Azərbaycanda
elektron informasiya vasitələri daha sürətli inkişaf
edir
Artıq
ölkədə hər bir mətbuat nümunəsinin elektron
səhifəsi fəaliyyət göstərir
Dünyanın demokratik cəhətdən ən çox
inkişaf etmiş dövlətlərinin təcrübəsinə
də diqqət yetirilsə, burada kütləvi informasiya vasitələrinin,
o cümlədən mətbu orqanların inkişafının
daim prioritet istiqamətlərdən birini təşkil etdiyi
aydın görünər. Yeni müstəqillik
tarixi elə də böyük zaman kəsiyini əhatə etməməsinə
baxmayaraq, demokratiya yolunda uğurla irəliləyən Azərbaycanda
da söz və mətbuat azadlığının təmini,
kütləvi informasiya vasitələrinin sürətli tərəqqisi
üçün yaradılan şərait nümunəvi
xarakter daşıyır. Demokratik,
hüquqi, dünyəvi dövlət quruculuğunu
özünün inkişaf modeli kimi qəbul edən Azərbaycanda
söz və məlumat azadlığının təmin edilməsi,
kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə
zəruri şərait yaradılması prioritet vəzifə
kimi müəyyənləşdirilib. Bunun
nəticəsidir ki, Azərbaycan mediası sərbəst fəaliyyəti
üçün əlverişli mühit yaradan dövlətin
qayğısını daim öz üzərində hiss edib və
etməkdədir. Lakin o da tarixi həqiqətdir
ki, ölkəmizdə kütləvi informasiya vasitələrinin
bu inkişaf yolunun başlanğıcı bilavasitə
ümummilli lider Heydər Əliyevin adı ilə
bağlıdır. Məhz ulu öndərin
siyasi iradəsi və böyük səyləri nəticəsində
Azərbaycanda plüralizmi, söz və məlumat
azadlığını məhdudlaşdıran süni maneələr
aradan qaldırıldı.
Sosioloq
Mahir Babayev bildirib ki, Azərbaycan xalqının qədim ədəbi
və mədəni irsə, mətbu ənənələrə
malik olması demokratik milli jurnalistikanın gələcək
inkişafı üçün möhkəm zəmin
yaradıb: "1993-cü ildə yenidən hakimiyyətə
qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi
və böyük səyləri nəticəsində
plüralizmi, söz və mətbuat azadlığını məhdudlaşdıran
maneələr aradan qaldırılmış, kütləvi
informasiya vasitələrinin fəaliyyətini tənzimləyən
qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq
standartlara uyğunlaşdırılıb. Ulu
öndər Heydər Əliyevin 1998-ci ildə
imzaladığı "Azərbaycan Respublikasında söz,
fikir və mətbuat azadlığının təmin edilməsi
sahəsində əlavə tədbirlər haqqında" fərman
mətbuatın azad fəaliyyət göstərməsi istiqamətində
mühüm addım oldu. Bu fərmanla mətbuata
nəzarət edən baş idarə ləğv olundu. Həmçinin
həmin sənəddə ölkəmizdə fəaliyyət
göstərən aparıcı mətbu orqanların
maddi-texniki imkanlarının gücləndirilməsi və
sair kimi məsələlər
də öz əksini tapıb. Dahi şəxsiyyət Heydər
Əliyevin milli mətbuatımızın inkişafına xidmət
edən addımları sırasında 1999-cu ildə
"Kütləvi İnformasiya Vasitələri
haqqında" Qanunu təsdiqləməsini xüsusi qeyd edilməlidir. Bu
sənədlə ölkəmizdə yeni mətbuat
orqanlarının təsis olunması prosesi xeyli
asanlaşdırıldı. "2000-2001-ci illərdə
kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin
yaxşılaşdırılması üçün Tədbirlər
Proqramı" təsdiq olundu. Vətəndaş müraciətlərinə
baxılması,
informasiyaların mühafizəsi, informasiya
azadlığı, radio-televiziya yayımları, İTV və
radio haqqında müxtəlif qərar
və qanunlar qəbul etməklə KİV-lərin fəaliyyətinin
genişləndirilməsi təmin edildi. Özü-özünü
tənzimləyən 15 mart 2003-cü ildə Jurnalistlərin I
Qurultayında jurnalistlər tərəfindən qeyri-hökumət
təşkilatı olan Mətbuat Şurası yaradıldı.
Ulu öndər Heydər
Əliyevin 2002-ci ildə "Ruh" Azərbaycan Jurnalistləri
Müdafiə Komitəsinin təsis etdiyi "Jurnalistlərin
dostu" mükafatına layiq görülməsi məhz
onun milli mətbuatın
inkişafına göstərdiyi diqqət və
qayğının təsdiqi idi.
Mükafatın təqdimat mərasimində ümummilli
lider Heydər Əliyev bir daha bu fikri böyük inam və əminliklə
ifadə etmişdir: "Sizi əmin edirəm ki, mən
keçmişdə olduğu kimi, bu gün də jurnalistlərin
dostuyam və həmişə jurnalistlərin dostu
olacağam". Ulu öndər Heydər Əliyev ölkə jurnalistlərini hər
zaman obyektivliyə dəvət edir,
onları bu istiqamətdə öz fəaliyyətlərini
daha da genişləndirməyə
çağırırdı. "Bizim ümumi məqsədimiz
mətbuata daha da çox azadlıq vermək, söz
azadlığını daha geniş təmin etmək, Azərbaycanda
demokratiyanı bütün sahələr üzrə
inkişaf etdirməkdən ibarətdir" söyləməklə
açıq sözün, həqiqəti əks etdirən
informasiyaların tərəfdarı, mətbuat
azadlığının qarantı olduğunu bəyan edirdi.
Bu məqsəd də daim önə çəkilirdi ki,
kütləvi informasiya vasitələrinə dövlət dəstəyinin
əsas məqsədi
müstəqil, peşəkar, rəqabətədavamlı,
eyni zamanda milli şüur və vətənpərvərlik
prinsiplərinə dönmədən əməl edən media
resurslarının formalaşdırılmasıdır. Qlobal
informasiya məkanının beynəlxalq ictimai rəyə təsirinin
gücləndiyi
müasir dövrdə
mətbuat Azərbaycan
xalqının maraqlarını daim
müdafiə etməli, cəmiyyətimizin tərəqqisinə,
dövlətimizin nüfuzunun daha da yüksəlməsinə
öz töhfəsini əsirgəməməlidir.
M.Babayev əavə edib ki, ümummilli lider Heydər
Əliyevin siyasi kursunun prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsi ölkəmizin bugünkü
reallıqlarında öz əksini tapıb. İqtisadiyyatı hər
bir inkişafın təməl daşı kimi dəyərləndirən
ölkə prezidenti İlham Əliyev bu istiqamətdə
atdığı biri-birindən əhəmiyyətli
addımları ilə Azərbaycanın beynəlxalq aləmdə
iqtisadi möcüzələr ölkəsi kimi mövqeyini daha da möhkəmləndirir.
Təbii ki, iqtisadi tərəqqi digər sahələr kimi,
azad mətbuatın inkişafına da öz müsbət təsirini
göstərir: "Jurnalistlərin fəxri adlarla
mükafatlandırılması, jurnalistlərin mənzil-məişət
şəraitinin yaxşılaşdırılması məqsədilə
imzaladığı sərəncam əsasında onlar üçün
yaşayış evinin tikilməsinə
ilkin olaraq Prezidentin Ehtiyat Fondundan
5 milyon manat maliyyə vəsaitinin ayrılması da
qayğının davamlılığından xəbər verir.
2013-cü ildə
Milli Mətbuat Günündə jurnalistlər üçün
tikilmiş həmin bina istifadəyə
verildi. Mənzillərin paylanması mərasimində iştirak edən dövlət
başçısı İlham Əliyev bu reallığı
diqqətə çatdırdı ki,
mənzil alan jurnalistlərin
arasında müxtəlif mətbu
orqanların nümayəndələri, müxtəlif siyasi
baxışlara malik olan insanlar vardır: "Bu da təbiidir
və bu təşəbbüs, burada aparılan bölgü
bir daha göstərir ki, Azərbaycanda
heç bir sahədə
ayrı-seçkiliyə yol verilmir və yol verilməməlidir. Məhz buna görə
də hesab edirəm ki, cəmiyyətdə çox sağlam
mühit, sağlam ab-hava vardır. Əlbəttə ki, jurnalistlərin
peşəkarlığı, onların ictimai rəydəki fəaliyyəti
bu sağlam ab-havanı daha da sağlam edəcəkdir".
Jurnalistlərin mənzil şəraitinin
yaxşılaşdırılması ilə bağlı sərəncam
dünyada analoqu olmayan addım kimi dəyərləndirildi. Möhtərəm
Prezidentimiz İlham Əliyevin 22 iyul 2013-cü il tarixli "Azərbaycan
mətbuat işçilərinin sosial müdafiəsinin
gücləndirilməsinə dair əlavə tədbirlər
haqqında" sərəncamı
azad, müstəqil mətbuatın inkişafının
dövlət siyasətində prioritet olduğunu təsdiqləməklə
yanaşı, iqtisadi imkanların davamlı addımların
atılmasında əsas olduğuna da işıq saldı. Azərbaycan
Respublikasında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyasında
da qeyd edilir ki, KİV-lərin
inkişafına dövlət dəstəyinin
əsas məqsədi vətəndaş
cəmiyyəti quruculuğu prosesində onların mühüm rolunu nəzərə
almaqla fikir, söz və məlumat azadlığını
inkişaf etdirmək, kütləvi informasiya vasitələrinin
müstəqilliyini dəstəkləmək, redaksiyalara
yardım mexanizmini təkmilləşdirmək, informasiya
sektorunda yeni
informasiya-kommunikasiya texnologiyalarının tətbiqini
stimullaşdırmaq, cəmiyyət və kütləvi
informasiya vasitələri arasında səmərəli əməkdaşlığı
gücləndirmək, jurnalistlərin peşəkarlığının
və məsuliyyətinin artmasına şərait yaratmaq,
sosial müdafiəsini gücləndirmək, dövlət və
cəmiyyət üçün prioritet təşkil edən məsələlərin
həllində kütləvi
informasiya vasitələrinin potensialından səmərəli
istifadə etməkdən ibarətdir".
Onun sözlərinə görə, hazırda Azərbaycan
elektron informasiya vasitələrinin daha sürətli
inkişafı ilə göz önündədir. Bu gün
elektron informasiya vasitələri ilə ənənəvi media
vasitələri arasında güclü rəqabət gedir.
Artıq Azərbaycanda demək olar hər mətbuat
nümunəsinin elektron səhifəsi fəaliyyət göstərir.
İnformasiya-kommunikasiya texnologiyalarının
sürətli inkişafı nəticəsində ənənəvi
medianın oxucuları azalır, əksinə onlar xəbərləri
internet vasitəsilə əldə etməyə
üstünlük verirlər. Son illər
Azərbaycanda kompüter texnologiyalarının, eləcə də
söz və fikir azadlığının inkişafı,
dünyaya inteqrasiya və qloballaşma prosesinin sürətlənməsi
cəmiyyətin bütün sahələrində olduğu
kimi, mediada da yeni yanaşmalar ortaya qoyub. Uzun
illər informasiya blokadalarının əsiri olmuş,
dünyada baş verən hadisələrdən bir qədər
uzaq olan ölkəmizdə hazırda media özünün
transformasiya mərhələsini yaşamaqdadır. Azərbaycanda da azad sözün ifadə vasitəsi
olan internetin rolu artmaqdadır. Ölkəmizdə yeni
media hələ formalaşma mərhələsində olsa da,
bloqlar, forumlar, xəbər portalları kifayət qədərdir:
"Söz və məlumat azadlığının təmin
olunması sahəsində aparılan siyasətin nəticəsində
bu gün Azərbaycan Respublikası kütləvi informasiya
vasitələrinin sayına görə MDB və Şərqi
Avropa ölkələri arasında birincilər
sırasındadır. Heç şübhəsiz
ki, bunlar sadə statistika kimi yox, eyni zamanda ölkədə
söz və mətbuat azadlığına Azərbaycan
dövlətinin və Prezidentin qayğısı kimi dəyərləndirilməlidir.
Özlüyündə ölkə Prezidenti də
mətbuat və söz azadlığına, mətbuatın bu
sahədə keçdiyi yola çox böyük qiymət
verir".
Azərbaycan
Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə
dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 20-21 fevral.- S.15.