Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin olunur

 

 

 

Elvin Babayev: "Bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində lazımı addımlar atılır"

 

Günümüzdə Azərbaycan mediası, kütləvi informasiya vasitələri uğurlu yol keçir, özünün inkişaf dövrünü yaşayır. Həm mətbuatın, kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirilir, həm də ölkədə azad medianın mövcudluğunun davamlı xarakter alması, onun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü addımlar atılır, tədbirlər görülür. Bu da ümumilikdə Azərbaycanda mətbuatın, eyni zamanda fikir, söz, məlumat və ifadə azadlığının inkişaf etdirilməsi fonunda baş verir. Elə "HƏMRƏY" Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin sədr müavini Elvin Babayevbu qənaətdədir. "OLAYLAR"-a verdiyi müsahibədə Elvin Babayev hazırda ölkədə mətbuatın, kütləvi informasiya vasitələrinin vəziyyəti, onun inkişaf etdirilməsi istiqamətində görülən işlər, atılan addımlar, eləcə də mediamızın inkişaf perspektivlərindən danışıb.

-Elvin bəy, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı nə dərəcədə təmin edilirbu prinsiplərə əməl olunur?

-Tam əminliklə, mübaliğəsiz- filansız deyə bilərik ki, Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı ən yüksək səviyyədə təmin olunur, bu prinsiplərin daha da inkişaf etdirilməsi istiqamətində lazımı addımlar atılır. Ölkəmizdə fikir, söz, məlumat azadlığının təmin edildiyinə dair kifayət qədər örnək göstərmək mümkündür. Bunlardan bir neçəsinə diqqət çəkmək istərdim. Məsələn, Azərbaycanda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin sayına diqqət edək. Günümüzdə ölkədə rəsmi qeydiyyatdan keçmiş yüzlərlə kütləvi informasiya vasitəsi, qəzet və digər dövrü mətbuat orqanları fəaliyyət göstərir. Həmin kütləvi informasiya vasitələri, mətbu orqanlara qarşı heç bir təzyiq göstərilmir, onlara qarşı hər hansı basqılar olmur. Baxmayaraq ki, həmin kütləvi informasiya vasitələri sırasında iqtidaryönlü mətbu orqanlarla yanaşı, hakimiyyətə qarşı kəskin və aqressiv mövqe nümayiş etdirən, yerli-yersiz, əsaslı və ya əsassız tənqidlər səsləndirən mətbu orqanlar da var. Buna rəğmən hakimiyyət heç bir halda həmin kütləvi informasiya vasitələrini hədəf seçmir, onların fəaliyyətinə maneçilik törətmir. Bunun özü ilk növbədə ölkədə fikir, söz, məlumat və ifadə azadlığının mövcudluğunun əyani sübutu, göstəricisidir. Onu da qeyd etmək yerinə düşər ki, Azərbaycan ölkədə dərc olunan, işıq üzü görən kütləvi informasiya vasitələri, mətbu orqanların sayına görə də digər ölkələrlə müqayisədə ön  sıralarda yer alır. Əgər qonşu ölkələr, Gürcüstan və Ermənistanda bu sahədə mövcud olan statistika, kütləvi informasiya vasitələrinin sayına diqqət yetirsək, aydın şəkildə görərik ki, Azərbaycan bu göstəriciyə görə adlarını qeyd etdiyim ölkələrdən qat-qat öndədir.

 

Yaxud Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsinə dövlət səviyyəsində yaradılan şəraitə diqqət edək, müqayisə aparaq. Ölkəmizdə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsində birinci növbədə Azərbaycan dövləti və şəxsən dövlət başçısı Cənab Prezident İlham Əliyev maraqlıdır. Dövlət başçısının prezident kimi fəaliyyət göstərdiyi 17 il ərzində ərzində bu istiqamətdə gördüyü işlər, həyata keçirdiyi tədbirlər timsalında bunu aydın görmək mümkündür. Cənab Prezidentin jurnalistlər üçün fəxri adların verilməsini bərpa etməsi, qəzetlərin Azərbaycan Nərşiyyatına olan borclarını ləğv etməsi, sonrakı dövrdə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması, ölkədə çap edilən kütləvi informasiya vasitələrinə birdəfəlik yardımların ayrılması, eləcə də digər bu kimi müsbət addımlar, həyata keçirilən tədbirlər Azərbaycan dövləti, şəxsən dövlət başçısı Cənab İlham Əliyevin media, mətbuata göstərdiyi diqqət və qayğısının göstəricisidir. Bütün bu proseslər isə heç şübhəsiz ki, ölkədə fikir, söz, məlumat və ifadə azadlığının daha da inkişaf etdirilməsi fonunda inkişaf edir. Qeyd etdiyimiz kimi, ancaq digər qonşu ölkələrlə müqayisədə vəziyyət tamamilə fərqlidir. Həmin ölkələrdə nəinki kütləvi informasiya vasitələrinin sayı Azərbaycanda fəaliyyət göstərən media qurumları, mətbu orqanlardan qat-qat azdır, eyni zamanda həmin ölkələrdə fikir, söz, məlumat və ifadə azadlığının təmin edilməsi istiqamətində də ciddi addımlar atılmır, dövlət bu prosesdə o qədər də maraqlı görünmür.

Bir başqa müqayisə dövlətin media, mətbu orqanlara ayırdığı maddi vəsait, verdiyi dəstəklə bağlıdır. Məlum olduğu kimi on ildən artıq müddətdir ki, fəaliyyət göstərən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ölkədə işıq üzü görən dövrü mətbuat, qəzetlərin layihələrini maliyyələşdirir, onlara həmin layihələri həyata keçirmək üçün maliyyə vəsaiti ayırır. Fondun maliyyə vəsaiti ayırdığı, layihələrini maliyyələşdirdiyi kütləvi informasiya vasitələri sırasında hakimiyyətmeyilli mətbu orqanlarla yanaşı, müxalifət düşərgəsinin maraqlarına xidmət edən qəzetlər də vardır. Eyni zamanda kifayət qədər sayda müstəqil media qurumu, mətbu orqanlarının təqdim etdiyi layihələr də Azərbaycan Respublikasının Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilir, onlara müəyyən miqdarda maliyyə vəsaiti ayrılır. Buna rəğmən nə müxalifət, nə də müstəqil media qurumlarına hər hansı bir məsələni ictimailəşdirməmək, hər hansı problemi qabartmamaq tapşırığı verilmir, onların fəaliyyətinə hər hansı bir müdaxilə olmur. Bu məqamın özü də Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının tam mənada təmin edildiyi, dövlətin də bu məsələdə əsas etibarilə maraqlı olduğunu təsdiqləyir.

-Bəs, bir sıra hallarda bəzi beynəlxalq qeyri-hökumət təşkilatları, müəyyən Avropa təsisatları və institutları iddia edirlər ki, guya Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığı təmin edilmir. Sizcə, bu qərəz, qeyri-obyektiv yanaşma haradan qaynaqlanır və burada başlıca səbəb nədir?

-Əvvəla onu qeyd etmək istərdim ki, son vaxtlar bu istiqamətdə müsbət bir tendensiya müşahidə edilməkdədir. Bir qədər də konkretləşdirsək və dəqiqləşdirsək Azərbaycanda fikir, söz, məlumat və ifadə azadlığının təmin edilmədiyinə dair səslənən iddialar, əsassız fikir və mülahizələr, yersiz bəyanatlar,  hesabatların sayı məhdudlaşıb. Bu da onu deməyə əsas verir ki, artıq həmin dairələr Azərbaycana qarşı apardıqları mənasız və qərəzli mübarizənin fərqindədirlər və bu mübarizənin mənasızlığını dərk edirlər. Ona görə də artıq Azərbaycana qarşı səslənən qərəzli ittihamlar, qeyri-obyektiv fikirlər bir qədər səngiyib, məhdudlaşıb.  Digər tərəfdən məsələnin mahiyyətinə, Azərbaycanı hədəf seçən dairələrin bağlı olduğu qüvvələrin xarakteristikasına diqqət yetirdikdə aydın mənzərə ortaya çıxır. Bir qayda olaraq həmin dairələr, beynəlxalq qeyri-hökumət təşkilatları erməni lobbisinin maraqlarına xidmət edir, onların tapşırıq və tövsiyələrinə uyğun qərarlar qəbul edirlər. Belə bir halda həmin təşkilatların Azərbaycan barədə qərəzli mövqe ortaya qoymaları, ölkəmizə qarşı qeyri-obyektiv mövqe nümayiş etdirmələri başadüşüləndir.  Bu kimi təşkilatlar sırasında bir qayda olaraq Freddom House, Human Rayth Waths, eləcə də bu kimi beynəlxalq qeyri-hökumət təşkilatlarının adları çəkilir. Zaman-zaman həmin adlarını qeyd etdiyim təşkilat və qurumların erməni lobbisinin maraqlarına xidmət etdiyi konkret faktlarla əksini tapıb, sübuta yetirilib. Bu gün artıq heç kimə sirr deyil ki, adlarını çəkdiklərim beynəlxalq qeyri-hökumət təşkilatlarının rəhbər strukturlarında məhz ermənilər təmsil olunurlar. Ona görə də həmin təşkilat və qurumlardan hansısa obyektivlik, qərəzsizlik, Azərbaycanın maraqlarına uyğun fikir ortaya qoymağı gözləmək yersiz olar. Azərbaycan cəmiyyəti, müvafiq rəsmi və qeyri-rəsmi dairələr haqlı olaraq həmin adlarını çəkdiklərimiz təşkilat və qurumların hazırladıqları və bəlli qüvvələrin, erməni lobbisinin maraqlarına xidmət edən hesabatlarını kağız parçası kimi xarakterizə edir, onları ciddiyə almır.  Ona görə də hesab edirəm ki, bu kimi qərəzli, qeyri-obyektiv hesabat və bəyanatlara vaxt ayrımaq, onları ciddiyə almaq yersizdir, mənasızdır.

-Bəs, Azərbaycanda mətbuatın, kütləvi informasiya vasitələrinin gələcəyini, onun inkişaf dinamikasını necə görürsünüz?

-Olduqca dinamikdaha da inkişaf edəcək səviyyədə. Çünki ölkədə mətbuatın, medianın inkişaf etdirilməsində, bu inkişafın fonunda isə fikir, söz, məlumat və ifadə  azadlığının Azərbaycanda daha da möhkəmləndirilməsində birbaşa Azərbaycan dövləti və onun Prezidenti Cənab İlham Əliyev maraqlıdır. Ona görə də  mən mediamızın, KİV-lərimizin gələcəyinə çox nikbin baxıram.

Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2020.- 13-14 fevral.- S.15.