Azərbaycan
mesenatı dağıstanlı
şairin qələmində...
Məşhur Azərbaycan milyonçusu və mesenatı Hacı Zeynalabdin Tağıyev haqqında əvvəlki tədqiqatlarımda, araşdırmaların öz əksini tapdığı nəşrlərdə geniş söhbət açmışam. "Talanın yastı yolu" kitabımın birinci və ikinci hissəsində də onun fəaliyyətindən, xeyirxah işlərindən ətraflı bəhs olunur. İndi çapa hazırladığım növbəti əsərdə də məşhur xeyriyyəçi haqqında maraqlı faktlar açıqlanacaq.
Xatirimdə deyil, çoxdankı mənbələrin birində hansısa filosofun belə bir sözünü oxumuşdum: "Xeyirxah bir işi ürəkdən tərifləmək həmin işdə iştirak etməyə bərabərdir". Həmin fikir adamının kimliyini xatırlaya bilməsəm də, ruhuna həmişə rəhmət oxuyuram. Sual oluna bilər ki, niyə, nə üçün? Hər dəfə düşünəndə mənə elə gəlir ki, bu sözlər mənim və mənim kimilərin haqqında deyilib. Çünki ömrümboyu böyük xeyirxah iş görə bilməsəm də, tarixə xeyirxah insan kimi düşənləri tərif və təbliğ etmişəm. Bir çox misallar gətirə bilərəm, ancaq ehtiyac görmürəm.
Tariximizə böyük şəxsiyyət, xeyirxah insan kimi adını yazan məşhurlarımızdan biri də milyonçu Hacı Zeynalabdin Tağıyevdir. Bənnaların yanında adi fəhlə işləyən bu insan zənginlər səviyyəsinə gəlib çatmış və iri mülklərin sahibi olarkən də öz insani xüsusiyyətlərini unutmamışdır. Təkcə Azərbaycanda yox, Rusiyada, İraqda və başqa ölkələrdə məscidlər tikdirib, möhtaclara əl tutub. Uzun illər çalışdığım "Zaqatala" qəzetində və digər mətbu orqanlarda işıq üzü görən məqalələrimdə bu möhtəşəm insan haqqında çox yazmışam. Həmişə çalışmışam ki, Tağıyev haqqında bilinməyənləri bildirim, məlum faktları təkrar etməyim. Məsələn, onun Tala məscidinin üstünə yapmaq üçün pulsuz olaraq ağ dəmir göndərməsi, Bakı məktəbliləri üçün təmənnasız dərsliklər nəşr etdirməsi və sair bu kimi faktlara ilk olaraq mənim araşdırmalarımda yer verilib.
Bu yazını qələmə almağımın səbəbi isə bir təsadüf oldu. Qədim kitabları vərəqləyirdim. Çox da qalın olmayan bir mənbəni nəzərdən keçirərkən təəccüb etdim ki, niyə belə bir fakt uzun müddət diqqətimdən yayınıb. Həmin kitab ərəb dilindədir və 1913-cü ildə Dağıstanda, Temirxan-Şura (indiki Buynaksk) şəhərində, o dövrün məşhur bir mətbəəsində çap edilib. Mətbəənin sahibi Məhəmməd Mirzə Mavrayev adlı bir nəfər olmuşdur. O dövrün bir çox müəllifləri öz əsərlərini burada nəşr etdirmişlər.
Haqqında danışdığımız kitab "Xəmsu Qəsaid" (Beş qəsidə) adlanır. Bunu müasir dillə "Beş poema" kimi də anlamaq mümkündür. Burada müxtəlif mövzulara həsr olunan 5 poema işıq üzü görüb. Çox da geniş olmayan bu əsərlər ərəb dilindədir. Maraqlısı isə budur ki, həmin beş qəsidənin biri Azərbaycan milyonçusu Hacı Zeynalabidin Tağıyevə həsr edilib. Qəsidənin başlanğıcında belə bir qeyd var: "Hacı Zeynalabdin əl-Bakuvinin mədhi". Qəsidə 20 beytdən, yəni 40 misradan ibarətdir. Əsərdə məşhur xeyriyyəçinin ünvanına xoş sözlər deyilir və qısaca da olsa, onun Dağıstanda gördüyü işlər nəzmə çəkilir. Məlum olur ki, Tağıyev Dağıstanda fabriklər tikdirmiş, məktəblər açdırmışdır. Məktəb dedikdə rus dilində məktəblər nəzərdə tutulur. Digər yerlərə, maarif-mədəniyyət müəssisələrinə texniki vəsait almaqda kömək göstərmişdir. Qeyd olunur ki, Hacının köməyi ilə ucqar yerlərdə məktəblər fəaliyyətə başlayıb. Qəsidənin son iki misrası belədir:
Kəfa ma qultə ya Kahi, qəssir,
Bi tulil-qovli yəschr("39")əmu əhli-şanin.
"Ey Kahi, dediklərin yetər, sözünü qısa et, uzun danışmaqla şanlı insanları bezdirə bilərsən".
Yuxarıda qeyd etdiyimiz kimi, kitabçada beş qəsidə var və onlardan biri H.Tağıyevin şəninə yazılıb. Digəri isə "Əkinçi" qəzetinin dağıstanlı müxbiri, böyük alim Həsən Əlqədari haqqındadır. Qalan üç qəsidə müxtəlif mövzulara həsr olunub. "Beş qəsidə"nin müəllifi isə Məhəmməd əl-Kahi adlı bir şairdir.
Mən bu kitabla tanış olanda, ünlü həmyerlimiz Hacı Zeynalabdin Tağıyevin adına rast gələndə iftixar hissi duydum və bu hisslərimi oxucularımızla bölüşmək istədim. Vəssəlam.
Məhəmməd
Şabanoğlu
Tədqiqatçı-jurnalist
Zaqatala
rayonu
Olaylar.- 2020.- 13-14 fevral.- S.13.