.
Bu nəşr
həqiqətən nəinki dərslik kimi ali
məktəblərdə tədris olunmağa, həmçinin
hər bir idarə və müəssisədə, evlərdə
belə stolüstü kitab olmağa layiqdir. Çünki
əsər o qədər təbii cizgilərlə, təsvirlərlə
verilib ki, onu həyəcansız, maraqla oxumamaq mümkün
deyil. Təbii ki, Dahi Öndərə həsr edilmiş
belə bir əsəri ərsəyə gətirmək nəinki
böyük yaradıcılıq, həmçinin peşəkar
siyasətçi olmaq xüsusiyyətlərini də
özündə ehtiva edir…
ZƏFƏR
SEVİNCİ
Bu günlər Onun üçün də fəxarətli
olduğu qədər, qürurvericidir. Axı
Şanlı Ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə Azərbaycanın yeni tarixini yazır. Telefonla danışarkən necə sevincli
olduğunu izah etməkdə belə çətinlik çəkdi.
Fərəhlə bildirdi ki, biz ŞANLI
ÖLKƏnin qəhrəman övladlarıyıq. O,
buna dövlət məmuru olaraq sevinmir, ƏSL
VƏTƏNDAŞ olaraq sevinir. Hələ daha
gözəl günlərin qarşıda olduğunu bildirir.
Əminliklə deyir ki, növbəti yayın
bir neçə gününü doğma
Qarabağımızda qeyd edə biləcəyik.
Müharibənin sonunun yaxınlaşması ilə Onun
doğulduğu Sədərəyin üzərindən də
qara buludlar çəkilmiş olur. Bu da Onu bir sədərəkli
olaraq çox sevindirir. Axı bir vaxtlar həmin torpaqlar
uğrunda O da döyüşüb, qan töküb, can qoyub. Və indi də Qələbə qoxulu yubileyinin
astanasındadır.
60
İLLİK YUBİLEYinə sayılı günlər
qalır
Deyirlər yaş üstə yaş gəldikcə insan
daha da müdrikləşir. Ancaq mənə elə
gəlir ki, Qəhrəmanım elə bu dünyaya müdrik
kimi gəlib. Onun verdiyi hər bir məsləhət
həmişə böyük dəyərə malik olub. Bu elə indi də belədir.
Mənə elə gəlir ki, Qəhrəmanımın
kimliyini yazmamışdan artıq Onu çoxları
tanıyıb.
Yuxarıda böyük kursivdə verilmiş ad
və soyadından, həmçinin də şəkillərindən.
Axı O, respublikada kifayət qədər nüfuz sahibidir.
Yuxarıda qeyd etdiyim kimi 1960-cı ilin dekabr
ayının 15-də dünyaya gəlib. Deməli, Onun
60 İLLİK YUBİLEYinə sayılı günlər
qalır. Yəni, Qəhrəmanımın
Qələbə ətirli yubileyinə hər keçən
gün daha da yaxınlaşırıq.
Ötən doğum günlərinin birində
arzulamışdıq ki, «Gün o gün olsun ki, növbəti
ad gününü Qarabağımızın azad olunması
ilə birgə qeyd edək». Deməli bu gün, elə
həmin gündür. Yəni,
Qarabağımızın işğaldan azad olunduğu və
Qəhrəmanımın – Yeni Azərbaycan Partiyası Siyasi
Şurasının üzvü, Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının Siyasi partiyalar və
qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin
məsul işçisi Qafar Məmməd oğlu Əliyevin
Yubileyi günləridir!...
Asəf ABBASOV
Olaylar.- 2020.- 4-10 dekabr.- S.10;16.