İlham Əliyev: “Bütövlükdə
söz və informasiya
azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı
üçün ən vacib
olan məsələlərdən biridir”
Mətbuat cəmiyyətin siyasi həyatının müxtəlif tərəfləri barədə balanslaşdırılmış, obyektiv, qərəzsiz və dolğun informasiya verilməsi yolu ilə siyasi mədəniyyətin təkmilləşdirilməsinin başlıca vasitələri sırasında yer alır.
KİV cəmiyyətlə dövlət, ictimaiyyət və vətəndaşlarla hakimiyyət strukturları arasında bir növ əlaqələndirici həlqə rolunu oynayır. Bu mənada yazılı mətbuat, elektron kütləvi informasiya vasitələri yeni dövrdə sadəcə informasiya vermək, maarifləndirmək və əyləndirmək kimi funksiyalarla məhdudlaşmır. Onlar eyni zamanda ictimai nəzarətçi, tənqidçi, müdafiəçi kimi funksiyaları özündə daşıyır. Bundan başqa, media cəmiyyət həyatının müxtəlif sahələrinə aid aktual problemlər, ictimaiyyəti maraqlandıran ayrı-ayrı məsələlər üzrə ictimai müzakirə açmaqla, diskussiyalar təşkil etməklə, müxtəlif rəylər formalaşdırmaqla kommunikativ funksiya həyata keçirir.
İnformasiya azadlığı həm də fərdi hüquqi məna daşıyır - insanın mümkün qədər çoxsaylı mənbələrdən dolğun və obyektiv məlumat almaq, öz fikirlərini və dünyagörüşünü genişləndirmək, şəxsiyyət kimi formalaşmaq, özünü ifadə etmək tələbatını ödəyir. İnsanın ətraf aləmə, cəmiyyətə, dövlətə, ictimai-siyasi proseslərə münasibəti daha çox onun KİV-dən aldığı informasiyalar əsasında formalaşır. Söz azadlığı insanın öz fikirlərini yazılı, şifahi və başqa formalarda ifadə etmək, ətraf aləmə münasibətini bildirmək, bu münasibəti başqalarına çatdırmaq sərbəstliyidir.
Azərbaycanda alternativ fikirlərə yer verən müstəqil nəşrlərin fəaliyyətə başlaması ilə ölkə vətəndaşları üçün geniş seçim imkanları təmin olunmuş, media orqanlarının timsalında, demokratiyanın mövcudluq şərtlərindən biri kimi cəmiyyətdəki hadisələrin diskussiya məcrasına yönəldilməsinə münbit şərait hazırlanmış, leksikonumuzda media iqtisadiyyatı, media biznesi adlanan anlayışlar formalaşmış, qarışılıqlı inama istinad edən KİV - cəmiyyət münasibətləri fonunda medianın müstəqil fəaliyyəti üçün müvafiq iqtisadi baza yaradılmışdır. Bu nailiyyətlərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlı olması isə tarixi reallıqdır.
Heydər Əliyevin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə cəmiyyət həyatının digər əhəmiyyətli sahələri kimi Azərbaycan mətbuatında da ardıcıl inkişaf meyilləri müşaiyət olunmağa başladı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası yaxşılaşdırıldı. Azərbaycanda mətbuatın normal fəaliyyəti üçün yeni texnologiyalara əsaslanan infrastruktur təminatı yaradıldı. Ötən əsrin 70-ci illərində tikilərək istifadəyə verilən "Azərbaycan" nəşriyyatının binası ulu öndər Heydər Əliyevin sovet dövründə milli mətbuatımıza göstərdiyi diqqət və qayğının təzahürüdür.
O dövrdə ulu öndərin milli mətbuatımızın inkişafı istiqamətində atdığı addımların əhatəsi yalnız texniki tədbirlərlə məhdudlaşmırdı. Heydər Əliyevin ölkəyə rəhbərliyinin ilk günlərindən ayrı-ayrı mətbuat orqanlarının səhifələrində, Azərbaycan televiziyasının, radiosunun efirində cəmiyyət üçün o vaxta qədər qadağa qoyulmuş mövzular görünməyə, eşidilməyə başlandı. Kommunist-sovet mətbuatı nəzəriyyəsinin verdiyi imkanlar çərçivəsində Azərbaycan mətbuatında azad sözün ilk işartıları parladı. O illərdə mətbuat sosial ədalət uğrunda apardığı mübarizədə Heydər Əliyevin ən yaxın və etibarlı silahdaşına çevrilmişdi.
Söz və mətbuat azadlığı problemi dünya jurnalistikasında hələ də aktuallığını saxlamaqdadır və müasir medianın inkişafında, şübhəsiz ki, bu problem ən çox müzakirə olunan mövzulardandır. İnformasiyanın sərbəst və sürətlə yayıldığı indiki zamanda söz və mətbuat azadlığına münasibət bir çox yönləri ilə diqqət çəkir. Bu problemə əksər nəzəriyyəçilərin elmi və konseptual yanaşmaları əslində mövzunun dərin və çoxşaxəli olduğunun göstəricisidir.
Bu gün ölkəmizdə söz və mətbuat azadlığı var. Müstəqilliyimizin ilk illərində digər sahələrdə olduğu kimi, mətbuat sahəsində də böyük problemlər mövcud idi. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bütün sahələrdə olduğu kimi, medianın inkişafında da böyük üfüqlər açıldı. O, ölkə həyatının digər sahələrində olduğu kimi, milli mətbuatımızda yaranmış problemləri də uğurlu və düşünülmüş siyasəti sayəsində aradan qaldırmağa başladı. Ölkənin müvafiq qanunvericilik aktlarında dəyişikliklər edildi və Azərbaycan söz və mətbuat azadlığının təmin olunması ilə əlaqədar mövcud beynəlxalq konvensiyalara və sazişlərə qoşuldu. Ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman mediamızın azad və müstəqil fəaliyyət göstərməsi istiqamətində ciddi əhəmiyyət daşıdı. Bu fərmanla mətbuata nəzarət edən baş idarə ləğv olundu. Həmçinin həmin sənəddə ölkəmizdə fəaliyyət göstərən aparıcı mətbu orqanların maddi-texniki imkanlarının gücləndirilməsi və s. kimi məsələlər də öz əksini tapdı.
Dahi şəxsiyyət Heydər Əliyevin milli mətbuatımızın inkişafına xidmət edən addımları sırasında 1999-cu ildə "Kütləvi informasiya vasitələri haqqında" qanunu təsdiqləməsi xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlə ölkəmizdə yeni mətbuat orqanlarının təsis olunması prosesi xeyli asanlaşdırıldı.
"Mətbuat cəmiyyətin güzgüsüdür" çağırışı Ulu Öndərin ən çox dəyər verdiyi ifadələrdən idi. Ümummilli lider Heydər Əliyev söz, mətbuat azadlığının inkişafına əngəl olan, süni maneələrin aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsini təmin etdi, vətəndaş cəmiyyətinin quruculuğunu özünün inkişaf modeli seçən Azərbaycanda KİV-lərin rolunun artırılmasını başlıca məqsəd kimi qarşıya qoydu. Ulu öndər Heydər Əliyev bildirirdi ki, bizim ümumi məqsədimiz mətbuata daha da çox azadlıq vermək, söz azadlığını daha geniş təmin etmək, Azərbaycanda demokratiyanı bütün sahələr üzrə inkişaf etdirməkdən ibarətdir. Açıq sözün, həqiqəti əks etdirən informasiyaların tərəfdarı, mətbuat azadlığının qarantı olduğunu bəyan edən ümummilli lider jurnalistləri dövlət mükafatları, orden və medallarla təltif etməklə bildirirdi ki, KİV-lərə qayğı davamlı və sistemlidir.
Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir, kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən ölkə Prezidenti demişdir: "Bütövlükdə söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir".
Ötən illər ərzində dövlət başçısı tərəfindən kütləvi informasiya vasitələri haqqında qanunvericiliyin təkmilləşdirilməsi, mətbuatın maddi-texniki bazasının gücləndirilməsi məqsədilə çoxsaylı fərman və sərəncamlar imzalanmış, qanunvericilik aktları təsdiq edilmişdir. Bütün bunlar azad medianın inkişaf etdirilməsinə, mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsinə və jurnalistlərin sosial vəziyyətinin yaxşılaşdırılmasına səbəb olmuşdur.
Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşmışdır. Ölkədə 4400-dən artıq mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir.
Müstəqil Azərbaycan demokratik inkişaf yolu seçən ölkə kimi
mətbuatın dövlət və cəmiyyət həyatındakı
roluna mühüm
önəm verməklə onun müstəqilləşməsi,
habelə mövcud problemlərinin həlli
istiqamətində davamlı tədbirlər həyata keçirir. Bu gün ölkəmizin kütləvit informasiya vasitələri dünya
informasiya məkanına sürətlə
inteqrasiya edir. Eyni zamanda, güclü internet
resursu formalaşıb,
onlayn media sürətlə
inkişaf edir. Artıq ölkə
əhalisinin 80 faizinin
internet istifadəçisi olduğunu
nəzərə alsaq,
bu faktorun nə qədər böyük əhəmiyyət
kəsb etdiyini söyləyə bilərik. Bu gün
ölkədə söz
və mətbuat azadlığı üçün
heç bir maneə və təhlükə yoxdur, jurnalistlər istədikləri
mövzunu açıq
şəkildə cəmiyyətin
diqqətinə çatdıra
bilirlər. Azərbaycanda internet və sosial media azadlığı ən yüksək həddə inkişaf edib.
Azərbaycan söz və fikir azadlığı baxımından dünya ölkələri üçün
nümunə ola bilər. Dövlətimizin
başçısı son illərdə respublikada kütləvi informasiya
vasitələrinin sərbəst fəaliyyət göstərməsi,
jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etmələri üçün bütün
zəruri imkanlar yaradıb. Ölkə Prezidenti, həmçinin, jurnalistlərin sosial problemlərinin həllini, eləcə
də, mətbuatın maddi-texniki
bazasının gücləndirilməsini daim
diqqət mərkəzində saxlayır. Jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması üçün təmənnasız olaraq yaşayış binalarının tikilib istifadəyə verilməsi,
vaxtaşırı olaraq KİV-lərə
maliyyə dəstəyinin göstərilməsi və s. faktlar fikrimizi
sübut edir. Bütün bunlar adekvat olaraq ölkə mediasının üzərinə
mühüm vəzifələr qoyur. İlk növbədə,
mətbuatda peşəkarlıq əsas normalardan
birinə çevrilməli, KİV-də milli
maraqların qorunması hər bir jurnalist üçün vacib mənəvi məsələ
olmalıdır. Yeni mərhələnin
siyasi reallıqları mətbuatın cəmiyyətdə
təkcə rolunu deyil,
həm də sosial öhdəliklərini,
məsuliyyətini artırır. Bu gün ictimaiyyət ölkənin taleyüklü məsələlərinə
münasibətdə mətbuat nümayəndələrindən
əsl vətəndaş mövqeyi, milli təəssübkeşlik nümunəsi
tələb edir.
Olaylar.- 2020.- 10-11 fevral.- S.12.