Vedibasar nahiyəsinin ruhsal-mistik məkanları...
saxta “Ermənistanın sarkal coğrafiyası”nın
uydurmaları timsalında
(IX məqalə)
XVIII əsrdə
Rusiyanın ictimai-siyasi
xadimi kimi tanınan İvan Lazareviç Lazarev (1735-1801) əslində erməni Ovanes Yegiazareviç
Yegiazaryan idi. O, paytaxt Peterburqşəhərində erməni
kilsəsinin tikintisini və erməni icmasının
genişləndirilməsini təşkil etmişdir. Onun
babası Emmanuel Manuk Yegizaryan Səfəvi hökmdarı Abbas Bahadur xanın (I Şah
Abbasın, 1571-1629) dövründə İsfahan şəhərində
(1598-ci ildə paytaxt Qəzvindən bu şəhərə
köçürülüb) imkanlı erməni ailələrinin
yerləşdirilməsinə nail olmuşdur. Onun oğlu Yegizar isə
Səfəvi xanədanının VII şahı Məhəmməd
Mirzənin (II Şah Abbasın, 1632-1667) dövründə
şahın zərbxanasına rəhbərlik etmiş və
hökmdarın şəxsi yavəri olmuşdur.
Qərbi Azərbaycanın dini-irfani, müqəddəs-ruhsal,
ziyarətgah ocaqlarının yayıldığı
tarixi-coğrafi ərazilərdən biri də Vedibasar
mahalıdır. Mahalın mərkəzi olan Vedi şəhəri
(əvvəllər Böyük Vedi kəndi olub) eyni adlı
çayın sol sahilində yerləşir, İrəvan
şəhərindən 35 km cənub-şərq istiqamətində,
Goravan düzü yaxınlığında. Nəhayətdə həm də Türkiyə
Cumhuriyyətinin İqdır vilayəti ilə həmsərhəddir.
Qafqaz
Statistika Komitəsinin 1879-cu il məlumatına görə bu
şəhərdə yalnız müsəlman-türk ailələri
yaşayıb, əhalinin sayı 1743 nəfər və məscidləri
olub, 1893-cü ildə isə əhalinin sayı 2110 nəfər
idi. 1912-ci ildə "Qafqaz təqvimi"nin
nəşrinə görə bu rəqəm 2501 nəfərə
qədər artmışdır.
1918-1920-ci
illərin hay kilsə və daşnak quldurlarının
törətdikləri soyqırım-qətliam faciələrindən
sonra Osmanlı Türkiyəsindən və Cənubi Azərbaycandan,
eləcə də Suriya, İraq, Livan... və başqa ölkələrdən
gələnlərin hesabına Vedi şəhərində (eləcə
də mahalda) hayların sayı getdikcə artmağa
başlamışdır.
Qayım-qədim
oğuz-türk yurdlarının-bölgələrinin təmas
hüdudlarında bərqərar olan Vedibasar mahalının həm əski Alban
dini-ibadət məkanları, həm də İslam
dini-dünyəvi mədəniyyətinə
aid ibadət məkanları,
duyğusal-mistik inanc məqamlarının sıx şəbəkəsi
bir daha beynəlxalq hay kilsəsi tərəfindən
uydurulmuş "Ermənistanın sarkal coğrafiyası" adı
altında müxtəlif dillərdə aparılan təbliğatın
(nəşrlərin) həqiqətə uyğun olmadığına tutarlı
maddi-mənəvi dəyərlərdir (sübutlardır).
Müsəlman-türk dünyasının bu ruhsal-irfani
tarixi-coğrafi maddi-mənəvi abidələri Qərbi Azərbaycanının
sərhədləri hüdudunda kifayət qədər
geniş yayaılmaqla əhalinin müqəddəs ziyarətgahları
kimi də daimi inanc ocaqları kimi minilliklərlə, əsrlərlə
qorunub saxlanılmışdır.
Mahalın
Vedi nahiyəsinin kəndlərində, obalarında ibadət
edilən, irfani yüklü ocaqlarının
yayıldığı məkanlardan biri də Xosrov kəndidir
(məşhur "Xosrov palıd meşəliyi"nin yaxınlığında, Zarıncı
dağının ətəyində). Xosrov
çayının üstündə və həmin meşəliyin
əhatəsində olan Ağkənd kəndinin aşağı hissəsində,
"Kilsə dərəsi"nin üstündəki
sıldırımlı qayalıqların arasında bir
otaqlı ibadət ocağı (məbəd) yerləşirdi.
Məbədin divarlarına
hörülmüş daş lövhədə bu tikilinin
Sasani hökmdarı II Xosrov Pərvizin (570-628) qızı
Saçlı xanımın şərəfinə inşa
edildiyi bilidirilirdi. Xüsusilə Xosrov kəndinin
flora və fauna aləminin zəngin növ müxtəlifliyinin
mühafizəsini bəhanə gətirən daşnak Ermənistan
rəhbərliyi 1939-cu ildə bu kəndi boşaltdırdı
və əhalisi başqa kəndlərə
köçürüldü.
Xosrov kəndinin
mərkəzi hissəsində eramızın IV əsrinə aid Alban məbədi
uçulmuş, dağılmış vəziyyətdə
qalmaqda idi. Hündürlüyü 10 metrə çatan,
dördkünc olan bu tikili yarıya qədər sökülmüşdü,
yeri sal daşlarla örtülüydü. Daşnaklar bu kəndin
evlərini, tikililərini kürüyüb Xosrov çayının "Kilsə
dərəsi"nə tökəndə həmin məbədin
yazılı, naxışlı lövhələrini,
daşlarını söküb İrəvan şəhərinə
aparmışdılar.
Kəndin
cənubunda, Dərbənd
dağından başlayan Xırdaçay çayının
üstündəki qayalıqda
İslamaqədərki dini-ibadət mərasimlərinin rəmzi
olan-iki kəsişən çıxıntının
uclarında Günəş və bədrlənmiş Ay rəsmləri
həkk edilmişdi. Əski dövrlərin oğuz-türk
mistik-mifik inanclarını üzündə unudulmaz edən bu
maddi-mənəvi irs nümunələri
çox gözəl, baxımlı, mənzərəli təbiət
qoynunda, yüksəklikdə... idi.
Bu kənddən keçən, Baytal
dağından başlayan
Xırdaçay və Dərbənd dağından gələn
Böyükçay Dəhnaz kəndi
yaxınlığında Çığın çayı
ilə birləşən hissədə (Xosrov kəndindən 2 km
aralıda) qədim yaşayış yerləri və məbəd
tikilinin qalıqları üzə
çıxmışdı, keçən əsrin 60-70-ci illərində,
çayda sel daşqınları olanda.
Mistik dünyagörüşünə malik və
irfanlı kəslərdən biri də Xosrov kənd sakini
Seyid Məhəmmədhəsən Məhəmməd oğlu
(1845-1920) olub.
Cənubi
Qafqazda Rusiya ilə İran arasında 1909-1911-ci illərdə
hərbi qarşıdurma ilə bağlı səfərbərlik
ediləndə nahiyənin Göyaysor kəndindən bir cavan gəlir
Ağanın yanına, müharibəyə yola düşəcəyini bildirir və xahiş edir ki,
ona xeyir-dua versin. Seyid Məhəmmədhəsən deyir ki,
oğul, get, sağ-salamat qayıdacaqsan, onda mən də gəlib
sənə baş çəkəcəyəm. Vaxt
keçir, həmin adam davadan salamat
qayıdır. Bir müddətdən sonra cavan gəlib
Seyidi ziyarət edir. Söhbət əsnasında Seyid
deyir ki, davadan qayıdanda siz bir düzən yerdə
yatmışdınız, səhər duranda başının altına qoyduğun
yapıncını götürəndə bir ilan
ayağına dolaşdı, onu öldürmək istəsən
də bacarmadın, ilan yoxa çıxdı. Həmin
ilan Mən idim.
Xosrov kəndində Kərbəlayi Cəfər Məhəmməd
oğlu (1828-1905) da həmin müharibədə iştirak
etmişdir, zəngin dini dünyagörüşünə
malik, ruhsal duyğularla yaşayan bu şəxs həm də cəsurluğu
ilə fərqlənib. Övladlarına imanlı olmağı,
haqqa-ədalətə xidmət etməyi vəsiyyət edib.
Onun müharibədə istifadə etdiyi
qılınc ailəsində saxlanılıb. "Milli dərə"nin təbib kimi o, zəngin ot bitkilərindən,
ətirli gül-çiçəklərindən
hazırladığı məlhəmlərlə (eləcə
də neştərlə) həm də təmənnasız
müalicə edərdi insanları.
Kərbəlayi Cəfər kəndin
yaxınlığındakı yüksəklikdə oturub həmişə
ətrafı seyr edərdi, sonralar o yer "Babanın
qayası" adlanırdı. Onun qəbri Ağkənd
kənd qəbirstanlığındadır.
Məlizli
tayfasından olan Kərbəlayi Həsənalı Kərbəlayi
Cəfər oğlu
(1848-1917) seyid olmaqla yanaşı həm şair və
aşıq olub. O, həmişə
ağ paltar (arxalıq) geyərdi,
paltarını çoğan adlı otla yuduzudardı. Bəsirət məclislərində
imanlığı, düzlüyü, halallığı təbliğ
edərdi. Məzarı atasının qəbri
yanındaydı, vəsiyyət etmişdir ki, qəbri
üstündə gümbəz tikilməsin.
Əslən
Zimi kəndindən olan din xadimi Seyid Hüseyn Vəli oğlu
şair təbli və
təbiətli idi. Onun söylədiyi bir bənd
şer hələ də yaddaşlardır:
Cavanlıq
dediyin bir tərlan quşdur,
Qaldırsan göylərə tuta bilməzsən.
Ahıllıq
dediyin bir köhnə quldur,
Bazara çəksən də sata bilməzsən.
Çamırlı
kəndində yaşayan Hacı Nağı Təhməz
oğlu seyid kimi "Milli dərəsi"ndə güclü iman və irfan
sahibi kimi hörmət yiyəsi idi. Deyilənlərə
görə, Çimən kəndinə gedən bir nəfər
Ağanın xətrinə dəyəsi söz işlədibmiş.
O adam yolda iri bir ilan görür və
atdan yıxılır. Kişini evə gətirirlər,
bir müddətdən sonra rəhmətə gedir. Həmin
şəxsin gözünə görünən ilan... Hacı Nağı imiş.
"Milli
dərəsi"nin kəndlərindən
biri də Qaladibi (Dərbənd və Dəvəgözü
çaylarının birləşdiyi yerdə) adlanıb. Quzey tərəfi
meşəlik olan dərin və dar bir dərənin
yuxarısında yerləşən bu kəndin güneyi əzəmətli bir qalanın ətəyindədir.
Qalanın alt tərəfi sıldırımlı
qayalıqdır, üst hissəsi dağın döşünə (hörgüləri ilə)
söykənir. Bu hasarın üstündə eni 3-4 metrə çatan bürclər
tikilib. Yaşı 2000 ildən çox olan qalanın
tutduğu sahə 0,5 - 1 hektara qədərdir, oraya 20 km-lik məsafədə
saxsı borularla su çəkilmişdir.
Vedibasar mahalının Selaf çayı sahilində düzənlik ərazidə yerləşən Taytan kəndi, eləcə də 3-5 km-lik məsafədə, qonşuluqda olan Cəfərqulu, Qaralar, Yeyincə, Şirazlı... kəndlərinin də dini-sarkal ocaqları, müqəddəs-ziyarətgah ocaqları və irfani-ruhsal kəramət yiyələri də az olmayıb.
Düşmənə çəpər və odlu silah kimi...
(Yazının hazırlanmasında Qərbi Azərbaycanın Vedi nahiyəsinin Körpükənd kənd sakini (əslən Xosrov kəndindən olan) Ələmqulu Əziz oğlu Cəfərovun (1930-2017) məlumatlarından da istifadə edilib.)
Qismət
Yunusoğlu
Bakı Dövlət Universitetinin müəllimi
Olaylar.- 2020.- 10-11 fevral.- S.10.