“Azərbaycan diasporunun
həmrəylik, vahid amal
uğrunda milli birlik nümayiş etdirməsi...”
Rəşid Məmmədov: "Mənfur
düşmənlərimizin xarici dairələrdə
öz çirkin
planlarını həyata keçirməsini əngəllədi"
"İnanıram ki, bu birlik, bərabərlik əbədi olacaq"
Azərbaycanın uğuru, zəfəri ilə başa çatan və tarixə yazılan 44 günlük Vətən müharibəsi dövründə təkcə ölkə daxilində deyil, eləcə də Azərbaycandan kənarda yaşayan soydaşlarımızın da qəlbi, ürəyi Vətənlə döyündü, həmin günləri böyük həyəcanla izləyib baş verənləri, erməni vəhşilikləri və terrorunu yaşadıqları ölkənin rəsmi və qeyri-rəsmi qurumları, ictimaiyyətinə çatdırmaq üçün diaspor təşkilatları, cəmiyyət və birlikləri davamlı və sistemli şəkildə fəaliyyət göstərdilər. Belə təşkilatlardan biri də Yunanıstanda fəaliyyət göstərən "QALA" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyətidir. Cəmiyyətin sədri Rəşid Məmmədovla söhbətimizdə Vətən müharibəsi dövründə Azərbaycan diasporunun fəaliyyəti, eləcə də rəhbərlik etdiyi təşkilatın həmin dövrdə Azərbaycanın haqq səsinin yunan ictimaiyyətinə çatdırmaq istiqamətində atdığı addımlardan, gördüyü işlərdən danışdıq.
-Rəşid bəy, Azərbaycan Ordusunun Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi Vətən müharibəsi və 44 günlük müharibənin zəfərini, eləcə də döyüşlərin getdiyi günləri Yunanıstandan necə, hansı hiss, həyəcanla izləyirdiniz?
-Mən Rəşid Məmmədov, Yunanıstanda Azərbaycan diaspor təşkilatının rəhbəri və fəalı kimi, ilk növbədə vətənimizdə mərdcəsinə şəhid olan rəşadətli əsgərlərimizin valideynlərinə baş sağlığı verirəm və qarşılarında baş əyirəm. Yaralılarımıza Allahdan şəfa diləyirəm və tez sağalıb ailələrinə qovuşmağı arzulayıram.
O ki, qaldı sualınızın məğzinə, bütün dünya azərbaycanlıları kimi Yunanıstanda yaşayan azərbaycanlılar da bu şanlı qələbəni böyük qürur hissi ilə qeyd etməkdədir. İşğal altında olan torpaqlarımızın əsarətdən qurtulması böyük bir salnamədir. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev bütövlükdə 300-dən çox yaşayış məntəqəsini azad edərək öz sahibinə qaytardı. Bu zəfər Azərbaycan xalqının həmrəyliyinin, Ali Baş Komandanın rəşadətinin, ordumuzun yenilməzliyi və qəhrəmanlığını göstərən möhtəşəm qələbə, müasir hərb tarixinin parlaq bir səhifəsidir. Möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı Cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz canı - qanı bahasına Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini 44 günə darmadağın etdi, ərazi bütövlüyümüz bərpa olundu. İkinci Qarabağ müharibəsindəki Qələbə Azərbaycanda və dünyada yaşayan hər bir azərbaycanlının evinə sevinc gətirdi. Yunanıstanda yaşayan soydaşlarımızla birlikdə bu Qələbə sevincini bizə yaşadan Ali Baş Komandana və rəşadətli Azərbaycan Ordusuna dərin təşəkkürümüzü bildiririk.
-Təəssüflər olsun ki, həmin günlər ərəfəsində erməni terroru, vandalizmi bir daha özünün mənfur üzünü göstərdi, Gəncə, Bərdə şəhərləri raket hücumlarına məruz qaldı. Ermənistanın bu terror aksiyasını istər Yunanıstan, istərsə də dünya ictimaiyyətinə hansısa formada çatdıra bildinizmi?
"QALA" Yunanıstan - Azərbaycan Dostluq Cəmiyyəti
-Müsbət məqamlardan biri odur ki, başladığımız mübarizə öz müsbət sonluğu ilə nəticələndi və uzun illər işğal altında olan ərazilərimiz azad edildi. Qələbə sevincini necə qeyd etdiniz, soydaşlarımız necə qarşıladı bu qələbəni?
Bildiyimiz kimi koronavirus (COVID-19) ilə əlaqıdar Yunanıstan höküməti sərt karantin tədbiq edib. Burada yaşayan soydaşlarımız və Azərbaycan xalqına dost münasibət bəsləyən şəxslər bu Qələbə sevincini virtual platformalar vasitəsilə bölüşməklə kifayətləniblər. Bu gün hər bir azərbaycanlı Ali Baş Komandanımızla və qüdrətli ordumuzla qürur duyur. Üstündən illər, qərinələr ötsə də, Azərbaycan xalqının bu tarixi qələbəsi bir dövlətin, bir xalqın öz haqq işi uğrunda mübarizə salnaməsi kimi bütün dünyada nümunə kimi göstəriləcək.
-Rəşid bəy, Azərbaycan dövlətinin tarixi qələbəsindən sonra Yunanıstanda yaşayan azərbaycanlılara qarşı daha da müsbət bir münasibət hiss olunurmu? Yəni azərbaycanlılara qarşı əvvəlki münasibətlə indiki münasibət arasında fərq müşahidə edirsinizmi?
Yuxarıda qeyd etdiyim kimi, hal - hazırda burada karantin olduğu üçün dəqiq söz deyə bilmərəm. Amma onu deyə bilərəm ki, Qarabağ (Vətən) savaşına qədər yunan cəmiyyəti hər zaman biz Azərbaycan Türkləri haqqında müsbət fikirdə olublar. İnanıram ki, bundən sonra daha da müsbət fikirdə olacaqlar və haqqın tərəfini tutacaqlar. Heç bir ölkə Azərbaycanın həm hərb meydanında, həm də diplomatiya sahəsində Ermənistanı diz çökdürəcəyini gözləmirdi. Bu şanlı qələbə Azərbaycanın gücünə və qüdrətinə şübhə salan bütün dövlətlərə, liderlərə böyük dərs oldu. Düşünürəm ki, Azərbaycanın beynəlxalq müstəvidə nüfuzu xeyli artmış oldu və bundan sonra bir sıra dövlət və hökumət başçıları ölkəmizi sadəcə enerji partnyoru kimi deyil, həm də hərbi gücü və siyasi qüdrəti olan respublika kimi tanıyacaqlar.
-Ümumilikdə, Azərbaycan diasporunun 44 günlük Vətən müharibəsi dövründəki fəaliyyətini necə qiymətləndirirsiniz?
-44 gün ərzində ordumuz işğal altında olan 300-ə yaxın kəndi, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəklikləri azad etdi, Naxçıvan blokadadan azad olundu, düşmənin hərbi texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bu qələbəni Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Məhz xalq-iqtidar birliyi, ordu quruculuğu və diasprumuzun gücü bu qələbəmizi şərtləndirdi. Bu Vətən savaşında Azərbaycan diasporu illər boyu erməni lobbisi tərəfindən formalaşan anti-Azərbaycan informasiya məkanını darmadığın etdi və dünyanın bütün aparıcı dövlətləri və qurumları Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıdı.
-Azərbaycan diasporu Vətən müharibəsi günlərində kifayət qədər birlik, bərabərlik nümayiş etdirdimi?
2020-ci il pandemiya ilə başlayan və sonradan Ermənistan Azərbaycanın Tovuz şəhərinə təxribatı zamanı diasporamız daha da birləşib, möhkəmləndilər. İkinci Qarabağ (Vətən) müharibəsində 44 günlük müharibədə diaspor təşkilatlarımız və xaricdə yaşayan soydaşlarımız yaşadığı ölkədən asılı olmayaraq bütün imkanları ilə milli birlik nümayiş etdirərək dövlətimizə və ordumuza dəstək göstərdilər. Azərbaycan diasporunun həmrəylik, vahid amal uğrunda milli birlik nümayiş etdirməsi mənfur düşmənlərimizin xarici dairələrdə öz çirkin planlarını həyata keçirməsini əngəllədi.
İnanıram ki, bu birlik, bərabərlik əbədi olacaq. Biz diasporumuzun birliyini qoruyub saxlamalıyıq, dövlətimizin güclənməsində var gücümüzlə çalışmalıyıq. Azərbaycanımızı multikultural ölkə kimi tanıtmağımızı davam etdirməliyik və mətbuatla əlaqələrimizi gücləndirməliyik.
-Necə hesab edirsiniz, işğaldan azad edilən ərazilərimizin yenidən qurulmasında Azərbaycan diasporunun imkanlı şəxsləri də iştirak etməlidirmi?
-İşğal etdikləri ərazilərdə hər şeyi dağıdan, talan edən və Azərbaycanın mədəni, tarixi, dini irsini yox etməyə çalışan ermənilərin vandalizmi, Ermənistanın qeyri-qanuni şəkildə Azərbaycan torpaqlarında məskunlaşdırdığı və indi münaqişənin həlli ilə bağlı razılaşmaya uyğun olaraq ərazilərdən çıxmalı olan ermənilərin biabırçı hərəkətlərinin müşahidəsi ən biganə insanı belə emosiyasız buraxmır. Amma bütün dünya azərbaycanlıları inanır ki, Qarabağın əvvəlki şan-şöhrəti tezliklə özünə qayıdacaq. Qələbə günündən bir neçə gün sonra artıq Alxanlı kəndindən Füzuli-Şuşa avtomobil yolunun çəkilişinə başlanması azad edilmiş ərazidə böyük quruculuq işlərinin ilk layihəsi kimi çox əlamətdar hadisədir. Bu onu göstərir ki, Azərbaycan hökuməti tezliklə bu bölgələrin infrastrukturunun qurulmasının vacibliyini nəzərə alır və abad məkana çevrilməsi üçün qətiyyətli addımlar atmaqda israrlıdır. Azərbaycan diasporunun imkanlı şəxslərinin işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasında iştirak etmək təşəbbüslərini çox müsbət dəyərləndirirəm və gələcəkdə diasporumuzun həmin ərazilərimizin inkişaf etməsində böyük faydası olmağına inanıram.
-Azərbaycana gəldiyinizdə ilk ayaq basdığınız hansı işğaldan azad edilmiş şəhər və ya rayon ola bilər?
-Dəyərli şairimiz Tofiq Bayramın şeirindən bir parça vurğulamaq istərdim:
"Mən vətənə, "Füzuli, Abbas Səhhət" deyirəm!
Mən vətənə, "Sabiri doğan qeyrət", deyirəm!
Mən vətənə, "Üzeyir, Müşfiq, Səməd", deyirəm!
"Günəş kimi müqəddəs bir həqiqət", deyirəm,
Azərbaycan deyəndə!"
Mənim üçün Vətənin hər qarış torpağı əzizdir. Gözəl Qarabağımızda heç vaxt olmamışam. İnşAllah nəsib olarsa ilk olaraq Şuşaya səfər etmək istərəm.
Süleyman İsmayılbəyli
Olaylar.- 2020.- 4-10 dekabr.- S.11.