Keçmişdən gələcəyə
nə daşıyırıq?
Fəlsəfi-tarixi-publisist
düşüncələrim
Hökumət o zaman özünə potensial üsyançılar hazırlayır ki, cəmiyyətdə xurafatlaşma, manqurtlaşma, cahilləşmə, zombiləşmə sürətlənir, riyakarlıq, saxtakarlıq baş alıb gedir. Bu zaman milli-mənəvi və maddi dəyərlərin, vətənpərvərliyin təbliği effekt vermir və dövlətçilik anlayışı məmur və ictimai status anlayışı ilə eyniləşdirilir.
Yunus Oğuz
Beşinci yazı
Birinci yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/siyaset/365495
İkinci
yazını buradan oxuya bilərsiniz https://olaylar.az/news/sosial/366212
Üçüncü
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/sosial/367202
Dördüncü
yazını buradan oxuya bilərsiniz
https://olaylar.az/news/siyaset/368146
1988-ci ilin fevralında baş verən Sumqayıt hadisələri
sübut etdi ki, Moskvanın təhlükəsizlik xidmətinin
əli ilə ermənilər bunu özləri
hazırlayıblar. Qriqoryan soyadlı bir quldur, Sumqayıt
sakini öz dəstəsilə orada yaşayan erməniləri
qətlə yetirdi və bütün olanları azərbaycanlıların
ayağına yazdılar. Sonradan, əvvəllər həbsxanada
məhkumluq həyatı sürmüş Qriqoryan Sumqayıt hadisələrinə
görə mühakimə olunacaq və törətdiklərini
etiraf edəcəkdi. Bu sonralar olacaqdı. Hadisələrdən bir neçə gün qabaq bir
çox erməni ailəsi bank hesablarındakı pulu
çıxaracaq və şəhərdən
köçüb gedəcəkdi. Belədə məntiqi
sual ortaya çıxır: Bu
ailələrə şəhərdən çıxıb
getməsi haqqında xəbərdarlığı kim etmişdi? Əlbəttə,
ya təhlükəsizlik xidmətinin orqanları, ya da ermənilərin
özləri, çünki ermənilərin əksəriyyəti
o zamanlar "Daşnaksütyun" partiyasına pul
köçürürdülər. Kim bu
partiyaya yardım etmirdisə onlara xəbərdarlıq
olunmadı, əksinə Qriqoryana göstəriş verildi ki,
məhz onlar qətlə yetirilsinlər.
Daha bir
sual: Əgər onlar hadisənin baş verəcəyini
bilirdilərsə niyə güc strukturları tərəfindən
qarşısı alınmadı? Sual içindən
sual doğur. Bütün bunları həmən il akademik Ziya Bünyadov "Poçemu
Sumqait" məqaləsində çox gözəl şərh
etdi, amma gec idi.
Sumqayıt
hadisələri ilə ermənilərə görə azərbaycanlıların
"vəhşi" obrazı
yaradıla bildi və onların təbliğat
maşını bundan sonra var gücü ilə işləməyə
başladı. Artıq bu təbliğatın qarşısını almaq
gücündə kimsə yox idi.
Qarabağda
"miatsum" hərəkatı başlayanda azərbaycanlılara
heç kim tərəf olmaq istəmirdi. Erməni kilsəsi də elə bunu istəyirdi.
Bütün Ermənistandan ilkin olaraq azərbaycanlıların
çıxarılmasına rəvac verildi. Hədələr,
qorxular, kəndlərin və evlərin yandırılması,
qətllər, təhdid orada yaşayan azərbaycanlılar
üçün adi xarakter aldı. Nəticədə
1988-ci ildə Ermənistanda bir azərbaycanlı da qalmadı.
Azərbaycana və onun paytaxtına
qaçqın və köçkünlərin hiddəti, nifrəti
ilə yanaşı qisas almaq arzuları da daxil oldu. Üç yüz min qaçqını yerləşdirmək
elə də asan olmadı.
Bu erməni məsələsini niyə geniş
yazıram? Bilirəm ki, biz dözümlü xalqıq və
qonşulara həmişə sayğılı və
anlayışlı münasibət olub. Həmişə
onlara qarşı mərhəmətli olmuşuq. Nə zamansa onlara yenə mərhəmət göstərəcəyik,
dostluq əlini uzadacayıq (elə indinin özündə də
bu çağırışlar səslənməyə
başlayıb), amma bilməliyik ki, fürsət düşən
kimi yenə də, osmanlılara vurduqları kimi, bizi də
arxadan xəncərlə vuracaqlar. Beynəlxalq
güclərin içində ermənilərin tərəfini
saxlayanlar hələ çox olacaq.
Tarix ibrətdir və əgər biz ondan nə isə əxz
etməsək, fəaliyyətimizi düzgün yönəltməsək
yenə hər şey təkrar olunacaq. Ancaq indi bunun
qarşısını ala biləcək dövlətimiz və
onun güclü ordusu var. İmkan vermək lazım deyil ki,
bütün bu neqativ hallar, faciələr təkrar olunsun.
Qayıdaq 1988-ci ilə.
Xalq birliyinin enerjisi həmin ilin noyabrında
özünün ən yüksək zirvəsinə
çatdı.
Bu dəfə ermənilərin Şuşa
ətrafında Topxana meşəsinin qırılmasına
etiraz dalğası birliyin təcəssümünə
çevrildi. Əslində bu, illərlə
qorxudan söz deməyən xalqın yığılıb
qalan etiraz enerjisi idi.
Bu enerji çox tezliklə xalq hərəkətına
çevrildi.
Etnik və sosial problemlərdən başlayan
etiraz enerjisinin xalq hərəkatına çevrilməsi hələ
indiyə qədər tam analiz edilib başa
çatdırılmayıb. Yeri gəlmişkən
bu da bir ibrətdir və ondan dərs götürmək
lazımdır, çünki ən adi, sadə bir problemin xalq
hərəkatına çevrilməsi günümüzdə
də baş verir. Elə "ərəb baharı"
deyilən hərəkata başlanmasına Tunisdə bir
göyərti satanın özünü yandırması səbəb olmadımı? Hər şey zəncirvaridir və hər bir hadisə
baş verənlərin həlqəsidir. Sadədən
mürəkkəbə doğru.
Xalq hərəkatının sosial etirazı tədricən
Milli Azadlıq Hərəkatına çevrilirdi, zatən buna
bilərəkdən, ya bilməyərəkdən Moskva məmurları
ermənilərin körüklədiyi Qarabağ məsələsilə
rəvac verirdilər.
1989-cu
ilin dekabrın sonlarında SSRİ-nin yapdığı
İranla sərhəddə tikanlı məftillərin
sökülməsi artıq yalnız bir nəsnədən xəbər
verirdi: hərəkatın sosial etirazlar dövrü bitdi. Tikanlı məftillərin
sökülməsi ilə artıq, sosial etirazların siyasi
etirazlara keçid
dövrü də hesab etmək olar. Amma,
bu hələ Milli Azadlıq Hərəkatı deyildi. Olsa-olsa, bu uzun illərdən bəri Arazın ikiyə
böldüyü yüz yetmiş illiyin tikanlı həsrətini
vücuddan çıxartmaq cəhdi və bu xalqın
güney-quzey həsrətinə son qoymaq istəyi idi.
Lakin,
SSRİ məkanında
sərhəd dirəklərinin sökülməsi
dünya çapında
böyük olacaqlardan xəbər verirdi və təəssüflər
olsun ki, bunun hələ də
elmi, ictimai və siyasi qiyməti verilməmişdi. Məhz sərhədsökmə
əməliyyatı imperiyanın
1.
Özünü qorumaq enerjisinin bitdiyini;
2.
Xalqların bu sərhədlər çərçivəsində
yaşamaq istəmədiyini;
3. Beynəlxalq
güclərin bu dövlətin dağılmasına inanmağın
real olduğunu təsbit etdi.
Dərininə
varmaq istəmədən qeyd edə bilərəm ki, dünya
güclərinin imperiyanı dağıtmaq düsturunu,
Bzejnsknin "Böyük şahmat" oyununun yeni gedişlərini
məhz sərhəd məftillərinin sökülməsi
etdi.
Mövzumuz başqa olduğu üçün sərhəd
məsələsinin üstündə çox dayanmayaq.
Yazdıqlarımın hamısı erməni fonunda
baş verirdi.
Moskva və Qorbaçyov, onun köməkçiləri
Şahnəzərov və Aqambekyan hər şeyi edirdilər
ki, Azərbaycanı və onun əhalisini vəhşi və
barbar kimi qələmə versinlər və bunun fonunda
Qarabağ məsələsini birdəfəlik həll etsinlər.
Amma təsir əks təsirə bərabərdir.
Fakt odur ki, ermənilərin fikir əsirinə çevrilən
Qorbaçyov imperiyanın parçalanmasına Qarabağ
problemini yaratmaqla rəvac verdi. Heç
1989-cu ilin aprelində Tiflis şəhərində dinc
aksiyaçıların güllələnməsi bu qədər böyük
rezonans vermədi. Baş katib Amerika, Avropa,
Böyük Britaniyadan təminat almışdı ki, imperiya
içi nə etsə ona göz yumacaqlar. Göz
yumacaqlardımı?
Və
1990-cı ilin məhnus 20 yanvar faciəsi baş verdi. Bu da hadisələrin, yəni
"könüllü" Moskva ermənilərinin
Qarabağın Azərbaycandan alınıb Ermənistana verilməsi
planının tərkib hissəsi idi.
Yerlərdə icra strukturlanın devrilməsi, Müdafiə Şurasının yaranmasına Vəzirovun (həm də Moskvanın) cani-dildən dəstək verməsi, Moskva təhlükəsizlik qurumunun əli ilə Bakıda bir neçə erməninin öldürülməsi, Azərbaycan televiziyasının blokunun partladılması, Qorbaçovun Bakıda və bir neçə şəhərdə 20 yanvar öncəsi fövqəladə vəziyyət elan edilməsi dəhşətli olacaqlardan xəbər verirdi və Bakı peşəkar quldur əsgərlər və silahlı texnika ilə mühasirəyə alınırdı. Baxmayaraq ki, Bakının və Moskvanın yüksəkçinli məmurları hamını "qan tökülməyəcək, silah tətbiq edilməyəcək" sözlərilə inandırmağa çalışırdılar, bir sözlə hamının başının altına qu tükündən hazırlanmış yastıq qoyurdular. Zatən xalq da inanmırdı ki, əli yalınlara, öz vətəndaşlarına belə bir qətliam törədilə bilər. Amma bu oldu və yaxşı ki, oldu, çünki Xalq Hərəkatından Milli Azadlıq Hərəkatına, görünür bunsuz keçid mümkün deyilmiş. Müstəqillik qurban tələb edirdi və bu 20 Yanvar qurbanları oldu. Bununla da Moskva bir tərəfdən bütün imperiya ərazisində hərəkatçılara ismarıc göndərdi ki, hər kəsi əzib keçərəm, digər tərəfdən isə acı bağırsaq kimi uzanan Qarabağ problemini birdəfəlik həll etmək istəyirdi, özü də ermənilərin xeyrinə. Amma yenə əksinə oldu. 20 Yanvar faciəsi xalqın birlik enerjisini ən yüksək səviyyəyə qaldırdı. Təsadüfi deyil ki, 1990-cı il xalqların müqavimət əmsalında Azərbaycan birinci yerdə durdu. Yüzdən artıq şəhidimizin və minlərlə əsirimizin olmasına baxmayaraq, xalq ilk dəfə şəhidlərin dəfn günündə MÖHTƏŞƏM BİRLİK nümayiş etdirdi.
20 yanvar Milli Azadlıq Hərəkatına keçidin dönməz xarakterinə çevirdi. Hətta, mart ayı 1991-ci ildə SSRİ-nin bütöv halında saxlanması haqqında keçirilən referendumun da heç bir köməyi olmadı. Bu referendumda Pribaltikanın üç respublikası-Litva, Latviya və Estoniya - , yalnız Azərbaycandan isə Naxçıvan Muxtar Respublikası ümumiyyətlə iştirak etmədi, Azərbaycanın o zamankı rəhbərliyi (20 yanvar faciəsi zamanı Ə. Vəzirov Moskvaya qaçdığından, onun yerinə A. Mütəllibov gətirilmişdi) isə hadisələrin önündə deyil, Kreml yetkilərinin yedəyində gedirdi. Hər iki "rəhbərin" Moskvaya ümidi həddən artıq çox idi və zənn edirdilər ki, hərbinin, özü də imperiya ordusunun köməyilə Qarabağ problemi həll olunacaq. Amma, çox yanılırdılar, bu adamlar başa düşmürdülər ki, hadisələri körükləyən elə Moskva rəhbərliyidir, çünki ermənilər həm partiya, həm də Nazirlər Sovetinin aparatında yaxşıca yerləşmişdilər və ələ aldığı liderlər çox idi. Bizim xalq o zaman başa düşməli idi ki, 20 yanvar faciəsinə SSRİ Ali Sovetinin qurultayında siyasi qiymət verilmədi. Bunu xalq başa düşürdü və Xalq Cəbhəsi yeni yaranan partiyalar vasitəsilə təşkilatlanırdı, ancaq bu xalqı Moskvada təmsil edənlər yatmamış rus ayısının sehrindən çıxa bilmir və ayılmaq istəmirdi.
Hətta, 1988-ci ilin sonunda Ermənistandan bir nəfər kimi qovulan azərbaycanlıları Qarabağda və ətraf rayonlarda yerləşdirmək ideyasını Vəzirov və Qorbaçyov qılınc-qalxanla qarşıladılar.
Ardı var...
Yunus Oğuz
Olaylar.- 2020.- 15-17 fevral.- S.9.