İnternet medianın inkişafı söz və fikir
azadlığının təmin olunmasında mühüm
rol oynayır
Azərbaycanda kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyəti üçün yaradılan şərait cəmiyyətin hər bir üzvünə bəllidir. Medianın normal fəaliyyəti məqsədilə maddi dəstəkdən tutmuş təkmil qanunvericilik bazasının yaradılması mətbuata dövlət qayğısının bariz nümunəsi kimi qəbul edilə bilər. Məhz yaradılmış şəraitin nəticəsidir ki, ölkədə internet medianın inkişafı ən yüksək səviyyədədir. Buna baxmayaraq, bizim dövlət siyasətimizin əsas məqsədlərindən biri Azərbaycanın mütərəqqi mətbuat ənənələrinin davam etdirilməsi və müasir beynəlxalq təcrübə ilə zənginləşdirilməsi, kütləvi informasiya vasitələrinin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması, onların imkanlarından respublikada hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin formalaşdırılması və inkişafı, demokratik islahatların həyata keçirilməsində səmərəli istifadə edilməsindən ibarətdir. Məhz bu fəaliyyətin həyata keçirilməsində həyat tərzimizin bqcib hissəsinə çevrilmiş internet media mühüm rol oynayır. Hüquqşünas Qadir Əsgərov deyir ki, internet mediası son illərdə təşəkkül tapmış yeni bir media müstəvisidir. Bu da dünyada vüsət almış internet medianın bir təzahürüdür. 2000-ci ilin əvvəllərində Azərbaycanda internet medianın ilkin nümunələri ortaya çıxmağa, portallar, saytlar fəaliyyətə başlayıb. Azərbaycanda internet mediası dedikdə hələ tam oturuşmamış, müəyyən problemləri olan bir KİV sahəsi başa düşülür. Əslində Azərbaycanda indiyə qədər ənənəvi çap mediası əsas KİV kimi çıxış etdiyi üçün internet medianın bu sahədə rolu o qədər də nəzərə çarpmayıb. Amma son illərdə Azərbaycanda internet media, sosial şəbəkələr və sosial media demək olar ki, informasiya təminatında aparıcı rol oynayır. Hazırda Azərbaycanda bir internet KİV bumu yaşanır. Bu baxımdan yeni bir sahə olan internet KİV Azərbaycanda da gündəmdədir. Bununla bağlı məsələlərin həlli müvafiq amillərdən asılıdır.
* * *
Onun bildirdiyinə görə, Azərbaycan internet KİV-də əsas etibarı ilə demək olar ki, bütün mövzular aktualdır və bütün mövzular öz oxucularını tapa bilir. Bunun da bir çox səbəbləri var. Bu səbəblərdən biri də istər televiziya, istər qəzetlərdə də əhali arasında olan informasiya aclığını internet KİV-i asanlıqla doldura bilməsidir. Bu baxımdan siyasi, sosial, mədəni, şou, kriminal və s. xəbərlərin hər biri Azərbaycanın internet media məkanında da aktualdır və hər birinin öz oxucuları var. İnternet mediasının bütün xəbərləri digər çap mediasından fərqli olaraq rezonans doğurur və xəbərin yayılması daha geniş olur. Buna görə də internet mediasının həm də sosial şəbəkələrlə bağlı olması, bloqla, sosial media ilə eyni zamanda fəalliyyət göstərməsi həm də xəbərlərin daha oxunaqlı olmasına xüsusi kömək göstərir. Q.Əsgərov hesab edir ki, internet media problemlərdən də xali deyil: "Dünyanın özü üçün belə internet KİV yeni anlayışdır. Dünyanın bir çox yerlərində onlayın media ilə bağlı fikir müxtəlifliyi var və hazırda əsas sual internet KİV-ni ənənəvi KİV-dən fərqləndirən və onu üstünləşdirən məqamları müəyyənləşdirməkdir. Bu isə o qədər də asan məsələ deyil. Çünki internet mediasının meydana gəlməsi ilə yeni bir statusu olan internet jurnalisti statusu meydana gəlib. İnternet KİV-nin özünün özəl cəhətlərindən biri ondan ibarətdir ki, hazırda onlayın media üçün ənənəvi qəzetlərdə olan redaksiya anlayışı bir qədər məhdud qavranılır, belə ki hazırda internet medianın özündə internet jurnalisti özü xəbəri hazırlamalı, redaktə etməli, korrektə etməli və özü də texniki bilikləri sayəsində onu sayta yerləşdirməyi bacarmalıdır. Bu baxımdan internet mediada olan bəzi hallarda xüsusi yoxlamadan keçmədən belə, redaktorun, baş redaktorun xəbərləri yoxlama imkanı olmadan belə sayta qoyulur. Bu baxımdan dünyada hazırda internet KİV-nin statusları ilə bağlı ciddi müzakirələr gedir və Azərbaycanda da bu cür müzakirələr zəruridir, vacibdir. İlk olaraq internet KİV-nin statusu ilə bağlı məsələ öz həllini tapmalıdır. "Yeni Media Jurnalistləri" İctimai Birliyi bununla bağlı məsələ qaldırıb ki, Azərbaycanda KİV-nin azadlığı haqqında qanunda müəyyən dəyişikliklərin edilməsi vacibdir. Çünki yeni vüsət alməş internet KİV-lə bağlı qanunvericilikdə müəyyən boşluqlar var. Belə ki KİV haqqında qanun və Məlumat Azadlığı haqqında qanun ənənəvi mediaı əsasında məsuliyyət formalaşdırıb, qanunvericiliyi tənzimləyib. Amma internet KİV tamamilə yeni olduğundan internetlə bağlı məsələlər qanunda çox ümumi və yayğın bir şəkildə göstərilib. O isə indiki halda onlayn medianın tam hüquqi statusunu müəyyən etməyə imkan vermir. Məsələn, KİV haqqında qanunun 7-ci maddəsinə əsasən KİV məhsulları anlayışı var. Burada televiziya kanallarının bir buraxılışı və çap məhsullarının bir tirajı nəzərdə tutulur. Orada internet KİV-i ilə bağlı anlayış yoxdur. Məlum olduğu kimi internet mediası hər gün onlarla xəbər istehal edir. İnternet mediası daima yenilənir. Amma onların istehsal etdiyi məhsullar isə KİV məhsulları anlayışı kimi nəzərdə tutulmayıb. Digər bir tərəfdən bu məsələ məlumat azadlığı haqqında qanunda da özünü göstərir. Yəni vətəndaşların informasiya almağı internet KİV-dən oxuduğu informasiyanın KİV olub-olmadığı barədə qeyri-müəyyənlik var. Bütün bunlar Azərbaycanda onlayn medianın statusunun müəyyən edilməsi ilə bağlı məsələni bir daha qabardır. Çünki bunlar internet mediada çalışan jurnalistlərin də statusunu ortaya qoyur ki, bu məsələlər öz həllini tapsın. Ayrı-ayrı saytların dövlət qeydiyyatından keçməsi, jurnalistin fəaliyyətinin qorunmasının hansı formada olacağı məsələləri açıq qalıb. Bu baxımdan Azərbaycanda onlayın medianın statusunun müəyyən edilməsi üçün müzakirələrə ciddi ehtiyac var".
Onun sözlərinə
görə, digər bir məsələ internet jurnalistikasının sərhədlərinin
müəyyən edilməsidir. Düzdür,
burada sərhədlərdən danışmaq
bir qədər düzgün
deyil, çünki internet qlobal məkan olduğu üçün
burada sərhədlər bilinmir:
"Onlayın medianın digər əsas problemlərindən
biri "kopi-past" problemidir. Jurnalist
imzasının itməsi, etik problemlər,
şərhlər və statuslar məsələsidir
ki, dünyada bununla bağlı konkret bir mövqeyə gələ bilməyiblər.
Peşəkar jurnalistləri ciddi şəkildə
narahat edən jurnalistin
imzası məsələsi və yazının
"oğurlanması"dır. Digər bir
məsələ internet saytlarına onlayn şərhlərin
yazılmasıdır. Dünyanın bir çox saytlarında oxucular
xəbərlərə dərhal reaksiya
verirlər, çünki bu
yeni bir
tendensiyadır. İnternet media oxucu ilə
real zamanda əlaqədə
olan bir vasitədir. Məsələn, ənənəvi çap mediasında oxucu ilə belə bir çevik
əlaqə yoxdur.
Burada oxucu passivdir. Amma internet mediada oxucu oxuduğu
yazıya dərhal reaksiya vermək üçün şərh
yazmaq istəyir.
Hazırda həmin şərhlərin
verilib-verilməməsi ilə
bağlı müzakirələr
də gedir. Avropa ölkələrində bunu
problem kimi qəbul etmirlər, həmin ölkələr bütün
şərhlərin saytda
verilməsinin tərəfdarıdırlar.
Bir sıra ölkələr isə korrektə olunmuş şərhlərin
verilməsi ilə bağlı məsələni
qaldırıblar. Qonşu Rusiyada
bununla bağlı qanunvericiliyə xüsusi bir maddə salınıb ki, irqi, milli, cinsi
zorakılıq yayan, təhqir elementləri olan şərhləri moderator
verə bilməz.
Əgər bu cür şərhlər verilərsə,
xəbərdarlıqdan sora
hətta saytın lisenziyası da ləğv edilə bilər. Azərbaycanda isə bütün
bunlar hələ ki qanunvericilikdə müəyyən edilmədiyinə
görə internet mediasının
problemləri açıq
qalır".
Hüquqşünas onu da qeyd edib
ki, Azərbaycan Respublikası Prezidentinin
2016-cı il 20 sentyabr tarixli Sərəncamı ilə
"Azərbaycan Respublikasında
informasiya cəmiyyətinin
inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi
üzrə 2016-2020-ci illər
üçün Dövlət
Proqramı" təsdiq
olunub. Dövlət Proqramının həyata
keçirilməsi üzrə
Tədbirlər Planında
Milli Strategiya ilə müəyyən edilmiş istiqamətlərə
uyğun olaraq İKT infrastrukturu
və xidmətləri,
yüksək texnologiyalar
sektorunun inkişafı,
yüksək texnologiyaların
inkişafı üzrə
elmi-texniki potensialın
gücləndirilməsi, İKT - cəmiyyətin inkişaf
amili kimi, kadr hazırlığı,
informasiya təhlükəsizliyinin
təmin edilməsi və milli kontentin
inkişaf etdirilməsi
istiqamətində həyata
keçiriləcək tədbirlər
nəzərdə tutulur:
"Heç şübhəsiz
ki, Dövlət Proqramında nəzərdə
tutulmuş tədbirlərin
icrası ölkədə
informasiya cəmiyyətinin
bərqərar olmasında,
onun yaratdığı
imkanlardan səmərəli
istifadə edilməsində,
ölkənin davamlı
və dayanıqlı
tərəqqisində, İKT-nin dövlət idarəçiliyində hərtərəfli
tətbiqində, habelə
sosial-iqtisadi və mədəni sahələrin
inkişafına təkan
verən iqtisadi sektor kimi inkişafında
mühüm rol oynayacaq".
Onun sözlərinə
görə, bu sənəd ölkədə
çoxdan lazım olan informasiya təhlükəsizliyinin təmin
olunması sahəsində
öz rolunu oynayacaq. Belə ki, çağdaş internet əsri
informasiya azadlığı
sahəsində ağlagəlməz
sıçrayışlar etməklə
yanaşı bu sahədə zəruri təhlükəsizlik qaydalarının
qorunmasını da vacib edib: "Dövlət Proqramında
onlayn media ilə bağlı ayrıca bəndin əks olunması ölkənin
internet media spektri üçün
geniş perspektivlər
açır. Bu sənəd internet jurnalistikanın
hüquqi problemlərini,
dövlət dəstəyini
həll etməklə
onlayn KİV sahəsində
müşahidə olunan
müəyyən pərakəndəliyi
aradan qaldırmağa
kömək edəcək.
Nəzərə almaq
lazımdır ki, Dövlət Proqramında
internet texnologiyaları ilə
bağlı kadr məsələsinə xüsusi
diqqət yetirilməsi
ali məktəblərin
jurnalistika fakultələri
üçün onlayn
media ilə bağlı
yeni tələblər
qoyur. Məhz bu tələblərin
yerinə yetirilməsi
heç şübhəsiz
ki, ölkədə söz və mətbuat azadlığının
təmin olunmasında
xüsusi əhəmiyyətə
malikdir".
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 13-14 fevral.- S.12.