Valideynlik hüququndan
sui-istifadə uşaq
hüquqlarının pozulmasına səbəb olur
Ata və ya ana hansı halda valideynlik hüququndan məhrum edilə bilər?
Uşaq hüquqları dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduğu, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Məlumata görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Elə bu səbəbdən də uşaq hüquqlarının qorunması məqsədilə 20 noyabr 1989-cu ildə BMT-nin Baş Assambleyası tərəfindən Uşaq hüquqları Konvensiyası qəbul edilib. Üstəlik ayrı-ayrı dövlətlərin uşaq hüquqları ilə bağlı milli qanunvericiliyi mövcuddur. Azərbaycanda da "Uşaq hüquqları haqqında" qanun qəbul edilib. Lakin etiraf edilməlidir ki, ölkəmizdə də uşaq hüquqlarının pozulması hallarına rast gəlinir. Mütəxəssislərin rəyinə görə, Azərbaycanda uşaq hüquqlarının pozulmasında, xüsusilə şiddətə məruz qalmalarında valideynlərin rolu var. Bu günlərdə Tərtər rayonunda ananın azyaşlı oğlunu şişlə dağlayaraq işgəncə verməsi ilə bağlı yayılan xəbər bunu bir daha təsdiqləmiş olur.
Tərtər rayonunun Azad Qaraqoyunlu kənd sakini Könül Bəhlul qızı Dünyamalıyeva himayəsində olan oğlu, 2011-ci il təvəllüdlü Telman Rafiq oğlu Dünyamalızadəni şişlə yandıraraq işgəncə verib. Azyaşlının anası Könül Dünyamalıyeva mətbuata açıqlamasında hazırda boşanmaq üzrə olduqları və uşağın atasının aliment ödəməməsi üçün şər-böhtan xarakterli məlumatlar yaydığını bildirib: "2010-ci ildə Laçın rayon məcburi köçkünü Rafiq Dünyamalıyevlə ailə həyatı qurmuşuq. Bu izdivacdan biri oğlan, biri qız olmaqla iki övladımız var. Bir ildən çoxdur ki, həyat yoldaşımdan ayrı yaşayırıq. Rəsmi olaraq ayırlmasaq da 5 yaşlı qızımız mənimlə, 9 yaşlı oğlumuz atası ilə birgə qalır. Boşanmaq üçün Tərtər Rayon Məhkəməsində müraciət etmişik. Hazırda rayon məhkəməsində işə baxılır. Yayılan xəbərlər tamamilə əsassız və uşağın atasının rəsmi olaraq boşandıqdan sonra aliment ödəməməsi üçün uydurmalarıdır". Bərdə rayonunun Soğanverdilər kəndi sakini, azyaşlının atası Rafiq Dünyamalıyev isə bildirib ki, uşaq xəstə olduğu üçün 9 ay əvvəl müalicəsi üçün anasının yanına göndərib və hadisə də uşağın anasının yanında olduğu zaman baş verib: "Uşağı anasının yanına göndərdikdən bir neçə gün sonra mənə zəng edərək anasının onu döydüyünü, işgəncə verdiyini dedi. Mən də getdim uşağı öz yanıma gətirdim. Gördüm ki, uşağın anası Könül Dünyamalıyeva şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Bu hadisədən sonra uşağı gətirərək öz yanımda saxladım. Daha sonra uşağın yaralarının ciddi olduğunu görüb, polisə məlumat verdim".
Təkcə bu faktdan göründüyü kimi valideynlər aralarındakı mübahisələr zamanı uşaqlardan istifadə edirlər. Bəs belə halda ata və analar valideynlik hüququndan məhrum olunurlarmı? Hüquqşünas Alim Hüseynli bildirib ki, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Lakin bəzi hallarda valideynlər bu hüquqlardan məhrum ola bilərlər. Azərbaycan Respublikası Ailə Məcəlləsində valideynlik hüquqlarından məhrumetmə halları təsbit edilib. Belə ki, valideynlər valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər: öz valideynlik vəzifələrini yerinə yetirmədikdə; alimenti qəsdən ödəmədikdə; heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə; valideynlik hüquqlarından sui-istifadə etdikdə; uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə; xroniki alkoqol və narkomaniya xəstəsidirsə; uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.
Valideynlik hüquqlarından məhrumetmə qaydasına gəldikdə hüquqşünas bildirib ki, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir. Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, müvafiq icra hakimiyyəti orqanının, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır. Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir. Bu baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur. Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir: "Valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını, o cümlədən uşaqdan təminat almaq, habelə uşaqlar üçün təyin edilmiş dövlət müavinəti almaq və imtiyazlardan istifadə etmək hüququnu itirirlər. Lakin valideynlik hüquqlarından məhrum edilmiş valideynlər uşaqların saxlanmasını təmin etmək vəzifələrindən azad edilmirlər. Uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya valideynlərin hər ikisi valideynlik hüquqlarından məhrum edildikdə, uşaq müvafiq icra hakimiyyəti orqanının himayəsinə verilə bilər. Uşaq, valideynlərin (onlardan birinin) valideynlik hüquqlarından məhrum edilməsi haqqında məhkəmənin qətnaməsindən 6 ay keçəndən sonra övladlığa götürülə bilər".
Nurlan
Olaylar.- 2020.- 18-19 fevral.- S.13.