Ümummilli lider Heydər
Əliyevin mətbuat azadlığının təmin
olunmasında tarixi rolu
inkarolunmaz bir
faktdır
Azərbaycanda fikir, söz və mətbuat azadlığı mövcuddur
Mətbuat cəmiyyətin güzgüsü kimi dəyərləndirilirsə, problemlərlə bağlı öz sözünü deməlidir. Amma yenə də qeyd etmək istərdim ki, yanaşma obyektiv olmalı, heç bir qərəzə söykənməməlidir. Azərbaycan dövləti ölkəmizdə demokratik təsisatların inkişafı istiqamətində lazım olan bütün tədbirləri həyata keçirir. Demokratiyanın vacib amillərindən biri kimi korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə də günümüzün əsas reallıqlarındandır. Atılan addımlar öz müsbət nəticəsini verir. Dövlətimizin başçısı İlham Əliyev çıxışında bu mövzularda araşdırmaların görülən işlərə dəstək olduğunu diqqətə çatdıraraq, bu inamı ifadə etdi ki, xoşagəlməz halların sayı gələcəkdə ölkəmizin sürətli və hərtərəfli inkişafı hesabına azalacaqdır: "Ona görə inkişaf etmiş ölkələrin, xüsusilə, demokratik inkişafla, media azadlıqları ilə bağlı təcrübəsi bizim üçün çox maraqlıdır, cəlbedicidir. Biz bu təcrübədən istifadə edirik və edəcəyik".
Bir məqamı unutmayaq ki, hansı sahədə çalışmağımızdan, siyasi əqidəmizdən, mənsubiyyətimizdən asılı olmayaraq hər birimiz bu ölkənin vətəndaşıyıq. Vətəndaşlıq təəssübkeşliyini qorumalı, bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirməyə çalışmalıyıq. Prezident İlham Əliyev bu tövsiyəsini bildirdi ki, əgər jurnalistika ilə məşğul olan aparıcı simalar bu məsələdə də həmrəylik göstərərlərsə, bu, cəmiyyətimiz üçün də yaxşı olar.
Demokratik cəmiyyətdə yaşayırıq. Hər kəs öz fikrini azad ifadə etmək imkanına malikdir. Amma yaradılan demokratik şəraitdən sui-istifadə edib, dövlətin, xalqın mənafeyinə, milli maraqlarımıza zidd addımlar atmaq yolverilməzdir. Aparılan siyasətlə, ölkənin gələcək inkişafı ilə bağlı müxtəlif fikirlərin olmasını normal qəbul edən dövlətimizin başçısı İlham Əliyev bir əsas məqamı unutmamağı da tövsiyə edir: "Ancaq bu məsələdə - dövlət maraqlarımızın qorunması məsələsində, hesab edirəm ki, vahid fikir olmalıdır. Çünki Azərbaycanın gələcək inkişafı bizdən asılıdır. Azərbaycan xalqı bu gün öz taleyinin sahibidir və bizim siyasətimiz əsasında Azərbaycanın inkişafı təmin edilir. Ona görə, ilk növbədə, mediamızı xarici təsirdən azad etmək üçün əgər dövlətin əlavə dəstəyi lazımdırsa, biz bunu etməyə hazırıq".
Prezident İlham Əliyev nitqində bu fikri dəfələrlə qeyd etdi ki, media nümayəndələri, iqtidar-müxalifət məsələləri öz aralarında həll etməlidirlər. Dövlətin mətbuata diqqət və qayğısında heç bir ayrı-seçkilikdən söhbət gedə bilməz. Jurnalistlər üçün mənzillərin bölünməsi bunun bir daha təsdiqi oldu.
Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. İnsan azadlığı bəşəriyyətin əsrlər boyu arzuladığı, uğrunda mübarizə apardığı ali nemətdir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Milli mətbuatımızın uğurlu inkişafı onun zəngin keçmişinin mirasıdır. "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı ötən müddət ərzində mühüm inkişaf yolu keçib. Azərbaycan milli mətbuatı 1918-ci ildə dinamik inkişaf üçün şans qazanıb. Həmin dövrdə müstəqil mətbuatın, söz, fikir azadlığının inkişafına ziyalıların göstərdiyi xidmətlər gələcək illərdə bu sahədə yaranan peşəkarlığın, rəngarəngliyin əsasını qoyub.
Ümummilli lider Heydər Əliyevin mətbuat azadlığının təminində tarixi rolu inkarolunmaz bir faktdır. Azərbaycan mətbuatının sözün həqiqi mənasında, müstəqilliyini əldə etməsi, ölkəmizdə söz və mətbuat azadlığının bərpa olunması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra ölkədə hüquqi islahatlar aparılmağa başlanıldı. Konstitusiyanın qəbulundan sonra ölkədə medianın fəaliyyətinin tənzimlənməsi və media sahəsində mükəmməl qanunvericilik bazasına nail olmaq üçün bir sıra addımlar atıldı. Ulu öndər Heydər Əliyevin mətbuata münasibəti daim demokratik inkişafın zəruri tələblərinə söykənirdi. Təsadüfi deyil ki, 1998-ci il avqustun 6-da ulu öndər Heydər Əliyev "Ölkədə söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzaladı. Bu fərmanın bir bəndi ilə mətbuatda dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu. Bu, senzuranın ləğvi demək idi.
Ümummilli lider Heydər Əliyev müstəqil mətbuatın inkişafını demokratiyanın tələbi kimi dəyərləndirərək bu sahəyə diqqətini əsirgəmədi. Milli və bəşəri dəyərləri rəhbər tutan Azərbaycan mətbuatı demokratiya və aşkarlığın mühüm vasitəsi kimi xalqımıza öz ali məqsədlərini həyata keçirmək yolunda bələdçi olub, müstəsna xidmətlər göstərib. Ulu öndər Heydər Əliyev Azərbaycanda milli mətbuatın daha da inkişaf etdirilməsi sahəsindəki xidmətlərinə görə, 2002-ci ildə "RUH" Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən "Jurnalistlərin dostu" adına layiq görülüb. Təbii ki, 22 illik müstəqillik tariximizdə mətbuatın keçdiyi inkişaf yoluna, ən əsası dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının uğurlu nəticələrinə qısaca nəzər salmaq qeyri-mümkündür. Ümumiləşdirilmiş ifadə budur ki, ölkəmizdə söz, mətbuat azadlığı mövcuddur və yüksək səviyyədə qorunur.
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi Prezident İlham Əliyevin daim diqqətindədir. Ulu öndər Heydər Əliyevin ölkəmizdə başlatdığı həqiqi söz və mətbuat azadlığının bərqərar olması prosesi onun siyasi varisi İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. Dövlət başçısı bu postda fəaliyyətə başladığı ilk gündən mətbuatın inkişafının dövlət siyasətinin başlıca prioritetləri kimi elan etdi və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırdı. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 və 135 illik yubileyləri münasibətilə ölkənin onlarla jurnalistlərini ali dövlət mükafatları ilə təltif etdi, kütləvi informasiya vasitələrinə maddi yardımlar olundu. Bütün bu reallıqlar bir daha sübut edir ki, ölkədə azad mətbuat mövcuddur və onun mövcudluğunun qarşısını heç bir qüvvə ala bilməz. Ölkə Prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycan Respublikası Prezidentinin yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mətbuatın inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir. Jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, fəxri adlarla təltif olunmaları haqqında sərəncamların imzalanması və bu kimi bir-birindən əhəmiyyətli addımlardır.
Hər bir ölkənin demokratik prinsiplərlə inkişaf eləməyi üçün fikir, söz və mətbuat azadlığı mütləqdir. Təsadüfi deyil ki, Azərbaycan dövləti bununla bağlı qanunvericilik faktları formalaşdırıb.
Azərbaycanda fikir, söz və mətbuat azadlığı mövcuddur. Azərbaycan qanunvericiliyi söz və mətbuat azadlığı o qədər dəqiq qoyulub ki, bizim KİV haqqında qanunumuz Avropa şurasının ən ciddi ekspertizasından keçib. Bu sənəd nəinki MDB məkanında, hətta Avropada ən yaxşı qanunlardan biridir.
Bu və ya digər informasiya təqdim olunarkən dəqiq və qərəzsiz
olmaq, peşə etikasına əməl
etmək, dövlətin, vətəndaşların şərəf
və ləyaqətinə hörmətlə yanaşmaq
prinsipləri jurnalistin əsas vəzifələrinə
daxildir. Müasir dövrdə demokratik dövlətlərin söz,
mətbuat, fikir azadlığı ilə
bağlı formalaşdırdığı qanunvericilik
bazası təkcə jurnalistika
ixtisasına yiyələnən kadrların, mütəxəssislərin
deyil, digər bir çox müxtəlif peşə sahiblərinin
də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb.
Xüsusi jurnalistika təhsili
almayan bir çox mətbuat işçiləri
tanıyırıq ki, onların mətbuada
məhsuldar və peşəkar yaradıcılığı heç bir mübahisə
doğurmur. Lakin bununla belə, hər bir
peşənin, ixtisasın, xüsusi nəzəri
modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl
bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir.
Azərbaycan jurnalistika məkanında
KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək
fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına
qeyri-peşəkarların axınından doğan
təcrübə sübut edir
ki, peşənin nəzəriyyəsini
bilmədən jurnalist olmaq
xoşagəlməz nəticələrə gətirib
çıxarır. Jurnalistika xüsusi elm sahəsidir.
Olaylar.- 2020.- 6-7 fevral.- S.12.