Azərbaycan dövləti
könüllülər hərəkatına çox
böyük önəm verir
Beynəlxalq təşkilatlar ölkəmizdə
yaranmış və inkişaf edən
könüllülər hərəkatına yüksək qiymət
verirlər
Azərbaycan xalqı zəngin milli-mənəvi dəyərlərini əsrlər boyu qoruyub saxlamış və bu gün də yaşatmaqdadır. Xeyirxahlıq, fədakarlıq, könüllü və təmənnasız kömək ənənələri xalqımızın ali keyfiyyətləridir. Bu dəyərlərdən olan könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu modelidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir. Etiraf edilməlidir ki, son illərdə ölkəmizdə könüllülük bir çox sahələrə dərin nüfuz edərək ümummilli hərəkata çevrilib, ölkəmizin hər bir bölgəsinə, ictimai həyatın müxtəlif sahələrinə yayılaraq cəmiyyətimizin bütün təbəqələrini əhatə etməkdədir. Qətiyyətlə demək olar ki, artıq könüllülük hərəkatı Azərbaycan cəmiyyətinin həyat tərzinə çevrilib. Azərbaycanda könüllü fəaliyyət sahəsi yalnız biznes və dövlət sektorunu deyil, bütün sahələri əhatə edir. Məlum olduğu kimi könüllülük öz iradəsi və sərbəst seçimi əsasında əvəzi ödənilməyən fəaliyyət növüdür. Bu gün dünyada ictimai və cəmiyyət maraqları naminə təmənnasız əmək sərf edən insanların sayı on milyonlarladır. Könüllü fəaliyyətin təşkilatçısı könüllü fəaliyyətin təşkilini və həyata keçirilməsini təmin edən dövlət orqanları, dövlət büdcəsindən maliyyələşən təşkilatlar, yerli özünüidarə orqanları və qeyri-hökumət təşkilatlarıdır. Könüllülük fəaliyyəti əsasən insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına yönəlir. Lakin insanlar öz bacarıqlarını inkişaf etdirmək üçün də könüllülük edirlər. Azərbaycanda könüllülük fəaliyyəti müxtəlif sahələri əhatə edir. Məhz könüllülük fəaliyyti sayəsində əlillərə, əhalinin aztəminatlı təbəqəsinə, qocalara, qaçqın və məcburi köçkünlərə kömək edilir, uşaqlar və gənclərlə işlər aparılır, mədəni tarixi sərvətlərin qorunması təmin olunur, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın saxlanması, insan hüquq və azadlıqlarının, qanunçuluğun, sülh mədəniyyətinin, tolerantlığın təbliği həyata keçirilir. Ölkəmizdə könülllük fəaliyyəti "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması ilə genişlənməyə başlanıb.
Prezident İlham Əliyev Kürdəmirdə "ASAN xidmət" mərkəzinin açılış mərasimində çıxışı zamanı qeyd edib ki, Azərbaycan dövləti könüllülər hərəkatına çox böyük önəm verir: "Könüllülər hərəkatı, əslində, ölkəmizdə "ASAN xidmət" mərkəzlərində başlamışdır. Əsas vəzifə ondan ibarət idi ki, ölkəmizin gənc istedadlı sakinləri bu işlərə qoşularaq vətəndaşlara kömək göstərsinlər, Azərbaycanda Könüllülər hərəkatı başlasın və bu sahədə ciddi irəliləyiş olsun. Çünki "ASAN xidmət" mərkəzlərinin fəaliyyətə başlaması, əslində, Könüllülər hərəkatına da təkan vermişdir. Ancaq ondan sonra Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti çox geniş vüsət almışdır. Ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda, o cümlədən birinci Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında könüllülər çox fəal rol oynamışlar və bu oyunların uğurla keçirilməsində böyük dərəcədə öz xidmətlərini göstərmişlər. Mən görürəm ki, indi Könüllülər hərəkatı və könüllülərin fəaliyyəti daha genişmiqyaslıdır. Həm vətənpərvərlik, ekoloji tarazlıq mövzularında keçirilən tədbirlərdə, həm də incəsənət, mədəniyyət və digər sahələrdə könüllülər çox fəaldırlar. Eyni zamanda, ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmlənməsində də könüllülərin fəaliyyəti çox önəmlidir. Təsadüfi deyil ki, dünyanın mötəbər beynəlxalq təşkilatları, o cümlədən BMT və digər təşkilatlar həm "ASAN xidmət" mərkəzlərinin fəaliyyətini yüksək qiymətləndirir, həm də Azərbaycanda yaranmış və inkişaf edən Könüllülər hərəkatına yüksək qiymət verirlər".
Azərbaycan dövlətinin könüllülər hərəkatına verdiyi önəmin nəticəsidir ki, ölkə prezidentinin sərəncamı ilə 2020-ci il "Könüllülər ili" elan olunub. 2020-ci ilin "Könüllülər ili" elan edilməsi gənclərin fərdi inkişafına təkan vermək və onların potensialından səmərəli istifadə etmək, sosial məsuliyyətini artırmaq sahəsində yeni mərhələnin əsasını qoyub. Təkcə bu fakt deməyə əsas verir ki, minlərlə gənci özündə birləşdirən bu hərəkat Azərbaycanın ümumi dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Nəzərə almaq lazımdır ki, ölkəmizdə keçirilmiş mötəbər beynəlxalq yarışlarda könüllülər çox fəal rol oynayıblar. Belə ki, Azərbaycanda Avroviziya Mahnı Müsabiqəsinin, I Avropa Oyunlarının, "Formula 1" yarışlarının, IV İslam Həmrəyliyi Oyunlarının və digər nüfuzlu mötəbər beynəlxalq tədbirlərin uğurla keçirilməsində bu hərəkatın xüsusi rolu olub. Bu baxımdan qeyd etmək olar ki, Azərbaycanın beynəlxalq əlaqələrinin möhkəmlənməsində könüllülərin fəaliyyəti çox önəmlidir. Yeri gəlmişkən xatırladaq ki, dünyanın mötəbər beynəlxalq təşkilatları Azərbaycanda yaranmış və inkişaf edən könüllülər hərəkatına yüksək qiymət verirlər. Çünki, bu hərəkat Azərbaycan gəncliyini və gənclərin istedadını təcəssüm etdirir. Digər tərəfdən, könüllülük həm də vətəndaşlarla ünsiyyət, onlara xidmət, dövlət-özəl qurumların fəaliyyətinin yaxından öyrənilməsi baxımından potensial kadrların yetişməsi deməkdir.
Zəka
Olaylar.- 2020.- 15-17 fevral.- S.6.