Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Dördüncü yazı
Hökumət o zaman özünə potensial
üsyançılar hazırlayır ki, cəmiyyətdə
xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə
sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb
gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin,
vətənpərvərliyin təbliği effekt vermir və
dövlətçilik anlayışı məmur və ictimai
status anlayışı ilə eyniləşdirilir.
Yunus
Oğuz
Dördüncü
yazı
Birinci
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/365495
İkinci
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/366212
Üçüncü
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/367202
Nə yaxşı ki, Stalin 1953-cü ilin martında
(deyilənə görə zəhərlənmiş, ya da iynəsinə
əlavə maddə qatmışdılar. Nəriman Nərimanovun
başına gətirdiyini iyirmi səkkiz ildən sonra öz
başına gətirdilər) dünyasını dəyişdikdən
sonra siyasi rejim yumşalmağa başladı. Bu da ona səbəb oldu ki, Ermənistanda yaşayan
azərbaycanlıların tam köçürülməsinin
qarşısı alındı. Ancaq buna
baxmayaraq xeyli insan yolda və məskunlaşdıqdan sonra
qırıldı. Təsəvvür edin,
dağlarda yaşayan insanları arana köçürürlər,
özü də yeri-yuvası olmayan düzənliklərə.
İsti havaya öyrəşməyən əhalini
elementar şəraiti olmayan yerdə məskunlaşdırırlar.
Əslində isə vaqonları saxlayıb insanları
çölün düzünə qovublar ki, bəs get, necə istəyirsən yaşa. Amma, onların Qərbi Azərbaycanda nə qədər
mal və mülkləri qaldı. Heç kim
də köçürülənlərə təzminat vermək
fikrinə düşmədi. Əcaba, bu necə
olan işdir? Əvəzində isə
ideologiya maşını tam gücü ilə, özü də
hay və türklərin qardaş olması haqqında təbliğatla
işə düşdü. Hətta mahnı da
qoşdular: "Qardaş olub hayastan- Azərbaycan" . Bu bizə yenə dərs,
ibrət olmadı. Çünki
altımışıncı illərdə artıq bizi
inandırmışdılar. Biz
inanırdıq, ermənilərsə riyakarcasına
torpaqlarını genişləndirmək haqqında
düşünür, bircə dəqiqə olsun belə
dayanmırdılar.
Budur indi Naxçıvanı istəyirdilər. Naxçıvanlılar
çox tez bir zamanda onların qızmış
başlarına soyuq su səpdilər. Və
tezliklə orada yaşayan ermənilər Rostov vilayətinə
köçdülər. Çox keçməz
ki, haylar Rusiyadan torpaq istəməklə ayağa durarlar və
bütün dünyanı rusların üstünə
qaldırarlar. Axı onların "dənizdən
dənizə" dövlət qurmaq planları mövcuddur.
Bu xalq necə psixoloji aşınmaya məruz qalıbsa, hətta
Adəm və Həvvanı, lap elə Allahı da erməni
hesab edir. Erməni kilsəsi xəstə təxəyüllü
xalq yetişdirib. İndi bunun
ağrısını bütün dünya çəkir, ən
çox da ədavətləri türklərlədir. Belə
qonşuluq olmaz! Yetmişinci illərdə ermənilər
Bakıda və digər şəhərlərdə
oturuşmuşdular. Qara bazar onların əlində
idi. Məmurların əksəriyyətinin
katibələri erməni qızlarından idi. Bir neçə rayonun birinci katibi ya erməni əsilli
idi, ya da qarışıq nikahlardan yaranmışdılar.
Hər yerdə erməni barmağı işləyirdi,
çünki vəzifəpərəstlərimiz ya rus, ya da
erməni qızlarına üstünlük verir, karyera qurmaq
üçün onlarla nikahlara meyllənirdilər.
Bakı kosmopolit şəhərə çevrilmişdi. Yetmişinci
illərdə Bakıda Azərbaycan türkcəsilə
danışmaq qəbahət hesab olunurdu. Xalqın
birliyi sual altında idi və bir neçə
ziyalımızı çıxmaq şərtilə
qalanları Moskvadan asılı olmağı daha üstün
tuturdular.
BİGANƏLİK xalqın qanına hopmuşdu. APATİYA
xalqı içindən yeyirdi. Ucadan, gur səslə
qışqıranımız, bütün olanları dilə
gətirən az idi, əgər bir
neçə epizodu nəzərə almasaq. Məsələn,
Qız qalası üstündə altmışıncı illərdə
bir neçə gəncimiz üçrəngli
bayrağımızı qaldırmışdı. Onların da taleyi acınacaqlı oldu. Hərəsi
ən azı on il həbsxana həyatı
yaşadı. Bütün bunlara baxmayaraq, Azərbaycanda
milli şüurun formalaşmasının simptomları
görünməyə başlamışdı. Elə "Qobustan" jurnalının işıq
üzü görməsi bundan xəbər verirdi. Həm də 1978-ci ildə SSRİ-nin Yeni Konstitusiyası
qəbul olunanda Azərbaycanda kargüzarlıq işlərinin
Azərbaycan dilində aparılması çox məsələni
dəyişdi. İndi bütün
başqa dilli xalqlar bu dili öyrənməyə
çalışırdılar, çünki məcbur idilər.
Bundan
sonra Azərbaycan ədəbi-ictimai fikrində dil sahəsində
əsl inqilab baş verdi. Ən
gözəl ədəbiyyat, musiqi, film və teatr incilərimiz
yarandı. Yaranan əsərlər, çəkilən
filmlər bizi özümüzə qaytardı. Keçmişimizlə maraqlanmaq, onu təhlil etmək
və nə isə əxz etmək əsl cərəyana
çevirdi.
Hələ Üzeyir bəy Hacıbəyli bizə
"O olmasın, bu olsun"da cəmi bircə kəlmə ilə
Nadir şahı necə sevdirmişdisə, bu illərdə
"Nəsimi" filmi bu möhtəşəm şairlə
yanaşı Əmir Teymuru da sevdirdi.
"Dədə Qorqud"la törələrimizə
sayğı göstərilməyə başlandı. Valideynlər
övladlarına əsərdəki obrazların adını
verdilər və bu indi də davam edir. Ən
əsası isə "Dədə Qorqud"da ailə
sisteminin özəlliyi geniş şəkildə, özü
də müsbət mənada keçmişini bilmək istəməyənlərə
və ya ondan xəbərsiz olanlara çatdırıldı.
Eyni zamanda keçmişdə siyasi sistemin
hansı vəziyyətdə olduğu və necə idarə
olunması tam çılpaqlığı ilə gənc nəsillərə
çatdırıldı. Törələrimizə
sayğı göstərilməyə cəhd edildi. Qəhrəmanlıq və sədaqət,
yaşlılara hörmət və ehtiram, qadınlara sevgi, məhəbbət
və sədaqət, qırmızı xətlə
keçmişimizdən bu günə ötürüldü.
Aydın oldu ki, keçmişimizdən bizi
ayıran sovet ideologiyası vətəndaşını
manqurtlaşdırmaqla yanaşı, həm də xəyanət,
satqınlıq, qisas, yaltaqlıq sistemi üzərində
qurulub. Bu çox davam edə bilməzdi.
Sovet ideologiyası genləri qırmaqla, mentaliteti
göydən düşmüş sovet şüarı ilə
dəyişdirdiyindən, min illərin Novruz bayramına
qadağa aradan götürüləndə xalq bunu coşqu ilə
qarşıladı. Xalq onsuz da bu
bayramı gizlin-gizlin də olsa qeyd edirdi. Xalq
özünə gəlirdi.
"Babək" filmini də qeyd etmək yerinə düşərdi. Bilmirəm bu
filmin çəkilişinə Moskva necə icazə
vermişdi? Film Babəkin işğalçılara
qarşı mübarizəsindən bəhs edir, amma Rusiya
özü də işğalçı idi və elə filmlərin
qarşısını Bakıda yaşayan erməni məmurlar
paytaxta narazılıq məktubları göndərməklə
almaq istəyirdi. Demək olar ki, bütün
milli filmlərimiz barədə Kremlə şikayət məktubları
göndərilir və haray çəkilirdi ki, Azərbaycanda
pantürkistlər yenidən fəallaşıblar. Lakin bunun qarşısını o zaman
respublikanın rəhbəri olmuş Heydər Əliyev qətiyyətlə
alırdı, hətta filmlərin müəlliflərinə,
rejissorlarına və başqalarına fəxri adlar da verməyə
müəssər olurdu.
Beləliklə, xalq keçmişdən gələn
birlik enerjisini, yaddaşını, mentalitetini bərpa etdikcə,
qarşıda onu amansız sarsıntılar gözlədiyini
hələ başa düşmürdü. Digər tərəfdənsə
ikiyə bölünmüş Azərbaycan mövzusu
aktuallığını itirmirdi. Sovet
imperiyasının aşkarlığa və yenidənqurmaya qədəm
qoyması bu birlik enerjisini daha da gücləndirirdi. Ancaq imperiyanın xalqları əzmək
üçün rejim maşını vardı və bu
maşın 1956-cı ildə Macarıstanda, 1968-ci ildə
Çexoslavakiyada öz gücünü göstərmişdi.
Bunu bir daha 1985-ci ildə Qazaxıstanda təkrar
etdi. Rus mənşəli Kolbin respublikaya
birinci katib təyin ediləndə qazax xalqı etirazlara
başladı. Bu xalq amansızcasına əzildi,
amma sındırıla bilmədi. Bu hələ
yenidənqurmanın ilkin közərtiləri idi. Yeni etirazlar özünü çox gözlətmədi.
Azərbaycan üçün bu 1987-ci ildə
başladı.
Belə ki, imperiyanın Baş katibinin köməkçisi
akademik Aqambekyan Fransada olarkən qəzetlərin birində
müsahibəsində bildirmişdi ki, Dağlıq
Qarabağın Ermənistanın tərkibinə verilməsi
haqqında artıq məsələ həll olunub. Bu
zaman Moskvada Azərbaycanın haqq səsi uğrunda mübarizə
aparmaq üçün daha heç kim
qalmamışdı, Çünki Qorbaçov və onun erməni
havadarları Heydər Əliyevi Siyasi Büro
üzvlüyündən artıq
uzaqlaşdırmışdılar. Deyilənə
görə həmin gün İrəvanda bu münasibətlə
toy- bayram etdilər. Ümid yalnız xalqa
və onun ziyalılarına qalmışdı. Parisdə olduğu kimi, Moskvada da ermənilər bu
ölkənin siyasətinə təsir edəcək ikinci və
üçüncü dərəcəli vəzifələri
öz əllərində saxlayırdılar. Oradakı tək səsimiz H. Əliyev isə Siyasi
Bürodan artıq istefaya göndərilmişdi.
Ermənilərsə hələ 1983-cü ildən
SSRİ Baş Prokurorluğunun xüsusi müstəntiqi
Qdalyan başda olmaqla bütün türk dilli respublikalarda
"Pambıq işi" əməliyyatına
başlamışdılar. Burada müsadirə
olunan pullar və qiymətli əşyalar Qarabağa silah almaq
üçün ötürülürdü.
Ermənilər bir əsrdə dördüncü dəfə
üstümüzə yeriməyə
hazırlaşırdılar. Silahlar, əsgəri
qüvvələr satın alınmış, siyasi hakimiyyət
öz iradəsini ortalığa qoymuşdu. İndi bir kiçicik bəhanə lazım idi ki,
ermənilər bütün dünyaya göstərsinlər
ki, Qarabağ əhalisi azərbaycanlıların
tabeçiliyində yaşaya bilməzlər, çünki
onlar vəhşidirlər, əzazildirlər, idarəolunmazdılar.
Bu səbəbdən də burada yaşayanlar
"qədim erməni xalqını" idarə etmək
gücündə deyillər.
Ardı var
Yunus Oğuz
Olaylar.- 2020.- 8-9 fevral.- S.9.