Azərbaycanda azad mətbuatın
inkişafına xüsusi dövlət
qayğısı var
Ölkəmizdə demokratik cəmiyyətlərə xas olan institutların formalaşdırılması və azad siyasi fəaliyyət üçün hər cür şərait yaradılmışdır. İlk dəfə çoxpartiyalılıq əsasında, demokratik parlament seçkiləri keçirilmiş, ümumxalq səsverməsi ilə siyasi plüralizm, söz, mətbuat, vicdan azadlıqları, insan hüquqlarının müdafiəsi və qanunun aliliyi prinsiplərini təsbit edən Konstitusiya qəbul edilmişdir. Kütləvi informasiya vasitələri demokratiya və aşkarlığın mühüm vasitəsi hesab olunur. Azərbaycan dövləti onların müstəqil qurulması, azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görür. Bu gün Azərbaycan Respublikasında yüzlərlə qəzet və jurnal, onlarla radio və televiziya şirkəti, çoxsaylı informasiya agentlikləri fəaliyyət göstərir. Onların böyük əksəriyyəti özəl qurumlara, ayrı-ayrı şəxslərə və müxtəlif mövqedə duran siyasi və ictimai təşkilatlara məxsusdur. Kütləvi informasiya vasitələrində istənilən fikri demək, dövlət sirri təşkil etməyən istənilən faktı açıqlamaq üçün qeyri-məhdud imkanlar vardır. Azərbaycan KİV-də dövlətçilik və milli tariximizin, din, dil, mədəniyyət məsələləri, bu gün xaricdə və ölkəmizdə baş verən proseslər, xarici və daxili siyasətimizin əsas istiqamətləri, Qarabağ münaqişəsilə bağlı informasiyalar obyektiv təhlil edilir və xalqın mənəvi sərvətinə çevrilir.
Dövlət quruculuğunda demokratik dəyərlərə üstünlük verən Azərbaycan söz və mətbuat azadlığına da xüsusi diqqət yetirir. Məhz bu səbəbdən ölkədə söz və mətbuat azadlığının təmin olunması üçün bütün imkanlar yaradılıb. Konkret misallara istinad etsək deyə bilərik ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün təkmil qanunvericilik bazası yaradılıb, medianın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə əməli işlər görülüb. Üstəlik media təmsilçilərinin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə analoqu olmayan layihələr həyata keçirilməkdədir.
Fikir, söz və məlumat azadlığı, siyasi plüralizm sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması siyasi çevrələrin əsas dəyər və məqsədi olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. İnsan hüquq və azadlıqlarının ayrılmaz hissəsi olan söz, fikir və ifadə azadlığı plüralizmi hər bir ölkədə demokratiyanın nə dərəcədə inkişaf etdiyinin və demokratik təsisatların nə dərəcədə uğurlu işləməsinin əsasını təşkil edir. Bu gün Azərbaycanda yüzlərlə siyasi partiya mövcuddur. Onlar heç bir məhdudiyyət, maneçilik olmadan fəaliyyətlərini davam etdirirlər. Hətta hakimiyyətə qarşı kəskin radikal mövqedə dayanan partiyalar da heç bir basqı, təpki olmadan fəaliyyətlərini davam etdirirlər. Siyasi plüralizm təkcə partiyaların çoxluqu ilə ölçülmür. Plüralizm siyasi çevrələrdə söz və fikir azadlığı, siyasi partiyanın öz mövqeyini açıq şəkildə ortaya qoyması, mediada öz fikrini maneəsiz deməsi deməkdir.
Azərbaycan mətbuatının şanlı tarixi, zəngin ənənələri var. Milli mətbuatımız 145 ildir ki, cəmiyyəti maarifləndirir, insanları ən son yeniliklərlə tanış edir. Təbii ki, zaman dəyişdikcə mətbuatın da missiyası dəyişir, kütləvi informasiya vasitələri müasir dövrün tələblərinə uyğunlaşmağa çalışırlar. Ötən əsrin sonlarında Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşandan sonra milli mətbuatımız qısa müddət ərzində böyük inkişaf yolu keçdi. Azərbaycan müstəqillik əldə etdikdən sonra demokratik institutların bərqərar olması istiqamətində mühüm addımlar atıb. Ölkənin siyasi sistemindən tutmuş, mətbuatin inkişafı, vətəndaş cəmiyyətlərinin formalaşmasına qədər bütün sahələrdə yeniliklər edilib. Ölkədə siyasi plüralizmin formalaşması, söz, fikir və ifadə azadlığının təmin olunması istiqamətində mühüm islahatlar həyata keçirilib. Nəticədə bir çox dünya ölkələrinə örnək ola biləcək siyasi sistem formalaşıb. Hazırda isə sadalanan demokratik təsisatların inkişafı istiqmətində uğurlu addımlar atılmaqdadır. Dövlət başçısı tərəfindən verilən fərman və sərəncamlar, ali qanunverici orqan olan parlament tərəfindən qəbul edilən qanunlar deməyə əsas verir ki, ölkəmizdə demokratik, azad mətbuatın, söz və fikir, məlumat azadlığının təmin olunması istiqamətində mühüm işlər görülür. Qətiyyətlə demək olar ki, hazırda Azərbaycanda öz sözünü deyə bilən, fəaliyyəti beynəlxalq standartlara cavab verən müstəqil mətbuat formalaşıb. Fikir və söz azadlığının əsas təmsilçisi olan mətbuatın sərbəst fəaliyyətinin təmin olunması bu gün də Azərbaycanda prioritet məsələlərdəndir. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası" əslində kəşməkəşli yol keçmiş milli mətbuatımızın problemlərinin həllində yeni mərhələnin başlanğıcı oldu. Həmin tarixdən başlayaraq xalq və dövlət ilə KİV arasındakı əlaqələrin tənzimlənməsi, vətəndaş cəmiyyəti quruculuğunda mətbuatın rolunun gücləndirilməsi və müvafiq istiqamətin nümayəndələrinin tam sərbəst fəaliyyətlərinin təmin olunması üçün qəbul edilən bütün qərarlar, qanunlar və sənədlər, təsis olunan qurumlar məhz adıçəkilən Konsepsiyanın prinsipləri əsasında formalaşdı. Beynəlxalq standartlara uyğun, mütərəqqi bir sənəd olan bu Konsepsiya əslində mətbuat azadlığı məsələsinə Azərbaycanda nə dərəcədə diqqət ayrıldığının bariz göstəricisidir. Həyata keçirilən tədbirlər ölkə jurnalistlərinin böyük razılığı, minnətdarlığı ilə qarşılanır. Bunun nəticəsidir ki, Prezident İlham Əliyev 2010-cu ildə "Jurnalistlərin dostu" mükafatına layiq görülmüşdür. Mükafatın təqdimetmə mərasimində Prezident İlham Əliyev mətbuatın inkişafı istiqamətində bundan sonra da bütün lazımi tədbirlərin həyata keçiriləcəyini demişdir: "Azərbaycan hüquqi dövlət quruculuğu işində çox böyük nailiyyətlərə çatmışdır. Biz, sözün əsl mənasında, azad, müasir, demokratik, hüquqi dövlət qururuq. Hüquqi dövləti azad mətbuatsız təsəvvür etmək mümkün deyildir. Məhz buna görə Azərbaycanda söz azadlığı, vicdan azadlığı, plüralizm meyilləri gücləndirilməlidir. Azərbaycan dövləti və Azərbaycan iqtidarı, əlbəttə, bu sahədə öz işini elə qurmalıdır ki, bu azadlıqlar Azərbaycanda tam şəkildə bərqərar olunsun. Son illər ərzində görülmüş işlər onu göstərir ki, biz düzgün yolla addımlayırıq". Azərbaycan Prezidenti ölkə mətbuatının mütərəqqi milli və bəşəri dəyərlər əsasında inkişafında maraqlıdır və bunun üçün bütün zəruri tədbirləri həyata keçirir. Dövlət başçısı bunu ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ənənələri uğurla davam etdirməklə, mətbuat orqanlarının maddi-texniki bazasının gücləndirilməsi üçün, habelə jurnalist əməyinin qiymətləndirilməsi istiqamətində atdığı addımlarla təsdiq edib. Bütün bunların nəticəsidir ki, artıq Azərbaycan mediası müasir dövrün tələblərinə uyğun inkişaf mərhələsinə qədəm qoyub.
Kütləvi informasiya vasitələrinin cəmiyyət həyatında rolu və yeri mühüm əhəmiyyət daşıyır. Hər bir ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən tutmuş, sosial problemlərə qədər bütün məlumatların cəmiyyətə çatdırılmasında kütləvi informasiya vasitələri xüsusi önəm kəsb edir. Bu səbəbdən nahaqdan kütləvi informasiya vasitələrini cəmiyyətin maarifləndirilməsi, onun məlumatlandırılmasında əvəzsiz vasitə hesab etmirlər. Əgər ölkə həyatına, orada baş verən hadisələrdən cəmiyyətin nə dərəcədə məlumatlandırılmasına diqqət yetirsək aydın şəkildə görərik ki, Azərbaycanın kütləvi informasiya vasitələri də bu gün ölkə həyatında baş verən prosesləri cəmiyyətə çatdırmaqla məşğuldur. Bu gün Azərbaycan cəmiyyəti ölkədə gündəlik və həftəlik işıq üzü görən yüzlərlə qəzet və jurnallar , televiziya kanalları, radiolar, internet portalları ilə özünün informasiyaya olan tələbatını ödəyir.
Bu gün
Azərbaycanda ümummilli lider
Heydər Əliyevin zamanında, 90-cı illərin əvvəllərində
qoyduğu ənənə uğurla
davam edir.
Günümüzdə Azərbaycan Respublikasında bu siyasət, media, kütləvi
informasiya vasitələrinə diqqət və
qayğı ilə yanaşmaq siyasəti
Heydər Əliyev siyasi kursunun
davamçısı cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Son
dövrlərdə ölkəmizdə mətbuatın
inkişafı ilə bağlı Azərbaycan dövləti və
Azərbaycan Prezidenti tərəfindən
müxtəlif tədbirlərin keçirilməsi artıq ənənə
halını alıb. Ümumiyyətlə, mətbuatın özünün ictimai institut kimi
formalaşması tarixi o
qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi
bir sıra ölkələrlə
müqayisədə birinci sıraya
çıxa bilib. Buna
isə Azərbaycan dövləti və prezidenti
İlham Əliyevin söz
və fikir azadlığına diqqət və
qayğısının nəticəsində nail
olunub.
Olaylar.- 2020.- 6-7 fevral.- S.15.