Üç meşə o tərəfdə...  

 

("Paralel dünyalar" silsiləsindən)

 

... Bostançıdan ayrılıb yola çıxdıq...

 

Yanımızdan sınıq-salxaq bir maşın keçdi. Köhnə sovet maşınlarına oxşayırdı. Maşın bir az getmişdi ki, dayandı, arxaya verdi. Sürücü hara getdiyimizi soruşdu. Suyuşirin adam idi: nazik bığı, yanağında xalı vardı, bir az da kəkələyirdi.

 

-Biz düz gedəcəyik, -dedim.

 

-Məəən bir meeeşə sonra sağa dööönəcəm. İstəsəniz ora qədər aaapararam.

 

Razılaşdıq. Sürücünün aynında daha bir adam vardı. Ona görə də hər üçümüz maşının banına dırmaşdıq.

 

Maşının banında iki donuz, bir keçibir neçə yeşik alma-armud vardı. Heyvanları maşının banına bağlamışdılar. Keçi sakitcə uzanıb mürgüləyirdi. Bizi görəndə dikəldi, qızarmış gözlərilə bizə baxdı, heç bir təhlükə hiss eləmədiyinə görə yenidən uzandı.

 

Donuzlar isə meyvə yeşiklərinə tərəf dartınır və xortuldayırdılar. Görünür meyvələrin qoxusu onların dradıra yuvasına oxşayan burunlarını qıcıqlandırırdı.

 

Sürücü ayağını maşının ayaqlığına qoydu və başını bizə tərəf qovzayıb:

 

-Nnnə qədər meyvə istəsəniz yeeeyə bilərsiniz, -dedi.

 

Biz o qədər meyvə yemişdik ki, buna ehtiyac yox idi. Ona görə də susduq və başımızla razılığmızı bildirdik.

 

Hər üçümüz maşının banındakı çadırı üstümüzə örtdük və başımızı bana dirəyib mürgülədik. Bironda ayıldıq ki, bir həyətin qapısındayıq. Sürücü bizi səslədi, gözümüzü ovxalaya-ovxalaya oyandıq.

 

-Bura haradır? -deyə soruşdum.

 

-Nnnarahat olmuyun, -bura bizim kəəəndimizdir, bu da eeevimiz, yaaatmışdınız, -deyə oyatmadı, daha doğrusu, oyatmaq istədim, amma siz oooyanmadınız, məəən də qıymadım. Bizdə geeecələyərsiniz, -sabah geri qayıdanda, yolda siiizi düüüşürərəm, - dedi.

 

Təlim bir böyrümü, Xalıq da o biri böyrümü dümsüklədi, yəni bizi hara gətiriblər. Mən də çiynimi çəkdim.

 

Bir az yerə, bir az da göyə baxdıqdan, ətrafa nəzər saldıqdan sonra aşağı tullandıq. Başqa əlacımız, onsuz da yox idi.

 

Biz yerə düşəndən sonra sürücü üzünü evə tərəf tutub çağırdı:

 

-Aaata, aaata!

 

Atası evin içindəncə hay verdi.

 

-Sən deeeyənləri gəəətirmişəm, -dedi.

 

Biz çaşdıq.

 

"Sən deyənləri gətirmişəm" nə demək idi? O, bizimi nəzərdə tuturdu, yoxsa maşının banındakı heyvanları və meyvələrəmi?

 

Sonradan məlum oldu ki, elə bizi nəzərdə tuturmuş.

 

Sürücünün atası maykada çölə çıxdı: iri gövdəsi, lopa bığı, yekə qarnı vardı. Meksikanlara oxşayırdı.

 

Sürücü bizi ona göstərib:

-Baaax, budur onlar, -dedi.

Canımıza üşütmə düşdü. Kişi, sanki bunu duydu. Yəqin qorxumuzdan çox büzüşmüşük.

O:

-Mən ötən gecə yuxu görmüşdüm. Yuxuda mənə dedilər ki, sabah axşam sizə üç kişi qonaq gələcək və məhkəməni udacaqsan.

Bir az sakitləşdik, amma nə məhkəmə olduğunu anlamadıq.

Kömür iyi gələn iri zalda yekə stol qoyulmuşdu. Biz əl-üzümüzü yuyana qədər süfrənin üstünü doldurdular. Yaşlı bir qadın ördək yerişiylə mətbəxə girib-çıxırdı. Kişinin ona münasibətindən arvadı olduğunu anladıq.

Qızardılmış donuz əti yeyib, üstündən də qırmızı şərab içəndən sonra bizim üçün ayrılmış otağa keçdik.

Gecəni səksəkəli yatdıq. Səhər oyananda nahar edib, yola çıxdıq.

Bizi oğlanın atası yola saldı və dedi ki, havanın da qırışığı açılıb və hər şey onunbizim  üçün uğurlu olacağından xəbər verir.

Xudahafisləşəndən sonra Xalqıla Təlim maşının banına qalxdı. Mənsə sürücünün yanında oturdum. Yolda ordan-burdan söhbət elədik və oğlan hara getdiyimizlə maraqlandı. Mən də ağlıma gələni dedim, yəni qarmaqarışıq cavab verdim.

O,  heçanlamasa da, məni yormaq da istəmədi və bizi yolda düşürüb, dünənki qəsəbəyə  qayıtdı...

 

Elçin Hüseynbəyli

Olaylar.- 2020.- 20-21 fevral.- S.13.