Milli qürur hissinin, vətən sevgisinin
təcəssümü - “Ovçu”
romanı
Yunus Oğuz müstəqillik dövründə Azərbaycanda bədii nəsr sahəsində ardıcıl çalışan, səmərəli fəaliyyət göstərən və tarixi mövzulara dərin maraq göstərməsilə fərqlənən və öndə gedən yazıçılardan biridir. Onun 20-yə qədər nəsr əsəri işıq üzü görüb ki, onların böyük əksəriyyəti Azərbaycan və ümumtürk tarixinin aktual problemlərinə və görkəmli şəxsiyyətlərinə həsr olunub. Belə nəticə çıxarmaq mümkündür ki, Yunus Oğuz müstəqillik dövrü Azərbaycan tarixi romanının əsas yaradıcılarından biridir. Onun yaratdığı Azərbaycan tarixi roman nümunələri böyük oxucu marağına səbəb olub, ictimai rəydə ciddi əks-səda verib. Bunu müxtəlif oxucu auditoriyasındakı rəylərdən aşkar görmək mümkündür. Bu o deməkdir ki, Yunus Oğuzun Azərbaycan tarixi mövzusunda yazdığı əsərləri müasir dövr və müasir oxucu üçün də əhəmiyyətlidir. Bu əsərlər öz tarixi soykökümüzü dərindən dərk etməyə, milli tarixi keçmişimizi daha obyektiv görməyə, tarixi simalarımıza dərindən bələd olmağa və onlara sahib çıxmağa çağıran əsərlər olduğu üçün oxucular onları sanki müasir dövr üçün verilmiş mesaj kimi qəbul edirlər. Bu onun tarixi mövzulara müraciətinin müasirliklə, müstəqillik dövrü ilə, onun idealları ilə üzvi surətdə bağlı olduğunu göstərir. Hansı mövzularda yazmasından asılı olmayaraq, hansı tarixi şəxsiyyətə müraciət etməsinə baxmayaraq, bütün hallarda bu əsərlərin ortasından qırmızı xətlə keçən ideya milli dövlətçilik, müstəqillik və azərbaycançılıqdır. Bu Yunus Oğuz yaradıcılığının aparıcı xəttidir, ana xəttidir.
Yunus Oğuzun tarixi
mövzularda yazdığı əsərlər
Azərbaycan qədər Türk və
müsəlman dünyası üçün
də əhəmiyyətlidir. Çünki,
o əsərlərində tarixin
elə dövrlərinə müraciət edir
ki, o zamankı tarixi ərazilər bu günkü coğrafiya
baxımından bir neçə dövlətin
sərhədini və taleyini özündə
cəmləşdirir. Ona görə Yunus Oğuzun əsərləri
türk dünyasında da
böyük maraq doğurur və ayrı-ayrı xalqların
dilinə tərcümə olunur. Məsələn,
onun Teymurləng haqqında
yazdığı iki cildliyi
özbək dilində çap olunub. Bu bir tərəfdən Yunus Oğuzun nailiyyəti,
digər tərəfdən isə müstəqillik
dövründə Azərbaycan ədəbiyyatının
açdığı böyük
imkanlardır. Daha dəqiq, Azərbaycan ədəbiyyatının
nüfuzunun geniş
dairədə qəbul olunduğunu təsdiq
edən əhəmiyyətli faktdır. "Ovçu" romanı da Yunus Oğuzun
yaradıcılığında indiyə qədər epizodik şəkildə qoyulan,
başqa planda
qaldırılan məsələləri müasirlik
işığında bir araya
gətirməsi və onun ən müasir dövrün
hadisələri ilə əlaqələndirməyi
bacarmasının nəticəsidir. "Ovçu"
romanı Azərbaycan gerçəklikləri əsasında
yazılıb. Bu
əsərdə tarixin müxtəlif
dövrlərinə işıq salınmaqla yanaşı, bizim hərb, müstəqillik tariximizin
şərəfli hadisəsi olan Aprel döyüşlərindən geniş bəhs olunur. Aprel döyüşlərindən bəhs
olunan məqamlarda biz o tarixin dərinliklərindən
süzülüb gələn milli qürur hissinin, torpaq, Vətən, dövlət sevgisinin bədii cəhətdən mükəmməl
işləndiyinin və oxucuya
çatdırılmasının şahidi
oluruq. Hesab edirəm ki, bu
əsər onun
bir növ indiyə qədərki
yaradıcılığının bir çox xətlərinə yekun
vurur, Azərbaycan gerçəkliyinə
qayıtmaq baxımından bir az fərqli əsər kimi
görsənir. Əgər indiyə qədərki əsərlərdə
tarixi mövzuların nəticəsindən azərbaycançılıq, müasirlik ideyaları
çıxarılırdısa, bu əsərdə
konkret olaraq müasir dövrün, yaşadığımız tarixi günlərin
hadisələri öz əksini tapıb ki, bu da
Yunus Oğuzun
yaradıcılığında yeni hadisədir.
Yaxşı cəhətdir ki, o, öz tarixindən ayrılmadan tarixə yenidən
qayıdıb. Bu əsər Y. Oğuzun tarixi mövzularla müasir
mövzuları bir ideya
ətrafında birləşdirmək bacarığının
real nümunəsidir. Bu
isə onun
yaradıcılığının yeni
keyfiyyətidir. Düşünürəm ki,
bunu başlayan müəllif müasir
dövr haqqında yazacağı yeni əsərlərdə bu
xətti daha da dərinləşdirəcək.
Bu orjinal janrı yeni-yeni əsərlərdə ortaya
qoya biləcək".
İsa
Həbibbəyli,
AMEA-nın
vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik
Olaylar.- 2020.- 25-26 fevral.- S.9.