Bu cür ədəbiyyatların cəmiyyət üçün heç bir faydası olmayacaq – Rövşən Abdullaoğlu

 

 

 

Olaylar.az  yazıçı -psixoloq Rövşən Abdullaoğlu ilə müsahibəni təqdim edir.

- Bu yaxınlarda Antraktidada səfərdə oldunuz. Səfərin məqsədi nə idi? Və bu səfər haqqında hansısa əsər yazılacaqmı?

- İlk olaraq deyim ki, səfərlər qəfil, plansız gələn marşurut deyil. Mən öncədən gedəcəyim yeri seçib, müəyyənləşdirirəm. O səfərlər adətən fəaliyyətimlə bağlı olduğuna görə daha çox əsərlərimdə hansı faydasının olacağını düşünürəm. Yaxud da, gedib gördüyüm yerlərdə əldə etdiyim məlumatların oxucularıma, mənə nə fayda verəcəyini düşünürəm. Gedəcəyim yer bu parametrlərə uyğun gələrsə, o zaman ora səfər edirəm. Antraktidada gördüklərim, düşündüklərim hazırda üzərində işlədiyim bədii əsərdə öz əksini tapacaq. Bu səfərlə bağlı minimum 2 kitab yazmağı planlaşdırıram. Səfərlərdə dünyagörüşüm genişlənir, yeni məlumatlar əldə edirəm. Yaradıcılığım üçün motivasiya rolunu oynayır. Çox vaxt düşünürlər ki, bu səfərlər fiziki olaraq məni çox yorur və qayıdandan sonra uzun zaman dincəlməyə vaxt sərf edirəm. Amma səfərlərdən qayıdanda daha çox yazmaq istəyirəm.

- Afrika səfəriniz böyük müzakirələrə səbəb oldu. Belə bir fikir də yayıldı ki, hansısa problemi, görmək və yazmaq üçün Afrikaya getməyə ehtiyac yoxdur. O problemlərdən bizim cəmiyyətimizdə də yetərincədir. Afrikadakı, ya Azərbaycandakı problemləri qələmə almaq asandır?

 

- Mən ora sırf problemlərə görə getməmişdim. Səyahətlər mənim fəaliyyətimin bir hissənə çevrilib. Bu səyahətlərim yaradıcılığımda öz əksini tapır, eşidib gördüklərimi sonradan sosial media hesabımda paylaşıram, onların əsasında kitablar qələmə alıram, bloqumda fotoməqalə şəklində yayımlayıram. Sadəcə afrika xalqlarının problemləri ilə yaxından maraqlanmaq üçün getsəydim də bu cür düşünmək yanlışdı. Mənim cəmiyyətimdə problem varsa, bu o demək deyil ki, mən başqa cəmiyyətin, millətin, problemini düşünməməliyəm. Ancaq özünü düşünmək həm fərd olaraq, həm də cəmiyyət olaraq eqoist yanaşmadır. Cəmiyyətdə də bu düşüncə yaransa, bu artıq ictimai eqoistlikdir. Bu gün dünyada belə bir tendensiya var ki, öz problemlərinlə bərabər sən başqa bir ölkələrin problemi ilə məşğul olursan, biganə qalmırsan. Yəni bizim problem heç vaxt bitməyəcək. Bu insanlıqdan qaynaqlanan bir məsələdir. İnsanlıq gərəyincə heç bir cəmiyyət bu cür məsələlərə biganə qalmamalıdır.

- AfrikaAntraktida gördükləriniz hansı əsərlərinizdə yer alıb?

- Bu yaxınlarda bitirdiyim "Ləpirçi" əsəri Afrika səfərimdən bəhs edir. Əsər hazırda redaktədədir. 1-2 aya nəşr olunacaq. Afrika səfərimi silsilə şəkildə dərc etməyi düşünürəm. 1850-ci illəri əks etdirən ˝Ləpirçi˝ əsəri Afrika xalqlarının mədəniyyətlərinə, onların daxilixarici mübarizəsinə həsr olunub.

Antraktidaya gedəndə məni bir çox məsələ düşündürürdü. Onlardan biri qlobal istiləşmə idi. Ora getməyənə qədər insan problemin bu qədər dərin olduğunu anlaya bilməz. Bir çoxunun isə bu problemdən xəbəri yoxdur, bir çoxunu isə bu narahat eləmir. Amma o buzlaqları görəndən sonra onların insanın yanlış fəaliyyətləri nəticəsində hər il əridiyini və əridikcə də dünya okeanının səviyyəsinin qalxdığını biləndən sonra problemin nə qədər ciddi olduğunu dərk edirsən. Buzların əriməsi o deməkdir ki, bir çox ada ölkələri olmayacaq, sahilyanı dövlətlər məhv olacaq. Ekosistem bir-biri ilə sıx bağlıdır. Əgər təbiət məhv olsa bu birbaşa insana təsir edəcək.

 

- Psixologiya, motivasiyadini mövzularda yazılarınız, araşdırmalarınız var. Bunlardan hansı əsərlərinizdə daha çox yer alır?

- Mən bədii düşüncəni psixologiyadan, sosiologiyadan, fəlsəfədən, motivasiyadan, din və müxtəlif elmlərdən ayıra bilmirəm. Mənə görə ədəbiyyat yalnız sözün bədii estetik tərəfi ilə, mənası ilə fəlsəfə, psixologiya maraqlanmır. Mənə görə ədəbiyyat hər ikisinə diqqət etməlidir. Bədii ədəbiyyatın iki mühüm strukturu var. Forma və məzmun. Bu ikisini bir -birindən ayırmaq mümkün deyil. Və əgər bədii ədəbiyyat deyiləndə sadəcə forma başa düşülürsə, yəni, ədəbiyyat sözün bədii estetikası, gözəl, ifadəli cümlələr qurmaqla məşğuldursa, o zaman bədii əsər zahiri gözəl sözlərin yığınından ibarət olacaq. Bəzi yazıçılar bu cür düşünürlər. Mənə görə ədəbiyyatda formanın gözəlliyi ilə paralel məzmunun da gözəlliyi olmalıdır. Bu ikisi fikrimcə, ayrılmazdı. Ona görə əsər yazanda bədii estetik tərəfinə diqqət elədiyim kimi ondan da daha çox məzmununa diqqət edirəm. Düşüncələrimizə diqqət etsək, orada yalnız məna görərik, insan yalnız məna ilə düşünür, yalnız ondan təsirlənir. Beyində söz yoxdur. Məna həmişə sözdən həcmcə böyükdür. Biz sözlərlə dərin düşüncələrimizi, zehnimizdə olan mənaları, keçirdiyimiz hissləri qəlibləyirik. Məna bütün elmlərin, dinlərin, sosiologiya və fəlsəfənin mahiyyətini təşkil edir. Bu elmlər insanlara məna və həqiqəti çatdırmaq istəyirlər. Həqiqətlər də sözdən deyil, mənadan ibarətdir. Bu səbəbdən mənə görə önəmli olan mənadır. Sözlər isə bir qəlibdir. Bədii ədəbiyyat əgər yalnız formaya, mənanın qəlibinə köklənərək sözlərin gözəlliyinə diqqət edirsə, mənə görə bu ədəbiyyat mənasız ədəbiyyatdır. Bu cür ədəbiyyatların cəmiyyət üçün heç bir faydası olmayacaq. Ancaq bu ədəbiyyat forma və məzmunun sintezidirsə, o zaman bu ədəbiyyat mühümdür və dəyərlidir.

- Təhsiliniz psixologiya istiqamətindədir. Əsərlərinizin oxunmasında insanların, cəmiyyətin psixologiyasına bələd olmağınızın rolu nə dərəcədədir?

- Əsərlərimin uğurunu daha çox görürəm. Düzdü, bəzi mərhələ var ki, hələ ora çatmamışam. Daha mükəmməl əsər yaratmaq istəyirəm. Heç vaxt da "insanları tam tanımışam" iddiam olmayıb. Heç kim bu iddianı edə bilməz. Sadəcə olaraq, digərlərindən fərqli olaraq mən əsərlərimdə cəmiyyətin düşüncələrini, psixoloji düyünləri verməyə çalışıram, lokal hadisədən ümumi nəticə çıxardaraq insanları hadisələrin pərdə arxasında cərəyan edən qanunauyğunluqlara diqqət çəkirəm, bəzən dini məqamlara toxunuram. Bu cür yanaşmada insanlar fayda görürlər, bu da oxucuların çox marağına səbəb olur. Oxucular aktual mövzularda, fərdi və ictimai problemlərdə özlərini görürlər. Ona görə də bu cür əsərlər daha çox satılır. Əsərdə olan söz gözəlliyinə, söz oyununa köklənib, yalnız bədii estetikanı qabardıb, məzmunu kənara qoysaydım əminəm ki, əsərlərim bu cür uğurlu olmayacaqdı. Elm aləmində sözün bədii tərəfinə demək olar ki, diqqət etmirlər, ancaq həqiqətlərlə dolu mənanı çatdırırlar. Nəticədə də elmi, fəlsəfi əsərlər ictimai çevriliş edir. Alimlər üçün sözlər insanlara əldə etdikləri həqiqətləri çatdırmaq üçün bir körpüdür. İmmanuel Kantın nəinki alman, dünya fəlsəfəsinə təsir edən iki mühüm əsəri var. Bədii estetikadan heçyoxdur. Amma dünya fəlsəfi düşüncəsinə güclü təsir qoydu. Bədii ədəbiyyatda da ən güclü və təsirli əsərləri yazanlar sözün bədii cəhəti ilə birgə dərin mənası üstündə çalışanlardır. Klassiklər ona görə klassik olublar ki, forma və məzmunun sintezini yarada biliblər. Bu sintezi edə bilmək üçün isə yazıçının düşüncəsi dərin olmalı, elmi ədəbiyyatları da mütaliə etməlidir.

- Amazon.com da əsərinizi ingilis dilində satışa qoymuşdunuz, bir kitabınız 3 saat ərzində satılıb bitdiyini qeyd etmişdiniz. Türkiyədə deyilənə görə, əsəriniz yüksək tirajla satıldı. Dünya oxucuları ilə ünsiyyət necədi və necə yarandı, yeni əsərlərinizn tərcüməsi tələb edilirmi?

- Türkiyədə yayımlanan ilk kitabım "Arxadakı körpüləri yandırın" idibir nəşriyyat evi ilə işlədik. Min tirajla yayımlandı, müəyyən qədər də satıldı. Sonra nəşriyyat evi kitabı mağazalara çatdırmaqda məsuliyyətsizlik etdi. Oxucular bizə müraciət edirdilər ki, kitabı əldə edə bilmirik. Daha sonra Amerika ilə əlaqələr yaratmağa çalışdıq. Bir neçə layihə üzərində işlədik. Ötən il Türkiyənin ən böyük yayın evi olan "Dəstək" yayınevindən bizə müraciət olundu. Bu yayınevi əsəri müəyyən qonararla müəllifdən alır, onun yayımını həyat keçirir. İlk kitab "Çətin olsa da həyat davam edir" oldu. Kitab 3 ay ərzində iki dəfə nəşr olundu. Hazırda 3-cü nəşrə start veriləcək. Nəzərə alsaq ki, orada məni heç kim tanımır, bu çox yaxşı nəticədir. Hətta yayınevi özü bu nəticəni gözləmirdi. İndi isə "Bu şəhərdə kimsə yoxdu" romanın da yayımlamağa hazırlaşırlar. Əsər artıq tərcümə və redaktə olunub. Növbəti əsər isə "Relslər üzərində uzanmış adam" əsərimdir. Türkiyədəki nəticələr qənaətbəxşdir. Bir neçə müəllif tanıtım sənət, ədəbiyyat saytları müsahibə aldılar. Türkiyə oxucularının əksəriyyəti oxuduqları əsər barədə öz fikirlərini bildirirlər. Onlarda artıq bu sistem oturuşubgeniş yayılıb. Bizdə isə 30 oxucudan biri fikrini bildirir. Türkiyədəki kitabımın yeni çıxmasına baxmayaraq kitabla əlaqəli yüzlərlə təşəkkür mesajı almışam. Sosial şəbəkə hesablarında kitabın adı ilə yüzlərlə həştəqlər açılıb.

Filadelfiyada PR və film çəkilişi ilə məşğul olan şirkət var. Onlar "Bu şəhərdə kimsə yoxdu" kitabı əsasında film çəkmək istəyirdilər. Filmi bəzi festivallara da göndərməyi düşünürdülər. Anlaşma rəsmiləşən zaman bəzi səbəblərdən alınmadı. Onlar kitabı tərcümə etdilər, lakin biz tərcüməni bəyənmədik. Müdaxilələr etdik. Tərcüməni özümüz etmək istədik. Əgər kitab orada yayımlanacaqsa, mənim əsərin tərcümə olunmuş variantından xəbərim olmalıdır. Bəzi hadisələr, sözlər dəyişilibsə, bunu bilməliyəm. "Dəstək" yayınevi ilə bu problemi yaşamadıq. Mən özüm Amazon.com- dakı satışı dayandırdım. Edilən dəyişiklikləri qəbul etmədim. Yaxın günlərdə özümüz yenidən orjinalı ilə eyni formada tərcümə elətdirib, amazon.com-a yerləşdirəcəyik. Təxminən fevral ayında əsər artıq satışda olacaq.

 

- Bir çox yazıçılar öz əsərlərindən gəlir əldə edə bilmirlər. Rövşən Abdullaoğlu necə, öz kitablarında gəlir əldə edə bilir?

- Bu yazıçıdan yazıçıya dəyişir. Hər kəsin özünə görə gəlir anlayışı var. Əgər o yazıçı kitabı çox satılanlar sırasında olsa, özünü keçindirə bilər. Ortayaxud da aşağı satış göstəricisi olan yazıçılar kitaba gəlir mənbəyi kimi baxa bilməyəcəklər və məcbur kənarda, haradasa fəaliyyət göstərəcəklər.

- Kitabın çox satılması yazıçı, oxucu, yoxsa nəşriyyatın öhdəsindədir?

- Bu məsələ bir tərəfli deyil. Hamının məsuliyyəti var. Müəllifin də bir fəaliyyəti olmalıdır. Sosial şəbəkələrdə aktiv olmalı, müsahibələr verməlidir. Bunun özünün də müəyyən təsiri olur. İkinci nəşriyyatın fəaliyyətidir ki, kitabı gecikdirmədən yayımlamalıdır. Kitabı gecikdirərək oxucu və müəllif arasında fasilə yaranmamalıdır. Kitab mağazalarının da rolu böyükdür. Oxucuya yeni dərc olunan kitabları təqdim etməli, məlumatlandırmalıdırlar.

Ən mühüm amil isə oxucu tövsiyyəsidir. Dünya kitabçılığında deyə bir anlayış var: Oxucu tövsiyyəsi. Kitab üçün bu ən güclü reklamdır. Əgər oxucu bəyəndiyi kitabı öz çevrəsində, sosial media hesabında qeyd etməsə, təbii ki, kitabın satış göstəricisi çox zəif olacaq. Mənə görə sonuncu zəncirin halqası daha güclüdür. Burada bir məsələ də var ki, əsər gözəl olsa, oxucu onsuz onu məsləhət görəcək. Amma bəzən laqeyd oxucu da olur. Əsəri oxuyub, müəyyən fikir bildirmir. Mən oxucularımı həmişə qədirbilən adlandırmışam. Bu gün cəmiyyətimizdə kitablarımın daha çox oxunması, qəbul olunması onların əsəri oxuyub bəyəndikdən sonra geniş formada təbliğ etmələri sayəsindədir. Çox vaxt universitetdə mənim iştirakım olmadan əsərlərimin müzakirələrini aparırlar. Ona görə mənim oxucu sarıdan bəxtim çox gətirib.

 

- Siz özünüz Azərbaycan yazıçılardan kimləri oxuyursunuz?

- Son zamanlar işlərimlə bağlı yazarlarımızı davamlı mütailə edə bilmirəm. Mən daha çox öz fəaliyyətimlə bağlı olan kitablara zaman ayırmağa məcburam. Son illər yazıçıların fərdi inkişaf haqqında yazılarına daha çox rast gəlirəm. Düşünürəm ki, bu doğru istiqamətdir. Cəmiyyətlə əlaqəli mövzulara geniş yer verirlər. İmza günləri artıq davamlı olaraq keçirilir. Bütün bunların hamısı gözəl göstəricilərdir. Son oxuduğum isə İlqar Kamil və Ülviyyə Tahirdir. Mənə görə İlqar Kamil uğurlu imzadır. Ülviyyə Tahirin "Aljir" əsəri gözəldir. O əsər də çox satılan əsərlər sırasındadır və kitabda bu günə qədər toxunulmayan mövzular qabardılıb.

- Bu gün ölkədə fəaliyyət göstərən çox az sayda ədəbiyyat saytları var. Məhdud saydadılar. Hansı saytların fəaliyyəti sizi qane etmir? Hansı istiqamətdə fəaliyyət göstərməklərini məsləhət görərdiniz?

- Gündəlik vəzifə, öhdəlik kimi onları açıb oxumuram. Zamanla ötəri baxıram. Xoşuma gələn məqaləni oxuyuram, bəzən mənə göndərilən hansısa yazını oxuyuram. Amma bu mütəmadi və sistemli deyil. Ona görə o saytların fəaliyyətlərini dəqiq və obyektiv təhlil edə bilmərəm. Məni daha çox qane etməyən, narahat edən nəticənin az olmasıdır. Cəmiyyətimizdə kitabçılıq sahəsində artım müşahidə edilsə də belə, bizim potensialımızla müqayisə edəndə qənaətbəxş deyil. Bu, hardasa bu sahədə fəaliyyət göstərən saytlarının və qurumların işini də müəyyən qədər sual altına alır. Tüstü və hərarət azdırsa, deməli, tonqal güclü qalanmayıb. Uzun müddətdir ki, kitabın oxunmamasında yalnız oxucuları, cəmiyyəti qınayır, onları müqəssir bilirik. Bir özümüzə də baxaq, öz fəaliyyətimizi də saf-çürük edək.

Tövsiyə edərdim ki, ədəbiyyatımız cəmiyyət üçün aktual olan mövzuları qabartsın, hətta zəmanəni qabaqlasın; dərinləşsin, elmiləşsin, mənəviləşsin, keçmişdəkilərin irsini dağıtmağa deyil, daha da təkmilləşdirməyə çalışsın, qərb ədəbi modelindən təqlid etməsin, lazım gəldikdə ona belə irad bildirmə cürəti olsun, özünə güvənsin, nihilist, bədbin düşüncədən uzaq olsun. Bizim bəzi yaradıcı insanlarımız düşünürlər ki, əgər filmdə, ya bədii əsərdə, ya da rəsmlərində intim mövzulara toxunmasalar, əsərləri az satılacaq, az maraq görəcək. Hətta qərbdə yaradıcılığın inkişafını belə məhz bu çılpaq vəsflərlə səciyyələndirirlər. Qərbin özündə də bütün uğur qazanmış ədəbiyyat nümunələrinin, filmya rəsm əsərlərinin mütləq intim mövzuları əks etdirdiyini deyə bilmərik. Yaradıcılıq nailiyyətinin intim mövzuların vəsfi ilə əlaqəsi yoxdur. Bəziləri açıq vəsflər olan əsərlər yazmağa cəhd etsələr də, yenə də rəğbət qazana bilmirlər. Düyün nöqtəsi, deməli, başqa məqamdadır. Cılız təfəkkürlə işlənmiş istənilən mövzu süquta məhkumdur.

 

- Bir çox yazıçılar əsərlərinin tənqidçilər tərəfindən təhlil və müzakirə olunmasınında maraqlıdırlar. Mən sizin əsərlərinizin hansısa tənqidçi tərəfindən fikir bildirilməsinə rast gəlmədim. Ədəbi tənqidçilərlə əlaqələriniz necədi? Onlara əsərlərinizi təqdim etmisinizmi?

- Mənim əsərlərimə birinci fikri oxucularım bildirir. Bəyəndiklərini və ya bəyənmədiklərini hər zaman qeyd edirlər.

- Peşəkar tənqidçiləri nəzərdə tuturam.

- Redaktorlar var ki, onlarla fikir mübadiləsi edirik. Dərin mütailəsi olan oxucularımın da kitablarım barədə fikirlərini dinləyirəm. Hər hansı əsərə tənqid mütləq olmalıdr. Bəlkə yazıçı hansısa yanaşmanı gözəl bilir, amma ədəbi elmi baxımdan bu qüsurlu ola bilər. Bunu kənardan kimsə ona deməlidir. Çox istərdim ki, əsərlərimi qərəzsiz dolğun şəkildə tənqid edilsin. Amma bir çoxunun qərəzsiz edəcəyindən əmin deyiləm. İnkişafa xidmət edən tənqid heç vaxt məndə qıcıq yaratmayıb. İstənilən tənqid irad haqqında düşünürəm. Düzgün bildiyim tənqidləri mütləq olaraq nəzərdən keçirdirəm.

- Bir çox yazıçılar deputatlığa namizədliklərini irəli sürüblər. Siz də namizədliyiniz vermək haqqında düşündünüzmü? Ümumiyyətlə, yazıçı siyasi arenada təmsil olunmalıdırmı?

- Mən özümü siyasətdə görmürəm. Özümü daha çox maarif sahəsində faydalı görürəm. Hansısa yazıçının da siyasətlə məşğul olmağına pis baxmıram. Bacarığı, siyasi ambisiyaları varsa, əsas da dürüstdürsə, siyasətə qoşula bilər.

- Qarabağ problemlərindən bəhs edən əsər yazmağı düşünürsünüzmü?

- Təbii ki, var. Süjeti tam hazır olub, araşdırma işim bitəndən sonra çap edəcəm.

 

Nigar Adil

 

Olaylar.- 2020.- 4-5 fevral.- S.12.