Sevgili Qərənfilim
İlin - günün bu vaxtı QƏRƏNFİL gülü haqqında yazı yazmağımın səbəbi bu çiçəyin televiziya ekranından təhqir olunmasıdı. Dünən dostlarımdan biri 14 fevral günü televiziyada gedən səhər verilişini mənə göndərdi. Veriliş valentin gününə həsr olunmuşdu. Aparıcı həmin günlə bağlı o qədər sevgi dolu danışırdı ki, adama elə gəlirdi dünyada bu "bayramdan" əziz ikinci bir tarix yoxdu. Halbuki əxlaqsızların iyrənc hərəkətlərini ölümsüzləşdirən katolik xristianların bu ənənəsi 1500 il əvvələ gedib çıxır. O zamankı Roma papası Gelasiusun əxlaqsızlığı rəsmiləşdirdiyi 14 fevral günü azərbaycanlı əxlaqına, şərəf və ləyaqətinə ləkə salır. Azərbaycan kişisinin tərtəmiz sevgisini, Azərbaycan qadınının əxlaqını 14 fevralda baş vermiş həmin mənəviyyatsızlıqla kirlətmək olmaz.Sevginin günümü olur, atam balası? Bəyəm sevgi ildə bir dəfə qeyd olunur? O ürək ki, ilin on iki ayı sevgi ilə döyünmür, o qəlb ki, bir ömür eşq yükü daşımağa "məhkum" olunmayıb, həmin könül sahibi 14 fevralda nəyi sübut edib, nəyi göstərə bilər?!
Nə isə. Sözümün canı bu deyil, əlbəttə, o başqa mövzudu. Məqsədim aparıcının QƏRƏNFİL gülü haqqında dediyi sözə münasibət bildirməkdi. Aparıcı güllərdən danışarkən bu çiçək haqqında "indi qərənfil urvatdan düşüb" deyir. Doğrusu, söz dostumu incitdiyi qədər mənə də təsir etdi. Adam, QƏRƏNFİL urvatdan düşməyib, əksinə QƏRƏNFİL müqəddəsləşib. Müqəddəs məkan olan Şəhidlər Xiyabanını bəzəyən çiçək necə urvatdan düşə bilər? Aparıcının fikrinə görə, artıq hörmətdən düşən QƏRƏNFİLi heç kimə bağışlamaq olmaz. Ələlxüsus da müğənnilər ona layiq deyillər. Nə pis mövqedi. İyrənc yanaşmadı...
Vaxt var idi QƏRƏNFİL gülləri dünyanın ən yaxşı çiçəkləri sayılırdı. Bir dənə QƏRƏNFİLlə bir "işi aşırmaq" olurdu. Bir dənə QƏRƏNFİL bir ömürlük səadət, xoşbəxtlik rəmzinin göstəricisinə çevrilirdi. Bir dənə QƏRƏNFİL bir insanın həyatını dəyişirdi. Bir dənə QƏRƏNFİL iki ürəyin birlikdə döyünməsinə stimul verirdi. Bir dənə QƏRƏNFİL bir dünya sevinc bəxş edirdi. Bu, o vaxtlar idi ki, QƏRƏNFİL gülü SSRİ məkanında Azərbaycan brendi idi. QƏRƏNFİL gülü o qədər əziz, o qədər sevimli idi ki, insan onun rəngi, zərifliyi, gözəlliyi qarşısında heyran olurdu. Onda sovetlər dövrünün 70-80-ci illəri idi. Onda QƏRƏNFİL sevgi rəmzi idi.
Amma gün gəldi QƏRƏNFİL sevgi rəmzi olmaqdan çıxdı. Bu sevgili çiçək qana boyandı, hüzn onun "qəlbinə" çökdü, qəm-kədər rənginə qarışdı.1990-cı ilin 20 yanvarından sonra QƏRƏNFİL gülü "təyinatını dəyişdi". Həmin zamana qədər insanın əlində QƏRƏNFİL olanda gözlərindən sevgi tökülürdü. Amma indi bu sevgini göz yaşı əvəz edib. QƏRƏNFİL indi başqa bir duyğu ilə "yüklənib". Bu sevgili gül şəhidlərə ağı deyir, ağlar gözlərə şahidlik edir. Bu ağı da müqəddəsdi, bu çiçək də. Çünki vətən uğrunda canını verən igidlər son mənzilə QƏRƏNFİLlə yola salınır. QƏRƏNFİL qəhrəman oğullarla bərabər torpağa sərilir.
30 ildi QƏRƏNFİL gülü şəhidlərlə eyni mənzilə yola salınır. 30 ildi analar var ki, əllərində QƏRƏNFİL çiçəyi oğul yolu gözləyir. 30 ildi QƏRƏNFİL Şəhidlər Xiyabanının daimi sakinidi, şəhid ruhları ilə birlikdə Azərbaycanın başı üzərində dolaşır. 30 ildi QƏRƏNFİL müqəddəslik rəmzinə çevrilib.İndi hansısa bir müğənniyə layiq bilmədiyi QƏRƏNFİLin müqəddəsliyini o aparıcı hardan bilsin? Necə anlasın ki, torpaq uğrunda şəhid olanlar ekrandakı həmin çal-çağır sahibləri üçün can veriblər?! O, Şəhidlər Xiyabanını bəzəyən QƏRƏNFİLlərin torpaqda uyuyan oğullara "nəfəs verdiyini" görə bilməz ki?! Həmin igidlərin "can qardaşı, ürək sirdaşı və qan yoldaşı" olan QƏRƏNFİLin bu gün daha çox hörmətli olduğunu, daha urvatlı göründüyünü hiss etməz ki?!
Mən bilmirəm bu aparıcı əsgərlikdə olub, ya olmayıb, Qarabağ müharibəsinin acısını dadıb, ya dadmayıb, qan qoxusunun nə olduğunu bilir, ya bilmir?! Amma görünən o ki,sadaladıqlarımla eyni ahəngi yaradan QƏRƏNFİLin bu gün vətən qədər, torpaq qədər müqəddəs olduğundan xəbəri yoxdu. QƏRƏNFİLin şəhid qanı olduğunu kəsdirməkdə acizdi. O şəhidlər ki, onlar heç vaxt ölmürlər. O igidlər ki, qanları ilə torpağı suvarıblar. Azərbaycanlı igidlərin qanı torpağa qarışıb ki, bura Vətən olub. Bağrına şəhid qanı hopan torpalar palçıq ola bilməz. O torpaqlar su ilə deyil, qanla suvarılıb. Oğulların qanı qarışmış torpaqdan boy atan QƏRƏNFİLlər həmin qəhrəmanlar qədər müqəddəsdi. Vaxtilə tank altında əzilən güllərdə şəhid olan QƏRƏNFİLlərdi. Bu gün torpaqlarımız igidlərlə birlikdə qərənfili də qoynuna alıb. 30 il əvvəl şair Məmməd Aslan yazıb:
Uzaq mənzil, acı yol!
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol:
Ağla, qərənfil, ağla!
30 ildi şəhidlərə ağlayan sevgili
QƏRƏNFİLim, səni hörmətsiz edən, sənə "urvatsız" deyənin
özü sənin "göz
yaşlarına" layiq deyil.
Kaş ki, bir bunu biləydi...
Züleyxa NADİR
Olaylar.- 2020.- 18-19
fevral.- S.10.