Gülməşəkər namizədlər

 

Felyeton

 

Deyirəm bu seçkilərdə nə qədər gülməşəkər namizəd varmış...

Keçmişdə bir kənddə muxtar, sovet dilində desək, kolxoz sədri seçkisi keçirirdilər. Deməli seçkinin keçirilməsi qaydası belə imiş: Bir torba bişmiş, bir torba da çiy noxud verirlərmiş kəndə girən birinci adamın əlinə, özünü də oturdurlarmış eşşəyin belinə. Eşşəyin belində də bir boş xurcun varmış. Həmin adam eşşəklə kəndi gəzir, qarşısına çıxan kişilər (o zaman arvadlar səsvermədən məhrum idilər. Görzamanlar varmış e..? İndi yalan- gerçək kişilərə hətta şiddət göstərirlər. O de... Tv işçisi nədi o oğlanın adı... Arvadı ona nə cürə şiddət göstəribsə vurub başını yarıb. O da eləməyib tənbəllik arvadını verib polisə. İndi bu yazıq binəva evə polislə gedib gəlir. Polis axşam onu arvada təhvil verir, səhər isə yoxlamadan keçirib buraxır çölə.) filan namizəddən razısansa (o zaman yalnız bir namizəd olurdu, day indiki kimi deyildi, bir yerə iyirmi namizəd özünü soxuşdursun) çiy noxudu at xurcunun bir gözünə , yox narazısansa bişmiş noxudu da bir-bir götürüb at xurcunun o biri gözünə. Bu namizəddən də, yəni köhnə muxtardan kəndin camaatının zindeyi-zəhləsi gedirmiş. Şərt də belə idi ki, seçki eşşəyinin noxtasını o adamın əlinə verirdilər ki, o kəs bu kənddən olmasın. Nə isə seçkinin bu ərəfəsində qarnında qurbağa quruldayan Molla Nəsrəddin gəzə-gəzə gəlib çıxır bu kəndə ki, bəlkə yeməkdən-zaddan bir şey  tapıb yesin. Əhali bunu görən kimi sevinir və dərhal eşşəyin noxtasını, türkün sözü verirlər bunun əlinə. Mollaya məsələni başa salırlar. Bişmiş noxud adını eşidən kimi, o tərəddüd etmədən noxtanın sahibinə çevrilir. Ev-ev gəzdikcə kişilər bişmiş noxudu götürüb xurcuna atırlar ki, bəs əleyhinəyik. Molla Nəsrəddin hər dəfə də əlini atıb xurcundan bir ovuc noxud götürüb yeyirmiş. Kəndin o biri başında baxır ki, bişmiş noxudu yeyib qurtarıb. Eləmir tənbəllik, qorxusundan çiy noxudu xışmalayıb tökür  xurcunun o biri gözünə. Çox uzatmayım. Bu adam yenə muxtar seçilir. Muxtar gəlub Molladan soruşur ki, bəs necə oldu mən seçildim, bilirəm ki, kəndin məni görməyə gözü yoxdur.

 

 

Molla da cavab verir:

- Ay muxtar! qədər ki, bu bişmiş noxud mənim kimi qarnı quruldayanlar var, həmişə sən seçiləcəksən.

İndi bizdə eyni ilə gülməşəkər namizədlərin deputatxana döyüşü gedir, özü qaydasız döyüşdü ha. Bəs bilmişdin? Yağ paylayan kim, pul paylayan kim, ələ alınan kim... Namizədlər elə bil bişmiş noxudun əl yapışdıran şirəsinə yığışıblar. A canım, gözüm, olub? O bişmiş noxudun şirəsinin izi bir nəfərin əlində qalacaq e, day hamınızın yox. Amma, kimə deyirsən, veclərinə deyil. O şirəyə görə elə şüarlar uydururlar ki, adamın əli ağzında qalır. Bu sloqanlardan (şüara osmanlılar sloqan deyirlər) bir neçəsini deyim, baxın görün sinənizə yatırsa, siz gələn seçkilərdə bunlardan geninə-boluna istifadə edərsiniz.

Bir elmlər doktorunun plakatında yazılan şüar.

- "Mənə səs ver. Hər gün səninlə olum, problemlərini həll edim!"

Lap seksual xarakterlidir.

Bundan biri var: "5 dəqiqə mənimlə olun, 5 il sizinlə olum".

Bah kişi gül vurub, gülab  çəkib. Ortaya belə sual çıxır: Bəs alimenti 5 ildən sonra kim verəcək? Gör bu xalqı haralara çəkib aparırlar? Deməli, o dairənin səs verənlərinin ayaqları 15-20 il məhkəmələrdən çəkilməyəcək, gecə-gündüz aliment davası edəcəklər.

Plakata şeir yazan da var:

Problemləriniz aşıb-daşır?

Sizə Daşqın yaraşır!!!

Vallah belə yazıb xalqı bu qədər lənətləməkmi olar, a qıvlasız?

Seçkidə hal namizədlər var, özü qədeşlərə arxayındır. Gül kimi şəklinin yanında görün yazdırıb? "Siz hələ, belə şey seçməmisiniz". isə, günah "şey-zad"ları ortalığa buraxan o Muxtardadı. O biri hallı gör yazır: "Görün, qağanız bu dəfə NAĞARAJAH". Ağlına qamış ölçüm!

"İmam sizi xilas edəcək". Ay qardaş, İmamsansa get özünü ver Mübariz müəllimin yanına. Məzahir müəllim Mübariz döyül. Görünür adların oxşarlığı bu qaqaşı çaşdırıb.

Başqa birisi Allahı seçkilərə qatır. Yazır ki, Allaha yaxın olan şəxslər səs versin. A kişi, sən neyləyirsən? Allahı da siyasətə qatdınsa,  batdıq getdik. O de İrandakı qədeşlərimiz Allahı necə siyasətə qatıblarsa bata-bata gedirlər. Bu bataqlığın batabatında birinin əli raket düyməsinə necə dəydisə, hələ uğultusu qulaqlardan çəkilmir. Deyirəm, o düymə basanın da əli şirəli olsaydı, düymədə yapışıb qalardı, raket uçmazdı.

Bu seçkilərdə babasına, nənəsinə güvənənlər var. Biri plakatında yazıb ki, bəs aptek Məzahirin nəvəsinə səs verin! Ay, ay  səni bacıoğlu! Bu "aptek" sözünü yazmasaydın, hamı elə biləcəkdi ki,  sən MSK sədri Məzahir müəllimin nəvəsisən. Bundan sonra sakitcə mandatını cibində gəzdirə bilərdin, amma nəbadə mandatı girov qoyasan. Bəs bilmişdin? Məzahirin nəvəsi olmaq elə-belə şey döyül e...

Belə şüarlar xalq yaradıcılığı ilə çox zəngindir, aşıb-daşır. Toplasan bir kitab yazmaq olar. Əgər MSK buna vəsait ayırsa mən buna razı olaram. Kitabın da adını belə qoyaram: "Ümumxalq seçkilərində şirəli aforizmlər, deyimlər, söyləmələr (qədimdə şeirə söyləmə deyərdilər)".

Bax belə. Babalardan keçək nənələrə. İndi bərkgedən namizədlər dairədə nənə axtarışına başlayıblar. Daha öpmək məsələsində suyun şitini çıxardıqları üçün yeni üsul icad etmək, daha yaradıcı olmaq istəyirlər.

O gün bir tədbirdə namizədlərdən birini gördüm. Telefonla danışırdı. Salamlaşıb durdum ondan bir qədər kənarda. Qulağımın ucu ilə eşidirəm.

Deyir:

- Nənəni tapdın? (o biri tərəfdən deyildisə bilmirəm) Razı saldın? A kişi, istəyir beşdən, ondan ver ki, siğə etdirməyə razı olsun. Deginən bu savab işdir, günaha batma. Biz bir-iki şəkil çəkdirib cahanda onu məşhur edəcəyik. Şəkli televizorlardan, saytlardan düşməyəcək. Hələ, deginən çoxlu pul da qazanacaq...

Gör hara gedirik, a millət! Bu bişmiş noxud şirəsi nəmənə oldu ki, hamını yerindən tərpədib. Pəpə istəyən qışqırır, məmə istəyən , özü hamısı şirəyə kreativ yaxınlaşır. isə, başınızı çox ağrıtmayım, Molladan bir kiçik şey (düşünürəm "şey"i hallıların əllərindən almaq lazımdır) yazım, bununla da yazını bitirim. Molla Nəsrəddin bir gün eşşəyə tərsinə minib özüçün gedir. Biri soruşur ki, ay Molla, bu eşşəyin üstündə tərsinə niyə oturmusan?

Molla cavab verir:

- Arxadan gələn təhlükəni görmək üçün.

Adam ikinci sualı verir:

- Yaxşı, bəs, bu təhlükə qabaqdan gələrsə?

Molla özünü itirmir:

- Qabaqdan gələn təhlükəni eşşək görəcək.

Eşşəkdə işim yox, Molla bilər, o bilər. Ancaq,  bu gülməşəkər namizədlər təhlükənin hardan gəldiyini bilirlərmi? Qabaqdan, yoxsa daldan?

31.01.20

 

Yunus Oğuz

 

 

Olaylar.- 2020.- 4-5 fevral.- S.9.