Şeytan almaları...  

 

 ("Paralel dünyalar"silsiləsindən)

 

...Səhər yeməyindən sonra yola düşdük. Qraf nə qədər təkid eləsə də, qalmadıq.

Bizi bir dəstə qulluqçu yola saldı. Onlar qala qapılarına qədər gəldilər və bizi gedər-gəlməzə ötürdülər.

Axşam yağış yağmışdı. İndi isə hava günəşliydi. Torpaq buxarlanırdı. Biz getdikcə hava da isinirdi. Günortaya yaxın qızmar bir gün olacağını bilirdik.

 

 

Çınqıllı yolla bir az gedəndən sonra Xalıq məndən soruşdu ki, hara getdiyimizi dəqiq bilirəmmi? Onacavab verəcəyimi bilmirdim, təkcə onu təxmin edirdim ki, istiqamətimiz düzdür. Uzaqda meşəlik görünürdü. Əvvəl elə bildik ki, meşəlik çox yaxındadır, deməli, kölgələnə biləcəkdik,  amma biz getdikcə, meşə də bizdən uzaqlaşırdı.

-Bəlkə gördüyümüz heç meşə deyil, ilğımdır, - yeldöyənini başına atmış Təlim belə dedi.

Bizim hazır cavabımız yox idi. Çünki qarşıdakının meşə -olub-olmamasını dəqiq bilmirdik. Bizimona şübhəmiz vardı.

Yanımızdan bir velosipedçi keçdi. Velosiped cırıldayırdı, onun üstündəki yolçu da pedalları ağır-ağır tərpədirdi. Yəqin uzaqdan gəlirdi. Gedə-gedə su tuluğunu qoynundan çıxardı, bir-iki qurtum içəndən sonra yerinə qoydu. Bizim suyumuz vardı. Qurtarsa da, heç bir qorxumuz yox idi, çünki qarşıdakı meşəlikdə çay da olmalıydı, bulaq da. Quru yerdə meşə olmaz ki. Hər halda, öz-özümüzə bu cür ürək-dirək verirdik.

Bir az getmişdik ki, burnuma alma iyi gəldi.

-Hiss edirsiniz? - deyə uşaqlardan soruşdum.

-Nəyi? - Hər ikisi birdən cavab verdi.

-Elə bil havadan alma ətri gəlir, - dedim.

Birdən Xalıq yolun qırağını göstərib həyəcanla dedi:

-Görürsünüz!?

O göstərən səmtə baxdıq.

Yolun qırağında qırmızı alma vardı gözəl qoxuyurdu. Ondan o tərəfdə daha bir alma vardı. Sanki almaları qəsdən yolun qırağına düamüşdülər.

Almaları götürdük, əlimizlə iki yerə bölüb yeməyə başladıq. Mən bu cür ətirli almaları dağ kəndlərində yemişdim, amma buralar dağlıq deyildi. Lap irəlidə alma qalağı ucalırdı. Əvvəl elə bildik ki, xarab almalardır, kimsə gətirib bura töküb, yaxınlaşanda gördük ki, hamısı sap-sağlamdır. Heyf, evə getmirik,  yoxsa, yığıb aparardıq.

Bir az irəlidə qoca bir kişi qoyun-quzu otarırdı. Fikirləşdim ki, bəlkə almanın yiyəsi odur, ya da kimin olduğunu bilir:

-Bu almalar, -dedim, - onlar kimindir?

-Almalar? -deyə o, cavab vermək əvəzinə, sual verdi.- Almalar heç kimindir. Onlar heç kimə lazım deyil.

-Necə yəni lazım  deyil? - Bu dəfə Xalıq hamımızın əvəzindən soruşdu.

-Bu tərəflərdə onları heç kim yemir. Bəziləri onları müqəddəs sayır, bəziləri Şeytan meyvəsi hesab edir.

-Bəs onda yetişdirmək nəyə lazım?

-Onu bircə Allah bilir. Bu gün kəsib atırsan, sabah çıxır, özü üstündə meyvəsi.

-Biz yedik, amma...

-Sizə olar. Görünür, buraların adamları deyilsiniz.

Mən cavab verdim ki, səyyahıq Boz dağın ətəyinə gedirik. Amma ha gedirik, çata bilmirik.

-Simurq quşları burdan ötürmü? -dediklərimə əlavə elədim.

-Onları çoxdandır ki, heç kim görmür. Mən uşaqlıqda bu barədə eşitmişəm. O tərəfə getməyinizi məsləhət görmürəm. Çünki oralarda müharibə gedir. Burdan ora gedənlər ya geri qayıtmır, ya da şil-şikəst dönürlər.

-Getməyə məcburuq, -dedim.

-Onda orta yolu tutub gedin, sağa dönün, sola.

Almalardan çantalarımıza yığdıq. Yolda lazım olardı meşəliyə girən çınqıllı cığırla yolumuza davam elədik. Bu zaman yer titrədi, gurultu qopdu. Dönüb arxaya baxdıq. Qalanın yuxarı başındakı dağda sürüşmə baş vermişdi, torpaq layları aşağı sürüşür, qaya parçaları ətrafa dağılırdı, sanki partlayış baş vermişdi.

Şəhərin qüllələri silkələndi, üstünün mamırları sürüşüb yerə düşdü, elə bil nəhəng bir adam paltarını soyunurdu. Amma qüllələr uçmadı, qala divarları da eləcə. Torpaq sürüşməsi bizə tərəf gəlirdi...

Var gücümüzlə qaçırdıq. Birdən dayandım uşaqlara qışqırdım:

-Almaları yerə tökün!

Onlar əvvəlcə heç anlamadılar.

-Vaxtımız yoxdur, atın almaları! - deyə bağırdım.

Uşaqlar qeyri-ixtiyarı olaraq dediklərimə əməl elədilər.

Bunu edən kimi şürüşmə dayandı, gurultu da kəsdi...

Fevral, 2020

 

 

            Elçin Hüseynbəyli

 

Olaylar.- 2020.- 6-7 fevral.- S.13.