Keçmişdən gələcəyə
nə daşıyırıq?
Üçüncü yazı
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Epiqraf
Hökumət o zaman özünə potensial
üsyançılar hazırlayır ki, cəmiyyətdə
xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə
sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb
gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin,
vətənpərvərliyin təbliği effekt vermir və
dövlətçilik anlayışı məmur və ictimai
status anlayışı ilə eyniləşdirilir.
Yunus
Oğuz
Üçüncü
yazı
İkinci
yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
Yalnız 1836-cı ildə ermənilərin katalikosunun
Sankt-Peterburqla uzun yazışmalarından, çar məmurlarının
satın alınmasından sonra çarın əmrilə
alban kilsələri erməni kilsəsinin tabeliyinə verildi. Erməni kilsəsi alban kilsələrinin
zəngin əlyazmalarını ələ keçirməklə və özününküləşdirməklə Qafqazda olmayan tarixini qədimləşdirdi.
Bu əlyazmaların üzü
köçürüldü, "alban" terminləri
mümkün olduğu qədər "erməni" termini ilə
əvəzləndi. Bu da oldu Qafqazda "qədim
erməni tarixi".
Təbiidir
ki, Difai təşkilatının yaradıcıları bütün bunları gözəl
bilir və anlayırdılar ki,
daşnaklar Qafqazda yaşayan
yerli və köklü xalqları
bu ərazilərdən qovmaq, yaxud öldürmək və yerində erməni dövləti
yaratmaq istəyirdilər. Bu "dövlət"in
tarixini isə yüz ildi işləyib
hazırlayırdılar.
Qayıdaq XX əsrin əvvəllərinə.
1905-1907-ci
il hadisələrindən sonra erməniləri
bu ərazilərdən heç kim qovmadı. Onlar
hiylə və dostluq niqablarını yenidən sifətlərinə
taxdılar. Özlərini elə göstərirdilər
ki, guya heç nə olmayıbmış, guya bizimlə
xoş, mehriban qonşudurlar.
Elə ki, birinci Dünya müharibəsi başladı,
dərhal daşnakların xəyanət simaları yenidən
ortalığa çıxdı. Bu Osmanlı Türkiyəsində
özünü daha çox büruzə verdi.
Belə ki, Çar Rusiyası tərəfindən Osmanlı ərazilərində
silahlanan və təşkilatlanan ermənilər
türk ordusunun kürəyinə xəncərlə zərbələr
vurmağa başladı. Onlar arxa cəbhədə kəndlərə,
şəhərlərə, hücum edir, insanları, ailələri,
qocaları, qadınları, uşaqları kütləvi şəkildə
qarət edirdilər
və qətlə yetirirdilər.
Bu hal
1915-ci ilin may ayına qədər davam etdi.
Çünki Sarıqamış hadisəsilə
Osmanlı hökumətinin səbr kasası daşdı. Şanlı Türk ordusu
Sarıqamışda ruslara qarşı döyüşdə
mövqelərini əldən verməmişdi, baxmayaraq ki,
türklərin arxa cəbhəsini daşnaklar tamamilə
dağıtmışdılar. Beləcə
doxsan minlik türk əsgəri səngərdəcə
donmuşdu. Osmanlı hökumətinin aprel ayında ermənilərin
şərq cəbhəsindən köçürülməsi
haqqında verilən qərar may ayında icra edilməyə
başlandı. Yalnız bundan sonra türk ordusu
şərq cəbhəsində mövqe
üstünlüyü qazandı.
Erməni
silahlı qüvvələrinin növbəti fəallaşması
Rusiyada 1917-ci ildə baş verən fevral burjua inqilabından sonra başladı. Həmin
ilin oktyabr ayında proletar inqilabı baş verdi
və bolşeviklər hakimiyyəti ələ aldılar. Bundan bir qədər sonra isə Rusiya birinci Dünya
müharibəsində iştirakdan imtina etdi. Mart ayında, 1918-ci ildə Rusiya ilə Almaniya
arasında Brest-Litovsk müqaviləsi bağlandı. Eyni zamanda Rusiya Türkiyədən bu müqavilə
əsasında qoşunlarını geri çəkdi. Rus qoşunları ilə bir yerdə təpədən
dırnağa qədər silahlanmış daşnaklar da
Qafqaza və Türküstana doluşdular. Bakıda
bolşevik-daşnak hakimiyyəti artıq qurulmuşdu və
Qafqaza gələn daşnak silahlıları bolşevik ordusuna
yazıldılar. Onlara imkan yaradan kimi yenə
də əvvəlki xasiyyətlərindən əl çəkmədilər.
Birinci
silahlı toqquşmadan biz ibrət almadıq və yeni
münaqişələrin qarşısını almağa
hazır olmadıq, nəticədə 1918- ci il 30 mart - 3 aprel
arasında Bakı quberniyasında, Şamaxı, Quba,
Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur,
Qarabağ, Naxçıvan, Urmiya, Xoy, İğdır və
digər yerlərdə kütləvi qırğınlar
törətməyə başladılar. Mənbələrin
məlumatlarına əsasən mart soyqırımında əlli
mindən çox insan qətlə yetirilmişdi.
Hələ bundan öncə fevral ayında bolşevik
daşnaklar Orta Asiyada, yəni Türküstanda əhaliyə
qarşı kütləvi qırğınlar törətmiş,
yüz minlərlə əhalinin ömrünə son
qoymuşdu. Buna cavab olaraq Türküstan əhalisi müqavimət
hərəkatı yaratmış və bu, 1936-cı ilə qədər
davam etmişdi.
Başda Stepan Şaumyan olmaqla Bakı komissarları ikili
siyasət apararaq bolşevik Rusiyasından hərtərəfli
yardım almaqla yanaşı, ingilis hökumətindən də
milyon qızıl rubl yardım alaraq fəaliyyətlərini
daha da genişləndirdilər. Daşnaklar
bolşeviklərin köməyi ilə Bakıda erməni
dövlətini yaratmaq niyyətlərini heç də gizlətmirdilər.
Bunun üçün də vətəndaş
müharibəsinin daha da alovlandırılmasını istəyirdilər.
Şaumyan 1918-ci il martın 15-də çıxış edərkən
"Bakı Soveti
Zaqafqaziyada vətəndaş müharibəsinin mərkəzinə
və istehkamına çevrilməlidir!" demişdir. O
yazırdı: "Bizim siyasətimiz vətəndaş
müharibəsidir. Kim bu siyasətin əleyhinə
gedir, həmin adamlar düşmənlərimizdir". Başqa bir yerdə Şaumyan qeyd edirdi ki, Bakı
Sovetinin ordusunun yalnız adı sovetlərin
siyahısındadır, əslində həmin ordu Erməni
Milli Şurasına tabedir.
Görürsünüzmü, necə məkrli və
hiyləgər qonşularla bir yerdə yaşmağa məcbur
edilmişik.
Yalnız 1918-ci ilin may ayında özünü Tiflisdə
elan edən Azərbaycan Xalq Cümhuriyyətinin bir neçə
üzvü, başda M.Ə.Rəsulzadə olmaqla iyunun 4-də
Batumda Osmanlı və Azərbaycan hökumətləri
arasında müqavilə bağladıqdan sonra bolşevik-
daşnaklarla bütün Azərbaycanda müqavimət
güclənməyə başlandı.
Qeyd etmək yerinə düşərdi ki, o zaman da,
1991-ci ildə də Azərbaycanın müstəqilliyini ilk
tanıyan Türkiyə oldu.
Çox
keçmədi ki, Gəncə Azərbaycanın paytaxtı
elan olundu və Osmanlı və Azərbaycan tərəfindən
yaradılan Qafqaz İslam Ordusu Gəncədə yerləşdi
və çox ciddi hərbi fəaliyyət göstərməyə
başladı.
Nəticə olaraq Qafqaz İslam Ordusu gərgin
döyüşlər apararaq sentyabrın 15-də Bakıya
daxil oldu və şəhəri bolşevik-daşnak
işğalından azad etdi. Ordu komandanı Nuru
Paşa qısa bir müddətdə şəhərdə
qayda-qanun yaratmağa müvəffəq oldu. Ordunun
gücünü görən ermənilər barışıq
üçün ağ bayraq qaldıraraq yalvarışla
sülh istədilər. Bu qırğınlar yenə bizə dərs
olmadı. Səhvimizdən nəticə
çıxartmadıq. Hətta, digər milli azlıqlar kimi, ermənilərə
də Cümhuriyyət parlamentində yer ayrıldı.
Bununla yanaşı parlament mart soyqırımını təhqiq
etmək
üçün Fövqəlaqə İstintaq
Komissiyası yaratdı. Lakin, heyhat, komissiya
öz işini başa çatdıra bilmədi.
Çünki Moskva Bakının müstəqilliyini heç cürə qəbul
edə bilmirdi. Bakı
nefti Rusiyanın vətəndaş müharibəsində və
gələcəkdə də əsas silahı idi və ikinci
Dünya müharibəsində də Sovet İttifaqı məhz
Bakı neftinin hesabına faşist Almaniyasının üzərində
qələbə çaldı.
Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin
ömrünə 28 aprel 1920-ci ildə sovetlərin XI
Qızıl Ordusu son qoydu. Yenidən kütləvi
represiyalar, qırğınlar başladı. Azərbaycanda Sovet hökuməti quruldu və dərhal
da ermənilər özlərini hökumətin bu
qurumlarında yerləşdirməyə başladılar.
Bunun da nəticəsi olaraq yalnız may 1920-ci ildən noyabr
1921-ci ilə qədər Azərbaycanda 50 minə qədər
insan terrora və repressiyaya məruz qaldı. Xalqın
əsas düşünən beyinləri sıradan
çıxarıldı.
Əsl
ziyalısı olmayan xalq məhvə məhkumdur!
Sovet
rejimi düşünən beyinləri sıradan
çıxardıqdan sonra yeni sistemə uyğun
ziyalı yetişdirmək lazım gəlirdi. Beyinləri
yuyulmuş nə qədər ziyalı yetişdirildi. Onlar hələ də "yaşayırlar",
özlərinə görə ziyalıdırlar.
Ziyalı həm də xalqla hökumət arasında
ildırım ötürücü rolunu oynamalıdır. Ziyalının
ən ümdə vəzifəsi dövlətin, əgər
çöküşünü görərsə
susmamaqdır. Ziyalı həm də cəsarətli
olmalı, fikirlərini sərbəst söyləməyi
bacarmalıdır. Ancaq fikirlərini sərbəst şifahi və
yazılı deyən aydınlarımız amansız repressiya
maşınında xıncımlandılar. Bu
xalq üçün düşünən insanların fikirləri
beyinlərdə qəbirstanlığa çevrildi.
Özü də
bütün bunları həyata keçirən
Moskvada Mikoyandan tutmuş, ta yerlərə qədər ermənilər,
yaxud vəzifəyə görə onlara havadarlıq edənlər
idi. Nə qədər ziyalımız
günahsız qurban oldu, nə qədəri Azərbaycandan
qaçaq düşdü? Əhməd bəy
Ağaoğlu, Əli bəy Hüseynzadə, Məmmədəmin
Rəsulzadə, Əlimərdan bəy Topçubaşov və
onlarla belə ictimai-siyasi fikir adamları bir də yüz ilə
yetişməzdilər.
Hələ bu azmış kimi ikinci Dünya müharibəsində
altı yüz mindən çox əsgər və zabitimiz
iştirak etdi və bunlardan yarısından çoxu
müharibədən qayıtmadı. O zaman üç milyon əhalisi
olan Azərbaycanın üç yüz mini geri
qayıtmadı. Bu, demoqrafiyamıza
sarsıdıcı zərbələr vurdu. Bu, əhalinin çoxalmasının
qarşısını almaqla yanaşı, həm də
doğulmayan uşaqların faciəsi idi. Əgər hər
min uşaqdan biri istedad sahibi olardısa, deməli ən azı
üç yüz istedadlı gəncə sahib ola bilərdik.
Hələ mən repressiya illərində qurban gedən və
yaxud mənəvi terrora məruz qalan ziyalılarımız
haqqında yazmadım. İlahi!
Millətin başına bu qədər oyunlar gətirilir,
amma bizə ibrət olmur.
Bu da
azmış kimi, Moskvada kommunist partiyasının siyasi
bürosu tapşırıq verdi ki, tarixi
torpaqlarımız olan Qərbi Azərbaycandan, yəni əski
İrəvan xanlığından azərbaycanlılar
köçürülsün.
Siyasi büronun göstərişi və SSRİ Nazirlər
Sovetinin qərarı ilə azərbaycanlıların Ermənistandan
qovulmasının yeni mərhələsi başlandı.
Beləliklə,
1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti "Ermənistan
SSR-dən kolxozçuların və başqa azərbaycanlı
əhalinin Azərbaycan SSR-nin
Kür-Araz ovalığına köçürülməsi
haqqında" qərar verdi.
SSRİ
Nazirlər Sovetinin 1948-ci il 10 mart tarixli "Ermənistan SSR-dən
kolxozçuların
və digər azərbaycanlı əhalinin Azərbaycan SSR-nin
köçürülməsi ilə əlaqədar
haqqında" daha bir qərarı ilə bu işi həyata
keçirmək üçün konkret tədbirlər
planı müəyyən olundu. Bu plana görə
üç il ərzində Ermənistandan
yüz mindən çox azərbaycanlı Azərbaycana
köçürüldü.
Qərarın axırıncı, II maddəsində
ayrıca göstərilirdi ki, Ermənistan SSR Nazirlər
Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin
köçürülməsi ilə əlaqədar onların
boşaltdıqları tikililərdən, yaşayış evlərindən
xaricdən gələn erməniləri
yerləşdirmək üçün istifadə etsinlər.
Bax belə. Heç bir səbəb göstərilmədən soydaşlarımız köçürülür və onların dədə-baba torpaqlarına Suriyadan, Livandan, İrandan və başqa ölkələrdən ermənilər Ermənistana və Sovetlər birliyinin hər yerinə köçürüldülər. 1944-cü ildə isə müharibənin gedişatı zamanı bizi də Krım tatarları, Ahıska türkləri, bulqar və qaraçaylılar kimi Azərbaycandan bir nəfər qalmamaq şərtilə Orta Asiyaya və Qazaxıstana sürgün edəcəkdilər. Yalnız Güney Azərbaycan məsələsi gündəmdə olduğu üçün müvəqqəti saxlanıldı, çünki İranda İ. V. Stalin üçün planlar başqa idi və Sovet qoşunları orada yerləşdirilmişdi. Ziyalılar repressiya olunur, sahibi olmayan xalq isə çöllərə salınırdı. Bu təkcə azərbaycanlılara aid deyildi, bütün türklərə şamil olunurdu. Qazaxıstanda erməni əsili Mirzəyev adlı birisi bu ölkədə yüz minlərlə qazaxlını acından öldürdü. Eyni aqibət özbəklərin də başına gəldi.
Ardı var
Yunus Oğuz
Olaylar.- 2020.- 1-3 fevral.- S.9.