Söz və fikir
azadlığı sivil cəmiyyətin atributudur
Azad mətbuat plüralist cəmiyyətin əsas göstəricilərindən biridir. 140 ildən çox tarixi və özünəməxsus ənənələri olan milli mətbuatımız hər zaman mütərəqqi ideyaların carçısı kimi çıxış edib. Azərbaycanda söz və mətbuat azadlığının tarixi kökləri qədim dövrlərə gedib çıxır. Ölkəmizin müstəqilliyə qədərki tarixini vərəqlədikcə məlum olur ki, bu qədim diyarın söz və mətbuat ənənəsi bir çox ölkələr üçün nümunə hesab oluna bilər. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması kütləvi informasiya vasitələrinin və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyər və məqsəd olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən əsas elementlərdəndir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Azərbaycan söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Ölkədə azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Kütləvi informasiya vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Dördüncü hakimiyyət hesab olunan kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Artıq kütləvi informasiya vasitələri də məhz bu imkanlardan yararlanaraq öz müstəqil, azad fəaliyyətlərini davam etdirir, dövlətçilik, milli maraqlar prizmasından çıxış edirlər. informasiya təqdim olunarkən dəqiq və qərəzsiz olmaq, peşə etikasına əməl etmək, dövlətin, vətəndaşların şərəf və ləyaqətinə hörmətlə yanaşmaq prinsipləri jurnalistin əsas vəzifələrinə daxildir. Müasir dövrdə demokratik dövlətlərin söz, mətbuat, fikir azadlığı ilə bağlı formalaşdırdığı qanunvericilik bazası təkcə jurnalistika ixtisasına yiyələnən kadrların, mütəxəssislərin deyil, digər bir çox müxtəlif peşə sahiblərinin də mətbuata, televiziyaya, radioya axınına şərait yaradıb. Lakin hər bir peşənin, ixtisasın, xüsusi nəzəri modelləri, nəzəri aspektləri var ki, onlara mükəmməl bələd olmadan həmin sahədə uğur qazanmaq çətindir. Azərbaycan jurnalistika məkanında KİV qanunvericiliyinin yaratdığı hüquqi imkanlara söykənərək fəaliyyət göstərən bir çox qəzetlərin redaksiyalarına qeyri-peşəkarların axınından doğan təcrübə sübut edir ki, peşənin nəzəriyyəsini bilmədən jurnalist olmaq xoşagəlməz nəticələrə gətirib çıxarır. Jurnalistika xüsusi elm sahəsidir. Bu mürəkkəb mexanizm, bu mürəkkəb anlayış birdən-birə yaranmayıb. Qəzetdən mətbuat anlayışına, mətbuatdan kütləvi informasiya anlayışına, bundan kütləvi kommunikasiya anlayışına və nəhayət, bütün bunları özündə ehtiva edən mediaya uzanan yolda jurnalistikanın keçdiyi tarixi inkişaf mərhələlərini öyrənmək çox vacibdir. Hazırda isə Azərbaycanda yüzlərlə mətbuat orqanı qeydiyyatdan keçərək fəaliyyət göstərir. Azərbaycanda fikir, söz və məlumat azadlığı dövlətimizin siyasi kursunun və qazanılan demokratik nailiyyətlərin mühüm tərkib hissəsini təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulub. Azərbaycanda siyasi plüralizm ənənələri yüksək dərəcədə formalaşıb. Bu inkişaf özünü onda göstərir ki, ölkədə siyasi partiya və birliklərə hüquqlar verilir, onların qarşısında heç bir məhdudiyyət tətbiq edilmir. Ölkəmizdə hər bir siyasi partiya və birlik mövcud şəraitdə heç nədən çəkinmədən, ehtiyyat etmədən öz fikrini, mövqeyini cəmiyyətə çatdıra bilir, öz yanaşma, baxışlarını, bu və ya digər məsələlərə olan münasibətini ortaya qoyur. Bunun özü də heç şübhəsiz ki, siyasi plüralizmin mövcudluğunun bariz göstəricisidir.
Azərbaycanda azad medianın yaranması hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas şərtlərindən hesab edildiyindən söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə böyük əhəmiyyət verən ulu öndər Heydər Əliyev ölkədə azad medianın inkişafına, kütləvi informasiya vasitələrinin azadlığının təminatına xüsusi diqqət göstərirdi. Heydər Əliyev azad mətbuatın milli mənafelərə xidmət etməsi, milli ideologiyanın formalaşması, obyektiv, düzgün, ictimai rəyin yaradılması sahəsində ciddi addımlar atdı, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın beynəlxalq standartlara uyğunlaşdırılması, müstəqilliyinin və azadlığının təmin edilməsi sahəsində çoxşaxəli işlər gördü. Ulu Öndərin bütün sahələr, eləcə də mətbuatla bağlı uzaqgörən siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Söz və fikir azadlığının yaradılmasını özündə əks etdirən bu siyasətin nəticəsində Azərbaycan beynəlxalq aləmdə fikir azadlığının mövcud olduğu ölkə kimi tanınmaqdadır. Yəni dövlət başçımızın rəhbərliyi ilə respublikamızda kütləvi informasiya vasitələrinin müstəqilliyi, o cümlədən mətbuat, söz, fikir azadlıqları yüksək səviyyədə təmin olunub. Şübhəsiz ki, bütün bu azadlıqlar cəmiyyətdə sosial məsuliyyəti, şəffaflığı, siyasi plüralizmi, tolerantlığı şərtləndirməklə yanaşı, insan hüquqlarının etibarlı müdafiəsinə geniş imkanlar açır. Prezident İlham Əliyevin ölkəyə rəhbərliyi dövründə də media sektorunun inkişafı üçün ciddi addımlar atılıb, söz, fikir azadlığının təmin olunması istiqamətində əsaslı nailiyyətlər əldə edilib. Ölkə Prezidenti İlham Əliyevin dövlət informasiya sahəsində gördüyü tədbirlər azad medianın inkişafında keyfiyyətcə yeni mərhələ yaratdı. Hətta dövlət başçısı kütləvi informasiya vasitələrinin nümayəndələrini bu sahədə bir növ özünün köməkçisi kimi də xarakterizə etmişdi: "Sizə deyə bilərəm ki, mən bəzi hallarda hansısa xoşagəlməz hadisə ilə bağlı məlumatı mətbuatdan əldə edirəm. Düzdür, mənə müxtəlif mənbələrdən hər gün müxtəlif məlumatlar gəlir. Yəni, əlbəttə ki, mənə həm xarici, həm daxili siyasətlə, həm də təhlükəsizlik məsələləri ilə bağlı əsas məsələlər məruzə edilir. İnsanları narahat edən məlumatlar haqqında mən mətbuatdan da xəbər tuturam, dərhal reaksiya verirəm. Dövlət məmurları və yaxud digər şəxslər, qüsurlara yol verən şəxslər bilirlər ki, Azərbaycanda söz və mətbuat azadlığı imkan verməyəcək ki, onlar işdə hansısa qüsurlar buraxsınlar. Ona görə jurnalistlər bəlkə də özləri də bilmədən mənim köməkçilərimdir. Buna görə də mən sizə minnətdaram. Əminəm ki, siz gələcəkdə də bütün cəmiyyəti narahat edən, incidən məsələlər haqqında yazacaqsınız, harada hansı ədalətsizlik var, qanunsuzluq var, dərhal operativ reaksiya verəcəksiniz, cəmiyyətin və dövlət orqanlarının diqqətini bu məsələlərə cəlb edəcəksiniz".
Bu gün xalqımız əmin olmalıdır ki, dövlətimizin uğurlu siyasəti nəticəsində diplomatik mübarizədə qələbəmiz, eyni zamanda iqtisadi qüdrətin artması fonunda ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, döyüş qabiliyyətinin güclənməsi işğal altında olan torpaqlarımızın azad olunmasını təmin edəcək. Azərbaycan Respublikası nəinki Avropada, hətta bütün dünyada əsas insan hüquq və azadlıqlarının, həm də söz və mətbuat azadlığının ən yüksək səviyyədə qorunduğu ölkələrdən biridir. Ümumdünya Mətbuat Azadlığı Günü Azərbaycanda da geniş qeyd edilir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir. Azərbaycan dövləti azad sözün cəmiyyət həyatında üstün yer tutması, maneəsiz yayılması üçün daim zəruri addımlar atır. Azərbaycan əhalisinin, təxminən, 80 faizinin internetə çıxışı olan azsaylı ölkələrdəndir. Bu isə dövlətin azad sözə, müstəqil mətbuata verdiyi sərbəstliyin, göstərilən qayğının təzahürüdür.
Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in
İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2020.- 25-26 fevral.- S.15.